Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-421/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı LTD Firmasının cavabdeh “İndi Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, işgüzar adətlər, öhdəliyin icra olunmaması, alınmış əşyanın dəyərinin ödənilməməsi, çəkişmə və dispozitivlik prinsipləri, sübutetmənin predmeti, elektron qaimə, sübutetmə vəzifəsi, sübutun vaxtında təqdim olunmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı LTD Firmasının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı LTD Firmasının “İndi Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı LTD firması (satıcı) ilə “İndi Market” MMC (alıcı) arasında ## ###### 2023- cü il tarixdə müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə, satıcı müqavilənin 1.2-ci bəndində göstərilən məhsulu (mal) alıcıya satmağı, alıcı isə malı qəbul edib e-qaimədə göstərilən qiymətini satıcıya ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə üzrə satıcı mal tədarük etməyi, alıcı isə həmin malı almağı öhdələrinə götürürlər.
3. Müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilə üzrə satıcının alıcıya satdığı malın keyfiyyəti, keyfiyyət göstəricilərini təsdiq edən sənədlərin şərtlərinə uyğun olmalıdır.
4. Müqavilənin 1.4-cü bəndinə əsasən, satıcı tərəfindən məhsulun satışının artırılması və tanınması istiqamətində aparılacaq ticarət-marketinq tədbirləri əlavə razılaşmalar ilə tənzimlənəcəkdir.
5. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcının hüquqlarına aşağıdakılar aiddir: 2.1.1. Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazimi qaydada icra olunmasını və pozulmasına yol verilməməsini alıcıdan tələb edir; 2.1.2. Satıcı alıcıdan məhsulun dəyərini Qiymət Təklifində müəyyən edilmiş qiymətlərlə ödənilməsini tələb edir, ödənişləri qəbul edir.
6. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcının vəzifələrinə aşağıdakılar aiddir: 2.2.1. Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan malı qaimə-faktura əsasında alıcıya təhvil vermək.
7. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcının hüquqlarına aşağıdakılar aiddir: 2.3.1. Qüsurlu məhsullarla bağlı hallar istisna olmaqla, məhsulu təhvil-təslim zamanı qəbul etmək, məhsulun dəyərini Qiymət Təklifində müəyyən edilmiş qiymətlərlə ödəmək;
8. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcının vəzifələrinə aşağıdakılar aiddir: 2.4.1. Müqavilənin 1.2-ci bəndində göstərilən malı 2.2.1-ci bəndi ilə müəyyən olunmuş qaydada satıcıdan qəbul edir; 2.4.2. Satıcıdan qəbul etdiyi malın müqavilənin 3.1-ci bəndi ilə müəyyən olunmuş qiymətini 3.3-cü bənddə göstərilən müddətdə və qaydada ödəyir.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin dəyəri alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və satıcının alıcıya ünvanladığı Qiymət Təklifində müəyyən olunan qiymətlərə əsasən razılaşdırılır. Alıcı qiymətlərlə razılaşmadığı təqdirdə Qiymət Təklifinin göndərildiyi gündən 10 (on) gün ərzində etiraz verə bilər. Əks-təqdirdə qiymətlər qarşılıqlı razılaşdırılmış hesab edilir
10. Müqavilənin 3.2-ci bəndinə əsasən, məhsulun maya dəyərinin dəyişməsi və makroiqtisadi (milli valyutanın xarici valyutaya münasibətdə dəyər itirməsi - devalvasiya və s) amillər səbəbi ilə, Qiymət Təklifındəki qiymətlərdə dəyişikliklər baş verərsə, bu halda satıcı alıcını 10 (on) gün əvvəlcədən xəbərdar etməklə qiymətlərə birtərəfli qaydada dəyişiklik edə bilər
11. Müqavilənin 3.3-cü bəndinə əsasən, alıcı hər sifariş üzrə təhvil aldığı hesab fakturanın dəyərini malı təhvil aldığı gündən 30 iş günü müddətində satıcıya ödəyir
12. ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 400,61 manat məbləğində, ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 993,15 manat məbləğində, ##.##.2024cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 492,75 manat məbləğində, ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 911,25 manat məbləğində, ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 265,06 manat məbləğində, ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 1035,65 manat məbləğində, ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 430,68 manat məbləğində, ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 843,07 manat məbləğində, ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 876,38 manat məbləğində, ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 95,75 manat məbləğində, ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 1236,82 manat məbləğində, ##.##.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 931,075 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 383,50 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 103,70 manat məbləğində, ##.##.2025ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 311,75 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 89 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvilqəbul aktına əsasən 107,70 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 234,92 manat məbləğində, ##.##.2025-cı il tarixli Malların təhvil-qəbul aktına əsasən 51,55 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 44,60 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 282 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 39,90 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 481,07 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 94,65 manat məbləğində, ##.##.2025-ci il tarixli Malların təhvilqəbul aktına əsasən 187,05 manat məbləğində mallar İddiaçı LTD Firması tərəfindən “İndi Market” MMC-yə təhvil verilmişdir.
13. İddiaçı LTD Firması tərəfindən “İndi Market ” MMC-yə satılmış mallara dair (təhviltəslim aktlarına əsasən) e-qaimələr göndərilmiş, “İndi Market” MMC tərəfindən İddiaçı LTD Firmasının hesabına təyinatı e-qaimə göstərilməklə ödənişlər edilmişdir.
14. İddiaçı LTD Firmasının “xxxx” ASC-nin 11 Dekabr 2025-ci il tarixli **** nömrəli arayışına və “xxxx” LTD Firmasının uçot məlumatlarına istinadən tərtib etdiyi ##.##.2026-cı il tarixli maliyyə arayışında göstərilmişdir ki, həmin elektron qaimələrin dəyəri - ümumilikdə 8673,02 manat “İndi Market ” MMC tərəfindən ödənilməmişdir
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı LTD Firması (iddiaçı) “İndi Market” MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8637,97 manat borcun və ödənilmiş 52,91 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən cavabdehin “xxxx” LTD Firmasından almış olduğu mallara görə 8637,97 (səkkiz min altı yüz otuz yeddi) manat 97 (doxsan yeddi) qəpik borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə 2024-cü ilin aprel ayından 2025-ci ilin mart ayının sonunadək xeyli məbləğdə malı əks etdirən elektron-qaimələr verilmişdir və iddia ərizəsinə əlavə edilən malın təhvil verilməsinə dair qaimələr üzrə cavabdehin hazırda 8637,97 (səkkiz min altı yüz otuz yeddi) manat 97 (doxsan yeddi) qəpik borcu qalmışdır. ## ###### 2025-ci il tarixində cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, yenə də borc ödənilməmişdir.
17. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etmiş, cavabdehdən 8673,02 (səkkiz min altı yüz yetmiş üç manat iki qəpik) manat borcun və ödənilmiş 52,91 (əlli iki manat doxsan bir qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Ərizə belə əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunan və cavabdeh tərəfindən ödəniş aparılmayan elektron-qaimələr üzrə cavabdehin ümumilikdə 8673,02 manat borcu qalmışdır.
19. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, məhkəmə iclasının yeri (vaxtı) barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
20. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, “İndi Market” MMC-dən 8673,02 manat borc məbləğinin və dövlət rüsumunun əvəzi olaraq 106,38 manatın tutularaq İddiaçı LTD firmasına ödənilməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ## ###### 2023-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı müqavilənin 1.2-ci bəndində göstərilən məhsulu alıcıya satmağı, alıcı isə malı qəbul edib e-qaimədə göstərilən qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüş, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 8673,02 manat ödənilməmiş borcu qalmışdır.
22. Məhkəmə vurğulamışdır ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktları, e-qaimələr, təyinatı bilavasitə e-qaimə göstərilməklə qismən ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 8673,02 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
23. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 425-ci, 443.1ci, 567-ci, 568.1-ci, 579.1-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.
24. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarını tam aydınlaşdırmadığı, elektron-qaimələr ürzə malların cavabdehə təhvil verilmədiyi, təhvil-təslim aktlarında olan imza və möhürün cavabdehə aid olmadığı, qeyd edilənlərin məhkəmə tərəfindən araşdırılmadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
26. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
28. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
29. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
34. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
38. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
40. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
41. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
50. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
51. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
52. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
53. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
54. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Apellyasiya baxışının həddi
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının mövqeyi
57. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
58. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyini bildirdiyi malların dəyərinin ödənilməsini istəyir.
59. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir. İddiaçı, satdığı malları cavabdehə təhvil verdiyini, təqdim olunan qaimələrin və təhviltəslim60. aktlarının bu halı təsdiq etdiyini irəli sürmüş, cavabdeh isə nə iddiaçının göndərdiyi pretenziyaya cavab vermiş, nə iddia tələbinə etiraz etmişdir.
61. Mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunu ilə müəyyən olunur.
62. İşin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdə həmin hallar işin mübahisəsiz hallarına aid edilir.
63. İşin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınması başa düşülür.
64. İşin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər.
65. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPM-in 81-ci maddəsinin təsiri altına düşən hallar aid edilir.
66. Hazırkı işdən görünür ki, cavabdeh iddia ərizəsində qeyd edilən heç bir faktı mübahisələndirməmiş, məhkəmə iclaslarına nümayəndəsini göndərməyərək iddiaya qarşı etiraz verməmiş, beləliklə də tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi halının sübutetmə predmetinə daxil edilməsinin prosessual əsasları mövcud olmamışdır.
67. Bu baxımdan, cavabdehin nümayəndəsinin apellyasiya şikayətində irəli sürdüyü arqumentlər artıq sübutetmənin predmetinə çevrilə bilməz – çünkü o, həmin arqumentlərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır.
68. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 47) hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.
69. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini təsdiq edən aktlar tərtib olunmuşdur və cavabdehin malın ona təqdim edilmədiyinə dair arqumentinin sübutu da mövcud deyildir.
70. Əksinə, iddiaçı tərəfindən malların cavabdehə təqdim edilməsi həmin təhvil-təslim aktları və elektron qaimələr əsasında həyata keçirilmiş, cavabdeh tərəfindən iddiaçıya müvafiq ödənişlər də məhz müvafiq elektron qaimələr üzrə aparılmışdır.
71. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
72. Həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.
73. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır.
74. Konstitusiya Məhkəməsinin Plenumu da öz qərarında qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).
75. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə4 qiymət verilməsi zəruridir.
76. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunmalıdır.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun.
1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov