Məhkəmə qərarları › İş №e-2-2(3-6)-522/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-522/2026

22.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-522/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” (Türkiyə Respublikası) Şirkətinin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti, şikayətin mümkünlüyü) Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı “xxxx” (Türkiyə Respublikası) Şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat

1. Iddiaçı cavabdehdən 79 338,46 avro məbləğində əsas borcun qətnamə icra olunan anda manatla məzənnədə tutulması, iş üzrə dövlət rüsumu və nümayəndəlik (vəkillik) xərclərinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. ##.##.2026-cı il tarixdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət MPM-in 361-ci maddəsinin tələblərinə uyğun verilmədiyindən geri qaytarılmışdır.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadlarından şikayət qərardadı qəbul edən məhkəməyə verilir. Lakin iddiaçı tərəfindən Məhkəmənin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadından verilmiş şikayət qəradadı qəbul etmiş Bakı Kommersiya Məhkəməsinə yox, birbaşa Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına ünvanlanmışdır. Bununla da AR MPMin məhkəmə qərardadlarından verilən şikayətin forması və verilməsi qaydasına dair 361-ci maddəsinin tələbləri pozulmuş, iddiaçı şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun verməmişdir. Bu əsasla şikayətə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz, odur ki, şikayət geri qaytarılmalıdır.

6. ##.##.2026-cı il tarixdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə apellyasiya şikayəti ünvanlayaraq Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini, ##.##.2026-cı il tarixli şikayətin mümkün hesab edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətin ardıcıl qaydada geri qaytarılması iddiaçının məhkəməyə çıxış hüququnu əsassız formalizm yolu ilə məhdudlaşdırır və ##.##.2026-cı il tarixli qərardadın məhkəmə nəzarətindən keçməsinin qarşısını alır. Hüquq və azadlıqların təminatı dövlətin borcudur; məhkəmə icraatında yol verilən süründürməçilik və qeyri-müəyyən əsaslandırma hüquqların səmərəli müdafiəsini zəiflədir. Beynəlxalq müqavilələr qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. ##.##.2026-cı il tarixli qərardadda tətbiq edilməli Azərbaycan–Türkiyə müqaviləsinin nəzərə alınmaması ilə bağlı şikayətin baxılmadan qaytarılması bu normanın praktik təsirini aradan qaldırır. ##.##.2026-cı il tarixli qərardad həm faktiki, həm də hüquqi baxımdan əsassızdır və iddiaçının məhkəməyə çıxış hüququnu (Konstitusiyanın 60-cı maddəsi) əsassız formalizm yolu ilə məhdudlaşdırır. Birincisi, şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhz Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Şikayətin başlığında da açıq şəkildə “Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı Kommersiya Məhkəməsi vasitəsilə)” göstərilmişdir. Bu isə AR MPM-nin 267.3-cü maddəsinin tələbinə tam uyğundur. Belə olan halda, məhkəmənin “şikayət birbaşa Apellyasiya Məhkəməsinə ünvanlanmışdır” nəticəsi işin real hallarına uyğun gəlmir. Ikincisi, məhkəmə şikayəti geri qaytarmaqla, əvvəlki (##.##.2026) qərardadın qanuniliyinin yoxlanılmasının qarşısını alır və məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsini ləngidir. Şikayətin ardıcıl olaraq qaytarılması işin mahiyyəti üzrə baxılmasını əsassız uzadır, süründürməçilik yaradır və iddiaçını vaxt məhdudiyyətləri fonunda faktiki olaraq hüquqi müdafiədən məhrum edir. Üçüncüsü, ##.##.2026-cı il tarixli qərardadda AR MPM-nin 363.1.1- 1 və 363.1.5-ci maddələrinə istinad edilsə də, konkret olaraq AR MPM-nin 361-ci maddəsinin hansı tələbinin pozulduğu, eləcə də “Elektron məhkəmə” icraatında hansı texniki/forma çatışmazlığının mövcud olduğu göstərilməmişdir. Məhkəmə yalnız ünvanlanma iddiası ilə kifayətlənmiş, halbuki şikayətin mətnindən və başlığından bunun əksi görünür. Nəticə etibarilə, şikayətin geri qaytarılmasına dair ##.##.2026-cı il tarixli qərardad ləğv edilməli, ##.##.2026-cı il tarixli şikayət qanunla müəyyən edilmiş qaydada qəbul olunaraq aidiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməlidir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

9. Maddə 267.1.Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

10. Maddə 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

11. Maddə 269.1.Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.

12. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

13. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

14. Maddə 398.0.1.Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

15. Maddə 398.0.3.Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Məhkəmənin mövqeyi

16. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

17. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından verilmiş şikayətdən görünür ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına ünvanlanmışdır.

19. Halbuki, Mülki Prosessual Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Bundan sonra həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.

20. Iddiaçı isə Mülki Prosessual Məcəllənin qeyd edilən tələblərinə riayət etmədən şikayəti biləvasitə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına ünvanlamaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

21. Bu baxımdan birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Iddiaçı “xxxx” (Türkiyə Respublikası) Şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar