Məhkəmə qərarları › İş №e-2-2(3-6)-392/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-392/2026

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-392/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- *****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxdı. İşin Halları

1. İddiaçı MMC “Satıcı”, Cavabdeh MMC “Alıcı” olmaqla tərəflər arasında AZL ***-** nömrəli, ## ### 2025-ci il tarixli “Yanacağın alqı satqı” müqaviləsi imzalanmışdır.

2. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” dövlət standartlarına cavab verən dizel yanacağının “Alıcı”ya satışını, “Alıcı” isə yanacağın dəyərini Satıcıya qabaqcadan ödəməyi öz öhdələrinə götürürlər.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən yanacağın adı, ölçü vahidi, bir ölçü vahidinin qiyməti, miqdarı və məbləği bu müqavilənin ayrılmaz hissəsi olan hesabfakturalarda göstərilir.

4. Müqavilənin 2.1-ci bəndinə əsasən Dizel yanacağının qiyməti ƏDV, nəqliyyat və əməliyyat xərcləri daxil olmaqla hər 1000 (bir min) litr üçün: Alıcının Quba rayonu, Qaraçay kəndində yerləşən ərazisinə çatdırıldığı təqdirdə- 985 (doqquz yüz səksən beş) manat təşkil edir.

5. Müqavilənin 2.2-ci bəndinə əsasən yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır və Yanacağa mülkiyyət hüququ sonuncu Alıcı tərəfindən faktiki qəbul edilən an Alıcıya keçir. Yanacağın dəyəri Alıcının yanacağı faktiki qəbul etdiyi vaxt mövcud olan qiymətlər əsasında hesablanır.

6. 2.3 və 2.4-cü bəndinə əsasən satıcı tərəfindən təqdim olunmuş hesab-fakturaya əsasən ödəniş Satıcının hesabına daxil olduqdan sonra Alıcının tələbi ilə sonuncuya Satıcının anbarında faktiki mövcud olan yanacağın həcmi imkan verdiyi miqdarda Yanacaq verilir. Yanacaq Satıcının neft bazasından Satıcının nəqliyyat vasitəsi ilə və Satıcının hesabına nəql edilir.

7. 3.2.1-ci bəndinə əsasən Alıcı Yanacağın dəyərini tam şəkildə Satıcı tərəfindən təqdim edilmiş hesab- faktura əsasında əvvəlcədən ödəyir.

8. 5.3-cü bəndinə əsasən Müqavilə imzalandığı tarixindən qüvvəyə minmək şərti ilə ## ###### 2025-ci il tarixinə qədər bağlanılır. Tərəflərin qarşılıqlı razılığı ilə qeyd olunan müddət uzadıla bilər.

9. Tərəflər arasında imzalanmış ****** saylı, ##.##.2025-ci il tarixli X5 görünür ki, 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat (ƏDV daxil) olan 9350 litr dizel yanacağı Alıcıya təhvil verilmiş və yanacaq Alıcı tərəfindən təhvil alınmışdır.

10. MT2505 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli elektron qaiməyə əsasən 9209,75 manat dəyərində dizel yanacağı (Əməliyyat və nəqliyyat xərcləri daxil) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

11. ## ###### 2025-ci il tarixli, **-**** saylı pretenziya məktubundan görünür ki, cavabdehdən 9209,75 manat borc məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. “xxxx.» MMC ilə Cavabdeh MMC arasında bağlanmış ## ### 2025-ci il tarixli, AZL ***-** saylı “Yanacağın alqı-satqı” müqaviləsi üzrə yaranmış 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat məbləğində pulun və 113,00 (bir yüz on üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 9322,75 (doqquz min üç yüz iyirmi iki manat yetmiş beş qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçı «xxxx.» MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx.» MMC ilə Cavabdeh MMC arasında ## ### 2025-ci il tarixli, AZL ***-** saylı “Yanacağın alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində əsasən, Satıcı dövlət standartlarına cavab verən dizel yanacağın Alıcıya satışını, Alıcı isə yanacağın dəyərini satıcıya ödəməyi öz öhdələrinə götürürlər. Sözügedən müqavilə üzrə ##.##.2025-ci il tarixində, cavabdeh Cavabdeh MMC-yə dəyəri 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat (ƏDV daxil) olan 9350 litr dizel yanacağı satılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, dizel yanacağının qiyməti ƏDV, nəqliyyat və əməliyyat xərcləri daxil olmaqla hər 1000 (bir min) litr üçün Alıcının Quba rayonu, Qaraçay kəndində yerləşən ərazisinə çatdırıldığı təqdirdə- 985 (doqquz yüz səksən beş) manat təşkil edir. Tərəflər arasında imzalanmış ****** saylı, ##.##.2025-ci il tarixli X2 əsasən 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat (ƏDV daxil) olan 9350 litr dizel yanacağı Alıcıya təhvil verilmiş və yanacaq Alıcı tərəfindən təhvil alınmışdır. Lakin, həmin yanacağın dəyərini təşkil edən 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat (ƏDV daxil) cavabdeh Cavabdeh MMC tərəfindən Şirkətimizə ödənilməmiş və bununla da aramızda bağlanmış müqavilənin 3.2.1-ci bəndi kobud şəkildə pozulmuşdur. Həmin məsələ ilə bağlı cavabdeh şirkətlə müqavilənin 4.7-ci bəndinin tələblərinə uyğun olaraq danışıqlar aparılmış, cavabdeh şirkətin ünvanına ##.##.2025-ci il tarixli, **-**** saylı pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu ##.##.2025-ci il tarixində cavabdeh təşkilat tərəfindən qəbul edilmişdir. Həmçinin həmin pretenziya məktubu onlayn kargüzarlıq vasitəsi ilə cavabdehə göndərilmiş, elektron məhkəmə sistemi vasitəsi ilə cavabdeh təşkilata pretenziya göndərilməsi cəhdi uğursuz alınmış, belə ki müvafiq sistemdə cavabdeh təşkilata məxsus VÖEN ********** aşkar edilməmişdir. İstər fiziki, istərsə də onlayn kargüzarlıqla pretenziya məktubları göndərilməsinə baxmayaraq müraciətlərimizə cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş və borc pul ödənilməmişdir. Göründüyü kimi, cavabdeh təşkilat müqavilə üzrə öhdəliklərini yerinə yetirməməməklə bizə olan borcunu ödəməkdən yayınır. Bu səbəbdən də, «xxxx.» MMC ilə Cavabdeh MMC arasında bağlanmış ## ### 2025-ci il tarixli, AZL ***-** saylı “Yanacağın alqı-satqı” müqaviləsinə əsasən yaranmış 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat məbləğində borcun məhkəmə qaydasında qaytarılmasını tələb etmək məcburiyyəti yaranmışdır. Belə ki, aramızda bağlanmış müqavilənin 4.7-ci maddəsinə əsasən bütün mübahisələr tərəflər arasında aparılan danışıqlar yolu ilə həll olunur. Razılaşmanın əldə olunması mümkün olmadığı halda mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmə orqanları tərəfindən həll olunur. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan görünür ki, cavabdeh Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ev 14, mənzil 478-dir.

14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ## ### 2025-ci il tarixli, AZL ***-** saylı “Yanacağın alqı-satqı” müqaviləsi üzrə yaranmış 9209,75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat məbləğində bоrc və ödənilmiş 113 (yüz on üç) manat dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

15. Cavabdeh Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,ilk növbədə iş üzrə cavabdehin hüquqlarını müdafiəsi üçün hər hansı şərait yaradılmamış və iddiada qeyd edilən hallarla bağlı hər hansı etiraz təqdim edilə bilinməmişdir. Bütövlükdə məhkəmə yalnız tərəfin sübutlarını əsas götürməklə iddianı təmin etmişdir, halbuki Mülki Məcəllənin tələblərinə əsasə Alğı-satqı müqaviləsi real müqavilə sayılmaqla, bu Müqavilənin baş tutması üçün əşyanın hər hansı qüsur və çatışmazlıq olmadan çatdırılma faktının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir və bu fakt cavabdehin adından çıxış etmək səlahiyyəti olan şəxs tətərfindən təsdiq edilməlidr və özlüyündə hər hansı işçinin təhvil-təslim aktını imzalaması şirkət adından faktın təsdiqi mənasına gələ bilməz. Cavabdehdən 113 manat dövlət rüsumunun əvəzinin tutulmasını qət etmişdir, halbuki iddianın qiyməti üzrə hesablama əsasında dövlət rüsumunun məbləğinin 112.10 manat olması görünür

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə dizel yanacağınıı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş dizel yanacağının dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir.

32. 05.2025-ci il tarixli X2 əsasən, mallar cavabdeh tərəfindən təhvil alınmış, ##.##.2025-ci il tarixli elektron qaiməyə əsasən 9209,75 manat dəyərində dizel yanacağı ödənilməsi üçün təqdim edilmişdir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-

34. ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

35. Kollegiya malların qüsurlu olması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh malların qüsurlu olmasına, müqavilə üzrə şirkətə məlumat verməsinə, iddiaçının iştirakı ilə qüsur aktı tərtib etməsinə və ya hər hansı tədbir görməsinə dair sübutlar təqdim etməmişdir.

36. Apellyator apellyasiya şikayətində cavabdehin hüquqlarının müdafiəsi üçün şəriat yaradılmadığını, iddiaya etiraz təqdim edə bilmədiyini qeyd etsədə məhkəmə kollegiyası bildirir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddiaya qarşı etirazını və sübutlarını təqdim edə bilərdi.

37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

38. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar