Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-79/2022 02.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı cavabdeh "xxxx" X3 Cəmiyyətinə qarşı avtomaşınların qaytarılması, cəmiyyətdəki payının və xalis mənfəətin alınıb verilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 29 avqust 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1997-ci ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi, son hesabının işlənmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı avtomaşının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: İddiaçı 1997-ci ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi, son hesabının işlənmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı avtomaşının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hər bir iddia tələbinə dair ayrı-ayrılıqda aşağıdakıları qeyd edir: Əvvəlcə məhkəmə iddiaçının diqqətinə çatdırmağı lazım bilir ki, ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-5/2021 saylı qətnaməsinin təsviri hissəsində qeyd olunan sənədlər siyahısında Naxçıvan MR Dövlət Vergi Xidmətinin 15 yanvar və 15 dekabr tarixli məktublarından Naxçıvan Əcəmi Tikinti X2 Səhmdar Cəmiyyətininxx.xx.2015-ci il tarixdən fəaliyyətinin dayandırıldığı görünür. İddiaçının bu barədə məlumatlı olmasına baxmayaraq 1997-ci ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsindən adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi, son hesabının işlənmədiyi günlərin əmək haqqının alınıb ona verilməsi barədə tələbi anlaşılmamaqla yanaşı, həmin xüsasatlara dair heç bir sübut ərizəyə əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.3-cü maddələrinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Bundan başqa Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-7/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" X3 Cəmiyyətinə qarşı əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əməkhaqqının alınıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin alınıb verilməsi tələbinə dair iddiası qismən təmin edilərək, "xxxx" X3 Cəmiyyətindən iddiaçının faktiki işlədiyi 2004-2015-ci il ərzində istifadə etmədiyi məzuniyyət əvəzi olaraq 1799.49 (bir min yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissələrdə isə rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.2-ci maddələrinin məzmununa görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanun normalarının mahiyyətindən də göründüyü kimi həmin normalar birinci instansiya məhkəmələrində işə baxılmanın hədlərini müəyyən etməklə yanaşı, preyudisiallıq baxımından işdə iştirak edən şəxslər tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində yenidən mübahisələndirilməsini istisna edir. İddia tələbinin “səhmlərinin özünə qaytarılması” hissəsi barədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 105-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması bu Məcəllə və ya cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir. 105-1.3-ci maddəsinə əsasən səhmlərin geri alınması səhm sahiblərinin razılığı ilə, səhmlərin geri alınması fond birjası vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir. 106-1.3 və 106-1.3.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək hüquqları vardır. Qanunun yuxarıda göstərilən normalarından aydın olur ki, səhmlərin geri alınması səhm sahiblərinin razılığı ilə, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir. Bu isə Məcəllənin yuxarıda göstərilən normalarına görə səhmlərin geri alınması üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1 və 150.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Prosessual qanunvericiyilin qeyd olunan imperativ tələblərindən göründüyü kimi, elektron qaydada cavabdehə göndərilən həmin sənədlər iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilməlidir. İddiaçı prosessual normaların tələblərinə uyğun olaraq, cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçı tərəfindən kommersiya icraatının tələblərinə uyğun olaraq, iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş forma və məzmun tələblərinə riayət edilmədiyi, iddia ərizəsinin alınmasına və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair təsdiqedici sənədi iddia ərizəsinə əlavə etməməsi səbəbilə elektron qaydada məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və qərardadda şərh edilmiş, işin baxılmasına mane olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması iddiaçıya izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı tərəfindən elektron ödəniş sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1 və 4.1-ci maddələr) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" X3 Cəmiyyətinə qarşı avtomaşınların qaytarılması, cəmiyyətdəki payının və xalis mənfəətin alınıb verilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, işin baxılmasına mane olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Elektron ödəniş sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-79/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-79/2022
02.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver