Məhkəmə qərarları › İş №e-2-2(3-10)-56/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-56/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-56/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 269125 (iki yüz altmış doqquz min yüz iyirmi beş) manat məbləğində əsas borcun və 560 (beş yüz altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MMC “mal alan” olaraq, “mal satan” İddiaçı MMC arasında “Təbii süd təchizatına dair” ## ######## 2023-cü il tarixdə 1 (bir) il müddətinə *** saylı müqavilə bağlanmışdır. Müqaviləyə edilmiş əlavə olan * saylı X2 ilə təbii südün 1 litri 0,82 manat müəyyən edilmişdir. Müqavilə üzrə cavabdehə 2023-cü il üzrə 7331982,21 manat, 2024cü il üzrə isə 392000 manat məbləğində olmaqla, ümumilikdə cavabdehə 1125982,21 manat məbləğində 1373149,04 litr təbii süd təhvil verilmişdir. O cümlədən hazırkı tələb üzrə həmin müqaviləyə əsasən “Alıcı” olaraq cavabdeh Cavabdeh MMC-yə cəmi 292000 manat məbləğində 365000 litr təbbi süd göndərilmiş və məhsul cavabdeh tərəfindən iradsız qəbul edilmişdir. Lakin, cavabdeh son faktura üzrə aldığı “süd”ə görə ödənişlə bağlı, müqavilənin şərtlərinə riayyət etməmiş, aldığı mala görə yaranmış borcu hər dəfə bir bəhanə ilə ödəməsini gecikdirmiş və bu pozuntu hal-hazırda da davam etməkdədir. Tərəflər arasında mövcud adı çəkilən Müqavilənin 3-cü bəndində müqavilədə nəzərdə tutulmuş qiymətlərə və ödəniş qaydalarına uyğun olaraq malın dəyərinin vaxtında ödənilməsi “Alıcının” vəzifəsi kimi şərtləndirilmişdir. “Alıcı” südün qiymətini südün təhvil verildiyi (qəbul etdiyi) gün hesablayıb ödəməlidir. Lakin müqavilənin qeyd olunan bəndinə zidd olaraq, son mal qəbulu fakturalarına əsasən ödəniş üçün Elektron Qaimənin təqdim edildiyi ##.##.2024-cü il tarixindən sonra uzun müddət ötməsinə baxmayaraq, cavabdeh həmin məbləğdən cəmi 29500 manat (o cümlədən, 22875 manat son Elektron Faktura məbləğindən) ödəmiş olsa da, ##.##.2024-cü il tarixli Elektron qaimə-faktura üzrə gerdə qalan 269125 manat məbləğin ödənilməsini müxtəlif bəhanələrlə təmin etməmişdir. Bu müddətlər ərzində müqavilə öhdəliklərinə vaxtında və lazımı qaydada icra edilməsi cavabdehə dəfələrlə təklif olunsa da nəticəsi olmamışdır. Məsələnin məhkəməyə qədər yoluna qoyulması məqsədi ilə öncədən prenteziya verilmiş, lakin cavabdeh tərəfin hərəkətsizliyi üzündən məsələnin məhkəmədən kənar həlli mümkün olmamışdır. Ona görə də, məsələnin məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Tərəflər arasında süd məhsulunun alqı-satqısı ilə bağlı müqavilə münasibətləri davam etdiyi müddətlər ərzində təqdim edilmiş hesabların son üzləşməsinə əsasən iddiaçı tərəfindən verilmiş və cavabdeh tərəfindən qəbul edilmiş süd məhsulunun ##.##.2025-ci il tarixinə ümumi məbləğindən ödənilməmiş borcun məbləği 269125 manat olmuşdur. Həmin məbləğ cavabdehdən tam şəkildə tələb olunmalıdır. Belə ki, öhdəliklərin icrasında “vicdanlılığın” təsbit olunduğu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh məsələni qarşılıqlı razılaşma əsasında həll etməkdən yayındığından, yaranmış mübahisənin məhkəmə qaydasında həlli üçün iddiaçı tərəf 560 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Həmin məbləğ də tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunmalıdır. Belə ki, zərərin əvəzinin ödənilməsinin və mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarının müəyyən olunduğu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097.1-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

2. Birinci instansiya məhkəməsində icraat

Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilərək, həmin Qətnamədə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 269125 (iki yüz altmış doqquz min yüz iyirmi beş) manat məbləğində əsas borcun və 559,12 (beş yüz əlli doqquz manat 12 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan iddiaçı İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında bağlanmış ## ####### 2023-cü il tarixli, *** saylı müqavilənin 1-ci bəndinə əsasən bu müqavilə üzrə satıcı ona məxsus təbii inək südünü alıcıya satmağı, alıcı isə öz növbəsində bu təbii inək südünü qəbul etməyi və onun dəyərini vaxtlı-vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. ## ####### 2023-cü il tarixli, * nömrəli X4 əsasən 1 litr inək südünün dəyəri 0,82 manat olaraq razılaşdırılmışdır. ##.##.2024-cü il tarixli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektronqaimə fakturadan göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 292000 manat dəyərində inək südü verilməsi barədə elektron qaydada qaimə göndərilmişdir. Cavabdeh tərəf ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə Informasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və işin yekunlaşdırılmasını xahiş etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrıayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqısatqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir. Işin müəyyən olunmuş halları ilə təsdiqini tapmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında inək südünün alqı-satqısı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən qeyd edilən məhsullar cavabdehə verilsə də, cavabdeh qeyd edilən məhsulların dəyərini tam ödəməmişdir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimə-faktura öz-özlüyündə cavabdehin borcunun mövcudluğunu birbaşa təsdiq etməsə də, tərəflər arasında bağlanmış müqavilənin şərtləri, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə ilə qarşılıqlı təhlil edildikdə cavabdehin iddiaçıya tələb edilən həcmdə borcunun olması öz təsdiqini tapır. Belə ki, cavabdeh tərəfin ərizəsinin məzmunundan müəyyən edilir ki, işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılaraq yekunlaşdırılmasını xahiş etmiş və borcu mübahisələndirməmişdir. Cavabdeh tərəf borcla bağlı etiraz və ya mülahizə təqdim etməsə də, iş materialları ilə elektron kabinet vasitəsilə tanış olaraq işin yekunlaşmasını tələb etmiş, bu halda dolayı yolla iddia tələbi ilə razılaşmasını və tələbi qəbul etdiyini bir daha təsdiq etmişdir. Bu səbəbdən tərəflər arasında işin mübahisələndirilən hallar müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 269125 manat borcu qalmışdır ki, bu hal iş materialları və cavabdehin ərizəsi ilə öz təsdiqini tapır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə iddiaçı tərəfindən tələb edilən borcu mübahisələndirməmiş və qəbul etmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən 269125 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (559,12 manat) iddiaçı tərəfindən Dövlət Büdcəsinə ödənildiyindən və iddia tələbi təmin edildiyindən 559,12 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, rüsumun artıq ödənilmiş hissəsi isə iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi, ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 567 və 600.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1 və 218.3cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

– 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən 269125 manat əsas borc və 560 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 269125 manat əsas borc və 559,12 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini bir cümlə ilə əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, “cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 269125 manat borcu qalmışdır ki, bu hal iş materialları və cavabdehin ərizəsi ilə öz təsdiqini tapır”. Lakin, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qərarı işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, iddiaçı tərəfindən borc həddindən artıq şişirdilmişdir. Çünki, cavabdeh tərəfindən müqavilə üzrə verilmiş malların ödənişləri demək olar ki, tam həyata keçirilmişdir. Əgər iddiaçı tərəfindən yeni hesabat təqdim olunsa idi, bu hal öz təsdiqini tapardı. Lakin iddiaçı bunu məhkəmədə gizlədərək, cavabdehdən daha çox pul tələb edib, əsassız varlanmaq məqsədi güdmüşdür. Bundan başqa, bu halların aydınlaşdırılması və işin obyektiv həlli baxımından cavabdeh tərəf hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı idi. Ekspertizanı məhkəmə öz təşəbbüsü ilə həyata keçirərək, iş üzrə düzgün qərar qəbul edilməsinə nail ola bilərdi. Lakin məhkəmə işə ötəri yanaşmış, iddiaçının mövqeyini üstün tutmuş, nəticədə heç bir araşdırma aparmadan sadəcə iddiaçının izahatına əsaslanan səhv qərar qəbul etmişdir. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin, məhkəmədə cavabdeh tərəfin iştirakı təmin olunmamış, bu səbəbdən yuxarıda qeyd edilən əsaslar üzrə cavabdeh tərəfin özünü müdafiə etmək imkanı olmamışdır. Halbuki, bu imkan yaradılsa idi, yuxarıda qeyd olunan hallar artıq birinci instansiya məhkəməsində araşdırılaraq öz həllini tapacaq və iddia rədd olunacaq idi. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən halları (xüsusatları) tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar yoxdur.

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edərək, cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh MMC-yə qarşı "cavabdehdən 269125 manat əsas borc və 560 manat ödənilmiş dövlət rüsumunun tutulub, ona ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında baxılır. Şəki Kommersiya Məhkəməsinin adı çəkilən qətnaməsi ilə iddia təmin olunmuşdur. Iddianın təmin olunması ilə razılaşmayan cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, “iddiaçı tərəfindən borc həddindən artıq şişirdilmişdir. Cavabdeh müqavilə üzrə verilmiş malların ödənişlərini demək olar ki, tam həyata keçirmişdir. Əgər iddiaçı tərəfindən yeni hesabat təqdim olunsa idi, bu hal öz təsdiqini tapardı. Həmçinin hesab edir ki, iş üzrə məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməli idi. Lakin etməmiş, nəticədə səhv qərar qəbul etmişdir”. Göründüyü kimi, apellyasiya şikayəti heç bir dəlilə söykənməyən, məzmunca məntiqsiz söz yığımından başqa bir şey deyildir. Şikayət cavabdeh MMC-nin direktoru tərəfindən imzalansa da, görünür o, şikayətin məzmunundan xəbərsizdir. Ya da ki, özgəsinin pul vəsaitini özündə daha çox müddətə saxlamaq üçün sadəcə müddəti uzatmaqla, vaxt qazanmaq məqsədi ilə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərilən “ekspertiza təyini ilə bağlı” qeydinə gəlincə, hazırkı iddiada hesablanmasında xüsusi bilik tələb olunan hallar mövcud deyildir. Belə ki, tərəflər arasında müqavilə əsasında son olaraq alıcı cavabdeh Cavabdeh MMC-yə cəmi 292000 manat məbləğində 365000 litr təbii süd göndərilmiş və məhsul cavabdeh tərəfindən iradsız qəbul edilmişdir. Əgər cavabdeh sistem üzrə axırıncı etdiyi ödənişin ##.##.2024cü il tarixdən sonrakı müddətlərdə ödəniş etmişsə, sübutunu təqdim etsin. Təəssüf ki, ondan sonra hər hansı ödəniş olmamışdır və bu, cavabdehin özünə də məlumdur. Iddianın təmin edilməsində məhkəmə haqlı olmuşdur. Qətnamə iş üzrə müəyyən edilən dəlillərə və tərəflərin müqavilə münasibətlərinə uyğun maddi hüquq normalara əsaslandırılmışdır. Apellyasiya şikayətində göstərilənlər heç bir əsasa söykənməyən formal mülahizələr olduğundan, qanuni əsaslı olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda, iş üzrə Şəki Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı iddiaçı İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ## ### 2026-cı il tarixli maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışında göstərilmişdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında mövcud “Təbii süd təchizatına dair” ## ######## 2023-cü il tarixli, *** saylı müqavilənin icrası üzrə ##.##.2026-cı il tarixə 269125 (iki yüz altmış doqquz min yüz iyirmi beş) manat ödənilməmiş əsas borc qalmışdır. Borclu Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu müddət ərzində həmin borcdan ödəniş olunmamışdır. Bu günə, yəni ##.##.2026-cı il tarixə 269125 (iki yüz altmış doqquz min yüz iyirmi beş) manat məbləğində borc qalmaqdadır.

4. Iş üzrə apellyasiya icraatı:

– 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilməyən 269125 (iki yüz altmış doqquz min yüz iyirmi beş) manat məbləğində əsas borcun tutulması barədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin olunmalı idi” dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (maddə 97.1.). Lakin, hazırkı işin konkret halları və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı, həmçinin apellyasiya icraatı zamanı işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin edilməsinə müvafiq əsas yaranmamış və eləcə də, cavabdeh tərəfindən məhkəməyə ekspertiza təyin edilməsi ilə bağlı hər hansı bir əsaslandırılmış vəsatət və iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliliyinə təsir edən, yəni iddiaçı tərəfin sübutlarının mötəbərliyini şübhə altına salan sənədlər təqdim olunmamışdır. Hətta, “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin formasını müəyyənləşdirən “Əlavə 2”-nin 11-ci bəndində şikayətçi tərəfindən qeyd olunmuşdur ki, “Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar yoxdur.” Bundan əlavə, məhkəmə kollegiyası, apellyasiya şikayətinin “Belə ki, iddiaçı tərəfindən borc həddindən artıq şişirdilmişdir. Çünki, cavabdeh tərəfindən müqavilə üzrə verilmiş malların ödənişləri demək olar ki, tam həyata keçirilmişdir. Əgər iddiaçı tərəfindən yeni hesabat təqdim olunsa idi, bu hal öz təsdiqini tapardı” dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı iddiaçı İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ## ### 2026-cı il tarixli maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış “Təbii süd təchizatına dair” ## ######## 2023-cü il tarixli müqavilənin icrası üzrə cavabdeh Cavabdeh MMC-nin ##.##.2026-cı il tarixə 269125 manat ödənilməmiş əsas borcu qalmışdır və ## ### 2026-cı il tarixdə də cavabdehin 269125 manat məbləğində borcu qalmaqdadır. Həmçinin, məhkəmə kollegiyası, apellyasiya şikayətinin “Lakin, məhkəmədə cavabdeh tərəfin iştirakı təmin olunmamış, bu səbəbdən yuxarıda qeyd edilən əsaslar üzrə cavabdeh tərəfin özünü müdafiə etmək imkanı olmamışdır” dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, iş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsində aparılan məhkəmə icraatı ilə əlaqədar ## #### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi (direktoru) nümayəndə1 tərəfindən ## #### 2026-cı ildə imzalanaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinə təqdim edilmiş ərizədə qeyd olunmuşdur ki, “e-*-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixə saat 10:30-a məhkəmə iclası təyin olunmuşdur. Həmin məhkəmə iclasının bizim iştirakımız olmadan keçirilməsini və işin yekunlaşdırılmasını Sizdən xahiş edirik” (iş vərəqi: 53). Göründüyü kimi, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı iş materialları və işin konkret halları ilə təkzib olunmuş və apellyasiya şikayətinin dəlillərinin əsaslılığı öz təsdiqini tapmamışdır. Halbuki, Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməyərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2-2(117)-1943/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar