Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-66/2022 12.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə elektron qaydada göndərilmiş ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 10 avqust 2022-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 308512,01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 403,45 manat, İcbari Tibbi Sığorta Fonduna olan 64,61 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi - AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: İlkin olaraq məhkəmə tərəfindən ərizəçinin diqqətinə çatdırılır ki, hazırki iddia tələbi ilə o, daha əvvəl də məhkəməyə müraciət etmiş və Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-59/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qərardadı ilə çatışmazlıqlar ərizəçiyə ətraflı izah edilmişdir. Lakin ərizəçi həmin çatışmazlıqları aradan qaldırmayaraq təkrarən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər üzrə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda (149.2.3 və 149.2.5-ci maddələr) təsbit olunmuşdur. Belə ki, Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi həmin normalar qanunverici tərəfindən bir-birindən fərqləndirilərək, imperativ qaydada ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olmasını iddia ərizəsinin məzmununda ayrıca siyahıda göstərilməsi iddiaçıdan (və ya ərizəçidən) tələb olunur (Əsas: 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş, 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”). Ərizəçi qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Bununla da, ərizəçi ərizənin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin struktur vahidlərinə nəzarətin (kuratorluğun) müəyyən edilməsi haqqında əmr”; “məhkəmə iclasında iştirak haqqında ərizə”; “21SX007023 saylı müqaviləyə 5 saylı əlavə”; “19 oktyabr 2021-ci il tarixli, **********957800 qeydiyyat nömrəli bildiriş”; “19 oktyabr 2021-ci il tarixli, **********959200 qeydiyyat nömrəli bildiriş” və “20 dekabr 2021-ci il tarixli, **********601200 qeydiyyat nömrəli bildiriş” tərtib edən şəxs tərəfindən imzalanmamış və möhürlənməmiş şəkildə ərizəyə əlavə edilib məhkəməyə təqdim olunmuşdur. Bununla bağlı məhkəmə ərizəçinin diqqətinə bir daha çatdırır ki, yekun məhkəmə aktı qəbul edilərkən iş üzrə mövcud olan faktlar və hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci, 152.1.1-ci maddələrində təsbit olunur ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Ona görə də, məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytararkən dövlət rüsumu məsələsinə toxunmur. Ərizəçinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə elektron qaydada göndərilmiş ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçinin diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(123)-66/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-66/2022
12.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver