Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-379/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında ##.##.2024-cü il tarixli *** nömrəli müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə satıcı, müqavilənin ayrılmaz hissəsi olacaq müqavilə əlavəsində (qiymətlərin razılaşdırma protokolu) təfərrüatı ilə göstərilmiş malı/malları yaxud əmtəəni (bundan sonra “mallar” adlandırılan) alıcıya satır.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən, alıcı mal müqabilində müqavilə əlavəsində nəzərdə tutulmuş ödənişi satıcıya ödəyir.
3. Müqavilənin 2.2.2-cü bəndinə əsasən, alıcı malları və yaxud işləri qəbul etdikdən sonra müvafiq ödənişlərin müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirilməsini təmin edir.
4. Müqaviləninin 4.1-ci bəndinə əsasən, bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu ziyana və bu müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin vaxtında, tam və ya lazımınca yerinə yetirilməməsinə görə digər tərəf qarşısında tam həcmdə məsuliyyət daşıyır.
5. Müqavilənin 4.4-cü bəndinə əsasən, alıcı tərəfindən bu müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən ona gecikdirilən hər gün üçün ümumi məbləğin 1% (bir faizi) miqdarında cərimə tətbiq edilə bilər.
6. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş İnternet Vergi İdarəsindən çıxarışa əsasən satıcı tərəfindən alıcıya ümumilikdə 104 068,72 manat məbləğində elektron qaimə faktura təqdim edilmişdir.
7. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü və nümayəndələrinin imzaları ilə təsdiq edilmiş üzləşmə aktına əsasən ##.##.2025-ci il tarixinə Cavabdeh QSC-nin İddiaçı MMC-yə borcu 104 068,72 manat (ƏDV daxil) təşkil edir.
8. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, alıcının sonuncu ödəniş tarixi ##.##.2025-ci il tarix olmaqla, əsas borcu 86 364,38 manat, cərimə borcu 131 541,26 manat təşkil edir.
9. ##.##.2025-ci il tarixli, XO********* nömrəli ödəniş tapşırığına əsasən alıcı tərəfindən satıcıya 5003,72 manat, ##.##.2025-ci il tarixli, XO********* nömrəli ödəniş tapşırığına əsasən 10 014,80 manat, ##.##.2025-ci il tarixli, X********** nömrəli 5034,48 manat vəsait ödənilmişdir.
10. ##.##.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən, alıcı tərəfindən satıcının ƏDV sub-uçot hesabına 900,67 manat vəsait köçürülmüşdür.
11. ##.##.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən alıcı tərəfindən satıcının ƏDV sub-uçot hesabına 1802,66 manat vəsait köçürülmüşdür.
12. ##.##.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən alıcı tərəfindən satıcının ƏDV sub-uçot hesabına 906,21 manat vəsait köçürülmüşdür
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. İddiaçı MMC (iddiaçı) Cavabdeh QSC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ##.##.2024-cü il tarixli *** saylı müqavilə üzrə 104 599,71 manat əsas borcun, 8000 manat dəbbə pulunun və ödənilmiş 402,60 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixdə malların alqı-satqısına dair *** saylı müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı (Satıcı) cavabdeh (Alıcı) tərəfindən sifariş olunmuş məhsulları Alıcıya müəyyənləşdirilmiş qaydada təhvil verməyi, Alıcı isə təhvil verilmiş məhsulların qəbul edilməsi və onların dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu günədək müqavilə üzrə cavabdeh təşkilat tərəfindən ümumilikdə 129 964,75 (bir yüz iyirmi doqquz min doqquz yüz altmış dörd manat yetmiş beş qəpik) manat dəyərində tikinti-təmir məhsulları sifariş olunmuşdur. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək sifariş olunan malları cavabdehə lazımi qaydada və vaxtında təhvil vermişdir. Cavabdeh isə malları qəbul etmiş, lakin onların dəyərini tam ödəməmişdir. Nəticədə cavabdeh Cavabdeh QSC-nin İddiaçı MMC-yə 104 599,71 (bir yüz dörd min beş yüz doxsan doqquz manat 71 qəpik) manat məbləğində borcu qalmışdır. Yaranmış borcun ödənilməsi dəfələrlə tələb edilsə də, bu tələblər nəticə verməmiş, cavabdeh təşkilat borcun ödənilməsini təmin etməmişdir. Eyni zamanda mübahisənin pretenziya qaydasında nizama salınması üçün cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubları göndərilmiş, cavabdeh təşkilat xəbərdarlıqlara baxmayaraq borcu ödəməmişdir. Tərəflər arasında bağlanmış *** saylı Müqavilə üzrə alqı-satqısı həyata keçirilən malların adları, miqdarı və razılaşdırılmış qiymətləri elektron qaimə-fakturalarla (Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış Elektron-qaimə altsistemi vasitəsilə) təsdiq edilmişdir. Müqaviləyə uyğun olaraq sifariş olunmuş mallar cavabdeh tərəfə satış qaimələrində imza edilməklə təhvil verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, Müqavilə üzrə ödəmələrin məbləği Müqaviləyə Əlavə (hesab-faktura, qiymətlərin razılaşdırılması protokolu və ya qaimə) ilə müəyyən olunur. Malların dəyəri onlar təhvil alındıqdan sonra hesab-fakturanın təqdim olunduğu tarixdən 10 gün ərzində ödənilir. Buna baxmayaraq sifariş olunmuş malların cavabdeh Cavabdeh QSC-yə təhvil verilməsindən uzun müddət keçməsinə və xəbərdarlıqlara baxmayaraq, cavabdeh təşkilat aldığı məhsulların dəyərini tam ödəməmişdir. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı tərəfindən bu müqavilə üzrə ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən ona gecikdirilmiş hər gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə tətbiq edilə bilər. Gecikdirilmiş günlərə görə müqavilənin qeyd olunan bəndinə əsasən hesablanmış cərimə əsas borca mütənasib olmayacaq şəkildə yüksək olduğundan iddiaçı cavabdehə müqavilənin şərtində göstərilən həcmdə cəriməni tətbiq etmir, belə ki, müqavilə üzrə hesablanacaq cərimənin (dəbbə pulunun) yalnız 8000 (səkkiz min) manat hissəsini tələb edir. Beləliklə, cavabdeh Cavabdeh QSCnin iddiaçıya müqavilə üzrə ödənilməmiş əsas borcu 104 599.71 (bir yüz dörd min beş yüz doxsan doqquz manat 71 qəpik) manat, tələb olunan cərimə borcu isə 8000 (səkkiz min) manat təşkil edir. Satılmış məhsulların dəyərinin ödənilməməsinə görə iddiaçı şirkətə xeyli həcmdə zərər dəymişdir. Cavabdeh təşkilatın pul öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçı mülki dövriyyədə özünə məxsus pul vəsaitlərini realizə etməklə əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur.
15. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcmini azaltmış, cavabdehdən 68 576,42 (altmış səkkiz min beş yüz yetmiş altı manat qırx iki qəpik) manat əsas borcun, 8000 (səkkiz min) manat cərimənin və ödənilmiş 402,60 (dörd yüz iki manat 60 qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə, iddia tələbinin həcminin azaldılması barədə ərizədə göstərilən əsas borcu qəbul etdiyini, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiyini, lakin dəbbə ilə bağlı tələbi qəbul etmədiyini bildirmşdir.
17. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, ##.##.2024-cü il tarixli *** saylı müqavilə üzrə 68 576,42 manat əsas borc, 3400 manat dəbbə pulu, 305,93 manat dövlət rüsumu, ümumilikdə 72 282,35 (yetmiş iki min iki yüz səksən iki manat otuz beş qəpik) manat məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 104 068,72 manat məbləğində mal təhvil verilmiş, cavabdeh tərəfindən bunun müqabilində cəmi 35 492,30 manat vəsait ödənilmiş, qalıq 68 576,42 manat əsas borc alıcı olan cavabdeh tərəfindən ödənilməmişdir.
19. Borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.4-cü bəndinə əsasən hesablanmış 8000 manat dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 3400 manat müəyyən edilməlidir.
20. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 462.1-ci, 467ci, 567-ci, 598.1-ci, 598.2-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.
21. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun dəbbə pulunun tutulması hissəsində dəyişdirilməsini (ləğv olunmasını) xahiş etmiş, şikayətini, qətnamə çıxarıldıqdan sonra cavabdeh tərəfindən borcun azaldılması istiqamətində əlavə ödənişlər həyata keçirildiyi arqumenti ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
22. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı
23. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər nümayəndələrini məhkəməyə göndərmədikləri üçün, işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
25. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
26. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
31. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
35. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
36. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
40. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
41. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
50. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qismən - Cavabdeh QSC-dən 3400 manat dəbbə pulunun tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
51. Kollegiya qətnamənin mübahisələndirilən hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
52. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
53. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini mütənasib şəkildə azaltmışdır.
54. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin ödənişlər etməsi qətnamənin dəyişdirilməsinə əsas yarada bilməz.
55. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin borcunun məbləğini qətnamə çıxarılan günə olan vəziyyətə uyğun qəbul edə bilərdi və qətnamədən sonrakı ödənişləri nəzərə alması mümkün deyildir. Apellyasiyanın məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir. Apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarlaşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008 -ci il tarixli qərarı). Apellyasiya məhkəməsi birinci instansiyada tərəflərin təqdim etdiyi sübutlar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Bu normanın tətbiqi zamanı nəzərə alınmalıdır ki, MPM-in 371 və 372-ci maddələrində apellyasiya instansiyası məhkəməsində işə baxılmanın müəyyən olunmuş məhdudiyyətlər (hədləri) diqqətdə saxlanmalıdır. Bu məhdudiyyətlər: yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunmasından ibarətdir. Həmçinin dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsinin iddia tələbində qeyd olunan tarixədək olan borcu müəyyən etmək vəzifəsi vardır. Məhkəmə müqavilə müddətlərini əsas tutmaqla daha qısa müddət üçün borcu müəyyən etməklə həmin borcun tutulmasını qət etməkdə haqlıdır.
56. Baxılan iddia tələbi cavabdehin qətnamə çıxarılana qədər yaranmış borcunun tutulması barədədir. Birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin borcun bir qismini ödəməsi səbəbilə qətnamənin ləğv olunması və ya dəyişdirilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyənlik xüsusiyyətinə xələl gətirər və apellyasiyanın məqsədlərinə uyğun gəlməz.
57. Ölkədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması funksiyasını yerinə yetirən Ali Məhkəmənin bənzər işlərlə bağlı qərarlarında da vurğulanmışdır ki, “bu cür məhkəmə təcrübəsinin formalaşması məqbul sayılmır. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra ödənişləri də təhlil etməklə borcu tutması, iddia tələbinin hədləri baxımından qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra edilən ödənişlərlə bağlı öz mülahizəsini qətnamənin əsaslandırıcı hissəsində göstərə bilər (məsələn x manat pulun ödənilməsi icra icraatı zamanı nəzərə alınmalıdır və s.)”.
58. Şərh olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yoxdur; bununla belə, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər qətnamənin icrası zamanı nəzərə alınmalıdır.
59. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Ziya Şirinov