Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-384/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: vergi borcu, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi borcunun ödənilməsi) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi Işin halları
1. Fiziki şəxs haqqında məlumata əsasən Maraqlı şəxs (VÖEN: 1006079842) ##.##.2019-cu il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.
2. Hüquqi şəxs haqqında məlumata əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1805721241) rəhbəri Maraqlı şəxsdur.
3. Vergi orqanı tərəfindən göndərilmiş ##.##.2025, ##.##.2025 və ##.##.2026-cı il tarixli bildirişlərlə Maraqlı şəxs müvafiq olaraq vergi borcu, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları və məcburi dövlət sosial sığorta haqları üzrə, ##.##.2022 və ##.##.2023-cü il tarixli bildirişlərlə isə “xxxx” MMC-dən işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları və məcburi dövlət sosial sığorta haqları üzrə borcun ödənilməsi tələb edilmişdir.
4. Iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqələrinə əsasən ##.##.2026-cı il tarixə Maraqlı şəxs cəmi ödənilməli borcu 757,36 manat olduğu halda ##.##.2026-cı il tarixə Maraqlı şəxs, eləcə də “xxxx” MMC-nin dövlət büdcəsinə və müvafiq fondlara ödənilməmiş borcu yoxdur.
Birinci instansiya məhkəməsindəki icraat
5. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə olan 6 792,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2 414,66 manat, Işsizlikdən Sığorta Fonduna olan 48,88 manat və Icbari Tibbi Sığorta Fonduna olan 287,3 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs və “xxxx" MMC-nin ümumilikdə 9 543,19 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə müvafiq bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixə olan şəxsi hesab vərəqələrindən görünür ki, vergi ödəyicilərinin dövlət büdcəsinə və müvafiq fondlara ödənilməli hər hansı borcu mövcud deyildir. Bu səbəbdən, ərizədə qeyd olunan borcların vergi ödəyiciləri tərəfindən ödənildiyi müəyyən edildiyindən, hüquqi şəxsin icra orqanının rəhbərinin və vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
9. Ərizəçi Azərbaycan Respublikası Ərizəçi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2025ci ilin mənfəət vergisi üzrə cari arayışlar təqdim edilməklə vergi məbləği azaldılmışdır. ##.##.2026-cı il tarixli şəxsi hesab vərəqəsindən göründüyü kimi Maraqlı şəxs tərəfindən ##.##.2026-cı il tarixdə azalma aparılmış, dövlət büdcəsinə 6 792,35 manat borcu olduğu halda cəmi 760 manat ödəniş etmiş, həmçinin sosial sığorta haqları üzrə borc məbləğlərini ödəmişdir. Qeyd olunur ki, təqdim edilmiş bəyannamələr üzrə kameral vergi yoxlaması aparıldığından və həmin bəyannamələr vergi orqanı tərəfindən təsdiq edilmədiyindən borcun azaldılması üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə borcun hüquqi statusu tam müəyyən edilmədən qərar qəbul etmiş və sübutlara düzgün qiymət verməmişdir. Bundan əlavə, vergi ödəyicisinə borcun ödənilməsi ilə bağlı dəfələrlə bildirişlər göndərilmiş, lakin borc tam ödənilməmişdir. Bu səbəbdən, vergi orqanı son tədbir kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmiş, lakin məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək ərizəni əsassız olaraq təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
14. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:
Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları borcludur: ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. ... 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. ... Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. ... 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.
Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ... Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ... Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Işin müəyyən edilən hallarına əsasən, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs eyni zamanda “xxxx” MMC-nin rəhbəridir.
22. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək məqsədilə fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
23. Lakin belə məhdudiyyət şəxsin konstitusion hüququna müdaxilə olmaqla yalnız qanunla nəzərdə tutulmuş hallarda və konkret işin hallarından irəli gələn zərurət mövcud olduqda tətbiq edilə bilər. Buna görə də məhkəmə belə tədbirin tətbiqi üçün hüquqi və faktiki əsasların mövcudluğunu qiymətləndirməlidir.
24. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ərizəçi tərəfindən hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə verilərkən bu tələb vergi borcunun mövcudluğu ilə əsaslandırılmışdır.
25. Lakin işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli şəxsi hesab vərəqələrindən həm fiziki şəxsin, həm də “xxxx” MMC-nin dövlət büdcəsinə və müvafiq fondlara ödənilməmiş borcunun mövcud olmadığı müəyyən edilmişdir.
26. Kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 77.3 və 78.1-ci maddələrinin mənasına görə vergi öhdəliyi verginin ödənilməsini zəruri edən hüquqi vəziyyətin yaranması ilə meydana gəlsə də, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması kimi məcburetmə xarakterli təminat tədbirinin tətbiqi üçün yalnız abstrakt vergi öhdəliyinin mövcudluğu kifayət deyildir. Belə tədbirin tətbiqi üçün dövlət büdcəsinə ödənilməli konkret, müəyyən edilmiş və icra edilməmiş vergi borcunun mövcudluğu zəruridir. Əks yanaşma ehtimal edilən və gələcəkdə müəyyən oluna biləcək vergi öhdəliklərinin də şəxsin konstitusion hüquqlarının məhdudlaşdırılması üçün əsas hesab edilməsinə gətirib çıxarardı ki, bu da hüquqi müəyyənlik və proporsionallıq prinsipləri ilə uzlaşmaz.
27. Kollegiya həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 36.1 və 37.1-ci maddələrinin mənasına görə kameral vergi yoxlaması vergi nəzarətinin formalarından biri olmaqla vergi orqanı tərəfindən təqdim edilmiş bəyannamə və digər uçot məlumatlarının vergi orqanında mövcud olan məlumatlar əsasında araşdırılmasına xidmət edir. Həmin normaların məzmunundan göründüyü kimi, kameral vergi yoxlaması vergi nəzarətinin prosessual formasıdır və özü-özlüyündə vergi ödəyicisinin təqdim etdiyi məlumatların yanlışlığına, yaxud vergi borcunun mübahisəsiz qaydada mövcudluğuna dair prezumpsiya yaratmır.
28. Apellyasiya şikayətində göstərilən “borca münasibətdə azaldılma tətbiq edilməsi”, “cari araşdırmalar əsasında borcun dəyişdirilməsi”, habelə “kameral vergi yoxlaması aparıldığından borcun hüquqi statusunun tam müəyyən edilməməsi” barədə dəlillər kollegiya tərəfindən əsassız hesab edilir.
29. Belə ki, ərizəçi əsasən borcun əvvəlki dövrdə yaranmasına, sonradan şəxsi hesab vərəqəsində azalma aparılmasına və uçot məlumatlarında dəyişiklik edilməsinə istinad etmişdir. Iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqələrindən görünür ki, vergi orqanı tərəfindən müxtəlif dövrlər üzrə hesablamalar aparılmış, sonradan bəzi məbləğlər üzrə azalma əməliyyatları tətbiq edilmiş, eləcə də müəyyən ödənişlər həyata keçirilmişdir. Həmin uçot məlumatlarının yekun vəziyyətinə əsasən isə ##.##.2026-cı il tarixə vergi ödəyicisinin dövlət büdcəsinə və müvafiq fondlara ödənilməmiş borcu müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, mübahisənin predmeti keçmiş dövrdə borcun yaranıbyaranmaması
30. deyil, məhz məhkəmə tərəfindən məhdudlaşdırıcı tədbirin tətbiqi zamanı vergi ödəyicisinin icra edilməmiş vergi borcunun mövcud olub-olmamasıdır. Şəxsi hesab vərəqəsində əks olunan məlumatlar vergi orqanının rəsmi uçot məlumatları hesab edilir və əksi sübuta yetirilmədiyi müddətdə onların mötəbərliyi şübhə altına alına bilməz. Vergi orqanı özünün formalaşdırdığı rəsmi uçot məlumatlarında vergi borcunun olmadığını göstərdiyi halda, yalnız gələcəkdə aparıla biləcək araşdırmalara və ya ehtimal edilən nəticələrə istinad etməklə həmin məlumatların hüquqi nəticələrini aradan qaldırmış hesab edə bilməz.
31. Kollegiya həmçinin nəzərə alır ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinin mənasına görə kameral vergi yoxlaması nəticəsində verginin düzgün hesablanmaması müəyyən edildikdə belə, bunun hüquqi nəticələri avtomatik qaydada yaranmır. Belə hallarda vergi orqanı tərəfindən müvafiq hesablamalar aparılmalı, vergi məbləği müəyyən edilməli və qanunla nəzərdə tutulmuş qaydada vergi ödəyicisinə müvafiq qərar göndərilməlidir. Bu baxımdan kameral vergi yoxlamasının aparılması və ya gələcəkdə fərqli nəticəyə gəlinə bilməsi ehtimalı hazırkı anda müəyyən edilmiş və icra edilməmiş vergi borcunun mövcudluğu kimi qiymətləndirilə bilməz.
32. Həmçinin kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin 72 və 72.5-ci maddələrinin məzmununa görə vergi ödəyicisinin dəqiqləşdirilmiş hesabat təqdim etmək hüququ vergi qanunvericiliyində nəzərdə tutulmuş legitim hüquqi mexanizmdir. Buna görə də vergi ödəyicisinin dəqiqləşdirilmiş hesabat təqdim etməsi öz-özlüyündə həmin məlumatların qeyri-düzgünlüyünə və ya vergi borcunun gizlədilməsinə dair prezumpsiya kimi qiymətləndirilə bilməz. Əksinə, vergi orqanı təqdim edilmiş məlumatlarla razılaşmadıqda həmin uyğunsuzluğu qanunla müəyyən edilmiş prosedur çərçivəsində müəyyən etməli və bunun hüquqi nəticələrini müvafiq qaydada rəsmiləşdirməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, təqdim edilmiş sübutlara obyektiv və hərtərəfli hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini
34. rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.