Məhkəmə qərarları › İş №e-2-2(3-6)-380/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-380/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-380/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq borc tələbinə dair” kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi, Iddiaçının nümayəndəsi X, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə qalıq borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:

1. Iddiaçı İddiaçı MMC ilə “xxxx” MMC arasında ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə görə bu müqaviləni bağlamaqla tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: (ı) alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri-qida məhsullarını qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı satıcıdan sifariş edəcək; (ıı) satıcı sifariş edilmiş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verəcək; (ııı) alıcı sifarişə uyğun olaraq çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyəcəkdir; - 3.1-ci bəndinə görə alıcı malları satıcının nümayəndəsi vasitəsilə, yazılı formada, faks, telefon, elektron poçt vasitəsilə və onlayn sifariş formasında sifariş edə bilər; - 3.3-cü bəndinə görə alınmış sifariş bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Sifariş hər bir mağazanın və/və ya satış şəbəkəsinin məsul şəxsi və ya sifarişlər üzrə meneceri və ya alıcıya məxsus eyniləşdirmə kodu şifrə vasitəsi ilə alıcının təyin etdiyi istənilən şəxs tərəfindən bu müqavilə ilə nəzərdə tutulan formada və ya üsulla verilir. Sifarişin çatdırılmasına 72 saat qaldıqda Alıcı tərəfindən sifariş ləğv edilə bilməz; - 3.4-cü bəndinə görə alıcı malların çatdırılması yerini malları sifariş verdiyi zaman müəyyən etməlidir. Tərəflər arasında digər razılaşma yoxdursa, satıcı malları öz mülahizəsinə əsasən alıcının istənilən mağazasına (alıcıya məxsus və ya digər formada alıcının idarəçiliyində olan marketlərdə və ya digər mağazalar və ya oxşar pərakəndə və topdan satış məntəqələri deməkdir) və ya alıcının müəyyən etdiyi yerə çatdırmalı və təhvil verməlidir; - 3.5-ci bəndinə görə satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını (qaimə-fakturanı) 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli, aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı malların təhviltəslimini təsdiq edən digər sənədləri də alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Mallar qaimə-fakturaya əsasən alıcıya təhvil verildiyi andan təsadüfi məhv olma və zədələnmə riski alıcıya keçir; - 3.6-cı bəndinə görə alıcı malları qəbul etdikdən, qaimə-fakturanı və digər sənədləri əldə etdikdən sonra onların hər bir nüsxəsini imzalayaraq bir nüsxəsini özündə saxlamalı, digər nüsxəsini isə satıcıya təhvil verməlidir; - 8.1-ci bəndinə görə alıcı bu müqaviləyə uyğun olaraq satıcı tərəfindən təhvil verilən malların dəyərini, müqavilənin digər şərtlərini nəzərə almaqla, malın verildiyi vaxtdan etibarən 21 gün müddətində ödəməlidir; - 8.5-ci bəndinə görə satıcı qiymətə dair müqavilədə göstərilən qaydada hər tərəfin imzaladığı və təsdiq etdiyi akt, elektron vergi hesab-fakturası, elektron qaimə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan digər sənədləri alıcıya təqdim edəcək.

2. Iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş arayışa görə tərəflər arasında bağlanılmış ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin qüvvədə olduğu müddətdə 98 488,66 manat məbləğində mal tədarük olunmuş, ondan cəmi 72 463,92 manat (61 410,10 manat əsas məbləğ, 11 053,81 manat ƏDV) ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

3. Iddiaçı müqavilə üzrə ödənilməmiş 25 967,14 manat pulun və ödənilmiş 167,90 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı isə sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş elektron qaimə-fakturalara və təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə iddiaçıya 25 967,14 manat məbləğində qalıq borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə ##.##.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır.

5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 19 099,14 manat qalıq borcun və ödənilmiş 167,90 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMCnin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş əməliyyatlara dair ümumiləşdirilmiş məlumat cədvəlinin 144, 145 və 193-c ü sətirlərində göstərilən elektron qaimə-fakturaların əsasını təşkil edən təhvil-qəbul aktları təqdim edilməmiş, iddiaçının nümayəndəsi də məhkəmə baxışı zamanı həmin aktların tapılmadığını bildirmişdir. Digər əməliyyatlar üzrə isə təhvil-qəbul aktları təqdim olunduğundan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmiş hesab edilmişdir. Cavabdeh malların bir qisminin onun işçiləri tərəfindən qəbul edilərək sonradan həmin şəxslərin yaratdıqları başqa şirkətə yönəldildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında ##.##.2023-cü il tarixdə bağlanmış müqavilənin 3.1 və 3.3-cü bəndlərini nəzərə alaraq sifarişlərin alıcının məsul şəxsi, sifarişlər üzrə meneceri və ya alıcının təyin etdiyi digər şəxs tərəfindən verilə bildiyini qeyd etmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alıcının müəyyən etdiyi sifariş və mal qəbulu mexanizmi daxilində fəaliyyət göstərən şəxslərin sonrakı hərəkətlərindən irəli gələn daxili təşkilati risk cavabdehin üzərindədir. Malların cavabdehin işçisi tərəfindən qəbul edildikdən sonra cavabdehin uçotuna daxil edilməməsini və ya başqa şəxsin istifadəsinə yönəldilməsini satıcının yoxlamaq öhdəliyi müqavilədə nəzərdə tutulmamışdır. Buna görə də cavabdehin öz işçilərinin və ya onun müəyyən etdiyi şəxslərin müqavilənin icrası çərçivəsindəki hərəkətlərinə görə məsuliyyət daşıdığı qənaətinə gəlinmişdir.

9. Şərh olunanlara əsasən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 144, 145 və 193-cü sətirlərdə göstərilən, ümumi dəyəri 6 868 manat olan üç mal partiyası istisna edilməklə, digər malları cavabdehə təhvil vermişdir. Müqavilənin 8.1 və 8.5-ci bəndlərinə görə alıcı təhvil verilmiş malların dəyərini malın verildiyi vaxtdan etibarən 21 gün müddətində ödəməli, satıcı isə ödəniş üçün müqavilədə nəzərdə tutulan aktı, elektron vergi hesab-fakturasını, elektron qaiməni və digər tələb olunan sənədləri alıcıya təqdim etməlidir. Həmin sənədlər cavabdehə təqdim olunsa da, cavabdeh malların dəyərini tam ödəmədiyindən müqavilə üzrə öhdəliyini pozmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 389.1, 442, 567 və 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin dəlilləri:

11. Həmin qətnamədən iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə imzalanması, alqı-satqı münasibətlərinin davam etməsi, malların vaxtaşırı olaraq sifariş əsasında tədarük edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə qətnaməsində də qeyd olunur ki, iddiaçı tərəfindən təqdim edilmiş tərəflər arasında aparılmış əməliyyata dair ümumiləşdirilmiş məlumat cədvəlinin 144,145 və 193-cü sırada qeyd edilmiş elektron qaimə-fakturaların göndərilməsi üçün əsas olmuş təhvil-qəbul aktları ilə verilən mallar istisna olmaqla, digər təhvil-qəbul aktları üzrə mallar cavabdehə təhvil verilmişdir (iddiaçının nümayəndəsi də məhkəmə baxışı zamanı həmin təhvil-qəbul aktlarının tapılmadığını etiraf etmişdir). Göründüyü kimi, məhkəmə 144,145 və 193-cü sıradakı malların təhvil-qəbul aktlarının təqdim edilmədiyi üçün bu halı malların təhvil verilməməsi kimi qiymətləndirmişdir. Lakin bildiririk ki, tərəflər arasında ## ###### 2023-cü il tarixində kreditor və debitor məbləğlərin müəyyənləşdirilməsi və təsdiqinə dair üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşmə aktından görünür ki, hər iki tərəfin uçot məlumatlarına əsasən, “xxxx” MMC-nin İddiaçı MMC-yə ##.##.2023-cü il tarixinə 56417,51 manat qalıq borcu mövcuddur. Üzləşmə aktı tərəflərin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cavabdeh həmin üzləşmə aktını qəbul etməsə də, həmin üzləşmə aktını imzalayan şəxsin – Əhmədov Ülvinin mühasibatlıqda işləyən əməkdaşı olduğunu məhkəmə iclaslarında bir neçə dəfə qəbul etmişdir. Bundan başqa təhvil verilməsi qəbul edilməyən həmin 3 partiya mallarla əlaqədar qeyd edilmişdir ki, həmin mallarla bağlı cavabdehə elektron qaimə-faktura göndərilmişdir. Əgər həqiqətən də həmin mallar Alıcıya təqdim edilməmişdisə bu zaman Alıcının həmin elektron qaimənin ləğv edilməsi və ya düzəlişə göndərilməsi imkanları var idi. Lakin bununla bağlı heç bir addım atmamışdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin tələbindən də göründüyü kimi, tərəflərin imzaladıqları akt, elektron vergi hesab-fakturası və elektron qaimə ödəniş üçün əsas olan sənədlərdir. Məhkəmənin qətnamədə də qeyd etdiyi kimi həmin sənədlər cavabdehə təqdim edilmişdir. Lakin bu hallara qiymət verilmədiyi üçün iddia qismən təmin edilmişdir. Bu da hazırkı qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

13. Həmin qətnamədən həmçinin cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən malların cavabdehə faktiki olaraq təhvil verilməsi və cavabdeh tərəfindən qəbul edilməsi sübuta yetirilməmişdir. Cavabdeh məhkəmə baxışı zamanı bildirmişdir ki, mübahisə predmeti olan mallar ümumiyyətlə cavabdehin anbarına daxil olmamış və cavabdeh tərəfindən qəbul edilməmişdir. Iddiaçı isə malların konkret olaraq hansı şəxs tərəfindən sifariş edildiyini və ya qəbul edildiyini müəyyən edən sübutlar təqdim etməmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış müqavilənin 3.9-cu bəndində göstərilir ki, malları satıcıdan təhvil alan və ya bu hərəkətləri təsdiq edən sənədləri tərtib edən və ya imzalayan şəxs alıcının nümayəndəsi hesab edilə bilər. Lakin həmin bəndin məzmunundan da göründüyü kimi, hər hansı şəxsin alıcının nümayəndəsi hesab olunması üçün həmin şəxsin malları faktiki olaraq qəbul etməsi və ya bu hərəkətləri təsdiq edən sənədləri imzalaması müəyyən edilməlidir. Başqa sözlə, malların alıcının nümayəndəsinə təhvil verildiyi faktı sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə malları qəbul etmiş şəxsin kimliyi müəyyən edilməmiş, həmin şəxsin cavabdehin əməkdaşı olması və ya cavabdeh tərəfindən səlahiyyətləndirilməsi sübuta yetirilməmişdir. Bu səbəbdən həmin şəxsin müqavilənin 3.9-cu bəndinə əsasən cavabdehin nümayəndəsi hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir. Bundan əlavə, müqavilənin 3.9-cu bəndində satıcının malları qəbul edən şəxsin bu hərəkətləri etməyə səlahiyyətli olduğuna təminat verdiyi göstərilmişdir. Bu müddəa onu göstərir ki, malların səlahiyyətli şəxsə təhvil verilməsi ilə bağlı risk satıcının üzərində qalır. Əgər malları qəbul edən şəxsin alıcının nümayəndəsi olduğu müəyyən edilmirsə, həmin malların müqaviləyə uyğun qaydada alıcıya təhvil verildiyi hesab edilə bilməz. Beləliklə, Mülki Məcəllənin 567-ci maddəsinin mahiyyətinə və müqavilənin 3.9-cu bəndinin məzmununa əsasən alıcının pul ödəmək öhdəliyinin yaranması üçün malın alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə faktiki olaraq təhvil verilməsi sübuta yetirilməlidir. Lakin hazırkı iş üzrə belə sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin cavabdehin pul ödəmək öhdəliyinin yaranması barədə gəldiyi nəticə həm qanunun tələblərinə, həm də müqavilənin şərtlərinə uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində tərəflər arasında bağlanmış müqavilənin 3.1 və 3.3-cü bəndlərinə istinad edərək belə nəticəyə gəlmişdir ki, malların sifarişi alıcının məsul şəxsi, sifariş üzrə meneceri və ya alıcı tərəfindən təyin edilmiş istənilən şəxs tərəfindən verilə bilər və buna görə də həmin şəxslərin hərəkətlərinə görə cavabdeh məsuliyyət daşıyır. Lakin məhkəmə bu nəticəyə gələrkən müqavilənin digər mühüm müddəasını – yəni 3.9-cu bəndini nəzərə almamışdır. Müqavilənin 3.9-cu bəndinin məzmunu hər hansı şəxsin avtomatik olaraq alıcının nümayəndəsi hesab edilməsini nəzərdə tutmur. Həmin bənddən aydın olur ki, belə şəxsin alıcının nümayəndəsi hesab edilməsi üçün onun malları faktiki olaraq təhvil alması və ya bu hərəkətləri təsdiq edən sənədləri imzalaması müəyyən edilməlidir. Yəni müqavilə həmin şəxsin alıcının nümayəndəsi hesab olunmasını konkret hüquqi faktın – malların qəbul edilməsi və ya sənədlərin imzalanması – müəyyən edilməsi ilə əlaqələndirir. Bu baxımdan müqavilənin 3.1 və 3.3-cü bəndləri malların sifariş edilmə qaydasını tənzimlədiyi halda, 3.9cu bənd malların faktiki təhvil verilməsi və qəbul edilməsi qaydasını müəyyən edir. Lakin birinci instansiya məhkəməsi bu müddəaları sistemli şəkildə təhlil etməmiş və sifariş verilməsi ilə malların faktiki təhvil verilməsi anlayışlarını eyniləşdirmişdir. Halbuki sifariş verilməsi faktı malların cavabdeh tərəfindən qəbul edildiyini sübut edən hüquqi fakt hesab edilə bilməz. Bundan əlavə müqavilənin həmin bəndində satıcının malları qəbul edən şəxsin bu hərəkətləri etməyə səlahiyyətli olduğuna təminat verdiyi açıq şəkildə göstərilmişdir. Bu isə o deməkdir ki, malların səlahiyyətli şəxsə təhvil verilməsi ilə bağlı risk və məsuliyyət satıcının üzərinə düşür. Eyni zamanda iş materiallarından da görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş təhvil-qəbul sənədlərinin bir hissəsində ümumiyyətlə hər hansı imza mövcud deyildir, digər hissəsində isə imza olsa belə həmin imzanın konkret olaraq hansı şəxsə məxsus olduğu, həmin şəxsin cavabdehin əməkdaşı və ya cavabdeh tərəfindən səlahiyyətləndirildiyi müəyyən edilmir. Bu səbəbdən həmin sənədlərin cavabdeh tərəfindən malların qəbul edildiyini təsdiq edən sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Beləliklə, müqavilənin 3.9-cu bəndinin düzgün hüquqi şərhindən görünür ki, “istənilən şəxs” anlayışı qeyri-məhdud hüquq yaratmır və satıcıya malları hər hansı şəxsə təhvil verərək alıcını borclandırmaq imkanı vermir. Əksinə, həmin bənd malların yalnız alıcının adından çıxış etməyə səlahiyyətli şəxs tərəfindən qəbul edilməsi halında hüquqi nəticə doğurduğunu nəzərdə tutur. Malları qəbul edən şəxsin cavabdehin nümayəndəsi olduğu sübuta yetirilmədiyi halda isə cavabdehin ödəniş öhdəliyinin yarandığını hesab etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi qətnamənin 27-ci bəndində belə nəticəyə gəlmişdir ki, mallar cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü ödəniş öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə bu nəticəyə gələrkən müqavilənin 8.1 və 8.5-ci bəndlərinə istinad etmiş və hesab etmişdir ki, tərəflər tərəfindən imzalanmış aktlar, elektron vergi hesab-fakturaları və elektron qaimələr ödəniş üçün əsas olan sənədlərdir və iddiaçı tərəfindən bu sənədlərin təqdim edilməsi malların cavabdehə verildiyini təsdiq edir. Lakin məhkəmənin bu nəticəsi işin faktiki hallarına və tətbiq olunan hüquq normalarının mahiyyətinə uyğun hesab edilə bilməz. Əvvəla qeyd edilməlidir ki, müqavilənin 8.1 və 8.5-ci bəndləri alıcının ödəniş öhdəliyinin yaranma şərtini deyil, ödənişin müddətini və qaydasını müəyyən edir. Həmin müddəalara görə alıcı satıcı tərəfindən təhvil verilmiş malların dəyərini müəyyən edilmiş müddətdə ödəməlidir. Bu isə o deməkdir ki, alıcının ödəniş öhdəliyinin yaranması üçün ilk növbədə malların alıcıya faktiki olaraq təhvil verilməsi və qəbul edilməsi müəyyən edilməlidir. Malların təhvil verilməsi sübuta yetirilmədən yalnız ödəniş müddətini tənzimləyən müddəalara istinad edilməklə alıcının ödəniş öhdəliyinin yarandığı nəticəsinə gəlmək hüquqi baxımdan düzgün hesab edilə bilməz. Digər tərəfdən məhkəmə malların təhvil verilməsi faktının sübutu kimi elektron qaimə-fakturalara və elektron vergi hesabfakturalarına istinad etmişdir. Lakin qüvvədə olan qanunvericiliyin tələblərinə görə elektron qaimə-faktura vergi uçotu məqsədləri üçün istifadə edilən sənəd olmaqla öz-özlüyündə malların faktiki təhvil verildiyini təsdiq edən sübut hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə əsasən cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən avtomatik qaydada təsdiq edilir. Bu isə göstərir ki, elektron qaimə-fakturanın təsdiqlənməsi malların faktiki qəbul edildiyini təsdiq edən hüquqi fakt kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, həmin istinad edilmiş qaydalar sahibkarlıq fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı vergitutma münasibətlərini tənzimləyir. Göründüyü kimi, qeyd edilən qanunvericilik aktları vergi inzibatçılığının tənzimlənməsi, vergi ödəyicilərinin təqdim edilmiş mallara münasibətdə vergi orqanlarını məlumatlandırma baxımından intizamlandırılması və bununla da vergidən yayınma hallarının qarşısının alınması məqsədilə qəbul edilmişdir. Buna görə də qaiməfaktura mülki hüquq münasibətləri çərçivəsində malların faktiki təhvil verildiyini təsdiq edən sübut kimi çıxış edə bilməz. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin özündə də malların təhvil verilməsi müvafiq qaydada sənədləşdirilməli olduğu göstərilmişdir. Müqaviləyə görə malların təhvil verilməsi tərəflər tərəfindən imzalanmış təhvil-qəbul aktı ilə rəsmiləşdirilməlidir. Halbuki iş materiallarından da göründüyü kimi mübahisə predmeti olan mallar üzrə bütün hallarda tərəflər tərəfindən imzalanmış təhvil-qəbul aktlarının mövcudluğu sübuta yetirilməmişdir. Eyni zamanda cavabdeh məhkəmə baxışı zamanı bildirmişdir ki, mübahisə predmeti olan mallar ümumiyyətlə cavabdehin anbarına daxil olmamış və cavabdeh tərəfindən qəbul edilməmişdir. Bu fakt audit rəyi ilə də sübuta yetirilmişdir. Iddiaçı isə malların konkret olaraq hansı şəxs tərəfindən sifariş edildiyini və ya qəbul edildiyini müəyyən edən sübutlar təqdim etməmişdir. Beləliklə, malların cavabdehə faktiki olaraq təhvil verilməsi və cavabdeh tərəfindən qəbul edilməsi sübuta yetirilmədiyi halda birinci instansiya məhkəməsinin cavabdehin malları aldığı və onların dəyərini ödəməli olduğu barədə gəldiyi nəticə işin faktiki hallarına, müqavilənin şərtlərinə və tətbiq olunan hüquq normalarına uyğun hesab edilə bilməz.

Apellyasiya şikayətlərinə qarşı etiraz:

15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışı, izahatlar:

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, həmin Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və hər iki apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin məhkəmə iclasında verdikləri izahatları və hər iki apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Iş üzrə tərəflər arasında ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanması, müqavilə çərçivəsində davamlı mal dövriyyəsinin mövcud olması və cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi mübahisələndirilmir. Mübahisə, bir tərəfdən, ümumi dəyəri 6 868 manat olan üç mal partiyasının cavabdehə faktiki təhvil verilibverilməməsi, digər tərəfdən isə birinci instansiya məhkəməsinin təmin etdiyi hissə üzrə təqdim olunmuş sənədlərin malların qəbulunu təsdiq etmək üçün kifayət edib-etməməsi ilə bağlıdır.

25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, malların müqaviləyə uyğun olaraq alıcıya və ya onun nümayəndəsinə təhvil verildiyini sübut etmək yükü bu hala istinad edən satıcının, ödənişin həyata keçirildiyini və ya təqdim olunmuş təhvil sənədlərinin cavabdeh üçün hüquqi nəticə doğurmadığını sübut etmək yükü isə həmin halları etirazının əsası kimi irəli sürən alıcının üzərindədir. Bu zaman müqavilə, sifariş mexanizmi, təhvilqəbul aktları, elektron qaimələr, ödəniş sənədləri, üzləşmə aktı və audit rəyi ayrı-ayrılıqda deyil, Məcəllənin 88-ci maddəsinə uyğun olaraq qarşılıqlı əlaqədə qiymətləndirilməlidir.

26. Birinci instansiya məhkəməsi əməliyyatlar üzrə təqdim olunmuş sənədləri fərdiləşdirərək müəyyən etmişdir ki, ümumiləşdirilmiş cədvəlin 144, 145 və 193-cü sətirlərində göstərilən elektron qaimə-fakturaların əsasını təşkil edən təhvil-qəbul aktları təqdim edilməmiş, iddiaçının nümayəndəsi də həmin sənədlərin tapılmadığını bildirmişdir. Bu üç əməliyyatın ümumi məbləği 6 868 manat olduğundan, iddia edilən 25 967,14 manatdan həmin məbləğ çıxılmaqla 19 099,14 manatın tutulması qət edilmişdir. Iddiaçının ##.##.2025-ci il tarixli arayışında göstərilən ümumi tədarük və ödəniş rəqəmlərinin sadə riyazi müqayisəsi 26 024,74 manat nəticə versə də, iddia tələbi 25 967,14 manatla məhdudlaşdırılmış və bu fərqin səbəbi arayışda ayrıca izah edilməmişdir. Bununla belə, birinci instansiya məhkəməsinin nəticəsi arayışdakı ümumi rəqəmə deyil, iddia tələbinin hüdudlarına və hər bir əməliyyat üzrə təqdim olunmuş sənədlərə əsaslandığından, həmin uyğunsuzluq cavabdehdən iddia ediləndən artıq məbləğin tutulmasına səbəb olmamış və qətnamənin nəticəsinə təsir etməmişdir.

27. Iddiaçının ##.##.2023-cü il tarixli üzləşmə aktına dair dəlili də iddianın təmin edilməyən hissəsinin ləğvi üçün kifayət deyildir. Üzləşmə aktı borcun müəyyən tarixə olan ümumi qalığının qarşı tərəfin uçot məlumatları ilə uzlaşdırıldığını göstərən və digər sübutlarla birlikdə borcun etirafına dəlalət edə bilən sənəddir. Lakin həmin aktda 144, 145 və 193-cü sətirlər üzrə mübahisəli üç əməliyyat ayrıca göstərilməmiş, 56 417,51 manatlıq ümumi qalığın tərkibində həmin 6 868 manatın olub-olmadığını və sonrakı ödənişlərin hansı borclara aid edildiyini müəyyən etməyə imkan verən ayrıntılı hesablaşma təqdim olunmamışdır. Buna görə də üzləşmə aktını imzalayan Ülvi Əhmədovun cavabdehin mühasibatlıq əməkdaşı olması qəbul edilsə belə, bu sənəd konkret üç mal partiyasının müqavilədə nəzərdə tutulan qaydada təhvil verildiyini təsdiqləyən sənədləri əvəz etmir və MPM-in 88-ci maddəsinə görə ona qabaqcadan müəyyən edilmiş üstün sübut qüvvəsi verilə bilməz.

28. Mübahisəli üç əməliyyat üzrə elektron qaimə-fakturaların cavabdehə göndərilməsi, onların ləğv və ya düzəlişə göndərilməməsi də digər sübutlarla birlikdə nəzərə alına bilən haldır. Lakin elektron qaimənin qanunvericilikdə nəzərdə tutulan müddətdə alıcı tərəfindən ayrıca təsdiqlənmədikdə proqram təminatı vasitəsilə avtomatik təsdiq oluna bilməsi nəzərə alındıqda, onun elektron sistemdə qüvvədə qalması öz-özlüyündə malın fiziki olaraq təhvil verilməsini və konkret qəbul edən şəxsin səlahiyyətini təsdiq etmir. Mübahisəli üç partiya üzrə təhvil-qəbul aktları və ya eyni hüquqi faktı etibarlı şəkildə təsdiqləyən digər fərdiləşdirilmiş sübut təqdim olunmadığından, elektron qaimələr həmin hissədə sübutetmə boşluğunu aradan qaldırmır.

29. Müqavilənin 8.5-ci bəndində aktın, elektron vergi hesab-fakturasının, elektron qaimənin və qanunvericiliklə tələb olunan digər sənədlərin ödəniş üçün təqdim edilməsi nəzərdə tutulsa da, bu müddəa müqavilənin 3.5 və 3.6-cı bəndlərindən təcrid olunmuş şəkildə şərh edilə bilməz. Həmin bəndlər malların faktiki təhvilinin təhvil-qəbul sənədləri ilə rəsmiləşdirilməsini nəzərdə tutur. Buna görə də 8.5-ci bənd satıcını malın faktiki təhvilini sübut etmək vəzifəsindən azad etmir. Iddiaçının özünün də üç aktı tapa bilmədiyini bildirməsi şəraitində birinci instansiya məhkəməsinin məhz həmin 6 868 manatlıq hissəni sübuta yetirilməmiş sayması əsaslıdır.

30. Cavabdehin apellyasiya şikayətinə gəldikdə, birinci instansiya məhkəməsinin təmin etdiyi hissə üzrə təhvil-qəbul aktları, elektron qaimələr və ödəniş sənədləri məcmu halda təqdim olunmuşdur. Cavabdeh şikayətində sənədlərin bir qisminin imzasız, digər imzaların isə naməlum şəxslərə aid olduğunu ümumi şəkildə bildirsə də, 144, 145 və 193cü sətirlərdən başqa, təmin edilmiş məbləğə daxil olan hansı konkret əməliyyat üzrə hansı aktın imzasız olduğunu, hansı imzanın nə üçün cavabdehin nümayəndəsinə aid edilə bilmədiyini və bunun tələb olunan məbləğin hansı hissəsinə təsir etdiyini fərdiləşdirməmişdir. Ümumi xarakterli etiraz isə ayrı-ayrı əməliyyatlar üzrə təqdim olunmuş sənədlərin sübut qüvvəsini təkzib etmək üçün kifayət deyildir.

31. Cavabdehin müqavilənin 3.1 və 3.3-cü bəndlərinin yalnız sifariş qaydasını, 3.9cu bəndinin isə malların qəbulunu tənzimləməsi barədə dəlili mahiyyət etibarilə doğrudur; sifarişin verilməsi faktı öz-özlüyündə malın təhvilini sübut etmir. Lakin birinci instansiya məhkəməsinin təmin etdiyi hissə üzrə nəticə yalnız sifarişlərin mövcudluğuna deyil, malların qəbulunu rəsmiləşdirən təhvil-qəbul aktlarına da əsaslanmışdır. Müqavilənin 3.9-cu bəndində malları təhvil alan və ya bu hərəkəti təsdiq edən sənədi tərtib və ya imza edən şəxsin alıcının nümayəndəsi hesab edilə bilməsi nəzərdə tutulduğundan, alıcının adı və rekvizitləri ilə rəsmiləşdirilmiş qəbul sənədləri, onların konkret saxtalığı və ya aidiyyətsiz şəxs tərəfindən imzalandığı barədə əsaslandırılmış qarşı sübut olmadıqda, cavabdeh üçün hüquqi nəticə yaradır.

32. Müqavilənin 3.9-cu bəndində satıcının malları qəbul edən şəxsin səlahiyyətinə təminat verməsi satıcının malı təsadüfi şəxsə təhvil verməklə alıcını borclandıra bilməsi kimi başa düşülə bilməz. Bu təminat satıcının faktiki təhvil və qəbul faktını lazımi sübutlarla təsdiq etməli olduğunu göstərir. Hazırkı işdə məhkəmənin təmin etdiyi əməliyyatlar üzrə belə sənədlər mövcuddur. Cavabdehin birinci instansiyada malların bir qisminin onun işçiləri tərəfindən qəbul edildikdən sonra həmin şəxslərin yaratdıqları başqa şirkətə yönəldildiyini bildirməsi də malların alıcının təşkilati mühiti daxilində qəbul edildiyini göstərir. Malların qəbulundan sonrakı daxili uçot və yönləndirmə hərəkətlərinə nəzarət etmək müqavilə ilə satıcının üzərinə qoyulmadığından, bu risk cavabdehin üzərində qalır.

33. Cavabdehin audit rəyinə istinadı da fərqli nəticəyə gəlməyə əsas vermir. Audit rəyi digər sübutlar kimi MPM-in 88-ci maddəsi üzrə qiymətləndirilməli olub məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malik deyildir. Şikayətin məzmunundan görünür ki, audit nəticəsi əsasən cavabdehin daxili anbar və mühasibat uçotu məlumatlarına söykənir; həmin məlumatlarda malın qeydə alınmaması isə xarici dövriyyədə tərtib olunmuş təhvilqəbul aktlarındakı imzaların həqiqiliyini aradan qaldırmır və malların qəbuldan sonra uçota daxil edilməməsi ehtimalını istisna etmir. Audit rəyində konkret təhvil-qəbul aktlarının saxta olması və ya həmin aktlarda göstərilən malların faktiki təqdim edilməməsi ayrıca müəyyən olunmadığından, o, digər sənədləri təkzib edən kifayət qədər sübut sayıla bilməz.

34. Elektron qaimələrin avtomatik təsdiqlənməsi barədə dəlil də yalnız həmin sənədlərin təkbaşına malın faktiki təhvilini sübut etmədiyini göstərir. Birinci instansiya məhkəməsi isə təmin etdiyi hissədə elektron qaimələri yeganə sübut kimi deyil, təhvil-qəbul aktları, müqavilə üzrə sifariş və çatdırılma mexanizmi, həyata keçirilmiş ödənişlər və tərəflərin davamlı kommersiya münasibətləri ilə birlikdə qiymətləndirmişdir. Cavabdehin qismən ödənişləri hər bir mübahisəli əməliyyatı ayrıca təsdiq etməsə də, müqavilənin real icra olunduğunu və təqdim olunmuş qəbul sənədlərinin ümumi kommersiya münasibətlərinə uyğun gəldiyini təsdiqləyən əlavə haldır.

35. Cavabdehin alıcının ödəniş öhdəliyinin yalnız mal faktiki təhvil verildikdən sonra yaranması barədə hüquqi mövqeyi Mülki Məcəllənin 567, 597.1 və 598.1-ci maddələrinin mahiyyətinə uyğundur. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi təhvil verilməsi sübut olunmayan üç partiya üzrə iddianı rədd etmişdir. Qalan əməliyyatlar üzrə isə təhvil faktı sübutların məcmusu ilə müəyyən edildiyindən, həmin malların müqavilədə nəzərdə tutulan 21 günlük müddətdə ödənilməsi öhdəliyi yaranmışdır.

36. Beləliklə, birinci instansiya məhkəməsi sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürmüş, iddiaçının təqdim etdiyi sənədləri əməliyyatlar üzrə fərdiləşdirmiş, təhvil faktı sübuta yetirilən hissədə iddianı təmin, mübahisəli üç mal partiyası üzrə isə iddianı rədd etməklə işin faktiki hallarına və tərəflərin müqavilə münasibətlərinə uyğun nəticəyə gəlmişdir. Iddiaçının üzləşmə aktı və elektron qaimələrə, cavabdehin isə qəbul edən şəxslərin səlahiyyəti, daxili audit və elektron qaimələrin avtomatik təsdiqi ilə bağlı dəlilləri ayrı-ayrılıqda və məcmu halda həmin nəticəni təkzib etmir.

37. Odur ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Apellyasiya şikayətləri təmin edilmədiyindən, onların verilməsi ilə əlaqədar tərəflərin ödədikləri dövlət rüsumları özlərinə aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar