Məhkəmə qərarları › İş №e-2-2(123)-97/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-97/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-97/2023 22.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdeh X3 qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 22 iyun 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 yaranmış 4.600,69 (dörd min altı yüz manat altmış doqquz qəpik) manat məbləğində əsas borcun, 60 (altmış) manat mediasiya xərcinin, 6.01 (altı manat sıfır bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə elektron qaydada təqdim edilən iddia ərizəsində tərəflərlə bağlı nəzərdə tutulmuş rekvizitlər tam şəkildə göstərilməyərək mülki prosessual qanunvericiliklə müəyyən edilmiş eyniləşdirmə məlumatlarından cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN-i qeyd olunmamışdır. Yuxarıda göstərilən 149.2.2-ci maddənin məzmununa əsasən işdə iştirak edən şəxslərin eyniləşdirmə məlumatlarının “olduğu halda” iddia ərizəsində göstərilməsinin qeyd olunması imperativliyi istisna etsə də, elektron qaydada məhkəməyə ünvanlanmış iddia ərizəsilə birlikdə, əlavə olaraq yazılı şəkildə tərtib edilərək məhkəməyə təqdim edilən ərizədə cavabdeh X2 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlardan, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və VÖEN-i qeyd olunmuşdur. Bununla bağlı məhkəmə tərəfindən izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələbinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və ya proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, nəticədə, iddiaçı tərəfindən elektron qaydada məhkəməyə təqdim olunmuş iddia ərizəsi əsas götürülür. Nəticədə, məhkəməyə təqdim edilən elektron iddia ərizəsində tərəflərlə bağlı nəzərdə tutulmuş məlumatlar tam şəkildə, yəni cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, o cümlədən, VÖEN-i qeyd olunmadığından iddia ərizəsinin forma məzmunu ilə bağlı tələblərə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Belə ki, İddiaçı MMC 04 may 2023-cü il və 08 iyun 2023-cü il tarixlərdə məhkəməyə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə müraciət etdiyindən, həmin ərizədə sübutların siyahısının göstərilməsi ilə bağlı qanunvericiliyin tələbi nəzərdə tutulmamışdır. Lakin məhkəmənin 09 iyun 2023-cü il tarixli qərardadı ilə hazırkı mübahisə ilə bağlı təqdim edilmiş kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edildikdən sonra, iddiaçı iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etdiyindən, mülki prosessual qanunvericiliklə iddia ərizəsində əlavə edilən sənədlərin siyahısının göstərilməsilə yanaşı, iddiaçı və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısının da ərizədə qeyd olunmasını ayrıca olaraq nəzərdə tutulmuşdur. Nəticədə, ərizəçi məhkəməyə təqdim olunmuş iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısını göstərməsinə baxmayaraq, Mülki Prosessual Məcəllədə xüsusi olaraq qeyd edilən iddiaçı və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməyərək, iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə riayət edilməmişdir. Qeyd edilənlərdən əlavə, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, xx.xx.2017-ci il tarixli, 373 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktı oxunaqsız formada məhkəməyə təqdim edilmişdir. MPM-in 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə 22 iyun 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, işin baxılmasına mane olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmalıdır. MPM-in 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzlə ödənilmiş 6,01 (altı manat bir qəpik) manat dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh X3 qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Məhkəməyə iddia ərizəsi verilərkən ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzlə ödənilmiş 6,01 (altı manat bir qəpik) manat dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar