Məhkəmə qərarları › İş №e-2-2(123)-82/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-82/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-82/2022 14.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Cavabdeh qarşı borc pul tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC 12 sentyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin xeyrinə Cavabdeh 28.704 (iyirmi səkkiz min yeddi yüz dörd) manat əsas, 5.000 (beş min) manat cərimə, ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun, ümumilikdə cəmi 33.904 (otuz üç min doqquz yüz dörd) manat borcun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər nəzərdən keçirilərkən iddia ərizəsinin geri qaytarılmasını zəruri edən hallar müəyyən edilmişdir. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə iddia ərizəsinin forması və məzmununa dair tələblər nəzərdə tutulmuşdur. Belə ki, MPM-in 149.2-ci və 149.2.3-cü maddələrinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırkı iddia ərizəsi üzrə isə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməmiş, bununla da mülki prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən edilmiş tələbə riayət olunmamışdır. Həmçinin, iddia ərizəsinə əlavə olunmuş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, “Mövcud borcun etirafı haqqında” Müqavilənin 11-ci bəndindən görünür ki, tərəflərin (tələbkar və borclu birlikdə) qarşılıqlı razılığına əsasən bu müqavilə ilə yaranan və yarana biləcək mübahisəyə baxan məhkəmə kimi Bakı Kommersiya Məhkəməsi və ya ərazi üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsi razılaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İddiaçı isə sözügedən müqavilə ilə işin ərazi aidiyyətinin dəyişdirilməsinə baxmayaraq, müqavilə ilə müəyyən edilmiş aidiyyət qaydasına əməl etməyərək Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir ki, hazırkı iş üzrə qanunla müəyyən edilmiş aidiyyət qaydası olaraq müqavilə aidiyyəti tətbiq olunmalıdır. Bundan başqa, MPM-in 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. İddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilmiş olsa da, pretenziya məktubu imzalanmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin iradəsini müəyyən etmək üçün sənədin şəxsən imzalanması zəruri olduğundan, səlahiyyətli şəxsin imzası olmadan göndərilmiş məktub iddiaçının qanunvericiliyin pretenziya ilə bağlı tələbinə riayət etməsi kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə iddiaçının nəzərinə çatdırır ki, pretenziya məktubunda tarix göstərilməməklə, eyni zamanda cavabdehdən yalnız əsas borc tələb edilmiş, məhkəməyə ünvanlanmış iddia ərizəsində isə cavabdehə qarşı əsas borc ilə yanaşı cərimə borcunun da ödənilməsi tələbi irəli sürülmüşdür. Yəni iddia tələbinin cərimə borcu ilə bağlı olan hissəsinə münasibətdə pretenziya qaydası tətbiq olunmamışdır. Əlavə olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. 23.1-ci maddəsinə əsasən, Mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçir. Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına da müraciət edə bilərlər. 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. 28.3-cü maddəsinə əsasən, Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 21.6-cı maddəsinə görə isə, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Elektron qaydada göndərilmiş iddia ərizəsində iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Mediasiya haqqında qanunvericiliyin tələbləri baxımından tərəflər arasında xx.xx.2021-ci il tarixdə cavabdehin razılığı ilə Bakı şəhəri üzrə mediator seçilməklə ilkin mediasiya sessiyasının keçirildiyini qeyd etmişdir. İddia ərizəsinə əlavə edilmiş “X2 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan və “Mediasiya prosesinə xitam verilməsi barədə” protokoldan məlum olur ki, ilkin mediasiya sessiyası Bakı şəhərində fəaliyyət göstərən mediator X3 tərəfindən aparılmış, həmin arayış və protokol isə xx.xx.2021-ci il tarixdə tərtib olunmuşdur. Əgər, iddiaçının ərizəsində qeyd etdiyi kimi ilkin mediasiya sessiyası xx.xx.2021-ci il tarixdə və cavabdehin mediator barədə razılığı ilə keçirilmişdirsə, bu halları təsdiq edən sənədlər məhkəməyə ərizə ilə birlikdə təqdim edilməli idi. Bundan başqa, mediasiya prosesinin keçirilmiş olduğu tələbin həcmi hazırkı iddia üzrə irəli sürülən tələblə eynilik təşkil etməməkdədir. Əlavə olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında mediasiya prosesinin hansı mediator və ya mediasiya təşkilatı tərəfindən aparılması barədə qarşılıqlı razılıq olmadığı halda, əgər mübahisə üzrə müqavilə aidiyyəti müəyyən edilməsə idi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinin tələbinə əsasən, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə, yəni Naxçıvan MR Kommersiya Məhkəməsi ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, X1 keçirilməli idi. Lakin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, “Mövcud borcun etirafı haqqında” Müqavilənin 11-ci bəndi nəzərə alındığı təqdir, istisna təşkil etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı madddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsinə İddiaçı MMC-nin 26 aprel 2019-cu il tarixdə dəyişiklikləri qeydə alınmış nizamnaməsi deyil, 18 iyun 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış dəyişiklik edilməmiş əvvəlki nizamnaməsi məhkəməyə təqdim olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borc pul tələbi barədə 12 sentyabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmadığı iddiaçının diqqətinə çatdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı borc pul tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar