Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-72/2022 19.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC-nin hüquq departamentinin rəhbəri Toğrul Vəliyev 15 avqust 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış 16 aprel 2013-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinə əsasən 17740,96 (on yeddi min yeddi yüz qırx manat, doxsan altı qəpik) manat ödənilməmiş pul məbləğində əsas borcun, 2660 (iki min altı yüz altmış) manat cərimə borcunun və ödənilmiş 200 manat mediasiya rüsumu olmaqla, ümumilikdə 20600,96 (iyirmi min altı yüz manat doxsan altı qəpik) manat məbləğin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməyərək MPM-in 149-cu maddəsi ilə iddia ərizəsinin forması və məzmununa dair müəyyən edilmiş tələbə riayət etməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2013-cü il tarixli “Məhsulların alqı-satqı” müqaviləsinin 8.1-ci bəndində tərəflər arasında müqavilənin icrası ilə əlaqədar mübahisələrin qarşılıqlı razılıqla həll edilməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən cavabdehin Naxçıvan MR, ünvan 1i ünvanına pretenziya məktubu poçt vasitəsilə göndərilmiş, lakin Cavabdeh həmin ünvanda yaşamaması səbəbilə məktub cavabdehə çatdırılmamışdır. Bu hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-ci maddəsinin tələblərinə zidd olduğundan məhkəmə tərəfindən faktı təsdiq edən sübut qismində qəbul edilə bilməz. Halbuki, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması tərəflər arasındakı müqavilə ilə müəyyən edildiyindən, pretenziya məktubu MPM-in 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cavabdehə çatdırılmalı və bu halı təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməli idi. İddiaçı isə qanunvericiliyin qeyd olunan tələbinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-72/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-72/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver