Məhkəmə qərarları › İş №e-2-2(3-6)-554/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-554/2026

14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-554/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh qarşı “cavabdehin üzərinə pulun ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: təsis payı, alqı-satqı müqaviləsi, müqavilə azadlığı, müqavilənin etibarsızlığı, sübutetmə yükü) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçı İddiaçı, cavabdeh, cavabdehin vəkili vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Fathi Mohammad tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin icra məmurunun ##.##.2021-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli icraata başlamaq haqqında qərarlarına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icra vərəqələri əsasında hər bir icra sənədi üzrə 6 000 manat olmaqla, ümumilikdə 24 000 manat inzibati cərimənin “xxxx” MMC-dən dövlət nəfinə tutulmalı olduğu göstərilmiş və borcluya könüllü icra üçün 10 gün müddət təyin edilmişdir.

2. Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin icra məmurunun ##.##.2022-ci il tarixli qərarına əsasən, Bakı şəhəri * saylı notariat kontorunun ##.##.2022-ci il tarixli icra sənədi üzrə 1 060,33 manat pulun “xxxx” MMC-dən tələbkar “xxxx” MMC-nin xeyrinə tutulmalı olduğu göstərilmiş və borcluya könüllü icra üçün 10 gün müddət təyin edilmişdir.

3. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam Idarəsinin rəisinin ##.##.2025-ci il tarixli qərarı ilə “xxxx” MMC-nin Bakı Şəhər Reklam Idarəsi tərəfindən verilmiş, ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövrü əhatə edən açıq məkanda reklam yerləşdirilməsinə dair icazələr üzrə 1 162,81 manat yayım haqqı və 209,31 manat ƏDV olmaqla 1 372,12 manat borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə icraya yönəldilmişdir.

4. Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin icra məmurunun ##.##.2025-ci il tarixli inkasso sərəncamı ilə Nərimanov Rayon Icra Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı üzrə “xxxx” MMC-nin “xxxx” QSC-dəki bank hesabından 420 manat pulun Nərimanov Rayon Icra Şöbəsinin hesabına köçürülməsi tələb edilmişdir.

5. (“Satıcı”) ilə İddiaçı (“Alıcı”) arasında ##.##.2024-cü il tarixli təsis payının alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin sonunda tərəflərə onların hüquq və vəzifələrinin izah edildiyi, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edildiyi qeyd edilmişdir. Müqavilə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Müqavilənin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən şərtləri aşağıdakılardır: - 1. Satıcı “xxxx” MMC-nin 10 manat məbləğində nizamnamə kapitalındakı 10 paydan ibarət, 100 faiz həcmində olan iştirak payını alıcının mülkiyyətinə verir, alıcı isə həmin payı qəbul etməyi və müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği satıcıya ödəyir. - 2. Tərəflər həmin müəssisənin satıcıya məxsus olan payını (hissəsini) 10 manat dəyərində qiymətləndirirlər. - 3. Müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği alıcı satıcıya nağd şəkildə ödəyir. - 11. Müqavilənin imzalandığı tarixədək satıcının vergi və Dövlət Sosial Müdafiə Fonduna olan borcları istisna olmaqla, digər mövcud olan, hazırda davam edən və ya pay sahibi olduğu dövrə aid olan sonradan yaranan istənilən məhkəmə iddialarından irəli gələn rüsumlar, ödənişlər, təzminatlar və reklam ödənişləri satıcıya aid ediləcəkdir. Birinci instansiya məhkəməsindəki icraat:

6. Iddiaçı İddiaçı cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinin ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli icra vərəqələri üzrə 24 000 manat, “xxxx” MMC-nin balansında olan “xxxx” nömrəsi üzrə 1 035,33 manat borc və 25 manat rüsum, Bakı şəhəri * saylı notariat kontorunun ##.##.2022-ci il tarixli icra sənədi üzrə 1 060,33 manat, ##.##.2025-ci il tarixli qərar üzrə 420 manat və Dövlət Reklam Agentliyi qarşısında 1 372,12 manat olmaqla, ümumilikdə 27 912,78 manat məbləğində ödəniş öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, habelə ödədiyi 180 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

7. Iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli müqaviləyə görə dövlət orqanlarına olan borclar istisna olmaqla, digər borc öhdəlikləri, cərimələr, təzminatlar və məhkəmə iddialarından irəli gələn ödənişlər cavabdehə aid edilmişdir. Buna baxmayaraq, həmin öhdəliklər üzrə ödənişlər iddiaçıya məxsus “xxxx” MMC-nin hesabına yönəldilmiş və hesabdan 300 manat silinmişdir.

8. Cavabdeh yazılı etirazında bildirmişdir ki, Azərbaycan dilini kifayət qədər bilmədiyindən və müqavilə fars dilinə tərcümə edilmədiyindən onun məzmununun həqiqi iradəsinə uyğun olmadığını anlamadan sənədi imzalamışdır. O, tərəflərin şifahi razılaşmasına görə “xxxx” MMC-nin borclarının iddiaçı tərəfindən ödənilməli olduğunu, iddiaçının isə onun etibarından sui-istifadə edərək qeyri-rəsmi qaydada aldığı 40 000 manatı “xxxx” MMC-nin hesabına yönəldib mənimsədiyini göstərmişdir. Cavabdeh, həmçinin əvvəlki münasibətlər üzrə icarə haqqını əsasən nağd ödədiyini, ümumi dəyəri 74 000 manat olan tibbi və stomatoloji avadanlıqların qaytarılmadığını, borcun düzgün hesablanmadığını və iddiaçının şirkətin borclarından məlumatlı olduğunu bildirmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə 26 852,45 manat məbləğində ödənişi müvafiq tələbkarlara ödəmək öhdəliyi qoyulmuş, tələb qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli borclar təsis payının alqı-satqısı müqaviləsinin bağlanmasından əvvəl yaranmış və müqavilənin 11-ci bəndinə əsasən onların ödənilməsi cavabdehə aid edilmişdir. Cavabdehin həmin borcların iddiaçı tərəfindən ödənilməli olması barədə etirazı iş materialları ilə təsdiqlənməmişdir. “xxxx” nömrəsi üzrə 1 035,33 manat borc və 25 manat rüsumun ##.##.2022-ci il tarixli icra sənədində göstərilən 1 060,33 manat məbləğə daxil olduğu nəzərə alınaraq, tələb həmin hissədə təmin edilməmişdir.

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və şikayətin verilməsi üçün ödədiyi 90 manat dövlət rüsumunun iddiaçıdan tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasında “xxxx” MMC-nin təsis payının alqı-satqısı barədə əldə olunmuş şifahi razılığa əsasən, MMC-nin mövcud 41 000 manat məbləğində borcu iddiaçı tərəfindən ödənilməli və əlavə olaraq ona 10 000 manat verilməli idi. Lakin Azərbaycan dilini kifayət qədər bilmədiyindən və ##.##.2024-cü il tarixli müqavilə fars dilinə tərcümə edilmədiyindən onun məzmunu ilə tanış olmadan sənədi imzalamış, nəticədə müqavilə tərəflərin həqiqi iradəsini əks etdirməmişdir. Bu səbəbdən müqaviləni etibarsız hesab etmiş, onun əsasında hüquqi nəticə yarana bilməyəcəyini bildirmişdir. Həmçinin iddiaçı onun etibarından sui-istifadə edərək pul vəsaitini və əmlakını mənimsəmiş, müqavilədə nəzərdə tutulduğundan artıq icarə haqqı almış, klinikaya məxsus tibbi avadanlıqları satmış və nəticədə ona ümumilikdə 79 800 manat məbləğində zərər vurmuşdur. Bundan başqa, müqavilənin etibarsızlığı ilə bağlı ayrıca iddia qaldırmasına baxmayaraq, məhkəmə işin təxirə salınması və digər məsələlər barədə verdiyi vəsatətlərə baxmamışdır. Məhkəmə Azərbaycan dilini bilməməsini təsdiq edən sübutlara qiymət verməmiş, tərcüməçi xidmətindən istifadə hüququnu təmin etməmiş, müqavilənin etibarlılığına, satış qiymətinin müqavilədə göstərilməməsinə, iddia olunan borcların iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sübutların olmamasına hüquqi qiymət verməmiş, etibarlılığı mübahisələndirilən müqaviləni sübut kimi qəbul etmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında cavabdeh və onun vəkili vəkil2 (ayrı-ayrılıqda) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.

15. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324. Əqd anlayışı və onun növləri 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıtələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli, № **/**** saylı Qərardadı:

27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. ...

33. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir.

18. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Notariat fəaliyyəti üzrə kargüzarlığın dili Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir.

19. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Maddə 24. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. ... 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.

20. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarı: 5.8. Mübahisə tərəfləri yazılı ifadə olunmuş razılaşmada aralarında yaranan konkret mübahisənin hər hansı xarici ölkənin maddi hüququ əsasında həllini nəzərdə tutmuşlarsa, həmin ölkənin qanunu tətbiq edilməlidir (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi). 5.9. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. 5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: ... 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; ... Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Cavabdeh Iran Islam Respublikasının vətəndaşı olduğundan hazırkı mübahisə xarici elementlidir. Tərəflər arasında bağlanmış müqavilədə mübahisəyə baxacaq məhkəmə və tətbiq ediləcək hüquq barədə ayrıca şərt müəyyən edilməmişdir.

27. Mübahisə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsdəki iştirak payının özgəninkiləşdirilməsi haqqında müqavilədən irəli gəlir və müqavilədən yaranan öhdəliklərin icrası Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir. Buna görə Azərbaycan Respublikasının məhkəmələri Mülki Prosessual Məcəllənin 443.0.7-ci maddəsinə əsasən mübahisəyə baxmaq üçün beynəlxalq səlahiyyətə malikdir.

28. Ali Məhkəmənin Plenumunun **/**** nömrəli Qərarının 5.9-cu bəndinə görə, xarici elementli mübahisələrdə tərəflər tətbiq edilməli hüququ müqavilənin bağlanmasından sonra da müəyyən edə bilərlər. Hazırkı işdə hər iki tərəfin tələb və etirazlarını Azərbaycan Respublikasının maddi hüquq normaları ilə əsaslandırması, habelə başqa dövlətin hüququnun tətbiqini tələb etməməsi tərəflərin mübahisəyə Azərbaycan Respublikası hüququnun tətbiqinə dair sonradan ifadə olunmuş razılığını təsdiq edir.

29. Mübahisənin mahiyyətinə gəldikdə, kollegiya qeyd edir ki, iddiaçı cavabdehdən ona dəymiş zərərin və ya cavabdehin əvəzinə çəkdiyi xərclərin ödənilməsini deyil, ## #### 2024-cü il tarixli təsis payının alqı-satqısı müqaviləsinin 11-ci bəndi ilə cavabdehin üzərinə götürdüyü ödəniş vəzifəsinin icrasını tələb edir. Buna görə hazırkı tələbə zərərin əvəzinin ödənilməsi, əsassız varlanma və ya özgə işlərini tapşırıqsız aparma münasibətlərini deyil, müqavilədən yaranan öhdəlikləri və onların naturada icrasını tənzimləyən normalar tətbiq edilməlidir.

30. Mülki Məcəllənin 385.1, 386.1 və 399.1-ci maddələrinin mənasına görə, müqavilə tərəflər arasında öhdəlik yaradır, öhdəliyə əsasən, borclu kreditorun xeyrinə müqavilədə nəzərdə tutulan hərəkəti yerinə yetirməlidir, kreditor isə həmin vəzifənin icrasını tələb etmək hüququna malikdir. Müqavilə bağlandığı andan tərəflər üçün məcburidir və müqavilə öhdəlikləri razılaşdırılmış şərtlərə uyğun icra edilməlidir.

31. Bununla əlaqədar “xxxx” MMC-nin üçüncü şəxslər qarşısındakı borclu statusu ilə cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliyi fərqləndirilməlidir. Tərəflər müqavilənin 11-ci bəndi ilə cəmiyyətin üçüncü şəxslər qarşısındakı borclusunu dəyişdirməmiş, öz daxili münasibətlərində müəyyən ödənişlərin iqtisadi yükünün satıcı tərəfindən daşınmasını və həmin ödənişlərin satıcı tərəfindən həyata keçirilməsini nəzərdə tutan müstəqil müqavilə öhdəliyi müəyyən etmişlər.

32. Buna görə iddiaçının tələb hüququnun yaranması onun əvvəlcədən həmin borcları şəxsən ödəməsindən və ya həmin məbləğdə zərərə məruz qalmasından asılı deyil. Iddiaçı müqavilə üzrə kreditor kimi cavabdehdən üzərinə götürdüyü vəzifəni icra etməsini tələb edir.

33. Tərəflər arasındakı mübahisənin əsas məsələsi müqavilənin 11-ci bəndinin əhatə dairəsinin müəyyən edilməsidir. Həmin bəndin sintaktik quruluşu “məhkəmə iddialarından irəli gələn” ifadəsinin sonrakı bütün ödəniş növlərinə, yoxsa yalnız onların bir hissəsinə aid olmasını birmənalı müəyyən etməyə imkan vermir. Buna görə şərtin məzmunu yalnız sözlərin təcrid olunmuş hərfi mənasına əsasən müəyyən edilə bilməz.

34. Mülki Məcəllənin 324.5 və 404-cü maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə # ###### 2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, müqavilənin şərtləri təfsir edilərkən onun hüquqi mahiyyəti və məqsədi, bütövlükdə müqavilənin məzmunu, müqavilədən əvvəlki danışıqlar və yazışmalar, tərəflər arasında yaranmış praktika və onların sonrakı davranışları nəzərə alınmalı, tərəflərin həqiqi hüquqi niyyəti müəyyən edilməlidir.

35. Müqavilənin 11-ci bəndində vergi və Dövlət Sosial Müdafiə Fondu qarşısındakı borclar əvvəlcə ayrıca istisna edilmiş, bundan sonra isə “digər” öhdəliklərdən danışılmışdır. Bu, tərəflərin vergi və Dövlət Sosial Müdafiə Fondu borclarını ayrıca kateqoriya kimi ayırdıqlarını, qalan maliyyə öhdəliklərini isə həmin istisnanın əhatə dairəsindən kənarda saxladıqlarını göstərir.

36. Eyni bənddə “mövcud olan”, “hazırda davam edən” və “pay sahibi olduğu dövrə aid olan sonradan yaranan” ifadələrinin ardıcıl işlədilməsi göstərir ki, tərəflər ödənişin rəsmiləşdirildiyi və ya icra sənədinin qəbul edildiyi tarixdən deyil, öhdəliyin aid olduğu fəaliyyət dövründən çıxış etmişlər. Bununla müqavilə bağlanan vaxt artıq mövcud olan öhdəliklər, həmin vaxt davam edən proseslərin maliyyə nəticələri və sonradan müəyyən edilməsinə baxmayaraq satıcının pay sahibi olduğu dövrün fəaliyyətindən yaranan öhdəliklər əhatə olunmuşdur.

37. Bənddə “istənilən” və ümumi məzmunlu “ödənişlər” sözlərinin işlədilməsi, habelə reklam ödənişlərinin ayrıca göstərilməsi tərəflərin öhdəliklərin qapalı siyahısını deyil, müəyyən zaman və səbəb əlaqəsinə malik ödənişlər kateqoriyasını nəzərdə tutduqlarını göstərir. Reklam ödənişinin yaranmasının hüquqi əsası məhkəmə iddiası olmadığından “məhkəmə iddialarından irəli gələn” ifadəsinin sonrakı bütün ödənişlərə şamil edilməsi bəndin daxili məntiqi ilə də uzlaşmır.

38. Dar hərfi təfsir qəbul edilərsə, məhkəmə aktı əsasında tutulmalı olan ödəniş satıcıya aid edildiyi halda, eyni dövrə və eyni iqtisadi mahiyyətə malik, lakin notariusun icra qeydi və ya inzibati akt əsasında tutulmalı olan ödənişin satıcıya aid edilməməsi kimi tərəflərin ağlabatan məqsədinə uyğun olmayan nəticə yaranar.

39. Iş materiallarında olan ## ###### 2024-cü il tarixli “WhatsApp” yazışmalarından görünür ki, müqavilə bağlanmazdan əvvəl cəmiyyətin maliyyə vəziyyəti, o cümlədən vergi, sosial sığorta və digər öhdəlikləri iddiaçı ilə cavabdehin mühasibi arasında müzakirə edilmişdir. Həmin yazışmalar müqavilənin 11-ci bəndi ilə birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflərin həqiqi iradəsi vergi və Dövlət Sosial Müdafiə Fondu borclarını satıcının ödəniş öhdəliyindən istisna etmək, buna qarşılıq müqavilə bağlanan vaxt mövcud olan, davam edən və ya sonradan müəyyən edilməsinə baxmayaraq satıcının pay sahibi olduğu dövrün fəaliyyətindən yaranan digər ödənişlərin iqtisadi yükünü satıcının üzərində saxlamaq olmuşdur.

40. Beləliklə, bənddə rüsumların, ödənişlərin, təzminatların və reklam ödənişlərinin sadalanması müqavilə öhdəliklərinin qapalı siyahısını deyil, tərəflərin müqavilə bağlanarkən nəzərə aldıqları mümkün ödəniş növlərinin nümunəvi sadalanmasını ifadə edir. Bu təfsir müqaviləyə yeni şərt əlavə etmir, əksinə, 11-ci bənddə işlədilmiş bütün ifadələrə müqavilənin məqsədi ilə uzlaşan məna verir.

41. Bununla belə, müqavilənin 11-ci bəndi cavabdehi müqavilədən sonra iddiaçının idarəetməsi dövründə yaranmış bütün öhdəliklərə görə qeyri-məhdud məsul etmir. Hər bir ödənişin hüquqi və faktiki əsasının cavabdehin cəmiyyətdə pay sahibi olduğu dövrə aid olması ayrıca müəyyən edilməlidir.

42. Iş materialları ilə müəyyən edilir ki, “xxxx” MMC 2021–2022-ci illərdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları ilə hər biri 6 000 manat olmaqla, dörd dəfə inzibati cərimə edilmişdir. Ümumilikdə 24 000 manat təşkil edən həmin öhdəliklər cavabdehin pay sahibi olduğu dövrdə yaranmış, müqavilə bağlanan vaxt mövcud olmuş və vergi və ya Dövlət Sosial Müdafiə Fondu borcu olmadığından müqavilənin 11-ci bəndindəki istisnaya daxil olmamışdır.

43. Bakı şəhəri * saylı Notariat Kontorunun ## #### 2022-ci il tarixli icra qeydi üzrə 1 060,33 manat məbləğində ödənişin əsasını “xxxx” MMC-nin “xxxx” MMC-yə olan borcu təşkil etmişdir. Həmin öhdəlik cavabdehin pay sahibi olduğu dövrdə yarandığından, borcun məhkəmə aktı ilə deyil, notariusun icra qeydi ilə icraya yönəldilməsi onu müqavilənin 11-ci bəndinin əhatə dairəsindən çıxarmır.

44. ## ### 2025-ci il tarixli inkasso sərəncamı 6 000 manat məbləğində inzibati cərimənin 7 faizi həcmində hesablanmış 420 manat icra ödənişinə aiddir. Sərəncam müqavilədən sonra verilsə də, onun əsasını cavabdehin pay sahibi olduğu dövrdə tətbiq edilmiş inzibati cərimə təşkil etdiyindən həmin məbləğin sonrakı tarixdə rəsmiləşdirilməsi hüquqi nəticəni dəyişmir.

45. Dövlət Reklam Agentliyinin ## ###### 2025-ci il tarixli qərarı üzrə icraya yönəldilmiş 1 372,12 manat məbləğində ödəniş ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövrü əhatə edən açıq məkanda reklam yerləşdirilməsinə dair icazələrlə bağlıdır. Həmin dövr cavabdehin pay sahibi olduğu vaxta təsadüf edir və reklam ödənişləri müqavilənin 11-ci bəndində ayrıca göstərildiyindən bu ödəniş müqavilə öhdəliyinin predmetinə daxildir.

46. “xxxx” MMC-nin balansında olan “xxxx” nömrəsi üzrə 1 035,33 manat borcun və 25 manat rüsumun notariusun ## #### 2022-ci il tarixli icra qeydi üzrə 1 060,33 manat məbləğə artıq daxil olduğu müəyyən edildiyindən, birinci instansiya məhkəməsi eyni ödənişin iddia tələbinin məbləğində ikinci dəfə nəzərə alınmasına səbəb olan hissədə iddianı haqlı olaraq təmin etməmişdir.

47. Cavabdeh müqavilə bağlanmazdan əvvəl tərəflərin cəmiyyətin bütün borclarının iddiaçı tərəfindən ödənilməsi və əlavə olaraq ona 10 000 manat verilməsi barədə şifahi razılığa gəldiklərini bildirmişdir. MPM-in 77.1-ci maddəsinə görə həmin şifahi razılaşmaya istinad edən cavabdeh onun mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh yazılı və notariat qaydasında təsdiqlənmiş müqavilənin 11-ci bəndinə zidd olan belə razılaşmanı təsdiq edən mötəbər sübut təqdim etməmiş, yuxarıda qiymətləndirilmiş yazışmalar da belə razılaşmanın mövcudluğunu deyil, maliyyə öhdəliklərinin müqavilə ilə tərəflər arasında bölüşdürüldüyünü göstərmişdir.

48. Cavabdehin iddiaçının ondan 40 000 manat alaraq həmin vəsaiti “xxxx” MMC-nin hesabına yönəltməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu hal hazırkı mübahisə üçün tamamilə hüquqi əhəmiyyətsiz hesab edilə bilməz. Cavabdeh həmin vəsaitin “xxxx” MMC-nin borclarının iddiaçı tərəfindən ödənilməsi barədə tərəflər arasında əldə olunduğunu bildirdiyi şifahi razılaşma əsasında verildiyini iddia etdiyindən, bu dəlil həm belə razılaşmanın mövcudluğu, həm də mübahisəli ödənişlər üzrə öhdəliyin tam və ya qismən icra edilib-edilməməsi baxımından qiymətləndirilməlidir.

49. Bununla belə, MPM-in 77.1-ci maddəsinə görə cavabdeh 40 000 manatın faktiki verilməsini deyil, həmçinin həmin vəsaitin məhz hazırkı mübahisənin predmetini təşkil edən borcların ödənilməsi məqsədilə iddiaçıya və ya onun göstərişi ilə “xxxx” MMC-yə verildiyini sübut etməlidir. Cavabdeh vəsaitin verilmə tarixini, hüquqi əsasını, təyinatını və iddiaçı tərəfindən həmin məqsədlə qəbul edildiyini təsdiq edən ödəniş sənədi, yazışma və ya digər mötəbər sübut təqdim etməmişdir.

50. Cavabdeh, həmçinin Azərbaycan dilini bilmədiyindən müqavilənin məzmununu anlamadan imzaladığını bildirmişdir. Lakin onun məhkəmə iclasında verdiyi izahatından Azərbaycan dilinin ana dili olduğu müəyyən edilir. Məhkəmə iclaslarında ona ünvanlanan sualları maneəsiz başa düşməsi, həmin suallara bilavasitə və məzmuna uyğun cavab verməsi, işin halları və hüquqi mövqeyi barədə Azərbaycan dilində sərbəst, ardıcıl və ətraflı izahat təqdim etməsi də dövlət dilini bildiyini təsdiq edir.

51. Belə olan halda, notariusun cavabdehin Azərbaycan dilini bilmədiyini ehtimal etməsi üçün hər hansı obyektiv əsasın mövcudluğu iş materiallarından görünmür. Cavabdeh də notariat hərəkəti aparılarkən Azərbaycan dilini bilmədiyini bildirdiyini, sənədin başqa dildə tərtib olunmasını və ya mətnin tərcüməçi vasitəsilə ona tərcümə edilməsini tələb etdiyini iddia və sübut etməmişdir. “Notariat haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulan təminat şəxsin əcnəbi olub-olmamasına deyil, kargüzarlığın aparıldığı dili bilib-bilməməsinə bağlı olduğundan onun xarici dövlətin vətəndaşı olması müqavilənin mütləq başqa dilə tərcümə edilməsini tələb etmir.

52. Apellyasiya şikayətində müqavilədə satış qiymətinin göstərilmədiyi bildirilsə də, müqavilənin 2-ci bəndində iştirak payının 10 manat dəyərində qiymətləndirildiyi, 3-cü bəndində isə həmin məbləğin alıcı tərəfindən satıcıya nağd şəkildə ödənildiyi göstərilmişdir. Buna görə həmin dəlil müqavilənin məzmunu ilə təkzib olunur.

53. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli, **/**** nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə əqdin etibarsızlığının qiymətləndirilməsi üçün mütləq ayrıca qarşılıqlı iddia verilməsi tələb edilmir. Əqdə əsaslanan tələbə etiraz edən tərəf etibarsızlıq iradəsini həmin işdə də bildirə bilər. Buna görə kollegiya cavabdehin müqavilənin etibarsızlığına dair dəlillərini mahiyyəti üzrə qiymətləndirir.

54. Cavabdehin etiraz və izahatlarının məzmunundan görünür ki, o, bir tərəfdən müqavilənin bağlanmasından əvvəl iddiaçının cəmiyyətin bütün öhdəliklərini ödəyəcəyinə dair vəd verməklə onu aldatdığını, digər tərəfdən isə bağladığı müqavilənin borcların tərəflər arasında bölüşdürülməsinə dair məzmunu barədə vacib əhəmiyyətli yanılmaya düşdüyünü iddia edir. Buna görə cavabdehin müqavilənin etibarsızlığına dair dəlilləri həm Mülki Məcəllənin 339.2-ci maddəsində nəzərdə tutulan aldatma, həm də həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulan vacib əhəmiyyətli yanılma baxımından qiymətləndirilməlidir.

55. Cavabdeh iddiaçının müqavilə bağlanmazdan əvvəl cəmiyyətin bütün öhdəliklərini özünün ödəyəcəyini bildirməklə onu müqaviləni bağlamağa sövq etdiyini və bu vədin müqavilənin mətnində əks olunmadığını iddia edir. Mülki Məcəllənin 339.2-ci maddəsinin tətbiqi üçün isə yalnız belə məlumatın verildiyinin bildirilməsi kifayət etmir; qarşı tərəfin konkret yanlış məlumat verdiyi və həmin məlumatın əqdin bağlanmasına həlledici təsir göstərdiyi mötəbər sübutlarla təsdiq edilməlidir. Cavabdeh iddiaçının cəmiyyətin bütün öhdəliklərini ödəyəcəyinə dair belə vəd verdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Əksinə, müqavilədən əvvəlki yazışmalardan cəmiyyətin maliyyə öhdəliklərinin tərəflər arasında müzakirə edildiyi, müqavilənin 11-ci bəndində isə həmin öhdəliklərin hansı tərəfə aid olmasının ayrıca tənzimləndiyi görünür. Bu hallar cavabdehin müqaviləni iddiaçının yanlış məlumatı nəticəsində bağladığına dair dəlilini təsdiq etmir.

56. Mülki Məcəllənin 347.1 və 347.2-ci maddələrinə görə vacib əhəmiyyətli yanılma, o cümlədən şəxsin razılıq verdiyi əqddən fərqli əqd bağlamaq istəməsi və ya bağladığı əqdin məzmunu barədə səhv etməsi hallarında mövcud ola bilər. Cavabdehin iştirak payının alqısatqısı müqaviləsini bağlamaq istəmədiyi və ya başqa növ əqd bağlamaq niyyətində olduğu müəyyən edilmir. Onun dəlili müqavilənin borcların bölüşdürülməsinə dair şərtinin əvvəlki şifahi razılaşmadan fərqli olması ilə bağlıdır. Həmin şifahi razılaşma sübuta yetirilmədiyindən müqavilənin məzmunu barədə vacib əhəmiyyətli yanılmanın mövcudluğu da təsdiq olunmur.

57. Bundan əlavə, hətta cavabdehin aldatma və ya vacib əhəmiyyətli yanılmaya dair dəlillərinin mahiyyətcə əsaslı olduğu fərz edilsə belə, əqdin həmin əsaslarla mübahisələndirilməsi Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər daxilində həyata keçirilməlidir. Aldatma üzrə birillik müddət əqdin etibarsız sayılmasına əsas verən halların bilindiyi və ya bilinməli olduğu gündən, vacib əhəmiyyətli yanılma üzrə bir aylıq müddət isə mübahisə əsasının məlum olduğu andan hesablanır.

58. “Bilməli olduğu” meyarı müddətin başlanğıcının yalnız şəxsin həmin halları nə vaxt öyrəndiyi barədə subyektiv bəyanatından asılı olmadığını, konkret şəraitdə ondan gözlənilən ağlabatan diqqət və qayğı göstərildiyi halda etibarsızlıq üçün əsas hesab edilən halların müəyyən edilməsinin mümkün olduğu vaxtın nəzərə alınmalı olduğunu göstərir.

59. MPM-in 77.1-ci maddəsinə görə əqdin aldatma nəticəsində və ya vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığını bildirən tərəf həmin halların mövcudluğu ilə yanaşı, mübahisə əsasının ona hansı vaxtda məlum olduğunu və qanunda müəyyən edilmiş müddət ərzində əqdlə bağlı olmadığına dair iradəsini müqavilənin digər tərəfinə bildirdiyini də sübut etməlidir.

60. Müqavilənin dörd nüsxədə tərtib edilərək bir nüsxəsinin cavabdehə verilməsi, mətnin onun bildiyi dildə olması və mübahisələndirdiyi şərtin müqavilədə açıq şəkildə göstərilməsi cavabdehin həmin şərtin məzmunundan müqavilənin bağlandığı vaxtdan məlumatlı olduğu nəticəsinə gəlməyə əsas verir. Cavabdeh mübahisə əsasının müqavilənin bağlandığı tarixdən sonra ona məlum olduğunu təsdiq edən konkret hadisə və tarix göstərməmiş, bu barədə hər hansı sübut təqdim etməmişdir.

61. Müqavilənin bir nüsxəsi cavabdehə təqdim edildiyi və onun müqavilənin məzmunu ilə tanış olmasına obyektiv maneə olmadığı halda, müqaviləni vaxtında oxumaması və ya onun hüquqi nəticələrini özü üçün aydınlaşdırmaması kəsici müddətlərin başlanmasını qeyrimüəyyən müddətə təxirə sala bilməz. Əks yanaşma həmin müddətlərin başlanmasını əqdi mübahisələndirən şəxsin yoxlanılması mümkün olmayan subyektiv bəyanatından asılı vəziyyətə salar və müqavilə münasibətlərində hüquqi müəyyənliyi pozardı.

62. Bununla belə, kollegiyanın müqavilənin etibarlı olması barədə nəticəsi yalnız Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətlərin keçməsinə deyil, ilk növbədə cavabdehin aldatma və vacib əhəmiyyətli yanılma hallarını mahiyyəti üzrə sübut edə bilməməsinə əsaslanır.

63. Cavabdehin müqavilənin etibarsızlığı ilə bağlı ayrıca iddia qaldırması ilə əlaqədar verdiyi vəsatətin təmin edilməməsi barədə dəlili də əsaslı deyil. Əqdə əsaslanan öhdəliyin icrası tələbinə baxan məhkəmə həmin əqdin etibarlılığını özü qiymətləndirməli olduğundan ayrıca işin mövcudluğu hazırkı mübahisənin həllini obyektiv olaraq qeyri-mümkün etmir.

64. Cavabdehin 40 000 manatla bağlı dəlili hazırkı öhdəliyə təsiri baxımından yuxarıda qiymətləndirilmişdir. Onun həmin vəsaitin mənimsənilməsi, tibbi avadanlıqların qaytarılmaması, artıq icarə haqqı alınması və zərər vurulması barədə qalan dəlilləri isə hazırkı iddianın predmetinə daxil olmayan müstəqil tələblərə aiddir. Cavabdeh həmin halların iddiaçının tələb hüququnu aradan qaldırdığını, öhdəliyə xitam verdiyini və ya qanunda nəzərdə tutulan qaydada qarşılıqlı tələblərin əvəzləşdirilməsinə əsas yaratdığını təsdiq edən maddi-hüquqi əsaslar və sübutlar təqdim etməmişdir. Buna görə həmin müstəqil mübahisələr onu müqavilənin 11-ci bəndindən irəli gələn öhdəliyin icrasından azad etmir.

65. Beləliklə, iş materialları ilə tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin 11-ci bəndinin vergi və Dövlət Sosial Müdafiə Fondu borcları istisna olmaqla, müqavilənin bağlandığı vaxt mövcud olan, davam edən və ya sonradan müəyyən edilməsinə baxmayaraq cavabdehin pay sahibi olduğu dövrün fəaliyyətindən yaranan digər ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməsi barədə müstəqil öhdəlik yaratdığı müəyyən edilir.

66. Iddianın predmetini təşkil edən 26 852,45 manat məbləğində ödənişlər müqavilədə nəzərdə tutulan istisnaya daxil deyil və onların hüquqi əsasları cavabdehin cəmiyyətdə pay sahibi olduğu dövrdə yaranmışdır. Cavabdehin başqa məzmunlu şifahi razılaşmanın mövcudluğu, müqavilənin başqa dilə tərcümə edilməməsi səbəbindən onun məzmununu anlamaması, habelə aldatma və vacib əhəmiyyətli yanılma barədə dəlilləri mötəbər sübutlarla təsdiq olunmamışdır.

67. Bu baxımdan birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissəsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

68. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1 və 119.5-ci maddələrinə əsasən apellyatorun özünə aid edilməlidir.

69. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar