Məhkəmə qərarları › İş №e-2-2(3-6)-438/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-438/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-438/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: öhdəliyin icra olunmaması, müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması, lizinq obyekti üzərində yüklülüyün ləğvi, müqavilənin etibarlılığı, hüquqdan suiistifadə, estoppel prinsipi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2, cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil İlham oğlunun iştirakı ilə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğvi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında ##.##.2024-cü il tarixdə D*** nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, lizinq verən satıcıdan əldə edəcəyi, ünvan 1 ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M5, m2) yerləşən daşınmaz əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 5.3-cü bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyənləşdirilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə lizinqverənə vurmuş olduğu bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir.

3. Müqavilənin 5.5-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0,1 faizi həcmində cərimə ödəməlidir.

4. Müqavilənin 5.7-ci bəndinə əsasən, zərərin və cərimənin ödənilməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Lizinq alanın təqsiri üzündən müqavilə ləğv edildikdə, zərərin və ya cərimənin məbləğindən, onların ödənilib-ödənilməməsindən asılı olmayaraq, onun əvvəllər ödədiyi məbləğ qaytarılmır və lizinq verənin xeyrinə silinir.

5. Müqavilənin 6.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

6. Müqavilənin 7.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq ödənişləri ödəniş müddətləri üzrə ardıcıl olaraq 2 dəfədən artıq ödənilməzsə, bu hal daxili maliyyə lizinqi müqaviləsinin İddiaçı MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinin lizinq alandan geri alınması, lizinq obyektindən istifadə müddəti üçün yaranmış maliyyə öhdəliyinin tələb edilməsi ilə nəticələnəkdir.

7. Müqavilənin 7.1.3-cü bəndinə əsasən, lizinq alıcısı tərəfindən mübahisə anınadək aparılmış avans və aylıq lizinq ödənişlər geri qaytarılmır.

8. Müqavilə notarial qaydada bağlanmış, tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli D*** saylı daxili maliyyə lizinqi müqaviləsinə * saylı Əlavə olan ödəniş cədvəlinə əsasən, Cavabdeh tərəfindən müqavilə üzrə ##.##.2026-cı il tarixə qədər 219 000 ABŞ dolları əsas, 67 647 ABŞ dolları lizinq mükafatı olmaqla, ümumilikdə 286 647 ABŞ dolları məbləğində vəsait İddiaçı MMC-yə ödənilməlidir.

10. Həmin Əlavə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli D*** saylı daxili maliyyə lizinqi müqaviləsinə * saylı Əlavə olan təhvil-təslim aktına əsasən lizinq verən ünvan 2 ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M5, m2) yerləşən daşınmaz əmlakı ##.##.2024-cü il tarixində lizinq alana təhvil vermiş, lizinq alan isə təhvil almışdır. Aktın 2-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə lizinq obyektinin qiyməti 425 000 manat təşkil edir.

12. Vəkil İlham oğlu (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında ##.##.2024-cü il tarixdə ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” imzalanmışdır.

13. Həmin müqavilənin 1-ci bəndində göstərilmişdir ki, “...Satıcı yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M5, m2 ünvanında yerləşən, ümumi sahəsi 179.4 kv.m olan mənzili alıcının mülkiyyətinə verir. Alıcı həmin əmlakı Cavabdeh lizinqə vermək üçün alır. Alıcı mənzili lizinq alana D*** saylı ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 24 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə edir. Daxili maliyyə lizinqi müqaviləsi üzrə 24 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə edir. Daxili maliyyə lizinqi üzrə lizinq alan Cavabdeh (Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 23/25, mənzil 92) müqavilədən irəli gələn tələbləri birbaşa əmlakın satıcısına irəli sürə bilər. Bu halda lizinq alan alıcı hüquqlarına sahibdir. Lakin lizinq alan alıcının razılığı olmadan satıcı ilə müqaviləni ləğv edə bilməz”.

14. Müqavilənin 4-cü bəndinə əsasən, satıcı daşınmaz əmlakı 425 000 manat qiymətinə satır, alıcı isə həmin qiymətə alır.

15. Cavabdeh İddiaçı MMC-nin direktoruna ünvanladığı ##.##.2024-cü il tarixli ərizədə qeyd etmişdir ki, “ünvan 2 (yeni qaydalarla: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M5, m2 ünvanında olan daşınmaz əmlakı almaq niyyəti vardır və bunun üçün 425 000 manata satıcı ilə razılaşmışdır. Alqı-satqı ilə əlaqədar 372 300 manat vəsaitə ehtiyacı vardır və həmin vəsaitin lizinq şərtləri ilə İddiaçı MMC tərəfindən maliyyələşdirilməsi xahiş edir”.

16. AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, giriş 62, M5, m2 ünvanında yerləşən mənzil ##.##.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.

17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı MMC-yə məxsus yeni qaydalarla AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, giriş 62, M5, m2 ünvanında yerləşən mənzil Cavabdeh xeyrinə 24 ay müddətinə yüklü edilmişdir (Qeydiyyat nömrəsi: 1124146106, qeydiyyat tarixi: ##.##.2024).

18. İddiaçı MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ****/** saylı maliyyə arayışına əsasən D*** saylı daxili lizinq müqaviləsi üzrə 49 287,32 ABŞ dolları əsas (lizinq mükafatı daxil olmaqla) və 38 643,8 ABŞ dolları hesablanmış cərimə məbləği olmaqla, cəmi 87 931,12 ABŞ dolları borc mövcuddur.

19. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Vəkil İlham oğluna ünvanlanmış ##.##.2025-ci il tarixli **/*-***** nömrəli məktubda Vəkil İlham oğlunun ##.##.2021-ci il tarixindən etibarən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M5, m2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu qeyd edilmişdir.

20. “X2” Açıq Səhamdar Cəmiyyəti tərəfindən tərtib və təsdiq edilən ##.##.2024-cü il tarixli ** nömrəli kredit köçürməsi barədə qəbzin məzmunundan müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin bank hesabına 52 700 manat məbləğində avans ödənişi köçürülmüş, ödənişin təyinatı kimi ##.##.2024-cü il tarixli cari hesab razılaşması və ##.##.2024-cü il tarixli D*** saylı lizinq müqaviləsi göstərilmişdir.

21. “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli *** nömrəli nağd ödəniş üçün orderin məzmunundan müəyyən olunur ki, Vəkil İlham oğlu tərəfindən Cavabdeh bank hesabına 8490 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

22. “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli *** nömrəli nağd ödəniş üçün orderin məzmunundan müəyyən olunur ki, Vəkil İlham oğlu tərəfindən Cavabdeh bank hesabına 4500 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

23. “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli *** nömrəli nağd ödəniş üçün orderin məzmunundan müəyyən olunur ki, Vəkil İlham oğlu tərəfindən Cavabdeh bank hesabına 2350 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

24. “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli *** nömrəli nağd ödəniş üçün orderin məzmunundan müəyyən olunur ki, Vəkil İlham oğlu tərəfindən Cavabdeh bank hesabına 8500 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

25. “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli ** nömrəli nağd ödəniş üçün qəbzin məzmunundan müəyyən olunur ki, Vəkil İlham oğlu tərəfindən Cavabdeh bank hesabına 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

26. “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib və təsdiq edilmiş Cavabdeh məxsus hesabdan çıxarışa əsasən, Cavabdeh tərəfindən İddiaçı MMC-yə D*** saylı ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ##.##.2024-cü il tarixində 52 700 manat, ##.##.2024-cü il tarixində 8490 manat, ##.##.2024-cü il tarixində 4500 manat avans ödənişi, ##.##.2024-cü il tarixində 2350 manat, ##.##.2024-cü il tarixində 8500 manat lizinq ödənişi edilmişdir.

27. “xxxx” Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ****/** saylı “Daşınmaz əmlakın qiymətləndirilməsinə dair” mütəxəssis rəyinə əsasən, Vəkil İlham oğluna məxsus ünvan 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M5, m2) ünvanında yerləşən mənzilin ##.##.2025-ci il tarixinə olan dəyəri 932 800 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

28. İddiaçı MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış ##.##.2024-cü il tarixli D*** saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi (lizinq və alqı-satqı müqavilələrinin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə); * saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması; lizinq obyekti olan mənzilin (AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, giriş 62, M5, m2) boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında ##.##.2024-cü il tarixli D*** saylı daxili lizinq müqaviləsi bağlanmış, AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, giriş 62, M5, m2 ünvanında yerləşən daşınmaz əmlak, lizinq məbləği 219 000 ABŞ dolları, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 21 faiz olmaq şərtilə lizinqə verilmiş, izinq obyekti cavabdehin xeyrinə lizinqlə yüklü edilmişdir. Cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir və lizinq üzrə gecikmə və hesablanmış cərimələr mövcuddur. Lizinq alan bu günə qədər ümumilikdə 49 506 ABŞ dolları ödəniş etməli idi, lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 14 023,53 ABŞ dolları ödəniş edilmişdir. Hazırda D*** saylı daxili lizinq müqaviləsi üzrə 49 287,32 ABŞ dolları əsas (lizinq mükafatı daxil olmaqla) və 38 643,80 ABŞ dolları hesablanmış cərimə məbləği olmaqla, cəmi 87 931,12 ABŞ dolları borc mövcuddur. Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-cı bəndinə əsasən lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən isə, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0,1 faizi məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə, yazılı bildirişlər göndərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina edilmişdir. Buna görə də hesab edilir ki, lizinq müqaviləsindən irəli gələn tələblə bağlı qərar qəbul edilərkən daxili lizinq müqaviləsinin etibarlılığı məsələsinin də məhkəmə tərəfindən qiymətləndirilməsi zəruridir. Belə ki, məhkəməyə müraciət hüququndan sui-istifadə edən cavabdehlər müqavilənin etibarsızlığı ilə bağlı ayrı iddia qaldırmaq yolu ilə məhkəmə çəkişmələrinin illlərlə davam etməsinə səbəb olurlar. Bu isə banklardan aldığı kredit vəsaitlərinin hesabına lizinq fəaliyyətini həyata keçirən şirkətin böyük maliyyə itkilərinə məruz qalmasına gətirib çıxarır. Qeyd edildiyi kimi, lizinq obyekti olan mənzil cavabdehin xeyrinə yüklü edilmişdir. Odur ki, lizinq müqaviləsinin ləğvi ilə yanaşı lizinq obyektinin üzərindəki yüklülük də ləğv edilməlidir.

30. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya yazılı etiraz verilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “İddia ərzəsinə əsasən lizinq alan bugünə qədər ümumilikdə 49 506,00 ABŞ dolları ödəniş etməli idi, lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 14 023,53 ABŞ dolları ödəniş edilmişdir. Hazırda D*** saylı daxili lizinq müqaviləsi üzrə 49 287,32 ABŞ dolları əsas (lizinq mükafatı daxil olmaqla) və 38 643,80 ABŞ dolları hesablanmış cərimə məbləği olmaqla, cəmi 87 931,12 ABŞ dolları borc mövcuddur. Cavabdeh tərəfindən əldə edilmiş ödəniş qəbzlərinə əsasən onun tərəfdən sözügedən mənzil üçün ödənilmiş məbləğ 15 788,23 ABŞ dolları təşkil edir (axırıncı ödəniş ## ###### 2024-cü ildir və qəbzləri elektron məhkəmə sistemə yüklənmişdir). Cavabdeh tərəfindən faktiki ödənilən məbləğlə (15 788,23 ABŞ dolları) iddia ərizəsinə əsasən ödənilmiş məbləğ arasında (14 023,53 ABŞ dolları) kifayət qədər kəskin fərq olduğu ücün İddiaçı MMC tərəfindən borc (49 287,32 ABŞ dolları) (lizinq mükafatı daxil olmaqla) düzgün olaraq hesablanmayıbdır. İddiaçı MMC tərəfindən hesablanmış cərimə məbləği (38 643,80 ABŞ dolları) ümumiyətlə şişirdilmiş və həqiqətə uyğun olmayan məbləğdir. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim etdiyi sənədlərin arasında Cavabdeh sözügedən lizinq şirkətinə ilkin müraciət ərizəsi ##.##.2024-ci il tarixdə imzalanmışdır. Halbuki, D*** saylı lizinq müqaviləsi Cavabdehla İddiaçı MMC arasında 2 (iki) gün öncə, yəni ##.##.2024-ci il tarixdə artıq bağlanmışdır və Cavabdeh tərəfindən 340 000 manat nağd şəkildə müqavilə imzalandığı * saylı notariat ofisində İddiaçı MMC-nin nümayəndəsindən götürülmüşdür. Sual yaranir: Necə olur ki, ilkin müraciət əsas müqavilə bağlandığı gündən 2 (iki) gün sonra imzalanır? Belə bir hal əsas verir ki, Cavabdeh tərəfindən ##.##.2024-ci il tarixdə imzalanmış ərizə etibarsız hesab edilsin. Ümumiyyətlə ilkin müraciət ərizəsinin Cavabdeh tərəfindən imzalanması şübhə yaradır”.

31. İddiaçının nümayəndəsi tərəfindən cavabdehin etiraz ərizəsinə dair mülahizə verilmiş, mülahizədə aşağıdakılar göstərilmişdir: “... Etiraz ərizəsində qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən faktiki ödənilən məbləğlə (15 788,23 ABŞ dolları) iddia ərizəsinə əsasən ödənilmiş məbləğ arasında (14 023,53 ABŞ dolları) kifayət qədər kəskin fərq olduğu üçün “xxxx" MMC tərəfindən hesablanmış borc (49 287,32 ABŞ dolları) (lizinq mükafatı daxil olmaqla) düzgün olaraq hesablanmayıb. “xxxx" MMC tərəfindən hesablanmış cərimə məbləği (38 643,80 ABŞ dolları) ümumiyətlə şişirdilmiş və həqiqətə uyğun olmayan məbləğdir. Qeyd olunan nüanslar həqiqəti əks etdirmir. Belə ki, cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına cəmi 14 023,53 ABŞ dolları ödəniş edilmişdir. Cavabdehin qeyd etdiyi “kəskin fərq” isə heç biri hesabda və ya çıxarışda görünmür. Əlavə olaraq, etiraz ərizəsinə qoşma edilmiş qəbzlərdə İddiaçı MMC-nin hesabına edilmiş heç bir ödəniş görünmür. Ödəniş və köçürmələr Vəkil İlham oğlu ilə Cavabdeh arasında olmuşdur. Həmçinin ##.##.2024-cü il tarixli D*** saylı daxili lizinq müqaviləsinin 5.5-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0,1 faizi məbləğində cərimə ödəməlidir. Odur ki, iddia ərizəsində qeyd olunan cərimə məbləği gecikdirilən hər gün üçün qalıq məbləğin 0,1 faizi məbləğində hesablanmış və 38 643,80 ABŞ dolları olmuşdur. Etirazda qeyd olunmuş ##.##.2024-cü il tarixli ərizəyə əsasən isə bildirilir ki, ərizədə yazılan tarix cavabdeh Cavabdeh tərəfindən əl yazısı ilə qeyd olunmuş və texniki olaraq cavabdeh tərəfindən yanlış yazılmışdır. Bu hissədə şirkətin hər hansı bir məsuliyyəti yoxdur və bu nüans ərizənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Həmçinin əgər, İddiaçı MMC-nin hər hansı başqa məqsədi olsa idi, bu tarix 19 iyun yox, 17 iyundan daha öncəyə qeyd edilərdi. Göründüyü kimi, sadəcə olaraq cavabdeh tərəfindən texniki yanlışlığa yol verilmişdir. Cavabdeh ilə şirkət arasında bütün rəsmi əməliyyatlar ##.##.2024-cü il tarixində aparılmışdır”.

32. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etirazın məzmununa uyğun çıxış edərək rədd olunmasını məhkəmədən xahiş etmişdir.

33. Məhkəmənin ## ### 2025-ci il tarixli qərardadı ilə lizinq predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Bulbul prospekti, ev 2, mənzil 2 (Yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M5, m2) ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin edilmiş, qiymətləndirmənin aparılması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.

34. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, CVN/A **-***/** saylı mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nasimi rayonu, Bülbül prospekti, ev 2, mənzil 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M5, m2) ünvanında yerləşən daşınmaz əmlakın 2024-cü ilin iyul ayı üçün bazar dəyəri 623 000 manat, ##.##.2025-ci il tarixinə real bazar dəyəri 673 000 manat təşkil edir.

35. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli D*** saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, * saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak üzərində Cavabdeh adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv edilməsi, lizinq obyekti olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (kod: 805711, VÖEN: 1401981051 müxbir hesab: AZ03NABZ01350100000000002944, SWIFT BIK: IBAZAZ2X, hesab: AZ471BAZ35090019444176788205) köçürülməsi qət olunmuşdur.

36. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmişdir.

Cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli D*** saylı daxili lizinq müqaviləsi ləğv edilməlidir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli D*** saylı daxili lizinq müqaviləsinin etibarsız hesab olunması ilə bağlı hər hansı bir hal müəyyən edilməmişdir. Həmçinin əmlakın müqavilə ilə müəyyən olunmuş dəyərinin aşağı olması da (məhkəmə tərəfindən əldə olunan rəydəki dəyərlə müqayisədə) müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, tərəflər azad surətdə iradə ifadə edərək həmin qiyməti müəyyən ediblər. Həmçinin yuxarıda qeyd olunan ərizənin tarixi 17 iyun yox, 19 iyun kimi qeyd edilsə də, bu, texniki yanlışlıq kimi qəbul edilməlidir.

* saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli D*** saylı daxili lizinq müqaviləsi ləğv edildiyindən, iddia göstərilən hissədə də təmin edilməli və * saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak üzərində Cavabdeh adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməlidir.

Lizinq obyekti olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, ##.##.2024-cü il tarixli D*** saylı daxili lizinq müqaviləsi ləğv edildiyindən, iddia həmin hissədə də təmin edilməli, lizinq obyekti olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak boşaldılaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməlidir.

37. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 334.1-ci, 337.1cı, 337.2-ci, 385.1-ci, 385.2-ci, 390.1-ci, 390.3-cü, 421.1-ci, 421.2-ci, 421.3-cü, 442.-ci, 448.1-ci, 567-ci, 747.1-ci, 748-1.12-ci, 748-1.12.1-ci, 748-1.12.2-ci, 748-1.12.3-cü, 748-1.12.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2020-ci il tarixli Qərarına istinad etmişdir.

38. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırmaqla həmçinin aşağıdakıları göstərmişdir: “...Müqavilə üzrə bütün ödənişlər 52 700 AZN avans daxil olmaqla 79 540 AZN faktiki olaraq “xxxx” ASC-də Cavabdeh bank hesabına köçürülmüşdür. Səbəb odur ki, ##.##.2024-cü il tarixli cari hesaba sərəncam verilməsinə dair 3 tərəfli Razılaşma 1) “xxxx” ASC, 2) Cavabdeh, 3) İddiaçı MMC arasında bağlanmışdır. Həmin razılaşmaya əsasən lizinq alan Cavabdeh banka tapşırır ki, lizinq alanla daxili lizinq müqaviləsinin bitmə tarixinədək onun qeyd olunan hesabından lizinq verənın hesabına qrafikdə qeyd edilmiş məbləğdə vəsaiti daxil olduğu tarixdən sonrakı 3 iş günü müddətində akseptsiz qaydada köçürsün. Hesaba artıq vəsaitin mədaxil olması, qrafikdən artıq ödənişin edilməsinə sərəncam kimi qəbul olunaraq hesabdakı bütün məbləğ tam lizinq verənin hesabına köçürüləcək. Bank razılaşmada qeyd edilən şərtlər daxilində mədaxil edilmiş vəsaitlərin köçürülməsinə mükəlləfiyyətlidir. Razılaşma lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə qüvvədədir. Buna əsasən Vəkil Cavabdeh bank hesabına 5 ayda azı 79 540 AZN vəsaiti köçürmüşdür. Həmin vəsaitlər iddiaçının bank hesabına köçürülürdü. ##.##.2025-ci il tarixli bank hesabından çıxarışda 3000 manat daxil olmaqla cəmi 79 540 manatın bank hesabına mədaxil edildiyi görünür. İddiaçının bu vəsaiti götürməməsi, onun daxili lizinq müqaviləsinin icra etmək niyyətinin olmadığını təsdiq edir. Müqavilədə mənzilin dəyəri 219 000 ABŞ dollar qeyd edilib. Yəni, mənzilin real bazar dəyəri müqavilədə yazılan qiymətdən xeyli çoxdur. İşə əlavə edilmiş bütün ödəniş qəbzlərində və köçürmə sənədlərində Vəkil imzası mövcuddur. Əslində müqavilə üzrə əsas tərəflər iddiaçı və mənzilin əsl sahibi Vəkil olması təsdiq edilmişdir. Bu sənədlər sübut edir ki, iddiaçı əslində mənzili həddən artıq çox ucuz qiymətə öz mülkiyyətinə almış və hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmışdır. Hazırki işdə Cavabdeh sadəcə əqdi pərdələmək üçün iştirak edən, hüquqi və faktiki heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməyən və iddia edilən mənzildə heç bir vaxt yaşamayan, mənzili icarəyə verməyən, ondan heç bir gəlir əldə etmək üçün istifadə etməyən üçüncü şəxsdir”. Apellyasiya şikayətinə qarşı etiraz

39. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş, etirazını işin faktiki hallarına və iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Apellyasiya baxışı, izahatlar

40. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

43. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

45. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

46. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

47. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

49. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

50. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

51. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

52. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

53. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

54. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

55. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

56. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

57. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

58. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

59. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

65. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyasının mövqeyi

68. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

69. Belə ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

70. “...Lizinq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4-cü maddələrində qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vermişdir.” (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin ## #### 2021-ci il tarixli Qərarı).

71. Kollegiya hesab edir ki, müqavilənin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir.

72. Tərəflər arasında bağlanmış müqavilədə, lizinq alan müqavilədə nəzərdə tutulan, yaxud qanunverciliklə üzərinə düşən vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə lizinq müqaviləsini ləğv etmək lizinq verənin hüququ kimi təsbit olunmuşdur.

73. İşin faktiki hallarından cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğu və pozuntunun hazırkı vaxtadək davam etdiyi aydın şəkildə görünür; tərəflər arasında bağlanmış müqavilədə isə bu halın onun ləğvinə əsas təşkil edəcəyi razılaşdırılmışdır.

74. Lizinq obyektinin qaytarılması və qeydiyyatın ləğvi ilə bağlı kollegiya qeyd edir ki, daxili lizinq müqaviləsinin 1.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin 1.2-ci maddəsinə müvafiq olaraq tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir.

75. Həm mülki qanunvericiliyin, həm də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır.

76. İşin hallarındann görünür ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, lizinq müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.

77. Belə olan halda, iddiaçı lizinq obyekti olan əmlakı tələb etməkdə haqlıdır - məhkəmə də lizinq müqaviləsinin ləğv edildiyini və lizinq əmlakının iddiaçıya qaytarıldığını nəzərə alaraq hesab etmişdir ki, mənzil üzərində cavabdehin adına ##.##.2024-cü il tarixdə qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməlidir.

78. Apellyatorun birinci instansiyası məhkəməsinin ekspertiza təyin etməməsi ilə bağlı məhkəmə dəlilinə münasibətdə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlərlə və onların silinmə qaydası ilə bağlı ekspertiza təyin etməsinə haqlı olaraq hüquqi zərurət olmamışdır.

79. Alqı-satqı müqaviləsinin lizinq müqaviləsini pərdələmək məqsədi ilə bağlanıldığı barədə cavabdehin irəli sürdüyü arqumentə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir:

80. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 43) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

81. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

82. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir (§ 46, 47). Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.

83. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarlar).

84. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

85. Şərh olunanları, müqavilə tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilələrin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, həmin müqavilələri yalan və ya uydurma əqdlər hesab etmək mümkün deyildir.

86. Xüsusilə qeyd olunmalıdır ki, həm cavabdeh, həm də onu hazırkı mübahisədə vəkil qismində təmsil edən Vəkil (lizinq obyektinin satıcısı) əqdlərin bağlanmasında şüurlu iştirak etmiş, uzun müddət əqdlərin hüquqi nəticələrindən faydalanmış, sonradan isə yalnız öz mənafeləri naminə əvvəlki davranışlarına zidd mövqe tutmuşlar. Belə davranış vicdanlılıq prinsipinə və mülki hüquqların həyata keçirilməsi zamanı hüquqdan sui-istifadənin yolverilməzliyi tələbinə ziddir.

87. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik digər prinsiplərlə yanaşı, həm də “ziddiyyətli davranışın yolverilməzliyi” (venire contra factum proprium) və “heç kəs öz qanunsuz davranışından üstünlük əldə edə bilməz” (nemo auditur propriam turpitudinem allegans) prinsiplərinə əsaslanır.

88. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

89. Beləliklə kollegiya hesab edir ki, apellyatorun irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

90. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar