Məhkəmə qərarları › İş №e-2-2(3-10)-63/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-63/2026

21.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-63/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh (VÖEN 5100338412) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh (VÖEN 5100338412) qarşı ## ###### 2025-ci ildə “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ## ###### 2026-cı ildə isə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 12301,25 (on iki min üç yüz bir manat 25 qəpik) manat məbləğində borcun və iddiaçı tərəfindən iddia üzrə məhkəməyə ödənilmiş 126,30 (yüz iyirmi altı manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh tutularaq, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Iddiaçı”) ilə cavabdeh Cavabdeh (“Cavabdeh”) arasında ##.##.2021-ci il tarixində, Z-** nömrəli “Yaş tütünün alqı-satqısına dair” Müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh istifadəsində olan 9.1 ha torpaq/əkin sahəsində Iddiaçı tərəfindən verilən NC-291, ITB-683 və ITB-6184 “Virciniya” tipli tütün toxumunun və şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə Iddiaçıya satmağı, Iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Bundan sonra, Iddiaçı və Cavabdeh arasında ##.##.2022-ci il tarixində bu Müqaviləyə * nömrəli Əlavə imzalanmışdır və belə müəyyən edilmişdir ki, Iddiaçı tərəfindən Cavabdehə müvafiq toxum, şitil, gübrə, dərman veriləcəkdir. Bunun əsasında Iddiaçı tərəfindən Cavabdehə Malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 10548,50 AZN dəyərində mallar təqdim edilmiş və/və ya xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 2022-ci il əkin mövsümü üçün ümumi 127335 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 35130 AZN olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Qeyd olunan məbləğdən 5150,44 AZN Cavabdehin Iddiaçıya olan borcundan silinmiş (qarşılıqlı borcların əvəzləşdirilməsi aktları ilə), qalan məbləğ isə Cavabdehə ödənilmişdir. Beləliklə, 2022-ci il dövrü üçün Cavabdehin Iddiaçıya 5398,06 AZN borcu yaranmışdır. Bunun ardınca isə Iddiaçı və Cavabdeh arasında ##.##.2022-ci il tarixində, Z/****/*** nömrəli “Tütünün istehsalına dair” Müqavilə imzalanmışdır. Müqavilənin Preambulasının 2-ci bəndinə əsasən Cavabdehin istifadəsində 8 ha torpaq/əkin sahəsi vardır və Müqavilənin 1-ci bəndinə əsasən həmin Müqavilənin * saylı Əlavəsində göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu tam həcmdə Iddiaçıya təhvil verməli, Iddiaçı isə tələblərə uyğun olan tütün məhsulunu tam həcmdə qəbul edib dəyərini ödəməlidir. Sözügedən Müqavilənin 6.1-ci bəndinə uyğun olaraq Iddiaçı Cavabdehə Malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 8003 AZN dəyərində mallar təqdim etmiş və/və ya xidmətlər göstərmişdir. Cavabdeh tərəfindən 2023-cü il əkin mövsümü üçün ümumi 85900 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 23648,12 AZN olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Qeyd olunan məbləğdən 6786,85 AZN Cavabdehin Iddiaçıya olan borcundan silinmişdir, qalan məbləğ isə Cavabdehə ödənilmişdir. Beləliklə, 2023-cü il mövsümü üçün Cavabdehin Iddiaçıya 1216,15 AZN borcu qalmışdır. Daha sonra Iddiaçı və Cavabdeh arasında ##.##.2023-cü il tarixində, Z/****/*** nömrəli “Tütünün istehsalına dair” Müqavilə imzalanmışdır. Müqavilənin Preambulasının 2-ci bəndinə əsasən Cavabdehin istifadəsində 6 ha torpaq/əkin sahəsi vardır və Müqavilənin 1-ci maddəsinə əsasən həmin Müqavilənin * saylı Əlavəsində göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu tam həcmdə Iddiaçıya təhvil verməli, Iddiaçı isə tələblərə uyğun olan tütün məhsulunu tam həcmdə qəbul edib dəyərini ödəməlidir. Sözügedən Müqavilənin 6.1-ci bəndinə uyğun olaraq Iddiaçı Cavabdehə Malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 6941,60 AZN dəyərində mallar - toxum təqdim etmiş, eyni zamanda Cavabdehin öz öhdəliklərini rahatlıqla icra edə bilməsi üçün Iddiaçı tərəfindən Cavabdehə ümumilikdə 10800 AZN avans verilmişdir. Cavabdeh tərəfindən 2024-cü il əkin mövsümü üçün ümumi 48970 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 15068,20 AZN müəyyənləşdirilən tütün təhvil verilmişdir. Qeyd olunan məbləğdən 12054,56 AZN Cavabdehin həmin vaxtadək Iddiaçıya olan ümumi borcundan (5398,06 + 1216,15 + 6941,60 + 10800 = 24355,81) silinmişdir, qalan məbləğ isə Cavabdehə ödənilmişdir. Beləliklə, Cavabdehin Iddiaçıya son olaraq 12301,25 AZN (on iki min üç yüz bir manat 25 qəpik) borcu qalmışdır. Iddiaçı tərəfindən Cavabdehə ##.##.2025-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, Cavabdeh tərəfindən hər hansı addım atılmamışdır.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh (VÖEN 5100338412) qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh 12301,25 manat əsas borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126,30 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Mübariz Hüseynov). Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı ASC (alıcı) və cavabdeh Cavabdeh (fermer) arasında ##.##.2021-ci il tarixdə Z-** nömrəli “Yaş tütünün alqı-satqısına dair”, ##.##.2022-ci il tarixdə Z/****/*** nömrəli və ##.##.2023-cü il tarixdə Z/****/*** nömrəli “Tütünün istehsalına dair” müqavilələr bağlanmışdır. ##.##.2021-ci il tarixli Z-** nömrəli müqaviləyə əsasən: ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 9 ədəd malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10548,5 manat dəyərində mallar təhvil verilmiş və xidmətlər göstərilmişdir. ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 51 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 35130 manat məbləğində tütün təhvil verilmişdir. ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 5 ədəd qarşılıqlı borcların əvəzləşdirilməsinə dair aktlardan görünür ki, tərəflər arasında müqavilə üzrə yaranmış qarşılıqlı borcların 5150,44 manat məbləğində hissəsi əvəzləşdirilmişdir. ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 17 ədəd ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 29979,47 manat məbləğində pul köçürülmüşdür. ##.##.2022-ci il tarixli Z/****/*** nömrəli müqaviləyə əsasən: ##.##.2023cü il tarixdən ##.##.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 14 ədəd malların təhvilqəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8003 manat dəyərində mallar təhvil verilmiş və xidmətlər göstərilmişdir. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 11 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 23648,13 manat məbləğində tütün təhvil verilmişdir. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 5 ədəd qarşılıqlı borcların əvəzləşdirilməsinə dair aktlardan görünür ki, tərəflər arasında müqavilə üzrə yaranmış qarşılıqlı borcların 6786,85 manat məbləğində hissəsi əvəzləşdirilmişdir. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 13 ədəd ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 16861,28 manat məbləğində pul köçürülmüşdür. ##.##.2023-cü il tarixli Z/****/*** nömrəli müqaviləyə əsasən: ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər olan dövrü əhatə edən 12 ədəd malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6941,61 manat dəyərində mallar təhvil verilmiş və xidmətlər göstərilmişdir. ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər olan dövrü əhatə edən 7 ədəd ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına avans olaraq ümumilikdə 10800 manat məbləğində pul köçürülmüşdür. ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər olan dövrü əhatə edən 6 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 15068,2 manat məbləğində tütün təhvil verilmişdir. ##.##.2024-cü il tarixli qarşılıqlı borcların əvəzləşdirilməsinə dair aktdan görünür ki, tərəflər arasında müqavilə üzrə yaranmış qarşılıqlı borcların 12054,56 manat məbləğində hissəsi əvəzləşdirilmişdir. ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər olan dövrü əhatə edən 6 ədəd ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 3013,64 manat məbləğində pul köçürülmüşdür. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrıayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat və alqı-satqı müqavilələrinin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır. Qanunvericiliyin tələbinə görə də tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Işin müəyyən olunmuş halları və iş materialları, habelə tərəflərin izahatları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında ##.##.2021-ci il tarixdə Z-** nömrəli yaş tütünün alqı-satqısına dair, ##.##.2022-ci il tarixdə Z/****/*** nömrəli, ##.##.2023-cü il tarixdə Z/****/*** nömrəli tütünün istehsalına dair müqavilələrin bağlanmasından, iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsindən, xidmətlərin göstərilməsindən, avans olaraq pul vəsaitinin verilməsindən, təhvil verilmiş tütünə görə cavabdehin hesabına pulun köçürülməsindən (özü və banka olan borcunun ödənilməsi üçün), borcun əvəzləşdirilməsindən ibarətdir. Işin cavabdeh tərəfindən mübahisələndirilən hallarına isə 2022-ci il üzrə onun tərəfindən iddiaçıya təhvil verilən tütünün dəyərinin nə üçün cavabdehin borcundan tutulmadan onun özünə verilməsi, 2023-cü il üzrə yağan güclü yağış səbəbindən ərazinin suyun içində qalması nəticəsində ona ciddi ziyan dəyməsi, şitilin vaxtında verilməməsi və bu səbəbdən tütünün tələf olması aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli Z-** nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10548,5 manat dəyərində mallar təhvil verilmiş, xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya 35130 manat dəyərində tütün təhvil verilmiş, onun dəyərinin 5150,44 manat hissəsi cavabdehin borcu ilə əvəzləşdirilmiş, 29979,47 manat hissəsi cavabdehə verilmiş (özü və banka olan borcunun ödənilməsi üçün), nəticədə cavabdehin qeyd edilən müqavilə üzrə 5398,06 manat (10548,5 manat – 5150,44 manat) ödənilməmiş borcu qalmış, ##.##.2022-ci il tarixli Z/****/*** nömrəli “Tütünün istehsalına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8003 manat dəyərində mallar təhvil verilmiş, xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya 23648,13 manat dəyərində tütün təhvil verilmiş, həmin tütünün dəyərinin 16861,28 manat hissəsi cavabdehə verilmiş (özü və banka olan borcunun ödənilməsi üçün), 6786,85 manat hissəsi cavabdehin borcundan silinmiş, nəticədə cavabdehin qeyd edilən müqavilə üzrə 1216,15 manat (8003 manat – 6786,85 manat) ödənilməmiş borcu qalmış, ##.##.2023-cü il tarixli Z/****/*** nömrəli “Tütünün istehsalına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6941,61 manat dəyərində mallar təhvil verilmiş, xidmətlər göstərilmiş, cavabdehin hesabına 10800 manat avans məbləği köçürülmüş, cavabdeh tərəfindən iddiaçıya 15068,2 manat dəyərində tütün təhvil verilmiş, onun dəyərinin 12054,56 manat hissəsi cavabdehin borcu ilə əvəzləşdirilmiş, 3013,64 manat hissəsi cavabdehə verilmiş (özü və banka olan borcunun ödənilməsi üçün), nəticədə cavabdehin qeyd edilən müqavilə üzrə 5687,04 manat (6941,61 manat + 10800 manat – 12054,56 manat) ödənilməmiş borcu qalmışdır. Cavabdehin mübahisələndirdiyi hallarla əlaqədar olaraq məhkəmə qeyd edir ki, ilkin olaraq 2021-ci il tarixli müqavilə üzrə iddiaçıya təhvil verilən tütünün dəyərinin böyük qisminin cavabdehin özünə və ya onun banka olan borcunun ödənilməsinə verilməsi, iddiaçıya olan borcundan az qisminin çıxılması halı cavabdehin iddiaçıya olan borcunu istisna etmir və cavabdehin bu səbəbdən həmin borcu ödəməməsi əsaslı deyil. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilələrdə yağışın yağması və ya bu kimi hallar nəticəsində məhsullara dəyən zərərin məsuliyyətini iddiaçının daşıması barədə iddiaçının öhdəliyi nəzərdə tutulmamış, müqavilələrin mahiyyətindən belə hal olduqda məsuliyyyətin cavabdehə aid olduğu müəyyən edilir, hətta sonuncu müqavilədə bu kimi hallarda cavabdehin məsuliyyət daşıdığı və sığorta etdirməli olması birbaşa göstərilmişdir. Cavabdehin mübahisələndirdiyi məsələlərdən biri də şitilin vaxtında verilməməsi və tütünün tələf olması halıdır ki, cavabdeh tərəf bu halı izahatında bildirsə də, bunu təsdiqləyən heç bir sübut təqdim etməmiş, iddiaçı tərəf də qeyd edilən halı təkzib etmişdir. Belə ki, tərəflər arasında yaranan münasibətlər onlar arasında yazılı qaydada bağlanmış müqavilələrlə tənzimləndiyindən həmin münasibətlər çərçivəsində baş verən hərəkətlərdə yazılı qaydada icra edilməli idi. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən 12301,25 manat (5398,06 manat+1216,15 manat+5687,04 manat) borc məhkəməyə təqdim edilmiş sübutlarla, eyni zamanda tərəflərin izahatı qarşılıqlı təhlil edildikdə təsdiqini tapır. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Yekun olaraq cavabdeh Cavabdeh 12301,25 manat əsas borc tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 126,30 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Iddia təmin edildiyindən 126,30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi, ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 445.7, 448.1, 448.2, 567, 752.1 və 752.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 81, 119.1 və 218.3-cü maddələrinə istinad etmişdir. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh tərəf də hazırkı mübahisənin həlli üzrə məhkəmə prosesində və tərəflər arasında mövcud mübahisənin həlli üzrə aparılan məhkəmə araşdırmalarında iştirak etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixli “Tütünün istehsalına” dair N Z/2023/003 Müqavilənin 2.5-ci bəndinə əsasən İddiaçı ASC tərəfindən bu müqaviləyə uyğun təmin edilən əkin materialları (şitil və ya sertifikatlaşdırılmış toxum), aqrokimyəvi maddələr, gübrələr, pestisidlər və bitki mühafizə vasitələr/maddələr istisna olmaqla, Fermer Tütünün istehsalı üçün tələb olunan bütün zəruri materialları və avadanlıqları təmin etməlidir; 2.6-cı bəndinə əsasən, Fermer yalnız İddiaçı ASC tərəfindən müvafiq qaydada verilən əkin materiallarından, aqrokimyəvi maddələrdən, gübrələrdən, pestisidlərdən və digər bitki mühafizə vasitələrdən/maddələrdən istifadə etməlidir. 10.3.1-ci bəndinə əsasən İddiaçı ASC-yə tütün məhsulu təhvil verildikdən hesablanmış məbləğin ilkin olaraq 20 faizi fermerə verilirdi. 13.1-ci bəndinə əsasən Qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər,,,,,,) nəticəsində müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi mümkün olmadıqda, Tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun. 15.1-ci bəndinə əsasən bu Müqavilə özündən əvvəl eyni predmet ilə əlaqədar yazılı və şifahi formada qüvvədə olan hər hansı bir müqaviləni və ya şərtləri əvəz edir və bu Müqavilənin imzalanması ilə həmin müqavilələr avtomatik olaraq qüvvədən düşmüş hesab edilir. 1. Bildirir ki, iddiaçı müqavilə şərtlərinə əməl etməyərək, süni şəkildə onu borclandırmışdır. Belə ki, ilk il müqavilə üzrə borcu tam tutmadan pulu ödəmişdir. Daha sonra cavabdehə ardıcıl olaraq 2 il süni borc yaratdıqdan sonra növbəti il daha çox pul verərək borcu əsassız formada şişirdərək qaldırmışdır. Sual olunur ki, 2 il ardıcıl müqavilə üzrə borc olduğu halda növbəti il niyə 17741,60 manat pul buraxılıb? Məqsəd nə idi? Iddiaçı tərəfindən borc süni şəkildə dəfələrlə şişirdilmişdir. 2. 2023-cü ildə yağan güclü yağışlar səbəbindən ərazi suyun içində qalmışdır. Bu hal ilə bağlı o, iddiaçı tərəfə məlumat vermişdir. Onlar gəlib müşahidə etdikdən sonra borcundan silinəcəyini demişlər. Məsuliyyəti tamamilə öz üzərlərinə götürmüşlər, lakin məhkəmədə nümayəndə həmin məsələni danır. Odur ki, həmin məsələdən məlumatlı şəxslərin məhkəmədə çağırılıb şahid qismində dindirilməsini məhkəmədən xahiş edir. Müqavilənin 13.1-ci bəndinə əsasən Qarşısıalınmaz qüvvənin yaratdığı hallar ( təbii fəlakətlər,,,,,,) Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmişdir. Çünki mənim torpaq sahəmdə təbii fəlakət baş verməsəydi, həmin torpaq sahəsindən əldə olunan məhsulu iddiaçıya verəcəkdim. 3. Sığorta işinə də İddiaçı ASC-nin mühasibləri tərəfindən baxılır. Çünki tütün əkən bütün fermerlərin tütün sahələri barədə məlumatları şirkətin əməkdaşları tərəfindən sığorta şirkətinə göndərilərək tütün sahələrindəki tütün məhsulu sığorta olunur. 4. Digər problem isə şitilin vaxtında verilməməsidir. Tütün sahəsinə tam hazır olsa belə, Şirkət tərəfindən tütün şitili qəsdən gecikdirilərək vaxtında verilməmişdir. Nəticədə tütün məhsulu tələf olmuş, məhsul olmamışdır. Bu halda Şirkətin aqronomları tərəfindən sahəyə baxış keçirilmişdir ki, aqronom müəyyən etmişdir ki, şitillər yenidən əkiləcək və bu dəfə şirkətin hesabına veriləcəkdir. Bu hal ilə bağlı da Şirkətin aqronomu məhkəmə tərəfindən çağırılaraq dindirilməsi vacibdir. Çünki, aqronom məsuliyyətsizliyi məhkəmə tərəfindən ona yüklənmişdir. Müqaviləyə görə onun özbaşına başqa yerdən toxum və şitil alıb əkməyi qadağan idi. 5. Digər bir məqamlar isə Şirkət tərəfindən şitillərin nə vaxt cavabdehə verilməsi ilə bağlı aktları məhkəməyə təqdim etməməsidir. Hansı tarixdə və hansı növ, sort, miqdarda şitil verildiyi məlum deyildir. 6. Iddiaçı şirkətin verdiyi şitillərin dövlət qeydiyyatının olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Ölkədə qeydiyyatda olmayan şitillər iddiaçı tərəfindən cavabdehə verilmişdir. Sertifikatları yoxdur.

7. Ümumiyyətlə, Iddiaçı Şirkətin fermerlərə hansı növ tütün toxumu və şitillərinin verilməsi və onların dövlət qeydiyyatı barədə toxum və şitillərin rəsmi dövlət qeydiyyatı reyestrindən çıxarış məhkəməyə təqdim edilməmişdir. Sertifikatların mövcudluğu yoxlanılmamışdır. 8. Paşa bank tərəfindən kreditin verilməsi ilə bağlı bildirirəm ki, İddiaçıASC özü avans verə bilirdisə, niyə fermerə Paşa Bank əlavə kredit verirdi?Məqsəd burda nə idi? Nə vadar edirdi ki, İddiaçı ASC-ni Paşa Bank vasitəsi ilə fermerə kredit ayrılmasına nail olsun? 9. Ümumiyyətlə, məhkəmə tərəfindən “Paşa bank” tərəfindən verilmiş pullar (kredit) ilə İddiaçı ASC şirkətdən avans verilmiş pullar aydınlaşdırılmamışdır. Əgər tam araşdırma zamanı müəyyən olunsa avans ödənişi yoxdur. Paşa bank tərəfindən fermerə verilmiş kredit borcu ola bilər. Bu halda məhkəmədə iddiaçı qismində “Paşa Bank” çıxış etməli olacaq. 10. Iddiaçı tərəfindən verilmiş gübrə və pestisidlər və s. maddələrin dövlət qeydiyyatının olub-olmaması, tütünə verilməsinin həqiqətən uyğun olub-olmaması barədə məhkəmə heç bir araşdırma aparmamışdır. Sertifikatlar yoxlanılmamışdır. 11. ##.##.2022-ci il tarixli Tütünün istehsalına dair N Z/2023/003 Müqavilənin 15.1-ci maddəsinə əsasən tərəflər müstəqil şəkildə müəyyən etmişlər ki, bu Müqavilə özündən əvvəl eyni predmet ilə əlaqədar yazılı və şifahi formada qüvvədə olan hər hansı bir müqaviləni (yəni ##.##.2021-ci il tarixli, Z-** nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqaviləni) və ya şərtləri əvəz edir və bu Müqavilənin imzalanması ilə həmin müqavilələr avtomatik olaraq qüvvədən düşmüş hesab edilir. Belə olan halda ##.##.2021-ci il tarixli, Z-** nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə üzrə tələblər iddia oluna bilməz.

12. Məhkəmə, qətnaməsində qeyd edir ki, .... tərəflər arasında bağlanmış müqavilələrdə yağışın yağması və ya bu kimi hallar nəticəsində məhsullara dəyən zərər məsuliyyətinin iddiaçı daşıması barədə iddiaçının öhdəliyi nəzərdə tutulmamışdır.... Bildirir ki, müqavilələrdə bu hallar ilə də bağlı konkret və dəqiq olaraq cavabdehin öhdəlik daşıması da nəzərdə tutulmamışdır. Əlavə edir ki, müqavilənin 13.1-ci bəndi bu halı əhatə edərək, heç kimin (iddiaçı və cavabdehin) məsuliyyət daşımayacağı qabaqcadan dəqiq müəyyən edilmişdir. 13. Iş üzrə ekspertiza keçirilməli olduğu halda məhkəmə bunu etməmişdir. Ekspert qarşısında müvafiq olaraq aşağıdakı suallar qoyulmalı idi: 1. Fermerlərə verilmiş tütün toxumlarının, tütün ştillərinin, gübrə, pestisid, aqro kimyəvi maddələrin dövlət qeydiyyatının, sertifikatlarının olub-olmaması? Həmin tütün toxumlarının, tütün şitillərinin , gübrə, pestisid, aqro kimyəvi maddələrin mənim əkin sahələrində tütün yetişdirilməsinə yararlı olub-olmaması? Bəlkə yararsız məhsullar verilib? Şitillərin ən gec hansı tarixlərdə şirkət tərəfindən verilməli olub-olmaması? Şitillərin düzgün formada yetişdirilibyetişdirilməsi? Şitillərin hansı tütün toxumlarından əldə olunması? Bir tütün mövsümü daxilində bitməyən tütün şitillərinin əvəzinə 2-ci dəfə tütün şitillərinin əkilib-əkilməməsi məsələsinin aydınlaşdırılması? Tütün şitillərinin verilməsinin uyğun olub – olmaması? İddiaçı ASC tərəfindən Tütün toxumundan tütün şitilə keçilməsinin səbəbi? 14. Ümumiyyətlə məhkəmə hazırki işə borc tələbi kimi baxaraq iddiaçının mənafeyinə uyğun, heç bir ciddi araşdırma aparmadan qətnamə qəbul etmişdir. Buna görə də, o, narazıdır və o, məhkəmə araşdırılmasının aparılmasını, şahid qismində aqronomların dindirilməsini, müvafiq ekspertiza keçirilməsini, işə tütün üzrə mütəxəssis cəlb edilməsini və işin hər tərəfli araşdırılmasını xahiş edir.

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

4. Iş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “borcun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə öz mövqeyini iddia ərizəsində qeyd olunanlarla əsaslandırdı və eyni zamanda, suallara cavab olaraq bildirdi ki, cavabdehlə bağlanmış müqavilələrə əsasən əldə edilən gəlirin 80%-i Şirkətə, 20%-i isə cavabdehə ödənilməlidir. Həmin dövrdə Şirkət rəhbərinin qərarına əsasən “cavabdehə daha artıq məbləğin verilməsi” isə növbəti mövsüm ili üçün cavabdehin motivasiya edilməsi ilə əlaqədar olmuşdur. Cavabdehin qarşılaşdığı təbii fəlakətlərlə bağlı məsələlərdə isə Şirkətin heç bir öhdəliyi yoxdur. Çünki, təbii fəlakətlərlə əlaqədar sığorta məsələləri cavabdehin özü tərəfindən həyata keçirilməli idi. Həmçinin, heç bir aqronom da iddiaçı Şirkətin adından heç kəsə vəd verə bilməzdi. Qeyd etmək lazımdır ki, Şəki Apellyasiya Məhkəməsində ## ### 2026-cı ildə keçirilən məhkəmə iclasında apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh apellyasiya şikayəti ilə birlikdə məhkəməyə təqdim etmiş olduğu “iş üzrə məhkəmə ekspertizasının keçirilməsi” barədə yazılı vəsatətini müdafiə edib, vəsatətində qeyd etdiyi hallara görə tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona verilmiş tütün toxumlarının, tütün ştillərinin, gübrə, pestisid və aqro-kimyəvi maddələrin onun əkin sahələrində tütün yetişdirilmasinə yararlı olubolmamasının və bu kimi digər halların müəyyən edilməsindən ötrü müvafiq məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdi. Lakin, Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*-*(*-**)-**/**** nömrəli əsaslandırılmış qərаrdаdı ilə apellyasya şikayətini vermiş cavabdeh Cavabdeh “iş üzrə məhkəmə ekspertizasının keçirilməsi” barədə vəsatəti əsaslılığı və zəruriliyi sübuta yetirilmədiyinə görə təmin edilməmişdir.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh tərəfindən verilmiş hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1. Işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və cavabdeh Cavabdeh (VÖEN 5100338412) apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh (VÖEN 5100338412) qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh 12301,25 manat əsas borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126,30 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin Qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu da onun özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh (VÖEN 5100338412) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar