Məhkəmə qərarları › İş №e-2-2(123)-74/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-74/2023

10.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-74/2023 10.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair elektron qaydada göndərilmiş xüsusi icraat üzrə iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və həmin idarənin nümayəndəsi Nümayəndə 08 may 2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 721282,13 (yeddi yüz iyirmi bir min iki yüz səksən iki manat 13 qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna olan 20169,27 (iyirmi min yüz altmış doqquz manat 27 qəpik) manat, İşsizlikdən Sığorta Fonduna olan 812,4 (səkkiz yüz on iki manat 4 qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 1659,42 (min altı yüz əlli doqquz manat 42 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix-xx xxxx 1972-ci il, doğulduğu yer-Azərbaycan, Nax.MR; Nax rayonu; Xıncab k, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə elektron qaydada göndərilmiş xüsusi icraat üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iş üzrə ərizəçi tərəfindən məhkəməyə təqdim edilən xüsusi icraat üzrə elektron iddia ərizəsində tərəflərlə bağlı nəzərdə tutulmuş rekvizitlər tam şəkildə göstərilməyərək, ərizəçinin nümayəndəsinin ünvanı, nümayəndənin telefon nömrəsi, ərizəçinin və ya onun nümayəndəsinin, o cümlədən maraqlı şəxsin elektron poçt ünvanı qeyd olunmamış, beləliklə mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə riayət edilməmişdir. Belə ki, məhkəməyə ünvanlanmış xüsusi icraat üzrə elektron iddia ərizəsi ilə birlikdə, əlavə olaraq ərizəçinin nümayəndəsi tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********905300 nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında iddia ərizəsində ərizəçinin, o cümlədən maraqlı şəxsin elektron poçt ünvanı qeyd edilsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələbinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və ya proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, ərizəçi və onun nümayəndəsi tərəfindən elektron qaydada məhkəməyə təqdim olunmuş xüsusi icraat üzrə iddia ərizəsi əsas götürüldüyü üçün ərizəçinin nümayəndəsi tərəfindən imzalanaraq əlavə təqdim edilən xx.xx.2023-cü il tarixli, **********905300 nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iddia ərizəsində tərəflərlə bağlı hər hansı məlumatın qeyd olunması iddia ərizəsinin məzmunu ilə bağlı tələblərə riayət edilməsi kimi nəzərə alınmamaqdadır. Beləliklə, tərəflər haqqında qeyd olunan məlumatlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ərizəçi və onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xüsusi icraat üzrə elektron iddia ərizəsində tam şəkildə qeyd olunmalıdır. MPM-in 149.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan əlavə, MPM-in 149.2-ci və 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Qeyd olunanlara əsasən, mülki prosessual qanunvericilik iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısının göstərilməsilə yanaşı, iddiaçı və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısının da ərizədə qeyd olunmasını ayrıca olaraq nəzərdə tutmuşdur. Belə olduğu halda, ərizəçi məhkəməyə təqdim olunmuş iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısını göstərməsinə baxmayaraq, Mülki Prosessual Məcəllədə xüsusi olaraq qeyd edilən iddiaçı və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməyərək, iddia ərizəsinin məzmunu ilə bağlı tələblərə riayət etməmişdir. MPM-in 150.1 və 150.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1 və 150.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. (nümunə əlavə olunur) Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəməyə təqdim olunmuş xüsusi icraat üzrə elektron iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, xüsusi icraat üzrə iddia ərizəsinin, 16 fevral 2022-ci il tarixli, **********273200 №-li, 16 fevral 2022-ci il tarixli, **********277000 №-li, 22 aprel 2022-ci il tarixli, **********232200 №-li, 16 fevral 2022-ci il tarixli, **********275600 №-li borc bildirişlərinin, 18 may 2022-ci il tarixli, **********978200 qeydiyyat nömrəli “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq məktubunun mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənəd xüsusi icraat üzrə elektron iddia ərizəsinə əlavə edilməmişdir. Ərizəçi iş materiallarına borc bildirişlərinin və ərizənin vergi ödəyicisi olan maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənəd qismində vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatı, o cümlədən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 15 mart 2019-cu il tarixli, **********004800 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə əsasında xx.xx.2021-ci il tarixli vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə formasını əlavə etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən müqavilənin 2-ci bəndindən müqavilə predmetini vergi orqanı ilə vergi ödəyicisi arasında elektron kabinet vasitəsilə sənəd və məlumatların elektron üsulla mübadilə edilməsinin, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 27 iyul tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi qaydası” na uyğun olaraq, vergi ödəyicisi tərəfindən kodparol və ya gücləndirilmiş elektron imzadan istifadə edilməklə bəyannamələrin (hesabatların) göndərilməsinin, həmçinin vergi orqanı tərəfindən onların qəbulunun və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsinin təşkil etdiyi görünür. Yəni həmin müqavilə vergi münasibətləri dövründə vergi orqanı ilə vergi ödəyicisi arasındakı yazışmaların aparılması qaydasını nəzərdə tutmaqla, məhkəməyə müraciət edilərkən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş hərəkətlərin həyata keçirilməsi qaydasını dəyişdirə bilmək səlahiyyətində olmadığından, təqdim edilmiş sənəd ərizənin maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənəd qismində nəzərdə tutula bilməz. Pretenziya qaydasına riayət olunması mübahisələrin məhkəməyə çıxarılmadan tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunmasına imkan yaradır. Azərbaycan Respublikası MPM-in 4.3-cü maddəsinə əsasən məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir:

1. Müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda

2. Tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda Hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarında müxtəlif kateqoriyadan olan mübahisələr üçün onların pretenziya qaydasında nizama salınması nəzərdə tutulur. Cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(102)-519/2019 saylı qərarı). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Beləliklə, yuxarıda göstərilən maddəyə əsasən hazırkı iş üzrə ərizədə ərizəçi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudulaşdırılmasını tələb etdiyindən, qeyd olunan kateqoriyadan olan işlər üçün məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün qanunla pretenziya qaydası nəzərdə tutulmuşdur. Həmçinin onu da qeyd etmək lazımdır ki, pretenziya məktubunun maraqlı şəxsə çatdırılmasını sübut etmək vəzifəsi ərizəçinin üzərinə düşür. Belə ki, MPM-in 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Bu maddənin məzmunundan məlum olur ki, məhkəməyə müraciət edilmə qaydasına da Mülki Prosessual Məcəllənin müddəaları şamil olunur. Yuxarıda qeyd olunan müddəaya əsasən, məhkəmə elektron qaydada təqdim olunmuş elektron sənəd mübadiləsi haqqında müqaviləni iddia ərizəsinin və pretenziya məktublarının qarşı tərəfə çatdırılmasını təsdiq edən sənədin əsası kimi nəzərə almadığından, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatın da ərizənin və ya pretenziya məktubunun maraqlı şəxsə çatdırılmasını təsdiq edən sübut kimi əsas götürülmədiyini bildirir. Belə olduğu halda, ərizəçi tərəfindən xüsusi icraat üzrə iddia ərizəsi və pretenziya məktubu maraqlı şəxsin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməli və bu halın təsdiqi olaraq müvafiq onlayn kargüzarlıq sistemindən çıxarışlar ərizə ilə birlikdə məhkəməyə təqdim edilməli idi. Həmçinin, ərizə ilə birlikdə məhkəməyə elektron qaydada daxil olmuş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat ərizənin və ya pretenziyanın maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənəd kimi nəzərə alınmasa da, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçi tərəfindən təqdim edilən həmin sənəddə xx.xx.2022-ci il tarixli, **********978200 nömrəli xəbərdarlıq məktubunun maraqlı şəxsə çatdırılmağı ilə bağlı heç bir məlumat göstərilməmişdir. Bundan əlavə, məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş bildirişlər qanunla müəyyən edilmiş qaydada imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.(elektron imza ilə imzalanmalıdır) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü və 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunduğundan, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə elektron qaydada iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəməli olmadığından, iddia ərizəsi geri qaytarılarkən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsinə toxunmamaqdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 08 may 2023-cü il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə elektron qaydada daxil olmuş, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair elektron qaydada göndərilmiş xüsusi icraat üzrə iddia ərizəsi və ona əlavə edilən sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Həmçinin, ərizəçinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair elektron qaydada göndərilmiş xüsusi icraat üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçinin diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar