Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-424/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı “İnterkabel” Firmasının cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, 5% cərimə, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X7 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili vəkil2, cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, idddiaçı “İnterkabel” Firmasının cavabdeh "X1" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “İnterkabel” Firması ilə “X1” MMC arasında imzalanmış ## ######## 2022-ci il tarixində 01/2022 alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 2.1-ci bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrində göstərilən malların/işlərinin satın alınması müqavilənin predmetini təşkil edir. 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində göstərilən malların/işlərinin təhvil verilməsini (yerinə yetirməsini və ya göstərməsini) öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir. 10.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilənin əlavəsində göstərilən qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. 10.3-cü bəndinə əsasən müqavilə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə icraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 30 bank günü müddətində sifarişçi ilə icraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ icraçıya ödənilir. 10.4-cü bəndinə əsasən müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunursa, tərəflər ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 30 bank günü müddətində ödənilir. 10.5-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin əlavəsində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün müəyyən olunmuş məbləğdə faiz hesablanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
2. ##.##.2022-ci il tarixli, **/**** saylı alqı-satqı müqaviləsinə ** saylı əlavə olan X8 əsasən “İnterkabel” Firması ilə “X1” MMC arasında ƏDV daxil 6.842.963,29 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
3. ##.##.2022-ci il tarixli, **/**** saylı alqı-satqı müqaviləsinə ** saylı əlavə olan X8 əsasən “İnterkabel” Firması ilə “X1” MMC arasında ƏDV daxil 2.626.916 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
4. ##.##.2022-ci il tarixli, **/**** saylı alqı-satqı müqaviləsinə ** saylı əlavə olan X8 əsasən “İnterkabel” Firması ilə “X1” MMC arasında ƏDV daxil 2.761.200 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
5. “İnterkabel” Firması ilə “X1” MMC arasında ##.##.2022-ci il tarixli, **/**** saylı alqısatqı müqaviləsinə ** saylı Əlavəyə əsasən 130193 m fiber optik kabel iddiaçı tərəfindən cavabdehə verilmişdir.
6. “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ərizəçiyə müxtəlif vaxtlarda ödənişlər edilmişdir.
7. “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ərizəçiyə müxtəlif vaxtlarda ödənişlər edilmişdir.
8. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən müəyyən olunur ki,“X4” MMC tərəfindən “İnterkabel” Firmasının hesabına 47024.84 manat köçürülmüşdür.
9. ##.##.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən müəyyən olunur ki,“X4” MMC tərəfindən “İnterkabel” Firmasının hesabına 9000 manat köçürülmüşdür.
10. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən müəyyən olunur ki,“X4” MMC tərəfindən “İnterkabel” Firmasının hesabına 47024.84 manat köçürülmüşdür.
11. ##.##.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən müəyyən olunur ki, “X4” MMC tərəfindən “İnterkabel” Firmasının hesabına 63908.25 manat köçürülmüşdür.
12. “İnterkabel” Firması tərəfindən “X1” MMC -yə MT2408 ******** saylı ##.##.2024-cü il tarixli 230722.804 manat, MT2409 ******** saylı ##.##.2024-cü il tarixli 212568.2208 manat, MT2409 ******** saylı ##.##.2024-cü il tarixli 2973.6 manat, MT2409 ******** saylı ##.##.2024cü il tarixli 10746.3426 manat məbləğində elektron qaimələr göndərilmişdir.
13. “xxxx” ASC tərəfindən ##.##.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “X4” MMC tərəfindən “İnterkabel” Firmasına 882680.7 manat ödənilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ## ###### 2025ci il tarixli, *-**-**/*-*/****/**** saylı ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına olan sənədlərə, o cümlədən tərəflər arasında imzalanmış ## ######## 2022-ci il tarixli, **/**** nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin qeyd olunan şərtlərinə əsasən, cavabdeh “X2” Qapalı Səmdar Cəmiyyətinin iddiaçı “İnterkabel” Firması qarşısında ## ######## 2025-ci il tarixinə mövcud olan ümumi borcu ƏDV daxil 1.016.117,13 manat, faiz borcu isə 30906,89 manat təşkil edir. Eyni zamanda ## ######## 2022-ci il tarixli, **/**** nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi əsasında ##.##.2022 - ##.##.2025-ci il tarixi aralığında cavabdeh “X1” Qapalı Səmdar Cəmiyyəti tərəfindən iddiaçı “İnterkabel” Firmasının bank hesablarına aparılmış (bank hesabından çıxarış və ödəniş tapşırıqlarına əsasən) əsas ödəniş məbləği 31.403.522,05 manat, ƏDV sub uçot hesabına aparılmış ödənişlərin məbləği 5.763.567,13 manat olmaqla, ümumilikdə 37.167.089,18 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 500 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
15. İddiaçı “İnterkabel” Firması cavabdeh “X1” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” Qapalı Səmdar Cəmiyyəti“ndən “İnterkabel” Firması qarşısında ## ######## 2025-ci il tarixinə mövcud olan əsas borc üzrə 955 126,45 manat və 60 989,76 manat ƏDV məbləği olmaqla cəmi 1 016 116,20 manat həcmində qalıq borcu məbləği və 1 016 116,20 manat ödənilməmiş borc məbləğinə hesablanmış 31 189,73 manat faiz olmaqla, cəmi 1 047 305,93 manat, iddiaçı tərəfindən ödənilmiş 1 320 manat dövlət rüsumu olmaqla ümumilikdə 1 048 625,93 manat məbləğində pul vəsaitinin "X1" MMC-dən tutularaq “İnterkabel” Firmasına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İnterkabel” Firması ilə “X3” Qapalı Səmdar Cəmiyyəti arasında bağlanmış 12 sentaybr 2022-ci il tarixli, “Mallar ((işlər və xidmətlər) üzrə satınalma) Müqaviləsi № **/****”-ə və həmin müqaviləyə əlavə edilmiş 22 Yanvar 2024-cü il tarixli **/**** saylı “Qiymətlərin razılaşdırıma Protokolu №**”, 23 Fevral 2024-cü il tarixli **/**** saylı “Qiymətlərin razılaşdırıma Protokolu №**” və ## #### 2024-cü il tarixli “Qiymətlərin razılaşdırıma Protokolu № **”-ə əsasən tərəfinizdən cəmi 955.126,45 manat əsas məbləğ və 60.989,76 manat ƏDV məbləği olmaqla cəmi 1.016.116,20 manat məbləğində “İNTERKABEL” Firması tərəfindən təqdim edilmiş və “X3” Qapalı Səmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş müxtəlif ölçülü fiberoptik kabellərin haqqı bu günə kimi ödənilməmişdir. (Elektron qaimə-fakturaların reyestri və bank hesablarından çıxarışlar ərizəyə əlavə edilir.) Baxmayaraq ki, ## ######## 2022-ci il tarixli, “Mallar ((işlər və xidmətlər) üzrə satınalma) Müqaviləsi № **/****”-nin 10.1. bəndinə görə “X3” Qapalı Səmdar Cəmiyyəti tərəfindən alınması nəzərdə tutulan malın dəyəri ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaqla ödənilməsi nəzərdə tutulsa da, sonuncu dəfə həmin müəssisəyə “İnterkabel” Firmasının satdığı müxtəlif ölçülü fiberoptik kabellərin dəyərinin 50.000 manatdan ibarət hissəsəsi xxxx ASC vasitəsiylə ## ###### 2025-ci il tarixində həyata keçirilmişdir. Digər tərəfdən qeyd etmək istəyir ki, “X3” QSC tərəfindən ödənilməmiş əsas məbləğ üzrə 955.126,45 manat məbləğində malların ƏDV-sinin 171.922,76 manat məbləğindən 110 933,06 manat məbləği iddiaçı müəssisəsinin ƏDV sub-uçot hesabına köçürülmüşdür. Bununla da əsas borc üzrə 955.126,45 manat və 60.989,76 manat ƏDV məbləği olmaqla cəmi 1 016 116,20 manatdan ibarət qalıq hissəsi bu günə kimi ödənilməmişdir. İddiaçı tərəfindən mövcud olan 1 016 116,20 manatdan ibarət borcun ödənilməsinə dair cavabdehə ünvanlanmış ## ##### 2025-ci il tarixli tələb də bu günə kimi yerinə yetirilməmişdir. Bundan sonra cavabdeh “X3” Qapalı Səmdar Cəmiyyətinə “İnterkabel” Firması tərəfindən ## ######## 2025-ci il tarixində “taxes.gov.az” internet resursları vasitəsiylə Pretenziya göndərilmiş və “İnterkabel” Firmasının qarşısında ## ######## 2025-ci il tarixinə mövcud olan ümumilikdə “İNTERKABEL” Firması qarşında olan 1.046.741,41 manat həcmində öhdəliyin 2 bank günü müddətində yerinə yetirilməsi "X1" MMC-dən tələb edilmişdir.
17. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 442, 445.1, 445.2, 445.7-ci maddələri göstərilmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X1” MMC-dən 955.126,45 manat məbləğində əsas borc, 60 989, 76 manat məbləğində ƏDV borcu, illik 5%-lə hesablanmış 30 906,89 manat məbləğində faiz borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 1313, 51 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “İnterkabel” Firmasının xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 manat pul vəsaitinin cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iddiaçı “İnterkabel” Firması ilə cavabdeh “X1” MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilən elektron qaimələrlə, təhvil təslim aktları və qiymət razılaşdırma protokolları ilə ilə təsdiq edilir. Məhkəmə araşdırması zamanı tərəfləri izahatları ilə də müəyyən olunmuşdur ki, iddia ərizəsində qeyd edilən dəyərdə, yəni, e-qaimələrdə qeyd edlən malların cavabdehə təhvil verilməsi və verilən mallar əsasında cavabdeh tərəfindən (bank hesabından çıxarış və ödəniş tapşırıqlarına əsasən) ümumilikdə 37.167.089,18 manat məbləğin iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında işin mübahisələndirilən halı odur ki, cavabdeh tərəf müqavilənin 12-ci bəndinə əsasən iddiaçı mallarıın verilməsini gecikdirdiyi üçün, 0,1 taiz mebleğinde cərimə tetbiq edərək ödəniş etdiyini, bu səbəbdən heç bir borcunun qalmadığını iddia edərək iddianın rədd edilməsini xahiş edir. Cavabdehin borcunun müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq eskpertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ## ###### 2025-ci il tarixli, *-**-**/*-*/****/**** saylı ekspert rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına olan sənədlərə, o cümlədən tərəflər arasında imzalanmış ## ######## 2022-ci il tarixli, **/**** nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin qeyd olunan şərtlərinə əsasən, cavabdeh “X2” Qapalı Səmdar Cəmiyyətinin iddiaçı “İnterkabel” Firması qarşısında ## ######## 2025-ci il tarixinə mövcud olan ümumi borcu ƏDV daxil 1.016.117,13 manat, faiz borcu isə 30906,89 manat təşkil edir. Eyni zamanda ## ######## 2022-ci il tarixli, **/**** nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi əsasında ##.##.2022 - ##.##.2025-ci il tarixi aralığında cavabdeh “X1” Qapalı Səmdar Cəmiyyəti tərəfindən iddiaçı “İnterkabel” Firmasının bank hesablarına aparılmış (bank hesabından çıxarış və ödəniş tapşırıqlarına əsasən) əsas ödəniş məbləği 31.403.522,05 manat, ƏDV sub uçot hesabına aparılmış ödənişlərin məbləği 5.763.567,13 manat olmaqla, ümumilikdə 37.167.089,18 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda əsas borca dair hissədə məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Cavabdehin etirazının əsasları ondan ibarətdir ki, ekspert rəyi reallığı tam əks etdirmir, qərəzli və bir tərəfli hazırlanmışdır. Ekspert rəyi müqavilənin 12-ci maddəsinin tələblərini pozur və bu səbəbdən cərimələrin silinməsi ilə bağlı məsələlər öz əksini tapa bilmir. Bununla bağlı, müvafiq arqumentlər yazılı formada da təqdim edilmişdir və ekspert rəyi ilə bağlı ciddi tərəfsizlik və dəqiqlik məsələlərinin nəzərə alınması tələb olunur. Beləliklə, iddia əsassızdır və cərimələrin silinməsi məsələsi müqavilə şərtlərinə uyğun olaraq tərəfimizdən avtomatik icra olunur. Belə ki, qeyd olunan müqavilənin 10-cu bəndində sifarişçi tərəfindən ödənişlərin müəyyən olunmuş müddətdə həyata keçirilmədiyi hallarda gecikdirilmiş hər gün üçün faiz tutulması nəzərdə tutulsa da, müqavilənin 12-ci bəndində icraçı tərəfin öhdəliklərinin pozulmasına görə cərimə mexanizmi ayrıca və açıq şəkildə müəyyən edilmişdir. Həmin bəndə əsasən, icraçı tərəfindən malların (işlərin, xidmətlərin) vaxtında təqdim edilməməsi halında gecikdirilmiş hər gün üçün 0,1 faiz məbləğində cərimə tətbiq olunur. İş materiallarından, o cümlədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən aydın şəkildə görünüb ki, icraçı tərəfindən təqdim edilmiş materialların hamısı müqavilədə nəzərdə tutulmuş müddətlərdən gec təqdim edilmiş, sifarişçi tərəf isə bu halı əsas götürərək müqavilənin 12-ci bəndinə uyğun olaraq müvafiq cərimə hesablamaları aparmışdır. Misal olaraq müqavilənin ## #### 2024-cü il tarixli ** saylı əlavəsində malların təhvil verilməsi üçün 20-80 gün müəyyən edilməsinə baxmayaraq, həmin mallar 176 gün gecikmə ilə ## ######## 2024-cü il tarixində təhvil verilmişdir. Bu bütün malların təhvili zamanı baş vermişdir ki, müqavilə şərtlərinə müvafiq olaraq icracı bu gecikmələrə görə günlük 0,1 faiz məbləğində cərimə hesablamışdır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarını araşdıraraq qeyd edib ki, tərəflər arasında ## ######## 2022-ci il tarixində **/**** saylı müqavilə bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan məbləğdə malların təhvil verilməsi və cavabdeh tərəfindən həmin malların dəyərindən cəmi 37.167.089,18 manat ödəməsi və cavabdehin iddiaçı tərəfindən ona təhvl verilən malların ƏDV daxil 1.016.116,20 manat məbləğində hissəsinin ödənilməmiş qalması işin mübahisəsiz halıdır. Məhkəmə cavabdehin ödənişləri, iddiaçı tərəfindən malların gecikdirilməsi səbəbindən cərimə tətbiq edib ödəməsinə dair dəlillərini əsassız hesab edib, belə ki, birincisi cavabdeh tərəfindən iddiaçıya gecikdirilmə və cərimə tətbiq edilməyə dair heç bir prenetnziya verilməsinə dair və ya bu halı təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir, həmçinin müqavilədə ödənişin belə bir qaydada həyata keçirilməsinə dair heç bir bənd yoxdur. Belə ki, tərəflər arasında mövcud müqavilənin hesablaşmalara dair müvafiq 10.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən müqavilənin Əlavəsində göstərilən qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılmalıdır. Həmçinin cavabdehin əvvəlki ödənişləri e-qaimələrə əsasən ödənişlər etməsi borcun məbləği ilə bağlı onun iradə ifadəsinin olmasını təsdiq edir. Məhkəmə həmçinin qeyd edilməsini zəruri hesab edib ki, cavabdehin ilkin olaraq ## ######## 2022-ci il tarixində **/**** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən borc məbləğini öz iradə ifadəsi ilə qəbul etməsi və həmin məbləğdən ödənişlər etməsi, sonradan fərqli mövqe bildirərək borcun məbləğinin yenidən hesablanmasını tələb etməsi estopel prinsipi ilə də ziddiyyət təşkil edir. «…Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir (“M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarı) Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqedən göründüyü kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır. Məhkəmə xüsusilə vurğulayıb ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – ƏDV daxil 1.016.117,13 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edib ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh “X1” MMC-dən 955 126,45 manat məbləğində əsas borc və 60 989, 76 manat məbləğində ƏDV borcu tutularaq “İnterkabel” Firması -yə ödənilməlidir. Bundan əlavə illik 5 % uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 31 189,73 manat pulun tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq gecikmə müddəti üçün tutulmasını xahiş etdiyi məbləğ iş üzrə keçirilmiş ekspertiza rəyi nəzərə alınmaqla, illik 5%lə 30 906,89 manat hesablanmalı, həmin hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edib ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə iddİa tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 1313.51 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edib ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilməlidir.
20. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 567, 462.1, 467, 385.1, 442, 443.1, 448.1-ci maddələrinə istinad etmişdir.
21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə işin faktiki hallarının tam və hərtərəfli araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının yanlış tətbiqi və tərəflərin bərabərliyi prinsipinin pozulması nəticəsində qəbul edilmişdir. Belə ki, iş materiallarından aydın olur ki, tərəflər arasında ## ######## 2022-ci il tarixli satınalma müqaviləsi bağlanmış və həmin müqavilə əsasında əməkdaşlıq həyata keçirilmişdir. Bu əməkdaşlıq çərçivəsində müqaviləyə onlarla əlavə imzalanmış, 200dən artıq
22. qaimə-faktura tərtib edilmiş və tərəflər arasında ümumi maliyyə dövriyyəsi on milyonlarla manat təşkil etmişdir. Tərəflər arasında münasibətlər uzunmüddətli və mürəkkəb kommersiya xarakteri daşımışdır. Lakin məhkəmə işə baxarkən bu münasibətləri kompleks iqtisadi münasibətlər kimi deyil, yalnız iddiaçı tərəfin təqdim etdiyi hesablamalar əsasında qiymətləndirmişdir. Belə ki, sözügedən iş üzrə məhkəmənin müvafiq qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert rəyində mühasibatlıq ekspertizasının predmetindən kənara çıxılaraq müqavilə şərtlərinə hüquqi şərh verilmiş, Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq edilmiş, faiz hesablanması aparılaraq tərəfin məsuliyyəti müəyyən edilmişdir. Ekspert rəyində faiz hesablaması aparılarkən tərəflər arasında bağlanmış ## ######## 2022-ci il tarixli, **/**** nömrəli Malların (işlər və xidmətlər) satınalınması müqaviləsinin yalnız 10-cu bəndinə istinad edilmiş, müqavilənin digər, eyni hüquqi qüvvəyə malik və mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən şərtləri isə ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə ekspertizanın rəyi ilə bağlı bildirmişdir ki, guya cavabdeh tərəfindən iddiaçıya hər hansı pretenziya verilməmiş, həmçinin bu halı təsdiq edən sübutlar təqdim edilməmişdir və müqavilədə ödənişlərin belə qaydada həyata keçirilməsi nəzərdə tutulmamışdır. Lakin məhkəmənin bu əsaslandırması hüquqi baxımdan düzgün deyildir və müqavilə münasibətlərinin mahiyyətinə uyğun gəlmir. Müqavilədə müqavilə üzrə məsuliyyət mexanizmini müəyyən edən birbaşa hüquqi əsas mövcuddur və həmin mexanizmin tətbiqi üçün əlavə şərt və ya prosedur kimi hər hansı pretenziya verilməsi müqavilədə nəzərdə tutulmamışdır. Məhkəmənin gəldiyi nəticə isə faktiki olaraq müqavilədə mövcud olmayan əlavə bir şərtin tətbiq edilməsi deməkdir. Yəni, məhkəmə müqavilədə nəzərdə tutulmayan “pretenziya verilməsi” tələbini irəli sürərək cərimə mexanizminin tətbiqini əsassız şəkildə məhdudlaşdırmışdır. Halbuki aydındır ki, tərəflər bağladıqları müqavilənin şərtləri ilə bağlıdırlar və həmin şərtlər məhkəmə tərəfindən dəyişdirilə və ya əlavə şərtlərlə genişləndirilə bilməz. Müqavilədə cərimə mexanizminin tətbiqi üçün ayrıca pretenziya proseduru nəzərdə tutulmadığı halda, məhkəmənin belə bir tələbi irəli sürməsi müqavilə azadlığı prinsipinə ziddir. Digər tərəfənbirinci instansiya məhkəməsi qətnaməsində cavabdehin ilkin olaraq ## ######## 2022-ci il tarixli **/**** nömrəli razılaşmaya əsasən müəyyən məbləğdə borcu qəbul etməsini və həmin məbləğdən müəyyən ödənişlər etməsini əsas gətirərək sonradan borcun məbləğinin yenidən hesablanmasının tələb edilməsini estoppel prinsipi ilə ziddiyyətli hesab etmişdir. Məhkəmə bu mövqeyini əsaslandırarkən estoppel prinsipinin mahiyyətinə istinad etmiş və tərəfin əvvəlki davranışı ilə qəbul etdiyi hallara sonradan istinad edə bilməyəcəyini qeyd etmişdir. Lakin məhkəmənin bu hüquqi mövqeyi işin faktiki hallarına və tərəflər arasında mövcud olan kommersiya münasibətlərinin mahiyyətinə uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən müəyyən məbləğlərin ödənilməsi həmin məbləğin və ya iddiaçı tərəfindən irəli sürülən bütün borc məbləğinin tam və qəti şəkildə qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Kommersiya dövriyyəsində tərəflər arasında uzunmüddətli və çoxsaylı əməliyyatlar mövcud olduqda hesablaşmalar mərhələli qaydada həyata keçirilir və tərəflər qarşılıqlı ödənişlər etməklə yanaşı yekun hesablaşmalar üzrə mövqelərini sonradan dəqiqləşdirə bilirlər. Bu səbəbdən müəyyən ödənişlərin edilməsi tərəfin sonradan hesablaşmaların düzgün aparılmasını tələb etmək hüququnu aradan qaldırmır. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilə münasibətləri çərçivəsində malların müxtəlif tarixlərdə təqdim edilməsi və ödənişlərin də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu münasibətlər çərçivəsində aparılmış ödənişlər yalnız konkret vaxtda mövcud olan hesablaşma vəziyyətini əks etdirə bilər və həmin ödənişlərin edilməsi tərəfin bütün gələcək iddialardan və ya etirazlardan imtina etməsi kimi şərh edilə bilməz. Əks yanaşma kommersiya dövriyyəsinin normal qaydalarına zidd olmaqla yanaşı tərəfin müdafiə hüququnun əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnərdi. Estoppel prinsipi yalnız o hallarda tətbiq oluna bilər ki, tərəf öz davranışı ilə müəyyən hüquqi vəziyyəti açıq və birmənalı şəkildə qəbul etmiş olsun və digər tərəf də həmin davranışa etibar edərək hüquqi vəziyyətini dəyişsin. Mövcud iş üzrə isə cavabdeh tərəfindən aparılmış ödənişlər iddiaçı tərəfindən irəli sürülən bütün borc məbləğinin qəti və mübahisəsiz şəkildə qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Bu ödənişlər tərəflər arasında davam edən müqavilə münasibətləri çərçivəsində aparılmış qarşılıqlı hesablaşmaların tərkib hissəsidir və cavabdehin yekun hesablaşmaların düzgün aparılmasını tələb etmək hüququnu istisna etmir. Beləliklə, cavabdeh tərəfindən müəyyən ödənişlərin edilməsi faktı həmin ödənişlərdən artıq olan məbləğin də mübahisəsiz şəkildə qəbul edilməsi kimi qiymətləndirilə bilməz və bu hal cavabdehin sonradan hesablaşmaların düzgün aparılmasını tələb etmək hüququnu məhdudlaşdırmır. Buna görə də məhkəmənin estoppel prinsipinə istinad etməklə iddianı əsaslı hesab etməsi hüquqauyğun deyildir. Eyni zamanda birinci instansiya məhkəməsi qətnamədə iddiaçı tərəfindən tələb edilmiş gecikdirilmiş ödənişlərə görə hesablanmış faiz borcu məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə görə tətbiq olunan və kreditorun pozulmuş hüquqlarını bərpa etmək məqsədi daşıyan bərpaedici xarakterli sanksiyadır. Məhkəmə bu arqumentə əsaslanaraq cavabdehdən illik 5 faiz uçot dərəcəsi ilə hesablanmış faiz məbləğinin tutulmasını əsaslı hesab etmişdir. Məhkəmənin bu qənaətini də qanuni və əsaslı hesab etmir. Belə ki, faizlərin tətbiq edilməsi üçün əsas şərtlərdən biri borclunun pul vəsaitindən əsassız istifadə etməsidir. Mövcud halda isə tərəflər arasında aparılmış hesablaşmalar müqavilə münasibətlərinin davam etdiyi dövr ərzində mərhələli şəkildə həyata keçirilmişdir və cavabdeh tərəfindən müəyyən məbləğlərin ödənilməsi də bu münasibətlərin davamlı xarakter daşıdığını göstərir. Bu baxımdan tərəflər arasında yekun hesablaşmaların düzgün aparılması məsələsi tam həll edilmədən cavabdehin guya iddiaçıya məxsus pul vəsaitindən istifadə etməsi barədə nəticəyə gəlmək hüquqi baxımdan düzgün deyildir. Digər tərəfdən iş üzrə birinci instansiya məhkəməsində aparılmış icraat zamanı bir sıra ciddi prosessual pozuntulara yol verilmişdir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad ## ###### 2025-ci il tarixində qəbul edilməsinə baxmayaraq, həmin qərardad elektron məhkəmə sisteminə yalnız ## ###### 2025-ci il tarixində yerləşdirilmişdir. Beləliklə qərardad qanunvericilikdə nəzərdə tutulmuş 5 günlük müddətdə deyil, təxminən 22 gün gecikmə ilə tərəflərə təqdim edilmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 266.1-ci maddəsinin tələblərinin pozulması deməkdir. Bundan əlavə, qərardadda icraatın dayandırılması hissəsindən şikayət vermək üçün qanunvericiliklə 10 günlük müddət nəzərdə tutulmasına baxmayaraq, məhkəmə həmin müddətin tamamlanmasını gözləmədən iş materiallarını ## ###### 2025-ci il tarixində ekspertiza qurumuna göndərmişdir. Digər tərəfdən cavabdeh tərəfindən ekspert rəyinin ziddiyyətli və natamam olması ilə bağlı təkrar ekspertiza təyin olunması barədə vəsatət təqdim edilmişdir. İş materiallarının həcmi (4 cild, 200-dən artıq qaimə və 30 milyon manatdan artıq dövriyyə) nəzərə alınmadan və ekspert rəyinin cəmi 17 gün ərzində hazırlanmasına baxmayaraq məhkəmə həmin vəsatəti təmin etməmişdir. Bundan başqa məhkəmə ## ###### 2026-cı il tarixli iclasda işi ## ###### 2026-cı il tarixə təyin etdiyi halda, sonradan qeyri-iş günü olan ## ###### 2026-cı il tarixində iclasın vaxtını ## ###### 2026-cı il tarixinə dəyişmiş və bu barədə cavabdeh tərəfi vaxtında məlumatlandırmamışdır. Cavabdeh tərəfin müraciətindən sonra həmin iclasın təyinatı ləğv edilmişdir. Qeyd olunan hallar məhkəmənin prosessual davranışının şəffaflığı və qərəzsizliyi barədə ciddi şübhələr yaratdığından, bu əsaslarla cavabdeh tərəfindən birinci instansiya məhkəməsində hakimə etiraz ərizəsi də təqdim edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Odur ki, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş edirlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı iki ayrı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim olunmuş apellyasiya şikayəti əsassızdır və əsas məqsədi öhdəliyin icrasını süni şəkildə gecikdirməkdən ibarətdir. Belə ki, cavabdeh iş birinci instansiya məhkəməsinin icraatında olduğu müddətdə dövlətə təqdim edilməli olan elektron qaimələri qəsdən şəxsi kabinetinə yükləməmiş, nəticədə məhkəməyə borcun faktiki məbləğinin daha az olduğu barədə yanlış məlumat vermişdir. Eyni zamanda, borcun dəqiq müəyyənləşdirilməsi məqsədilə məhkəmə ekspertizasının təyin olunmasını xahiş etmişdir. Təyin olunmuş ekspertiza isə cavabdehin rəsmi sənədlərlə təsdiq olunan borcunun mövcudluğunu və məbləğini tam şəkildə təsdiqləmişdir. Cavabdeh öz mövqeyini əsaslandırmaq üçün yalnız malların təhvil verilməsində guya gecikmənin baş verdiyini iddia etmişdir. Lakin iş materiallarına iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimələr və təhviltəslim aktları həmin iddianın əsassız olduğunu açıq şəkildə sübut edir. Belə ki, qeyd olunan sənədlərdən hər hansı gecikmənin baş vermədiyi müəyyən edilir. Bundan əlavə, tərəflər arasında əməkdaşlıq dövründə cavabdeh tərəfindən malların gecikməsi ilə bağlı hər hansı rəsmi müraciət və ya irad daxil olmamışdır. Beləliklə, cavabdehin təqdim etdiyi apellyasiya şikayətinin formal xarakter daşıdığı, iş üzrə mövcud olan rəsmi sübutlardan yayınmaq məqsədi güddüyü və qeyri-səmimi mövqeyə əsaslandığı aydın görünür.
24. Cavabdeh vəsatətdə hər hansı rəqəm uyğunsuzluğuna əsaslanmamış, ümumi cümlələrlə ekspert rəyinin tez hazır olmasına malların guya ki, gecikdirilməsinə əsaslanmışdır. Həmin vəsatətin əsas məqsədi, işin mahiyyəti üzrə baxılmasını yubatmaqdır. İş materiallarında, cavabdehin məbləğə dair hər-hansı əsaslı etirazı müşahidə edilmir. Malların gecikdirilməsi ilə bağlı hər-hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, ümumiyyətlə tələb aşkar olduğundan və sadə toplama, çıxma nəticəsində əmələ gəldiyindən həmin hesablamanın aparılması üçün hər-hansı xüsusi biliyə malik olmağa belə ehtiyac yoxdur. Halbuki, iş peşakar ekspertlər tərəfindən aparılmışdır. Bundan əlavə, qeyd etmək istərdi ki, iş materiallarına təhvil-təslim aktları əlavə edilmişdir. Həmin təhvil-təslim aktlarına da nəzər saldıqda, hər-hansı gecikmənin olmaması müəyyən edilmişdir. Həmçinin, fəaliyyət zamanı cavabdeh tərəfindən malların gecikməsi barədə hərhansı müraciət də daxil olmamışdır. Eyni zamanda, ekspert cərimə faizini ümumiyyətlə malların təhvil verilməsindən və ya qaimələrin göndərilməsindən deyil, sonuncu ödənişdən hesablamışdır. Bu isə, öz növbəsində cavabdehlərin dəlillərinin absurdluğunu açıq şəkildə aşkara çıxarır. Beləliklə, birinci instansiya məhkəməsində bütün bu məsələlərə aydınlıq gətirilmiş və birinci instansiya məhkəməsi haqlı olaraq təkrar mühasibatlıq ekspertizasının təyin edilməsindən imtina etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
25. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
26. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
27. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. -540.2-ci maddəsinə əsasən tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.
28. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız iddia tələbinin təmin edilmiş hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı məhz həmin hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, iddiaçı “İnterkabel” Firması ilə cavabdeh “X1” MMC arasında ## ######## 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə malları (fiber-optik kabelləri və s.) cavabdehə təqdim etməklə öz öhdəliklərini lazımi qaydada icra etdiyini, cavabdehin isə təqdim edilmiş malların dəyərini tam şəkildə ödəmədiyini əsas göstərərək müqavilə üzrə ƏDV daxil 1.016.116,20 manat məbləğində borcun və borcun gecikdirilməsinə görə faizlərin tutulmasını tələb edir. Cavabdeh isə malların təqdim edilməsinin gecikdirilməsinə görə dəbbə pulu hesablamaqla həmin dəbbə pulunu iddiaçıya ödəniləcək məbləğdən çıxdığını, lakin borc məbləği müəyyən edilərkən həmin halın nəzərə alınmadığını əsas göstərərək iddiaya etiraz edir.
34. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olması, həmin münasibətlər çərçivəsində cavabdehə malların təqdim edilmiş olması işin mübahisə edilməyən hallarıdır. İşin mübahisəli halı isə mübahisəli müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin borcunun olub-olmaması və borcun məbləği ilə bağlıdır.
35. Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
36. İddia tələbinin əsaslılığı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş mallara görə cavabdehin ƏDV daxil 1.016.116,20 manat məbləğində borcunun olması faktını təsdiq etmək üçün mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən düzəlişə qaytarılmamış elektron qaimələr, tərəflərin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktları, eləcə də cavabdeh tərəfindən həmin qaimələr üzrə ödəniş edilməsini təsdiq edən bank hesabından çıxarış məlumatları və ödəniş tapşırıqlarını təqdim etmişdir.
37. Birinci instansiya məhkəməsi borcun məbləğini müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıq-ekspertizası təyin etmiş və ekspert rəyi ilə ##.##.2025-ci il tarixə, yəni iddianın verildiyi tarixə iddiaçıya olan ümumi borcunun ƏDV daxil 1.016.117,13 manat, faiz borcunun 30906,89 manat məbləğində olması, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrin məbləğinin ƏDV xaric 32.358.649,42 manat (ƏDV daxil 38.183.206,32 manat, cavabdeh tərəfindən iddiaçının bank və ƏDV sub uçot hesabına aparılmış ödənişlərin ümumilikdə 37.167.089,18 manat (ƏDV xaric isə 31.403.522,05) məbləğində olması müəyyən edilmişdir
38. Cavabdeh ekspert rəyi ilə razılaşmamasının əsası kimi həmin rəyin 17 gün müddətində verilməsinə istinad etmişdir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən ekspert rəyi ən geci bir ay müddətində təqdim edilməlidir. Həmçinin o da vurğulanmalıdır ki, ekspertin əsas vəzifəsi iş üzrə materialların tam və hərtərəfli tədqiqini aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməkdən ibarətdir. Cavabdeh isə ekspert rəyini mübahisələndirsə də, ekspertin vəzifəsini lazımi qaydada icra etməməsinə, yəni iş üzrə materialların tam və hərtərəfli tədqiqini aparılmamasına, rəyin əsaslandırılmış və obyektin olmamasına dəlalət edən konkret hala istinad etməmişdir. Bu baxımdan, ekspert rəyinin 17 gün ərzində verilməsi öz-özlüyündə onun əsaslılığını şübhə altına alınması üçün yetərli hesab edilmir.
39. Cavabdehin istinad etdiyi digər hal, ekspertin hüquqi dəyərləndirmə aparmış olması ilə bağlı olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, ekspertin rəyində Mülki Məcəllənin normasına və müqavilə şərtinə istinad etməsi onun əsas borc məbləğinə illik 5%lə apardığı (1.016.117,13 x 5% = 50.805,85 / 360 = 141,12 manat x 219 gün = 30.906,89 manat) hesablamaların düzgün olmamasına dəlalət etmir və həmin hesablamaların məhkəmə tərəfindən nəzərə alınmaması üçün əsas vermir.
40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək alqı-satqı müqaviləsi üzrə cavabdehdən tutulmalı olan borcun həmin rəyə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
41. Məhkəmə tərəfindən borc məbləğinin yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında müəyyən edilməsi barədə irəli sürülən dəlillərə münasibətdə məhkəmə tərkibi göstərir ki, birincisi, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə borc hesablanarkən bəzi ödənişlərin nəzərə alınmaması, malların bir hissəsinin geri qaytarılması və s. kimi borcun məbləğinə təsir edə biləcək hallara dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, işə baxan məhkəmə işin obyektiv şəkildə araşdırılması üçün mühasibatlıq ekspertizası təyin etmişdir ki, bu da məhkəmənin hərtərəfli araşdırma aparmadığına dair iddiaların əsassız olduğunu göstərir.
42. Müəyyən məbləğdə ödənişlərin həyata keçirilməsinin iddiaçı tərəfindən hazırda ödənilməsi tələb edilən bütün borc məbləğinin cavabdeh tərəfindən qəbul edilməsi kimi qiymətləndirilməli olmaması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh tərəfindən əvvəlki partiya mallara görə ödənişlərin həyata keçirilməsi faktı qalıq borcun cavabdeh tərəfindən qəbul edilməsi kimi deyil, tərəflər arasında mübahisəli alqı-satqı müqaviləsi üzrə malların təhvil-təsliminin rəsmiləşdirilməsi və ödənişlərin aparılması ilə bağlı formalaşmış işgüzar praktikanın mövcudluğuna dəlalət edən hal kimi dəyərləndirilir.
43. İddiaçı tərəfindən malların təqdim edilməsinin gecikdirilməsi, bununla bağlı müqavilə şərtlərinə əsasən dəbbə pulu hesablaması və həmin dəbbə pulu məbləğini alqı-satqı müqaviləsi üzrə borcdan çıxması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya birinci instansiya məhkəməsi ilə razılaşır ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirilməsi ilə bağlı hər hansı irad, etiraz bildirilməsi, gecikdirməyə görə dəbbə pulu hesablaması və həmin dəbbə pulunu borcdan çıxması ilə bağlı (tələblərin əvəzləşdirilməsi) məlumat verilməsi və ya tərəflər arasında tələblərin əvəzləşdirilməsi ilə bağlı razılaşmanın mövcud olması iş materialları öz təsdiqini tapmır. Bundan əlavə o da vurğulanmalıdır ki, mübahisəli müqavilədə tərəfin hesabladığı dəbbə pulunun birtərəfli qaydada borc məbləğindən çıxılması imkanını nəzərdə tutan şərt də yer almamışdır. Odur ki, həmin dəlillər əsassız hesab edilir.
44. İddianın faiz borcunun tutulması hissəsinə gəldikdə kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
45. Kollegiya qeyd edir ki, hazırkı halda cavabdehin müqavilə üzrə alqı-satqı müqaviləsinin dəyərini ödəmək öhdəliyinin icrasını gecikdirməsinin iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq kollegiya birinci isntansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən həmin öhdəliklərin gecikdirilməsinə görə faizlərin ödənilməsini tələb etmək hüququna malikdir.
46. Cavabdehin iddiaçıya məxsus pul vəsaitindən istifadə etməməsi, belə olan halda isə faizlərin hesablanması üçün əsas olmaması barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulan faizlərdən fərqli olaraq həmin 445.7-ci maddəsinə əsasən faizlərin tətbiqi imkanı borclu şəxsin ödənilməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə şərtləndirilmir.
47. Cavabdehdən tutulmalı olan faizlərin məbləğinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi faizləri ekspert rəyi əsasında müəyyənləşdirməklə haqlı olmuşdur.
48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov