Məhkəmə qərarları › İş №e-2-2(123)-79/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-79/2023

12.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-79/2023 12.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 Saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs2 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair elektron qaydada göndərilmiş xüsusi icraat üzrə ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 Saylı Ərazi Vergilər Baş İdarəsi 08 may 2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən ümumilikdə 27904,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs2 barəsində (Doğulduğu tarix - xx xxxx 1977-ci il, Doğulduğu yer-Azərbaycan, Naxçıvan MR; Culfa, Dizə kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı elektron qaydada göndərilmiş xüsusi icraat üzrə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən ərizənin geri qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər üzrə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda (149.2.3 və 149.2.5-ci maddələr) təsbit olunmuşdur. Belə ki, Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi həmin normalar qanunverici tərəfindən bir-birindən fərqləndirilərək, imperativ qaydada ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olmasını iddia ərizəsinin məzmununda ayrıca siyahıda göstərilməsi iddiaçıdan (və ya ərizəçidən) tələb olunur (Əsas: 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş, 09 iyul 2021-ci il tarixli, 363- VİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”). İddiaçı qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və elektron ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Bununla da, iddiaçı ərizənin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iş üzrə elektron qaydada daxil olmuş xüsusi icraat üzrə ərizənin tərəflər barədə müvafiq məlumatların əks olunduğu hissəsində ərizəçinin nümayəndəsi Maraqlı şəxs1 cavabdeh kimi göstərilmişdir. Bununla yanaşı maraqlı şəxsə dair müvafiq məlumatlar (ünvan və mobil telefon nömrəsi) elektron formada göndərilmiş ərizənin “Ərizənin mətni” başlığı altında olan hissədə göstərilsə də qeyd edilən məlumatlar (ünvan və mobil telefon nömrəsi) həmin elektron ərizənin tərəflərə dair məlumatların əks olunduğu bölməsində, yəni elektron ərizənin formasının müvafiq qrafalarında qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, ərizənin elektron nüsxəsi onun Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət edilməli elektron variantı olduğundan həmin məlumatlar elektron ərizədə dəqiq göstərilməlidir. Beləliklə ərizəçi ərizənin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. Həmçinin həmin ərizənin “Ərizəni imzalayan şəxs haqqında məlumat” hissəsində Maraqlı şəxs1 ərizəni nümayəndə olaraq deyil, maraqlı şəxs kimi elektron imza ilə təsdiq etdiyi müəyyən olunmuşdur. Ərizəni elektron imza ilə imzalayan şəxs cavabdeh kimi göstərildiyindən, cavabdehin isə ərizəni imzalamaq kimi bir səlahiyyəti olmadığından ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi görünməklə həmin ərizənin elektron imza ilə təsdiqlənməsi barədə qanunvericiliklə müəyyən olunmuş qaydası pozulmuşdur. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, ərizə və ona əlavə edilən sənədlərin maraqlı şəxsə çatdırılmasını təsdiq edən “Onlayn kargüzarlıq” sistemindən çıxarışlar tam formada ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.2-ci maddələrinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ümumlikdə məhkəmə aşağıdakı hallara görə ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır.

1. Ərizənin forma və məzmunun tələblərinə riayət edilməmişdir.

2. Ərizə imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, ərizə geri qaytarıldıqda Elektron Məhkəmə İnformasiya Sistemində ərizənin geri qaytarılmasına səbəb olan əsas qeyd edilir. Məhkəmə ərizəni bir neçə əsasla geri qaytardıqda bu əsasları qərardadda göstərilsə də Elektron Məhkəmə İnformasiya Sistemində geri qaytarmaq üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslardan yalnız birinin qeyd edilməsi mümkündür. Bununla bağlı ərizəçinin diqqətinə çatdırılır ki, hazırki iş üzrə də ərizənin geri qaytarılması üçün yuxarıda qeyd edilən bir neçə əsas mövcuddur. Elektron Məhkəmə İnformasiya Sistemində ərizənin geri qaytarılmasına səbəb olan yalnız bir əsas göstərilsə də qərardadda qeyd olunan bütün nöqsanlar (geri qaytarılma əsasları) ikinci dəfə məhkəməyə müraciət edildikdə aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

q ə r a r a a l d ı:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 Saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs2 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair elektron qaydada daxil olmuş xüsusi icraat üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçinin diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar