Məhkəmə qərarları › İş №e-2-2(123)-84/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-84/2022

14.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-84/2022 14.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 Üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərazi aidiyyəti üzrə göndərilmiş iş əsasında xüsusi icraat üzrə iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 Üzrə Baş İdarəsinin rəis müavini Nümayəndə 12 avqust 2022ci il tarixdə elektron ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 4121,44 manat, İcbari Tibbi Sığorta Fonduna olan 140,6 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4695/2022 saylı qərardadı ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 Üzrə Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə materialların baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Bakı Kommersiya Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş hazırkı iş əsasında məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar xüsusi icraat üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırkı iş üzrə ərizəçi iddia ərizəsinin və borc bildirişlərinin maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənəd kimi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatı xüsusi icraat üzrə iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə qeyd edir, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilmədiyindən, həmin sənəd iddia ərizəsinin maraqlı şəxs tərəfindən alınması, habelə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70-ci maddəsi vergi ödəyiciləri ilə yazışmaların aparılması qaydasını müəyyən edir. Həmin Məcəllənin 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Lakin, MPM ilə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun qarşı tərəfə çatdırılmasının xüsusi olaraq MPM-in 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş və 1 oktyabr 2021-ci il tarixdən qüvvədə olan dəyişikliklərilə nəzərdə tutulmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 10.3-cü maddəsinə əsasən, zddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsinə əsasən, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qanunun göstərişindən aydın olur ki, hazırkı iş üzrə iddia ərizəsinin və pretenziyanın qarşı tərəfə çatdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 150.2-ci maddəsi tətbiq olunmalıdır. Bundan əlavə, VM-in 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. MPM-in 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Beləliklə, Vergi Məcəlləsi tərəflər arasında yaranmış vergi münasibətlərini tənzimləyir, vergi orqanının məhkəməyə müraciət etmə qaydasına isə Mülki Prosessual Məcəllənin müddəaları şamil olunur. Ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məlum olmuşdur ki, Bakı şəhəri X2 üzrə Baş İdarəsinin struktur vahidlərinə nəzarətin (kuratorluğun) müəyyən edilməsi haqqında əmrin əsli imzalanmamış olduğu halda, təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı elektron qaydada aparıldığından və ərizənin imzalanması səlahiyyəti elektron imza ilə təsdiq edildiyindən, şəxsin səlahiyyətini təsdiq edən sənədin imzalanmaması mülki prosessual qanunvericiliklə ərizənin geri qaytarılması əsası deyil, lakin əmri vermiş səlahiyyətli şəxsin iradəsinin müəyyən edilməsi və sənədin həqiqiliyinin təsdiq olunması üçün imzalanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin 152.1-ci və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 13 sentyabr 2022-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə ərazi aidiyyəti üzrə daxil olmuş, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 Üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş əsasında xüsusi icraat üzrə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Həmçinin ərizəçinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 Üzrə Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərazi aidiyyəti üzrə göndərilmiş iş əsasında xüsusi icraat üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçinin diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar