Məhkəmə qərarları › İş №e-2-2(123)-67/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-67/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-67/2021 06.09.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi 02 sentyabr 2021-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 30 iyun 2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 344.78 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən prosessual qanunuvericiliyin tələbləri çərçivəsində iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, məhkəmələr tərəfindən onların müdafiəsinə də təminat vermişdir (Konstitusiyanın 12 və 60-cı maddələrinin İ hissəsi). Konstitusiyanın 60-cı maddəsi ilə hər kəsin həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın qeyd edilən norması həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Göründüyü kimi, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatın hədlərini müəyyən edən qanunverici ilk növbədə həmin icraatın mümkünlüyünün müəyyənləşdirilməsi və bundan sonra iddianın əsaslılığının araşdırılmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 89.7-ci maddəsinə görə əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.8-ci maddəsinə görə əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. 89.9-cu maddəsinə görə əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinə (onun nümayəndəsinə) siyahıya alınma haqqında vergi orqanının rəhbərinin qərarını və özlərinin səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər. 89.10-cu maddəsinə görə siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Ərizəyə əlavə edilmiş **********4 nömrəli “Əmlakın siyahıya alınması haqqında” Qərarın surətindən görünür ki, həmin Qərar Vergi Məcəlləsinin göstərilən normalarının tələblərinə cavab verməməklə yanaşı vergi orqanının rəhbəri tərəfindən imzalanmamış, bundan başqa ərizəyə əlavə edilməli sənədlərin siyahısında qeyd olunan “protokol siyahı” adlı sənəd ərizəyə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə mövcud olan faktlar qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilə bilməz. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli Qərarı) Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməli, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmasının iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması iddiaçıya izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 284- 4.1 və 284-4.1.3, 284-4.3-cü maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar