Məhkəmə qərarları › İş №e-2-2(3-6)-396/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-396/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-396/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, işgüzar adətlər, öhdəliyin icra olunmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkili) İsmayılov Kənan Şəmsəddin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında ## ##### 2023-cü il tarixdə ***D/AGP/** saylı “X2-satqısı” barədə müqavilə bağlanmış, müqavilənin 1-ci bəndinə görə satıcı, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən cins damazlıq heyvanları yerli istehsal olduqda qiymətləndirilən, idxal heyvan olduqda isə gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə müqavilənin * saylı Əlavəsində göstərilmiş iri buynuzlu cins X4 satılmasını, alıcı isə həmin heyvanların müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdələrinə götürmüşlər.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən, alıcı 31 baş “Simmental” cinsli damazlıq heyvanların ehtimal edilən 212 040,00 (iki yüz on iki min qırx) manat (Avronun kursu 1.90 manat olaraq nəzərdə tutulmuşdur), 1 baş “Simmental” cinsli damazlıq heyvanın güzəştli satış qiyməti 2 850.00 (iki min səkkiz yüz əlli) manat olmaqla, cəmi 88 350.00 (səksən səkkiz min üç yüz əlli) manat məbləği əvvəlcədən ödədikdən sonra tərəflər əsas alqı-satqı müqaviləsi bağlayarkən müəyyən ediləcək yekun qiymətdən həmin heyvanların gömrük dəyərinə tətbiq edilən güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəyir. Dövlət tərəfindən ayrılan güzəşt məbləğini isə həmin vəsait hesabına daxil olan kimi satıcının hesabına yönləndirməlidir.

3. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, alıcı müqavilənin 1.2-ci yarımbəndində göstərilən ilkin ödəniş məbləğini əvvəlcədən satıcıya ödəməyi öhdəsinə götürür.

4. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, alıcı damazlıq heyvanlar satılarkən onların müqavilənin 1.2-ci yarımbəndində göstərilən ilkin ödəniş məbləği nəzərə alınmaqla 1.6-cı yarım bəndinə uyğun olaraq Razılaşma protokolu üzrə müəyyən edilmiş qalıq dəyərinin tam ödənilməsini öhdəsinə götürür.

5. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, alıcı dövlət güzəştinin alınması üçün AKİA tərəfindən tələb olunan sənədlərin (Alıcı tərəfindən verilməli olan sənədlər) vaxtında və lazımi qaydada təmin olunmasını öhdəsinə götürür və tam olaraq yerinə yetirmədikdə həmin məbləğin satıcıya ödənilməsini öz vəsaiti hesabına təmin edir.

6. Satıcı ilə alıcı arasında ## ##### 2023-cü il tarixli ***D/AGP/** saylı “X2-satqısı barədə” müqavilə üzrə * saylı Əlavə imzalanmışdır.

7. Satıcı ilə alıcı arasında imzalanmış, möhürlə təsdiq edilmiş “X2-satqısı barədə” ***D/AGP/** nömrəli alqı-satqı müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə D-**/***D/AGP/** nömrəli ## ### 2023-cü il tarixli razılaşma protokolunda nəzərdə tutulmuşdur ki, “Tərəflər razılığa gəlirlər ki, ## ##### 2023-cü il tarixli ***D/AGP/** nömrəli alqı-satqı müqaviləsinin predmeti olan 31 baş “Simmental” cinsli heyvanlar alıcıya təhvil verilsin. Razılaşmaya uyğun olaraq 31 baş “Simmental” cinsli damazlıq heyvanların satış dəyəri 208 583,19 (iki yüz səkkiz min beş yüz səksən üç manat 19 qəpik) manat təşkil edir. Alıcının, ## ##### 2023-cü il ***D/AGP/** nömrəli alqı-satqı müqaviləsinə əsasən ##.##.2023-cü il tarixli 88 350,00 (səksən səkkiz min üç yüz əlli) manat, ilkin ödənişi ## ### 2023-cü il tarixli D-**/***D/AGP/** nömrəli Razılaşmaya yönləndirilir”.

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış, möhürlə təsdiq edilmiş D- **/***D/AGP/** nömrəli ## ### 2023-cü il tarixli razılaşma protokoluna ** nömrəli əlavəyə əsasən, 31 ədəd “Simmental” damazlıq heyvanın qalıq dəyəri 88 350 manat təşkil edir.

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında D-**/***D/AGP/** nömrəli ## ### 2023-cü il tarixli razılaşma protokoluna ** nömrəli Əlavə imzalanmış, Əlavədə 31 ədəd “Simmental” ciinsli damazlıq heyvanların inventar nömrələri sadalanmışdır.

10. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən, invoys dəyəri 112 000,00 ABŞ dolları olan canlı inəklər (cins düyələr – “Simmental”), Avstriya mənşəli, İribuynuzlu düyələr: Birinci balalamaya qədər-dişi mal-qara (damazlıq-boğaz danalar), Heads “Simmental Heifers” – cinsli heyvanlar Avstriyadan İddiaçı MMC tərəfindən idxal edilmişdir.

11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli İddiaçı MMC-yə məxsus X4 təhvili barədə akt”a əsasən, güzəştli şərtlərlə Avropa ölkələrindən satın alınıb gətirilmiş müvafiq qulaq nömrələri göstərilən 31 baş “Simmental” cinsli damazlıq heyvanlar İddiaçı MMC ilə (Satıcı) Cavabdeh MMC (Alıcı) arasında bağlanmış ##.##.2023-ci il tarixli ***D/AGP/** nömrəli alqı-satqı müqaviləsinin, bu müqavilənin tərkib hissəsi olan ##.##.2023 cü il tarixli 02 **/***D/AGP/** saylı razılaşma protokolu əsasında sağlam halda satıcı tərəfindən alıcının tapşırığına uyğun olaraq alıcının Xəzər rayonu, Hövsan ərazisində yerləşən təsərrüfatına təhvil verilmişdir.

12. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## ######## 2025-ci il tarixli ***/** nömrəli maliyyə arayışına əsasən, Cavabdeh MMC (VÖEN **********) ##.##.2023-cü il tarixli ***D/AGP/** saylı alqı-satqı müqaviləsi üzrə ##.##.2023-cü il tarixdə 208 583,19 AZN dəyərində 31 baş simmental cinsli damazlıq heyvan almışdır. ##.##.2023-cü il tarixdə 88 350,00 AZN və ##.##.2024-cü il tarixdə 7756,98 AZN, cəmi 96 106,98 AZN ödəmişdir. ##.##.2025-ci il tarixinə qalıq borc 112 476,21 AZN təşkil edir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2023-cü il tarixli, EBDG ****** nömrəli 208 583,19 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

14. ##.##.2024-cü il tarixli ***IPX********** nömrəli ödəniş tapşırığına əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 7756,98 manat ödəniş edilmişdir.

15. ##.##.2023-cü il tarixli 5230165073 / ********* nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 88 350 manat ödəniş edilmişdir.

16. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən “xxxx” ASC-nə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “Sizin kənd təsərrüfatı istehsal vasitələrinin satışının maliyyələşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığınız bir sıra müraciətlər üzrə alıcılar tərəfindən təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar müəyyən edilmişdir (siyahı əlavə olunur”. Həmin məsələlər üzrə alıcı və təchizatçılarla dəqiqləşdirilməklə suallara aydınlıq gətirilməsi və müvafiq təsdiqedici sənədlərin Agentliyə təqdim olunması xahiş edilir. Qeyd olunan məsələlər üzrə dəqiqləşmələr aparıldığı təqdirdə müvafiq müraciətlərin maliyyələşdirilməsi məsələsinə yenidən baxıla bilər. Nəzərə alınmasını xahiş edirik”.

17. Həmin məktuba əlavə olunmuş siyahıda Cavabdeh MMC də göstərilmiş, uyğunsuzluqlar olaraq aşağıdakılar göstərilmişdir: 1) Forma-1 sənədində təsərrüfat ünvanı qeyd edilməyib; 2) EKTİS-də damazlıq təsərrüfatı qeydiyyatı ilə bağlı sənəd tədqim edilməyib; 3) Sığorta şəhadətnaməsinin tam qüvvədə olma müddəti 3 il olmalıdır.

18. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən “xxxx” MMC-nə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda göstərilmişdir ki, “Damazlıq heyvanların idxalının maliyyələşdirilməsi ilə əlaqədar Agentliyə ünvanlanan müraciətinizə baxılmışdır. Məlumunuz olduğu kimi, damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən, idxal edilən damazlıq heyvanlar üzrə güzəştlər yalnız “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) damazlıq heyvandarlıq təsərrüfatı kimi qeydiyyatdan keçmiş təsərrüfatlara verilir. Lakin təcrübə göstərir ki, bəzi hallarda təchizatçı şəxslər tərəfindən bu tələblərə əməl olunmadan damazlıq təsərrüfat kimi qeydiyyatda olmayan şəxslərə satış məqsədilə heyvanlar idxal olunur. Tələblərə əməl olunmaması isə Qaydaya uyğun olmadığından maliyyələşmələrin icra edilməsi mümkün olmur. Vəsaitin əvvəlcədən ayrılması halında isə alıcı və təchizatçıların müəyyən edilmiş tələblərə tam əməl edəcəyinə dair heç bir təminat verilmir və sözügedən risklər daha da arta bilər. Odur ki, qeyd olunanları nəzərə alaraq hazırkı mərhələdə qabaqcadan maliyyələşmə imkanları mövcud deyil”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

19. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ##.##.2023-cü il tarixli №***D/AGP/** saylı alqı-satqı müqaviləsi üzrə 112 476,21 manatın, hüquqi yardımın göstərilməsi üçün “xxxx” MMC-ə ödənilmiş 1800 manatın, 324 manat ƏDV məbləğinin və dövlət rüsumunun əvəzi kimi 405 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında ##.##.2023cü il tarixdə №***D/AGP/** saylı alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1-ci bəndinə əsasən satıcı, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** saylı Fərmanına əsasən cins damazlıq heyvanlar yerli istehsal olduqda qiymətləndirilən, idxal heyvan olduqda isə gömrük idxal dəyərinə 60% həcmində güzəşt tətbiq etməklə alıcıya satılmasını, alıcı isə həmin heyvanların müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdələrinə götürmüşlər. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı tərəfindən alıcıya 31 baş “Simmental” cinsli damazlıq heyvan satılmış və müqavilə üzrə heyvanların satış qiyməti 208 583,19 manat təşkil etmişdir. Müqavilə qiymətinin ilkin ödəniş hissəsi olan 88 350,00 manat cavabdeh tərəfindən ödənilsə də, güzəşt məbləğinin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilməsindən imtina edilmişdir. Cavabdeh müqavilə üzrə ##.##.2023-cü il tarixdə 88 350,00 manat və ##.##.2024-cü il tarixdə 7756,98 manat olmaqla, cəmi 96 106,98 manat ödəmişdir. ##.##.2025-ci il tarixdə cavabdehin ***D/AGP/** saylı müqavilə üzrə qalıq borcu 112 476,21 manat təşkil edir. Bu məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən ona edilən güzəşt məbləğinin ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında olan müqavilənin 2.2.5-ci bəndinə əsasən, alıcı dövlət tərəfindən tətbiq edilən güzəştin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təmin edilməsi üçün zəruri tədbirləri görməyi öhdəsinə götürmüş və bu öhdəliyin yerinə yetirilməyəcəyi halda həmin güzəşt məbləğinin iddiaçıya ödənilməsini öhdəlik götürmüşdür. Cavabdehə rəsmi şəkildə ##.##.2025-ci il tarixdə elektron kabinet və Dövlət Vergi Xidmətinin “online kargüzarlıq” bölməsindən rəsmi pretenziya ünvanlanmış, lakin göstərilən müddət tamam olsa da cavabdeh borcu ödəməmişdir. Əlavə olaraq hüquqi yardımın göstərilməsi məqsədi ilə “xxxx” MMC ilə ##.##.2025-ci il tarixdə İddiaçı/01-2025saylı müqavilə imzalanmış, xidmət haqqı kimi 1800 manat və ƏDV məbləği 324 manat köçürülmüşdür.

21. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

22. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədə aşağıdakılar qeyd edilmişdir: “Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdə qeyd edilmişdir ki, Agentlik tərəfindən Cavabdeh MMC-yə rəsmi cavab verilməmiş, şifahi olaraq bildirilmişdir ki, alınan mallar sığortalanmayıb və “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) elektron qeydiyyata alınmayıb. Halbuki, sənədlərdən də görünür ki, mallar sığortalanıb və EKTİS-də elektron qeydiyyatı vardır. Etiraz edərək bildiririk ki, cavabdehin vəsatəti əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.3-cü bəndinə əsasən, güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir. Qaydanın 6.2-1-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanlar üzrə güzəştlər “Elektron kənd təsərrüfatı" informasiya sistemində (EKTİS) qeydiyyatdan keçmiş damazlıq heyvandarlıq təsərrüfatlarına verilir. Həmin Qaydaya əsasən, damazlıq heyvanların alışı ilə bağlı müraciətlər müvəkkil kredit təşkilatları (MKT) vasitəsi ilə Agentliyə təqdim olunur və maliyyələşmə məsələsinə təqdim olunan sənədlərin uyğunluğu və illik ayrılan güzəşt büdcəsi çərçivəsində baxılır. Təqdim edilmiş müraciətdə çatışmazlıqlar (Forma 1 sənədində təsərrüfat ünvanının qeyd edilməməsi, müraciət vaxtı təsərrüfatın EKTİS-də damazlıq təsərrüfatı qeydiyyatı ilə bağlı sənədin təqdim olunmaması, sığorta şəhadətnaməsinin tam qüvvədə olma müddətinin 3 il olmaması) olduğundan müraciət maliyyələşdirilməmişdir. Bildiririk ki, İddiaçı bir neçə dəfə qabaqcadan maliyyələşmə üçün müraciət etdiyinə görə ona bunun mümkün olmaması ilə bağlı cavab məktubu gödərilmişdir. Həmçinin, Agentlik tərəfindən müvəkkil kredit təşkilatı olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş ## ###### 2023-cü il tarixli *-**-*/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, onların kənd təsərrüfatı istehsal vasitələrinin satışının maliyyələşdirilməsi məqsədilə Agentliyə ünvanladığı bir sıra müraciətlər üzrə alıcılar tərəfindən təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar müəyyən edilmişdir (siyahı üzrə əlavə edilir). Həmin məsələlər üzrə alıcı və təchizatçılarla dəqiqləşdirilməklə suallara aydınlıq gətirilməsi və müvafiq təsdiqedici sənədlərin Agentliyə təqdim olunması xahiş olunur. Qeyd olunan məsələlər üzrə dəqiqləşmələr aparıldığı təqdirdə müvafiq müraciətlərin maliyyələşdirilməsi məsələsinə yenidən baxıla bilər. Eyni zamanda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə ## ###### 2024-cü ıl tarixli *-**/*-*- */**** nömrəli Qərar ilə təsdiq edilmiş "Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşdirilməsinin maliyyələşdirilməsi" xidmətlərinə dair Reqlamentin 13-cü hissəsinə əsasən tələb olunan sənədlər düzgün və ya tam təqdim edilmədikdə, o cümlədən sənədlərdə ziddiyyətli məlumatlar olduqda, həmçinin damazlıq heyvanlar idxal edildikdə sahibkarlıq subyekti damazlıq heyvandarlıq təsərrüfatını EKTİS-də qeydiyyatdan keçirmədikdə müraciətə imtina edilir. Qeyd edilənləri, o cümlədən təqdim edilmiş müraciətlərdə çatışmazlıqları nəzərə alaraq cavabdehə satın alınmış 31 baş “Simmental” cinsli damazlıq heyvana görə güzəşt qanunvericiliyə əsasən tətbiq edilməmişdir”.

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi özünün ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

24. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında ## ##### 2023-cü il tarixli ***D/AGP/** saylı “X2-satqısı müqaviləsi” imzalanmış, müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ümumilikdə 208 583,19 manat dəyərində mallar təhvil verməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, iddiaçıya 96 106,98 manat ödəniş olunmuş, cavabdehin iddiaçıya 112 476,21 manat məbləğində borcu yaranmışdır.

26. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc 1800 manat əsas və 324 manat ƏDV olmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1ci, 398.1-ci, 399.1-ci, 442-ci, 567-ci, 598.1-ci, 598.2-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.

28. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarını tam aydınlaşdırmadığı, cavabdeh tərəfindən tələb olunan bütün sənədlərin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim olunduğu və güzəşt kimi nəzərdə tutulan məbləğin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilməməsinin cavabdehin təqsiri üzündən baş vermədiyi, bu səbəbdən də cavabdehin məsuliyyət daşımadığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

30. İşə baxılmasnın vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmiş (cavabdehin əvvəlki məhkəmə iclasına gələn nümayəndəsi (vəkili) işlə tanış olmaq üçün vaxt istədiyindən, məhkəmə iclası onun özü ilə razılaşdırılmaqla ##.##.2026-cı il tarixinə təxirə salınmış, lakin nümayəndə (vəkil) iclasa gəlməyərək, başqa məhkəmə prosesində olacağı barədə məlumat göndərmişdir), məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

31. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi də məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

33. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

34. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

38. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

39. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

43. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

44. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

45. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

46. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydası

47. Bənd 1.2. Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar daxil edilir.

48. Bənd 4.1. Sahibkarlıq subyektləri kreditlərin, lizinq vəsaitinin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil təşkilata rəsmi qaydada müraciət edirlər. Müvəkkil təşkilat müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil təşkilatlarda bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin, lizinq vəsaitlərinin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).

49. Bənd 4.2. Müvəkkil təşkilat müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir.

50. Bənd 4.3. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə müvəkkil təşkilata rəsmi məlumat verir.

51. Bənd 6.2. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 6.2.1. müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir; 6.2.2. idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil təşkilatlar vasitəsilə ödənilir; 6.2.3. damazlıq heyvanın dəyərinin qalan hissəsini isə müvəkkil təşkilatlar bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kredit və lizinq yolu ilə maliyyələşdirirlər.

52. Bənd 6.2-1. İdxal edilən damazlıq heyvanlar üzrə güzəştlər “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçmiş damazlıq heyvandarlıq təsərrüfatlarına verilir.

53. Bənd 6.3. Bu Qayda ilə müvafiq il üçün kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə alqı-satqısına tələb olunan vəsait Agentliyin dövriyyə vəsaitindən (bu Qaydanın 5.7-ci bəndində nəzərdə tutulan 2% istisna olmaqla) və dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmış vəsait çərçivəsində limitləşdirilir və mövcud qanunvericiliyə uyğun sifarişlər əsasında maliyyələşdirilir.

54. Bənd 6.4. Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının, kreditinin və lizinqinin maliyyələşdirilməsi həmin vasitələrin təkrar satışına və lizinqə verilməsinə şamil olunmur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

60. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

63. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Məhkəmə kollegiyasının mövqeyi

64. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

65. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

66. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

67. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

68. Kollegiya qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

69. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

70. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

71. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin mübahisələndirilməyən halıdır.

72. İşin faktiki hallarından aydın olur ki, tərəflər arasında ## ##### 2023-cü il tarixdə “X2satqısı müqaviləsi” imzalanmış, müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ümumilikdə 208 583,19 manat dəyərində mal (heyvanlar) təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçıya 88 350 manat + 7756,98 manat olmaqla ümumilikdə 96 106,98 manat ödəniş olunmuş, cavabdehin iddiaçıya 112 476,21 manat məbləğində borcu yaranmışdır.

73. Damazlıq heyvanların satış dəyəri, eləcə də ilkin ödəniş qiyməti ## ### 2023-cü il tarixli X3 ilə müəyyən edilmiş, heyvanların alıcıya təhvil verilməsi hər iki tərəfin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş ## ### 2023-cü il tarixli aktla təsdiqini tapmış, cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclasda iştirak edən nümayəndəsi malların təhvil alındığını təsdiq etmişdir.

74. Qeyd edilənlərdən aydın olur ki, müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya borcu yaranmışdır.

75. Dövlət güzəştinin alınması üçün alıcı tərəfindən lazımı sənədlərin AKİA-ya təqdim olunması, güzəşt kimi nəzərdə tutulan məbləğin AKİA tərəfindən ödənilməməsinə cavabdehin məsuliyyət daşımadığı ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndinə əsasən, alıcı dövlət güzəştinin alınması üçün AKİA tərəfindən tələb olunan sənədlərin (Alıcı tərəfindən verilməli olan sənədlər) vaxtında və lazımi qaydada təmin olunmasını öhdəsinə götürür və tam olaraq yerinə yetirmədikdə həmin məbləğin satıcıya ödənilməsini öz vəsaiti hesabına təmin edir.

76. Apellyasiya şikayətində bütün sənədlərin AKİA-ya təqdim olunduğu bildirilsə də, iş materiallarına əlavə olunmuş, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən iddiaçıya və “xxxx” ASCyə ünvanlanmış cavab məktublarında təqdim olunmuş sənədlər arasında uyğunsuzluqların olduğu qeyd edilmişdir.

77. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 34). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

78. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, imzalamış olduğu müqavilə şərtlərinin, üzərinə götürdüyü öhdəliklərin, təsdiq etdiyi aktların hüquqi nəticələri ilə bağlı risk daşıyır.

79. Kollegiya məhkəmə xərcləri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehin özünə aid olunmalıdır.

80. Şərh olunanları ümumiləşdirən kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar