Məhkəmə qərarları › İş №e-2-2(123)-69/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-69/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-69/2023 05.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 04 may 2023-cü il tarixdə elektron qaydada kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yaranmış 4.600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat məbləğində əsas borcun, 60 (altmış) manat mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 284-3.2 və 284-3.2.3-cü maddələrinə əsasən, ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Hazırki iş üzrə iddia ərizəsində iddiaçı öz tələbini qeyd edib, bu tələbi cavabdeh qismində Cavabdeh yönəltsə də, tələbin əsaslandığı hallar göstərilərkən alqı-satqı münasibətlərinin yekununda qalıq debitor borcun müəyyənləşdirilməsi və təsdiqi məqsədilə tərəflər arasında akt tərtib edildiyini, xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən X1 iddiaçıya 5.000,70 (beş min manat yetmiş qəpik) manat məbləğində qalıq borcunun olduğunun müəyyən edildiyini və tərəflərin imzası ilə təsdiq edildiyini bildirmişdir. Ərizədə həmin hal üzrə cavabdehin deyil, başqa şəxsin adı əks olunduğundan, göstərilən hal məhz Cavabdeh qarşı irəli sürülmüş tələbin əsaslandığı hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. İddiaçı isə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin Cavabdeh elektron qaydada göndərildiyini təsdiq edən sənəd qismində “Onlayn kargüzarlıq sistemindən çıxarış”ları məhkəməyə təqdim etsə də, məhkəmə bildirir ki, qeyd olunan çıxarışlardan qanunvericiliyin tələbi üzrə həmin sənədlərin cavabdeh tərəfindən alınması müəyyən olunmamaqdadır. MPM-in 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1 və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə 04 may 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, işin baxılmasına mane olan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmalıdır. Həmçinin, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzlə ödənilmiş 6,01 (altı manat bir qəpik) manat dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya geri qaytarılmalıdır.(yenidən müraciətdə rüsum yenidən ödənilsin) Məhkəmə əlavə olaraq iddiaçının diqqətinə çatdırır ki, nümayəndə qismində Adıgözəlova (Hacıyeva) Aygün Tanrıverdi qızının səlahiyyətlərini təsdiq edən sənədlərdən 03 noyabr 2021-ci il tarixli, 208-K saylı əmr təsdiq olunmuş formada məhkəməyə təqdim edilsə də, imzasız olduğu üçün həmin surətdən sənədin əslini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Məhkəməyə iddia ərizəsi verilərkən ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzlə ödənilmiş 6,01 (altı manat bir qəpik) manat dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar