Məhkəmə qərarları › İş №e-2-2(123)-94/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-94/2022

17.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-94/2022 17.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə iş üzrə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi 17 oktyabr 2022-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan şəxslər tərəfindən ümumilikdə 2017229,02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər üzrə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda (149.2.3 və 149.2.5-ci maddələr) təsbit olunmuşdur. Belə ki, Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi həmin normalar qanunverici tərəfindən bir-birindən fərqləndirilərək, imperativ qaydada ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olmasını iddia ərizəsinin məzmununda ayrıca siyahıda göstərilməsi iddiaçıdan (və ya ərizəçidən) tələb olunur (Əsas: 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş, 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”). Ərizəçi qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Bununla da, iddiaçı ərizənin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, hazırkı iş üzrə ərizəçi tərəfindən məhkəməyə daxil olmuş ərizə Nümayəndə tərəfindən imzalanmış. lakin ərizəni imzalayan şəxsin səlahiyyətini təsdiq edən hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənəd, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. Cavabdeh (maraqlı şəxs) “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, iddia ərizəsi barədə bildiriş, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən adı çəkilən həmin sənədlərin (iddia ərizəsi barədə bildiriş, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd) elektron qaydada maraqlı şəxsə göndərilməsi müəyyən edilmir. Prosessual qanunvericiyilin imperativ tələblərindən göründüyü kimi, elektron qaydada qarşı tərəfə göndərilən həmin sənədlər ərizə ilə birlikdə məhkəməyə təqdim edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizəyə əlavə olunmuş “25 may 2022-ci il tarixli, **********051700 qeydiyyat nömrəli bildiriş”; “25 may 2022-ci il tarixli, **********052400 qeydiyyat nömrəli bildiriş”; “25 may 2022-ci il tarixli, **********053100 qeydiyyat nömrəli bildiriş”; “18 iyul 2022-ci il tarixli, **********845700 qeydiyyat nömrəli bildiriş” və “18 avqust 2022-ci il tarixli, **********151000 qeydiyyat nömrəli bildiriş” tərtib edən şəxs tərəfindən imzalanmamış və möhürlənməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həqiqiliyinin təsdiq edilməsi və mötəbərli sübut hesab edilməsi üçün tərtib edilən sənədlər onu tərtib edən şəxs tərəfindən imzalanmalı və möhürlənməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytararkən dövlət rüsumu məsələsinə toxunmur, ona görə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi dövlət rüsumu ödəməkdən azaddır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmçinin ərizəçinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə elektron qaydada göndərilmiş ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçinin diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar