Məhkəmə qərarları › İş №e-2-2(3-6)-428/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-428/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-428/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Anonim Şirkətinə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1, cavabdeh “xxxx” Anonim Şirkətinin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Anonim Şirkətinə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. “xxxx” MMC (satıcı) ilə “xxxx” Anonim Şirkəti (alıcı) arasında bağlanmış ##.##.2020ci il tarixli, 048/20 kontraktdan görünür ki, satıcı, hazırki Kontraktın ayrılmaz hissəsi olan qoşmalarda göstərilən (malın markası – Ne-30 (Nm/50/1), malın kodu – MN XIF: 520513000, malın miqdarı 291.20216 ton (netto çəki) +/-1%, qiyməti 2100 ABŞ dolları/ton) keyfiyyətdə və miqdarda Azərbaycan mənşəli pambıq ipliyi göndərməyi, alıcı isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin kontraktın: 8-ci bəndinə əsasən, əgər tərəflər razılığa gələ bilməzlərsə, ona mübahisə və fikir ayrılıqlarına işin aparılması qaydalarına əsasən Azərbaycan Respublikasının Inzibati-Iqtisadi Məhkəmələri baxmalıdırlar. 9-cu bəndinə əsasən, tərəflər kontrakt üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirmədikdə hər gün üçün yerinə yetirilməmiş öhdəliklərin miqdarının 0,5% həcmində cərimə ödəməlidir.

2. “xxxx” MMC (satıcı) ilə “xxxx” Anonim Şirkəti (alıcı) arasında bağlanmış ##.##.2020ci il tarixli, 048/20 kontrakta, ##.##.2020-ci il tarixli * nömrəli qoşmaya əsasən, ödəniş tam olaraq aparıldığı təqdirdə göndərilmə müddəti ##.##.2020-ci ilədək müəyyən edilmiş, eləcə də spesifikasiya göndərilən malı ümumi məbləği 611524,54 ABŞ dolları müəyyən edilmişdir.

3. “xxxx” MMC (satıcı) ilə “xxxx” Anonim Şirkəti (alıcı) arasında bağlanmış ##.##.2024cü il tarixli, 053/24 kontraktdan görünür ki, satıcı, hazırki Kontraktın ayrılmaz hissəsi olan qoşmalarda göstərilən (malın adı – Azərbaycan mənşəli pambıq mahlıcı, ümumi miqdarı 1502,2133 Tn +/-2%, qiyməti 2403541,28 ABŞ dolları) keyfiyyətdə və miqdarda Azərbaycan mənşəli pambıq ipliyi göndərməyi, alıcı isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin kontraktın: 8-ci bəndinə əsasən, hazırki kontraktdan irəli gələn, mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə aradan qaldırılır, razılıq əldə edilmədiyi hallarda, mübahisələrə Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrində baxılacaqdır. 9-cu bəndinə əsasən, tərəflər kontrakt üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirmədikdə hər gün üçün yerinə yetirilməmiş öhdəliklərin miqdarının 1% həcmində cərimə ödəməlidir.

4. “xxxx” MMC (satıcı) ilə “xxxx” Anonim Şirkəti (alıcı) arasında bağlanmış ##.##.2024cü il tarixli, 053/24 kontrakta, ##/##.2024-cü il tarixli * nömrəli qoşmaya əsasən, malın ümumi məbləği 2403541,28 ABŞ dolları müəyyən edilmişdir.

5. “xxxx” MMC (satıcı) ilə “xxxx” Anonim Şirkəti (alıcı) arasında bağlanmış ##.##.2024cü il tarixli, 054/24 kontraktdan görünür ki, satıcı, hazırki Kontraktın ayrılmaz hissəsi olan qoşmalarda göstərilən (malın adı – OE pambq daraq tullantıları, malın kodu: MN XIF:520299000018, miqdarı 400 ton, (netto çəki)+/-1%) qiyməti 530 ABŞ dolları/ton, (malın adı – pambıq daraq tullantıları, malın kodu – MN XIF: 520299000018, malın miqdarı 300 ton (netto çəki) +/- 1%, qiyməti 630 ABŞ doolları/ton) və (malın adı – RCD prokofili tullantıları, malın kodu MN XIF: 520299000018, miqdarı: 400 ton (netto çəki) +1/-1% 730 ABŞ dolları/ton) keyfiyyətdə və miqdarda Azərbaycan mənşəli pambıq ipliyi göndərməyi, alıcı isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin kontraktın: 8-ci bəndinə əsasən, hazırki kontraktdan irəli gələn, mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə aradan qaldırılır, razılıq əldə edilmədiyi hallarda, mübahisələrə Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrində baxılacaqdır. 9-cu bəndinə əsasən, tərəflər kontrakt üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirmədikdə hər gün üçün yerinə yetirilməmiş öhdəliklərin miqdarının 1% həcmində cərimə ödəməlidir.

6. “xxxx” MMC (satıcı) ilə “xxxx” Anonim Şirkəti (alıcı) arasında bağlanmış ##.##.2024cü il tarixli, 054/24 kontrakta, ##.##.2024-cü il tarixli * nömrəli qoşmaya əsasən, ödənişin müddəti ##.##.2024-cü ilədək müəyyən edilmiş, eləcə də qoşma üzrə malların ümumi məbləği 693000,00 ABŞ dolları müəyyən edilmişdir.

7. “X2” QSC-yə məxsus 17 ədəd ödəniş tapşırıqlarından görünür ki, “xxxx” Anonim Şirkəti tərəfindən “xxxx” MMC-nin hesabına ##.##.2024-cü il tarixli, 053/24 kontrakt üzrə (14 ədəd qəbzə əsasən) 1.585.349,28 ABŞ dolları dolları, ##.##.2024-cü il tarixli, 054/24 kontrakt üzrə (4 ədəd qəbzə əsasən) isə 364.650,72 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir.

8. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, “xxxx” MMC-nin adı ##.##.2025-ci il tarixdən dəyişdirilərək “xxxx” MMC adlandırılmışdır.

9. İddiaçı MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” Anonim Şirkətinin ##.##.2020-ci il tarixli, 048/20 kontrakt üzrə - 83,07 ABŞ dolları əsas borc – 568,20 ABŞ dolları cərimə borcu, ##.##.2024-cü il tarixli, 053/24 kontrakt üzrə - 2558,24 ABŞ dolları əsas borc – 4042,02 ABŞ dolları cərimə borcu və ##.##.2024-cü il tarixli, ***/** nömrəli kontrakt üzrə isə 305418,77 ABŞ dolları olmaqla, ümumilikdə 312670,30 ABŞ dolları məbləğində borcu vardır.

10. ##.##.2025-ci il tarixli pretenziyaya əsasən, İddiaçı MMC “xxxx” Anonim Şirkəti arasında bağlanmış kontraktlar və müvafiq qoşmalar üzrə sonuncunun ümumilikdə 308.060,08 dollar məbləğində borcu olduğunu bildirmiş və 3 iş gün ərzində borcun geri ödənilməsi tələb etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. Iddiaçı İddiaçı MMC cavabdeh “xxxx” Anonim Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ***/** saylı, ##.##.2020-ci il tarixli kontrakt üzrə cəmi 651,27 ABŞ dolları, ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt üzrə cəmi 6 600,26 ABŞ dolları, ***/** saylı, ##.##.2024- cü il tarixli kontrakt üzrə isə cəmi 305 418,77 ABŞ dolları olmaqla, ümumilikdə 312 670,30 (üç yüz on iki min altı yüz yetmiş ABŞ dolları otuz sent) ABŞ dolları məbləğində pul vəsaitinin, o cümlədən iddiaçı tərəfindən ödənilmiş 821,54 (səkkiz yüz iyirmi bir manat əlli dörd qəpik) AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ***/** saylı, ##.##.2020-ci il tarixli pambıq ipliyinin alqı-satqısına dair kontrakta əsasən, cavabdehə ümumilikdə 611 524,54 ABŞ dolları məbləğində müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə 291,2 ton mal göndərilmişdir. Belə ki, tərəflər arasında mövcud olmuş kontraktın ayrılmaz hissəsini təşkil edən ##.##.2020-ci il tarixli * nömrəli qoşmasına əsasən, ödəniş hər partiya üzrə proforma-invoys verildiyi tarixdən 3 (üç) bank günü ərzində 100% əvvəlcədən köçürmə yolu ilə iddiaçının bank hesabına ödənilməli idi. Lakin, cavabdeh tərəfindən kontraktın şərtlərinə əməl olunmaması nəticəsində iddiaçıya 83,07 ABŞ dolları məbləğində əsas borcu yaranmışdır. Həmin kontraktın 9-cu bəndinə görə tərəflər kontrakt üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirmədikdə hər gün üçün yerinə yetirilməmiş öhdəliklərin miqdarının 0,5% həcmində cərimə ödənilməsini şərtləşdirmişdirlər. Nəticədə sözügedən kontrakt üzrə öhdəliyin vaxtlı-vaxtında yerinə yetirilməməsilə bağlı cavabdehin iddiaçıya 568,20 ABŞ dolları məbləğində cərimə borcu da yaranmışdır. Beləliklə, ***/** saylı, ##.##.2020-ci il tarixli kontrakt üzrə cavabdehin iddiaçıya ümumilikdə 651,27 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanmış ***/** saylı, ##.##.2024-cü il tarixli pambıq mahlıcının alqı-satqısına dair kontrakta əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2 403 541,28 ABŞ dolları məbləğində kontraktda nəzərdə tutulmuş keyfiyyətdə 1502,21 ton pambıq mahlıcı göndərilmişdir. Həmin kontraktın ayrılmaz hissəsini təşkil edən ##.##.2024-cü il tarixli, Qoşma № *-in müddəalarına əsasən, kontrakt üzrə ödəniş cavabdehin bankı tərəfindən verilən zəmanət məktubu əsasında mal, cavabdehə təhvil verildiyi tarixdən etibarən 30 təqvim günü ərzində ödənilməsini təmin etməli idi. Lakin, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində 2 558,24 ABŞ dolları məbləğində iddiaçıya əsas borcu yaranmışdır. Həmçinin, mövcud kontraktın 9-cu bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, hər gün üçün yerinə yetirilməmiş öhdəliklərin miqdarının 1 % həcmində cərimə ödəməlidirlər. Nəticədə sözügedən kontrakt üzrə öhdəliyin vaxtlı-vaxtında yerinə yetirilməməsilə bağlı cavabdehin iddiaçıya 4 042,02 ABŞ dolları məbləğində cərimə borcu da yaranmışdır. Beləliklə, ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt üzrə cavabdehin iddiaçıya ümumilikdə 6 600,26 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında bağlanmış ***/** saylı, ##.##.2024-cü il tarixli malın alqısatqısına dair kontrakta əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 693 000 (altı yüz doxsan üç min) ABŞ dolları məbləğində 1 100 ton çəkidə mal göndərilmişdir. Həmin kontraktın ayrılmaz tərkib hissəsi olan ##.##.2024-cü il tarixli Qoşma №*-ə uyğun olaraq hazırki kontrakt üzrə ödəniş cavabdehin bankı tərəfindən verilən zəmanət məktubu əsasında mal, cavabdehə təhvil verildiyi tarixdən etibarən 45 təqvim günü ərzində həyata keçirilməli idi. Nəticədə cavabdeh tərəfindən kontrakt üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçıya 305 418,77 ABŞ dolları məbləğində əsas borcu yaranmışdır. Əlavə olaraq bildirilmişdir ki, yuxarıda sadalanmış bütün kontraktların 8-ci bəndlərinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisələrə və fikir ayrılıqlarına Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, aidiyyatı üzrə Azərbaycan Respublikasının məhkəməsində baxılması nəzərdə tutulmuşdur. Beləliklə, cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliklərin icra edilməməsinə görə qüvvədə olan mülki qanunvericiliyin tələbləri pozulmuşdur.

13. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz göndərərək göstərmişdir ki, iddiaçı İddiaçı MMC “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” şirkətindən onun xeyrinə ##.##.2020ci il tarixli ***/** saylı müqavilə üzrə 651,27 ABŞ dolları, ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə 6600,26 ABŞ dolları, ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə 305.418,77 ABŞ dolları olmaqla, ümumilikdə 312.670,30 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” şirkəti olaraq iddia tələbinə dair aşağıdakıları bildirir. ##.##.2020-ci il tarixli ***/** saylı müqavilə üzrə cəmi 651,27 ABŞ dolları borcun tutulması hissəsində - qeyd edir ki, göstərilən məbləğdən borcun 83,07 ABŞ dolları həmin müqavilə üzrə əsas borc kimi, qalan 568,20 ABŞ dolları isə əsas borca cərimə faizi olaraq hesablanmışdır. Ilk olaraq qeyd edir ki, 83,07 ABŞ dolları əsas borca görə hesablanan 568,20 ABŞ dolları cərimə faizi həddən artıq yüksək məbləğdə, əsas məbləğə uyğun olmayan səviyyədə, tənasübsüz surətdə yüksək hesablanmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan, hesab edir ki, ##.##.2020-ci il tarixli ***/** saylı müqavilə üzrə 651,27 ABŞ dolları borcu (83,07 ABŞ dolları əsas borc, 568,20 ABŞ dolları cərimə faizi) tələb etmək hüququnu iddiaçı MMC ##.##.2023-cü il tarixdən etibarən itirmişdir. Bununla bağlı cavabdeh olaraq tərəflərindən ayrıca iddia müddətinin tətbiqi barədə ərizə də veriləcəkdir. ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə cəmi 6600,26 ABŞ dolları borcun tutulması hissəsində - qeyd edir ki, göstərilən məbləğdən borcun 2558,24 ABŞ dolları həmin müqavilə üzrə əsas borc kimi, qalan 4042,02 ABŞ dolları isə əsas borca cərimə faizi olaraq hesablanmışdır. Ilk olaraq qeyd edir ki, 2558,24 ABŞ dolları əsas borca görə hesablanan 4042,02 ABŞ dolları cərimə faizi də həddən artıq yüksək məbləğdə, əsas məbləğə uyğun olmayan səviyyədə, tənasübsüz surətdə yüksək hesablanmışdır. Digər tərəfdən qeyd edir ki, tərəflər arasında imzalanmış sözügedən müqavilənin 5-ci bəndində göstərilir ki, hazırki müqavilə üzrə ödəniş, alıcının bankı tərəfindən verilən zəmanət məktubu əsasında, mal alıcıya təhvil verildiyi tarixdən 30 (otuz) təqvim günü ərzində həyata keçirilir. Müqavilənin 9-cu bəndində isə göstərilir ki, müqavilə ilə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirməməkdə təqsirkar tərəf digər tərəfə hər gün üçün kontraktın yerinə yetirilməmiş öhdəliklərin miqdarının 1 % həcmində cərimə ödəməlidir. Bildirir ki, iddiaçı MMC tərəfindən ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə ümumi dəyəri 2.403.514,28 ABŞ dolları dəyərində malların cavabdeh şirkətə təhvil verilməsi prosesi gecikdirilmiş, mallar cavabdeh tərəfindən təhvil alındıqdan sonra vaxtında ödənişləri həyata keçirilmişdir. Belə olan halda, cavabdeh şirkətin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməməsi halı baş verməmişdir. Ona görə də hesab edir ki, iddiaçı MMC-nin bu müqavilə üzrə cavabdehdən 4042,02 ABŞ dolları cərimə faizi tələb etmək hüququ yoxdur. Hesab edir ki, iddiaçı MMC, 4042,02 ABŞ dolları cərimə faizinin necə hesablanması, ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə malların hansı tarixlərdə və hansı formada (birdəfəlik və ya hissə-hissə) cavabdehə təhvil verilməsi, cavabdeh şirkətin hansı tarixdən etibarən ödənişləri gecikdirməsi (əgər varsa) və tələb edilən cərimə məbləği ilə bağlı digər dəlil və sübutlarını məhkəməyə təqdim etməli, həmçinin, bu barədə sübutlar məhkəmə tərəfindən iddiaçıdan tələb edilməlidir. Bu müqavilə üzrə 2558,24 ABŞ dolları əsas borca gəldikdə, cavabdeh şirkət olaraq hesab edir ki, həmin məbləğdə borc iddiaçı MMC tərəfindən düzgün hesablanmamışdır. Qeyd edilən müqavilə üzrə cavabdeh “xxxx” şirkətinin iddiaçı MMCyə 2558,24 ABŞ dolları əsas borcunun olması mümkünsüzdür. ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə cəmi 305.418,77 ABŞ dolları borcun tutulması hissəsində - qeyd edir ki, göstərilən məbləğdə borcun hamısı həmin müqavilə üzrə əsas borc kimi hesablanmışdır. Qeyd edir ki, ##.##.2024-cü il tarixli ***/** saylı müqavilənin bağlanmasından 11 gün sonra tərəflər arasında növbəti - ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə də imzalanmışdır. Sonuncu müqavilə üzrə cavabdeh şirkət tərəfindən həyata keçirilmiş ödənişlərdə digər müqavilərdə olduğu kimi hər hansı gecikmə yaranmamış və buna görə də bu müqavilə üzrə hər hansı cərimə məbləği hesablanmamış, iddiada da tələb edilməmişdir. ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə iddiaçı MMC tərəfindən cavabdehdən hər hansı məbləğdə cərimə faizi tələb edilməməsi onu təsdiq edir ki, cavabdeh şirkət müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmiş, ödənişlərdə hər hansı gecikməyə yol verməmişdir. Bu faktın mövcudluğu analoji olaraq, cavabdeh şirkətin digər ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə də gecikməyə yol vermədiyini bir daha təsdiq etmiş olur. Bu müqavilə üzrə 305.418,77 ABŞ dolları əsas borca gəldikdə, cavabdeh şirkət olaraq bir daha hesab edir ki, həmin məbləğdə borc iddiaçı MMC tərəfindən düzgün hesablanmamışdır. Qeyd edilən müqavilə üzrə də cavabdeh “xxxx” şirkətinin iddiaçı MMC-yə 305.418,77 ABŞ dolları əsas borcunun olması mümkünsüzdür. Odur ki, Azərbaycan Respublikası MPM-in 210 və 216- ci maddələrinə əsasən cavabdeh “xxxx” şirkətindən onun xeyrinə ##.##.2020-ci il tarixli ***/** saylı müqavilə üzrə 651,27 ABŞ dolları; ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə 6600,26 ABŞ dolları; ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə 305.418,77 ABŞ dolları olmaqla, ümumilikdə 312.670,30 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbi əsassız olduğundan və sübutlar əlavə edilmədiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə göndərərək göstərmişdir ki, iddiaçı İddiaçı MMC “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” şirkətindən onun xeyrinə ##.##.2020-ci il tarixli ***/** saylı müqavilə üzrə 651,27 ABŞ dolları; ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə 6600,26 ABŞ dolları; ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə 305.418,77 ABŞ dolları olmaqla, ümumilikdə 312.670,30 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddiaçı İddiaçı MMC-nin hazırki iddia tələbinin ##.##.2020-ci il tarixli ***/** saylı müqavilə üzrə 651,27 ABŞ dolları borcun cavabdehdən tutulması hissəsində iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hesab edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan və tərəflər arasında bağlanmış müqavilədə başqa hal nəzərdə tutulmadığından, ##.##.2020-ci il tarixli ***/** saylı müqavilə üzrə 651,27 ABŞ dolları borcu (83,07 ABŞ dolları əsas borc, 568,20 ABŞ dolları cərimə faizi) cavabdehdən tələb etmək hüququnu iddiaçı İddiaçı MMC ##.##.2023-cü il tarixdən etibarən artıq itirmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddiaçı İddiaçı MMC-nin “borcun tutulması” tələbinə dair iddiasının ##.##.2020-ci il tarixli ***/** saylı müqavilə üzrə 651,27 ABŞ dolları borcun cavabdehdən tutulması hissəsində iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 iddia tələbini müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizələrini müdafiə edib, ərizələrində göstərilən dəlilləri müdafiə edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt (müqavilə) üzrə 2558,24 (iki min beş yüz əlli səkkiz dollar 24 sent) ABŞ dolları əsas borc və 127,91(yüz iyirmi yeddi dollar 91 sent) ABŞ dolları cərimə borcu, ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt (müqavilə) üzrə isə 305 418,77(üç yüz beş min dörd yüz on səkkiz dollar 77 sent) ABŞ dolları əsas borc olmaqla, ümumilikdə 308104,92(üç yüz səkkiz min yüz dörd dollar 92 sent) ABŞ dolları məbləğində (ödəniş günü məzənnə üzrə manatla) pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 598,10 (beş yüz doxsan səkkiz manat 10 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” Anonim Şirkətindən tutulub iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında ##.##.2020-ci il tarixli, 048/20, ##.##.2024-cü il tarixli, ***/** saylı və ##.##.2024-cü il tarixli, ***/** saylı kontraktlar bağlanmış və həmin kontraktlara uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan malları (pambıq ipliyi) cavabdehə təhvil vermiş, lakin cavabdeh ona təhvil verilmiş mallar üzrə ödənişlərin bir qismini etsə də, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.  Məhkəmə ilk olaraq iddia tələbinin ##.##.2020-ci il tarixli, ***/** saylı müqavilə üzrə 651,27 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması hissəsi bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.  Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.  Hazırki işdən görünür ki, Satıcı “xxxx” MMC ilə “xxxx” Anonim Şirkəti arasında bağlanmış ##.##.2020-ci il tarixli, 048/20 kontrakt müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmişdir. Belə ki, müqavilənin * saylı qoşmasında ödənişin invoys verildiyi tarixdən 3 bank günü ərzində 100 % əvvəlcədən aparılmalı olduğu göstərilmişdir. Həmin qoşmadan həmçinin belə başa düşülür ki, tərəflər ödənişin tam olaraq aparıldığı təqdirdə malların ##.##.2020-ci il tarixədək göndərilməli olması barədə razılığa gəlmişlər.  Malların cavabdehə təhvil verilmiş olduğuna dair tərəflər arasında mübahisə mövcud deyildir. Bu o deməkdir ki, iddiaçının həmin malların dəyərinin ödənilməsini cavabdehdən tələb etmək haqqı hələ malları təhvil verməmişdən qabaq yaranmışdır. Bununla belə o (iddiaçı), bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh isə hazırki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.  Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi ##.##.2020-ci il tarixli, ***/** saylı müqavilə üzrə 651,27 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilə bilməz.  Məhkəmə iddia tələbinin ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt üzrə 6600,26 ABŞ dolları və ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt üzrə 305 418,77 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə, yuxarıda qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi həmin hissələrdə qismən təmin edilməli və cavabdeh “xxxx” Anonim Şirkətidən ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt üzrə 2558,24 ABŞ dolları əsas borc və ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt üzrə 305 418,77 ABŞ dolları məbləği olmaqla, ümumilikdə 307977,01 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi həmin qalan hissədə təmin edilməməlidir.  Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə tərəflər arasındakı müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı kontrakt (müqavilə) üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 4042,02 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.  Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu hissəsində iddia tələbi qismən təmin edilərək, 127,91 (tələb edilən əsas (2558,24) borcun 5% həddində) ABŞ dolları məbləğində müəyyən edilməlidir.  Məhkəmə cavabdehin borcun düzgün hesablanmaması barədə etirazına münasibətdə qeyd edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi həmin faktiki hallara dair hər hansı sübutu təqdim etmədiyindən onun həmin dəlili əsaslı hesab oluna bilməz və onun geniş araşdırılmasına lüzum yoxdur.  Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt (müqavilə) üzrə 2558,24 ABŞ dolları əsas borc və 127,91 ABŞ dolları cərimə borcu, ***/** saylı, ##.##.2024-cü il tarixli kontrakt (müqavilə) üzrə isə 305 418,77 ABŞ dolları olmaqla, ümumilikdə 308104,92 ABŞ dolları məbləğində (ödəniş günü məzənnə üzrə manatla) pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372.1, 373.2, 375.2, 377.2, 380.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 567-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında 1992-ci il # ###### tarixli Müqavilənin 17, 18-ci bəndlərinə istinad etmişdir.

20. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun əsaslandırmış və şikayətində qeyd etmişdir ki, əsas borc düzgün hesablanmamış, iddiaçının tələb etdiyi müqavilələr üzrə borc məbləğlərinə dair xüsusatlar xüsusi bilik tələb olunan sahənin predmetini təşkil etdiyindən və borc məbləğlərinə dair tərəflər arasında kəskin fikir ayrılığı olduğundan, ekspertiza keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilmiş, lakin məhkəmə bu halların aradan qaldırılması üçün mühasibatlıq ekspertizası təyin etməmişdir. Eyni zamanda ##.##.2024-cü il tarixli müqavilə üzrə mal gec təhvil verildiyi üçün ödəniş gecikmiş, bu səbəbdən cərimə tutulmamalı idi.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

22. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

23. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

31. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

34. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

46. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

48. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

49. Iddiaçı, cavabdehlə arasında alqı-satqı müqavilələri bağlandığını və bu müqavilə üzrə cavabdehə mal göndərdiyini, lakin cavabdehin malın dəyərinin bir qismini ödəsə də, qalıq borcu qaldığını irəli sürür; cavabdeh şirkət isə müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirdiyini və ödənişlərdə hər hansı gecikməyə yol vermədiyini bildirmişdir.

50. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

51. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

52. Kollegiya qeyd edir ki, sübutetmə yükünün bölüşdürülməsinə əsasən, malların təhvil verilməsi halını satıcı (hazırki halda iddiaçı), həmin mallarının dəyərinin ödənilməsini isə alıcı (hazırki halda cavabdeh) sübut etməlidir.

53. Işin faktiki hallarından müəyyən olunur ki, ##.##.2024-cü il tarixli, ***/** saylı və ##.##.2024-cü il tarixli, ***/** saylı kontraktlar bağlanmış, ***/** saylı müqavilə üzrə malların ümumi dəyəri 2.403.541,28 ABŞ dolları; ***/** saylı müqavilə üzrə malların ümumi dəyəri 693000,00 ABŞ dolları təşkil etmişdir.

54. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh tərəfindən malların təhvil verilməməsi halı ümumiyyətlə mübahisələndirilməmişdir. Əksinə, cavabdeh mübahisə predmeti olan müqavilələrə istinad etməklə müəyyən ödənişlər həyata keçirmişdir. Bu hal cavabdehin müqavilə münasibətlərini və malların təhvil alınmasını faktiki olaraq qəbul etdiyini göstərir.

55. Belə olan halda, malların təhvil verilməsi hazırkı iş üzrə mübahisəsiz hal hesab edilir və cavabdehin yalnız borcun məbləğinin düzgün hesablanmaması barədə ümumi xarakterli etirazları özlüyündə iddianın rədd edilməsi üçün əsas ola bilməz.

56. Belə ki, “X2” QSC-yə məxsus 17 ədəd ödəniş tapşırıqlarından görünür ki, “xxxx” Anonim Şirkəti tərəfindən “xxxx” MMC-nin hesabına ##.##.2024-cü il tarixli, 053/24 kontrakt üzrə (14 ədəd qəbzə əsasən) 1.585.349,28 ABŞ dolları dolları, ##.##.2024-cü il tarixli, 054/24 kontrakt üzrə (4 ədəd qəbzə əsasən) isə 364.650,72 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir.

57. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən bundan artıq məbləğdə ödənişlərin həyata keçirilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

58. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarı)

59. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında mövcud sübutlar əsasında müəyyən edilmiş borc məbləğini, iddia tələbindən kənara çıxmadan tutmaqda haqlı olmuşdur.

60. Cavabdeh isə borcun düzgün hesablanmadığını ümumi şəkildə göstərsə də, əlavə ödənişlərini təsdiq edən ilkin maliyyə sənədlərini və ödəniş tapşırıqlarını təqdim etmədiyindən ekspertiza tərəfindən hər hansı bir əlavə araşdırma aparılması və ya ödənişlərin yoxlanılması mümkün deyildir.

61. Həmçinin cavabdehin ##.##.2024-cü il tarixli müqavilə üzrə malın gec təhvil verilməsi səbəbindən ödənişin gecikdirildiyi və bu səbəbdən cərimənin tutulmalı olmaması barədə dəlili də iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdeh tərəfindən malın müqavilə şərtlərinin pozulması ilə təhvil verildiyini təsdiq edən sübutlar təqdim edilməmiş, birinci instansiya məhkəməsi isə həmin müqavilə üzrə hesablanmış cərimə məbləğini əsas borca mütənasiblik prinsipi nəzərə alınmaqla azaldaraq 127,91 ABŞ dolları məbləğində müəyyən etmişdir.

62. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığını təsdiq etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

63. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “xxxx” Anonim Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar