Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-491/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh IB-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (Açar sözlər: əsassız varlanma, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh IB-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları
1. Iddiaçı ilə “xxxx” MMC arasında ##.##.2017-ci il tarixdə PMD-27/12/17- 856 PMD***/** saylı daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilə imzalanmış, həmin müqavilənin predmetinə əsasən mülkiyyətçi (“xxxx” MMC) siyahısı bu müqavilənin müvafiq Əlavələrində göstərilən obyekt(lər)i idarə edənin (iddiaçının) icarəsinə və idarəetməsinə verir və idarə edəni obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Müqaviləyə 1.*** saylı Əlavə ilə icarə və idarəetməyə verilən Obyekt qismində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 7667,3 kv.m olan çoxmərtəbəli yaşayış binası (“Ambassador Suites”) göstərilmişdir.
2. Iddiaçı ilə cavabdeh arasında ##.##.2018-ci il tarixli qaz paylayıcısı və sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə imzalanmış, müqavilənin predmetinə əsasən, paylayıcı (cavabdeh) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (ərizəçini) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin: 2.1. 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Bu müqavilə üzrə qazın qiyməti AR Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilir. Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir.
3. Tərəflər arasında bağlanmış Qarşılıqlı Hesablaşmalar haqqında Üzləşdirmə Aktlarında iddiaçının ## #### 2022-ci il tarixə 825 manat, ## ###### 2022-ci il tarixə 4581,74 manat, ## ###### 2023-cü il tarixə 4820,25 manat məbləğində qalıq borcu mövcuddur.
4. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya müvafiq olaraq aylar üzrə hesablanmış borcun məbləğinə dair hesab-fakturalar və elektron-qaimələr göndərilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya aşağıdakı məzmunda ##.##.2025-ci il tarixli cavab məktubu göndərilmişdir: “Müraciətiniz əsasında Birliyin Abonentlərin uçotu sistemində ünvan 1 ünvanında yerləşən yaşayış binasının qazanxanasına aid 100605608100000 abonent kodu üzrə tarif məlumatlarında dəyişiklik aparılmış və 2025-ci ilin yanvar ayından təbii qazın dəyərinin hesablanması, AR Tarif (qiymət) Şurasının ## ###### 2024-cü il tarixli ** nömrəli qərarına əsasən, “Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər üçün 16,5 qəpik olmaqla” aparılır. Müraciətinizdə qeyd olunan əvvəlki dövrlər üzrə tarif fərqinə əsasən hesablamaların aparılması məsələsi ilə bağlı qeyd edtmək istəyirik ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün bu əməliyyatın aparılması mümkünsüzdür”..
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ##.##.2018-ci il tarixli, Asan */*** №-li müqaviləyə əsasən, 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər ƏDV daxil 22906,52 manat borc məbləği, 5258,96 manat gecikmə faizi, hüquqi yardımın alınmasına görə çəkilmiş 170 manat, vəkil orderinə görə ödənilmiş 300 manat və dövlət rüsumuna görə ödənilmiş 175.91 manat məbləğin, ümumilikdə 28811.39 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” ##.##.2017-ci il tarixli, PMD-27/12/17- 856 PMD***/** saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, “Mülkiyyətçi siyahısı bu Müqavilənin müvafiq əlavələrində göstərilən Obyekt(lər)i Idarə edənin icarəsinə və idarəetməsinə verir və Idarə edəni Obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, Idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir.” Sözügedən müqaviləyə ##.##.2021-ci il tarixli, 1.*** saylı Əlavəyə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 7667.30 kv.m. olan, “Ambassador Suites” adlı çoxmərtəbəli yaşayış binası İddiaçı MMC-yə icarəyə və idarəetməyə verilmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ##.##.2018-ci il tarixli, Asan */*** saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, “Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Istehlakçını keyfiyyətli qazla təmin edir. Istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.” ##.##.2018-ci il tarixli müqavilənin 3.1-ci və 3.2-ci maddələrinə əsasən, “Bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir. Qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçünməcburidir.” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ##.##.2021-ci il tarixli, ** nömrəli qərarına əsasən, Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilatihüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər üçün təbii qazın tarifi 1 m3 üçün ƏDV daxil 0,165 manat müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ##.##.2024-cü il tarixli, ** nömrəli qərarına əsasən də, Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər üçün təbii qazın 1 m3 üçün ƏDV daxil 0,165 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının yuxarıda qeyd olunan qərarlarından da aydın şəkildə göründüyü kimi, ##.##.2021-ci il tarixindən etibarən çoxmənzilli yaşayış binaları üçün 1 m3 üçün ƏDV daxil 0,165 manat olmuşdur. ünvan 1 ünvanında yerləşən “Ambassador Suites” də çoxmənzilli yaşayış binası hesab olunmasına baxmayaraq, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən həmin çoxmənzilli yaşayış binası üçün qazın qiyməti 1 m3 üçün ƏDV daxil 0,165 manat yox, 0.25 manat hesablanmışdır. Bu isə həm Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının yuxarıda qeyd olunan qərarlarına, həmçinin ##.##.2018-ci il tarixli müqavilənin 3.1 və 3.2-ci müddəalarına ziddir. ##.##.2018-ci il tarixli müqavilənin və AR Tarif (qiymət) Şurasının yuxarıda qeyd olunan qərarlarına əsasən, ##.##.2021-ci il tarixindən etibarən “Ambassador Suites” yaşayış binası üçün qazın qiyməti 1 m3 üçün ƏDV daxil 0.165 manat hesablanmalı idi. Qeyd edək ki, sözügedən yaşayış binasının qazanxanasında istifadə olunan qazın dəyərinin tarifinin dəyişdirilməsi və əvvəlki dövrlər üzrə tarif fərqinə əsasən hesablanmaqla İddiaçı MMC-nin balansına qaytarılması məqsədilə iddiaçı tərəfindən cavabdeh Cavabdeh Istehsalat Birliyinə ##.##.2024-cü il tarixli, FMG-01.24.*** saylı və ##.##.2024-cü il tarixli, FMG-##.##.**** saylı pretenziya məktubları göndərilmişdir. Cavabdeh tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*-*/*-***/**** saylı cavab məktubunda qeyd edilmişdir ki, 2025-ci ilin yanvar ayından etibarən təbii qazın dəyərinin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ##.##.2024-cü il tarixli, ** №-li qərarına əsasən, 1 m3 üçün ƏDV daxil 0,165 manat olmaqla hesablanması ilə bağlı dəyişiklik edildiyi qeyd olunmuşdur. Həmçinin, cavab məktubunda cavabdeh köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün əvvəlki dövrlər üzrə tarif fərqinə əsasən hesablamaların aparılmasının və artıq ödənilən məbləğin geri qaytarılmasının mümkünsüz olduğunu bildirilmişdir. Nəticə etibarilə də, cavabdeh tərəfindən əvvəlki dövrlər üçün artıq ödənilmiş məbləğ həm etiraf edilmiş, həm də həmin məbləğin geri qaytarılmasından çox absurd bir bəhanə ilə imtina edilmişdir. 2021-2024-cü il dövrü üçün “Ambassador Suites” tərəfindən cəmi 269488,52 m3 qaz sərf olunmuş və hər 1 m3 qaz üçün qiymət 0.25 manat hesablanmışdır. Nəticədə, iddiaçı tərəfindən cavabdehə 2021-2024-cü il dövrü üçün sərf olunan 269488,52 m qaz üçün ümumilikdə 67372,13 manat ödənilmişdir. Halbuki, yuxarıda qeyd olunan qərarlara əsasən, qazın qiyməti 1 m3 üçün ƏDV daxil 0.165 manat olduğunu nəzərə alsaq, iddiaçı tərəfindən cavabdehə 2021-2024 dövrü üçün ümumilikdə 44465,61 manat ödənilməli idi. Belə olan halda cavabdehin iddiaçıya, ümumilikdə 22906,52 manat əsas borcu yaranmışdır. Bununla əlaqədar cavabdehə növbəti dəfə ##.##.2025-ci il tarixli, FMG-01.25.*** saylı müraciət ünvanlanaraq əvvəlki dövrlər üzrə tarif fərqinə əsasən hesablamaların və istifadə olunan sərfiyyat ilə əvəzləşdirmənin aparılması xahiş edilmişdir. Lakin, ##.##.2025-ci il tarixli, №**-2-2/2- 1706/2025 saylı cavab məktubunda da, daha öncəki cavab məktublarında da olduğu kimi köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün əvvəlki dövrlər üzrə tarif fərqinə əsasən hesablamaların aparılmasının və artıq ödənilən məbləğin geri qaytarılmasının mümkünsüz olduğu bildirilmiş və əvvəlki dövrlər üçün artıq ödənilən məbləğ qaytarılmaqdan imtina edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə heyətinin ## ###### 2025-ci il tarixli qərarı ilə uçot dərəcəsi 7.25% olaraq müəyyənləşdirilmişdir. Pul məbləğinin ödənilməsinin gecikdirildiyi müddəti (2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayınadək- 38 ay) nəzərə aldıqda, cavabdeh 22906,52 manat borc məbləğinin 7.25%-i həcmində, yəni 5258,96 manat gecikmə faizi tətbiq olunmuşdur. Nəticədə, cavabdeh tərəfindən ödənilməli 22906,52 manat əsas borc məbləği, 5258,96 manat gecikmə faizi olmaqla, ümumilikdə 28165.48 manat ümumi borc məbləği yaranmışdır.
8. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər ƏDV daxil 21205,85 manat borc, hüquqi yardımla bağlı ödənilmiş 300 manat vəkil xərci və ödənilmiş dövlət rüsumunun 153,86 manat hissəsi, cəmi 21659,71 manat məbləğində pul cavabdeh Cavabdeh IB-dən tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 21,14 manat hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmə qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır:
Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da (MM-nin 386.1-ci maddəsi) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ilə, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Tərəflər arasında təbii qazın alqı-satqısına dair öhdəlik hüquq münasibətlərinin yaranması və mövcud olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndində də göstərilir ki, istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;. Iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında ##.##.2018-ci il tarixli qaz paylayıcısı və sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və cavabdeh tərəfindən iddiaçıya mübahisələdirilən dövr üzrə (2021-ci ilin noyabr ayından 2024-cü ilin dekbar ayınadək) hər hesab-fakturalar və elektron qaimə-fakturalar göndərilmiş, həmin sənədlərə əsasən iddiaçı tərəfindən ödənişlər edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş hesab-faktura və elektron qaiməfaktura əsasında təqdim edilmiş hesabtlardan görünür ki, mübahiləndirilən dövr üzrə təbii qazın satış dəyəri 1 m3 üçün 0,25 manat əsas götürülərək iddiaçıya təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ##.##.2021-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri Cədvəlinin 6.2.1-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üçün ölkədaxili tarifləri (Tariflər (ƏDV ilə, manat/min m3 )) – 165 manat, yəni 1 m3 -nin qiyməti 0,165 (16,5 qəpik) manat müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ##.##.2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tarifləri cədvəlinin 4.2.1ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və “xxxx” Açıq Səhmdar Cəmiyyəti üçün təbii qazın 1 m3 -nin qiyməti yenə də 0,165 (16,5 qəpik) manat müəyyən edilmişdir. Eləcə də, iş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışla müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 7667,3 kv.m.-dən ibarət daşınmaz əmlakın növü “Çoxmərtəbəli yaşaş binası”kimi müəyyən edilməklə, tam mülkiyyət hüququ ilə “xxxx” MMC-nin adına dövlət qeydiyyatına alınmışdır (iddiaçı ilə “xxxx” MMC arasında ##.##.2017-ci il tarixdə bağlanmış PMD-27/12/17-856 PMD***/** saylı müqaviləyə əsasən iddiaçıya icarə və idarə etmə məqsədilə verilılmişdir). Şərh edilənlərdən də göründüyü kimi, tərəflər arasında təbii qazın alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yarandığı və davam etdiyi halda, eləcə də iddiaçı “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının ##.##.2021-ci il tarixli ** nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “manat təbii qazın ölkədaxili tarifləri Cədvəlinin 6.2.1-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üçün ölkədaxili tarifləri (Tariflər (ƏDV ilə, manat/min m3 )) – 165 manat, yəni 1 m3 -nin qiyməti 16,5 qəpik müəyyən edildiyi halda, iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş hesab-faktura və elektron qaimə-fakturalar əsasında təbii qazın 1 m3 üçün 0,25 manat əsas götürülərək ödəniş etmişdir. Göründüyü kimi, müqavilə üzrə və ölkə üzrə müəyyən edilmiş təbii qazın vahid taarif qiymətinə uyğun olaraq iddiaçının öhdəliyi istifadə etdiyi 1 m3 üçün 0,165 manat həddində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş hesabatlara əsasən ##.##.2021-ci il tarixdən 2025-ci il dekabr ayınadək itfadə etdiyi təbii qaza görə hər m3 üçün 0,085 manat olmaqla, cəmi 21205,85 manat artıq ödəniş etməsi iddiaçının müqavilə üzrə öhdəliyindən kənar ödəniş hesab edilməlidir. Cavabdeh isə həmin ödənişi iddiaçıdan qəbul etməklə əsassız olaraq varlanmışdır. Məhkəmə qeyd edir ki, təbii qazın satış qiyməti ölkə üzrə tənzimlənən qiymət olduğundan onun dəyərini tərəflər özləri deyil, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarları ilə müəyyən edilməklə müqavilədə əks olunur. Hər bir istehlakçı qrupu üçün müəyyən edilmiş vahid taarif qiyməti isə həmin istehlakçının aldığı təbii qazın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyinin həddini müəyyən edir. Həmin öhdəlikdən kənar ödəniş isə hquqi əsas olmayan ödəniş olduğundan əsassız varlanma hesab edilməklə iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 439.4-cü maddəsində də göstərilir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi 5258,96 manat hissədə əsassız olduğundan təmin edilmir. Iddiaçı həmin pul vəsaitinin MM-nin 449.1-ci maddəsinə əsasən bank uçot dərəcəsinə uyğun olaraq, 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayınadək olan dövr üzrə tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının iddia ərizəsi ilə tələb etdiyi 22906,52 manat pul 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayınadək 38 ay üzrə istifadə edilmiş təbii qazın sərfiyyatına uyğun olaraq hissə-hissə ödənildiyi halda, iddiaçı yalnız 2025-ci ilin yanvar ayı üzrə müəyyən edilmiş bank uçot dərəcəsini əsas götürərək faiz qismində pul tələb edir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarının ##.##.2009-cu il tarixli qərarında qeyd edili ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyindən də görünür ki, onun pul vəsaitini qanusuz saxlayanılması, qaytarılmasından boyun qaçırılması, habelə ödənilməsinin digər şəkildə gecikdirilməsi nəticəsində bank uçot dərəcəsinə əsasən pul tələb edən iddiaçı həmin pul vəsaitindən cavabdehin gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsini sübuta yetirirməlidir. Lakin iddia qeyd edilən məsələ ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, hüquqi xidmət xərci cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, ödənilmş dövlət rüsumu isə iddianın təmin edilməsi nisbətində tərəflərə aid edilməlidir..
12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1, 5.2-ci bəndlərini, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ##.##.2021-ci il tarixli, ** nömrəli Qərarının 1, 2, 6.2.1ci bəndlərini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh Cavabdeh IB Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçıya bugünədək hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Iddiaçı isə öz növbəsində hesablanmış borcu ödəmişdir. Iş materiallarından da göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət edərək 2021-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. Burada isə iddi tələbinin bir hissəsinə 3 illik iddia müddəti tədbiq edilməlidir. Belə ki, iddiaçı 2021-ci ilin noyabr ayından yəni 4 ildən artıq müddət öncə ödədiyi pulun geri qaytarılmasını istəmişdir. Həmçinin onu da məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakı təmin edilməmiş və bu səbəbdən iddia müddətinin tədbiqi barədə ərizə tərəfimizdən təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
17. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 425.1. Hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[792]
21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
23. Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
24. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ##.##.2021-ci il tarixli, ** nömrəli Qərarının:
25. 1-ci və 2-ci bəndlər. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur). Bu qərarın cədvəl bölməsinin 5-ci, 6-cı və 7-ci sətirləri üzrə tariflərə təbii qazın nəqli ilə bağlı xərclər daxildir.
26. Cədvəlin 6.2.1-ci bəndi. Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üçün təbii qazın ölkədaxili tarifləri (Tariflər (ƏDV ilə, manat/min m3 )) – 165 manat.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ##.##.2024-cü il tarixli, ** nömrəli Qərarının:
27. 1-ci 2-ci və 3-cü bəndlər. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur). Bu qərarın cədvəl bölməsinin 3-cü, 4.1.1-4.1.3-cü, 4.2.1-4.2.5-ci və 5-ci sətirləri üzrə təsdiq olunmuş tariflərə təbii qazın nəqli və saxlanması ilə bağlı xərclər (tariflər) daxildir. Bu qərarın cədvəl bölməsinin 4.1.1-ci, 4.1.2-ci və 4.1.3-cü sətirlərində illik istehlak həcmi təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmidir.
28. 6-cı bənd. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il ## ####### tarixli ** nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.
29. Təbii qazın ölkədaxili tarifləri cədvəlinin 4.2.1-ci bəndi. Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və “xxxx” Açıq Səhmdar Cəmiyyəti - min m3 – 165 manat (ƏDV ilə).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları və maddi hüquq normalarına uyğun olmuşdur.
41. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı MMC ünvan 1 ünvanında yerləşən “Ambassador Suites” yaşayış kompleksi üzrə təbii qaz istehlakçısı olmuş, cavabdeh Cavabdeh IB tərəfindən isə həmin obyektə istehlak edilmiş təbii qaza görə 1 m3 üçün 0,25 manat tarif tətbiq edilmişdir. Iddiaçı isə hesab etmişdir ki, həmin bina çoxmənzilli yaşayış binası olduğundan Tarif (Qiymət) Şurasının qərarına əsasən ona münasibətdə 1 m3 üçün ƏDV daxil 0,165 manat tarif tətbiq edilməli idi.
42. Iş materiallarında olan sənədlərlə, habelə cavabdehin təqdim etdiyi hesablamalarla müəyyən edilir ki, ##.##.2021-ci il tarixindən etibarən iddiaçı tərəfindən istifadə edilmiş təbii qaza görə artıq ödənilmiş məbləğ hər 1 m3 üçün 0,085 manat fərq əsasında hesablanmaqla ümumilikdə 21205,85 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin məbləği cavabdehin əsassız əldə etdiyi vəsait kimi qiymətləndirmişdir.
43. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən, iddiaçının borc məbləğinin yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanması və iddiaçı tərəfindən həmin borcların könüllü şəkildə ödənilməsi barədə dəlilləri iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki mübahisənin predmeti istehlak edilmiş qazın həcmi deyil, həmin istehlaka tətbiq edilmiş tarifin düzgünlüyü ilə bağlı olmuşdur. Iddiaçı tərəfindən ödənişlərin həyata keçirilməsi cavabdehin tarifləri düzgün tətbiq etməsi anlamına gəlmir və tarif fərqindən yaranmış artıq ödənişin geri qaytarılması hüququnu aradan qaldırmır.
44. Kollegiya eyni zamanda qeyd edir ki, Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).
45. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos Ispaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).
46. Qanunverici iddiaçının iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 33).
47. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər iddiaçının elektron kabinetinə yerləşdirilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsi ilə prosesslər barədə onlara məlumat verilmişdir.
48. Işdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən 2 hazırlıq iclası, 3 baxış iclası keçirilmiş keçirilmiş, icraat ümumilikdə təxmini 4 ay davam etmişdir, lakin cavabdeh zəruri prosessual fəallıq göstərərək iddia müddətinin tətbiqi barədə hər hansı ərizə təqdim etməmişdir.
49. Halbuki iddia müddəti məhkəmə tərəfindən yalnız tərəfin ərizəsinə əsasən tətbiq edilə bilər. Buna görə də cavabdehin həmin dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı hesab edilmir.
50. Nəzərə alınmalıdır ki, müvafiq prosessual normalar hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.
51. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
52. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh IB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.