Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-572/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı “xxxx” ASC-nin cavabdeh Nurəliyev İntiqam Əlişah oğluna qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Əliyeva Leyla Rauf qızının sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Nurəliyev İntiqam Əlişah oğluna qarşı “pul və lizinq predmetinin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC (lizinq verən) ilə Nurəliyev İntiqam Əlişah oğlu (lizinq alan) arasında ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyekti 2023-ce il buraxılışlı Lovol TD 904 (3-cü nəsil) markalı traktor. 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 34150 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 19312 manat təşkil edir. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) * nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün , bir il-360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% -i miqdarında cərimə hesablamaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 15.1-ci bəndinə əsasən maliyyə Lizinqinin müddəti bitdikdən sonra 30 təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cəimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə keçirməlidir. 15.2-ci maddəsinə görə müqavilənin 15.1-ci bəndində müəyyən edilmiş şərtləri yrinə yetirilmədikdə, lizinq verən lizinq obyektinin mülkiyyət hüqunun əldə edilməsi ilə bağlı lizinq alana yazılı xəbərdarlıq göndərir. Lizinq alan rəsmi xəbərdarlığı aldıqdan sonra da 30 gün ərzində 15.1-ci bənddə nəzərdə tutulmuş hərəkətləri həyata keçirmədikdə, lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 61 ay müddətində hər ay 358.13 manat (sonuncu ay 12.14 manat olmaqla) olmaqla cəmi 21488 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.
3. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən ##.##.2025-ci il tarixə Nurəliyev İntiqam Əlişah oğlunun ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** saylı müqavilə üzrə 3803.93 manat əsas, 601.06 manat cərimə borcu olmaqla,cəmi borcu 4404.99 manat təşkil edir.
4. 12.##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən ##.##.2026-cı il tarixə Nurəliyev İntiqam Əlişah oğlunun ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** saylı müqavilə üzrə 4604.29 manat əsas, 294.44 manat cərimə borcu olmaqla,cəmi borcu 4898.73 manat təşkil edir.
5. İddiaçı ASC tərəfindən Nurəliyev İntiqam Əlişah oğluna pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı İddiaçı ASC cavabdeh Nurəliyev İntiqam Əlişah oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Nurəliyev İntiqam Əlişah oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli KTAKTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə əsasən ##.##.2025-ci il tarixədək yaranmış 3,803.93 manat gecikdirilmiş əsas borc, 601.06 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 4404,99 manat borc məbləğinin və 65 manat məbləğində ödənilmiş dövlət rüsumunun Nurəliyev İntiqam Əlişah oğlundan tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə xitam verilməsi və 1 ədəd LOVOL TD 904 (3- CÜ NƏSİL) markalı traktorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nurəliyev İntiqam Əlişah oğlu arasında ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd LOVOL TD 904 (3- CÜ NƏSİL) markalı traktor cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 51000 manat təşkil etmişdir. Həmin məbləğin 19312.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 10200 manat məbləğində ilkin ödəniş cəmiyyətlərinə ödənilmişdir. Eyni zamanda, cavabdeh Nurəliyev İntiqam Əlişah oğlu müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə ##.##.2025-ci il tarixinə 3,803.93 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin ##.##.2025-ci il tarixinə qədər 601.06 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfilərindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə ##.##.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdeh Nurəliyev İntiqam Əlişah oğlu iddiaçı İddiaçı ASC qarşısında ##.##.2024cü il tarixli KTA-KTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə əsasən ##.##.2025-ci il tarixə qədər 3,803.93 manat gecikdirilmiş əsas borc, 601.06 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 4404,99 manat öhdəliyi vardır.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Nurəliyev İntiqam Əlişah oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə əsasən ##.##.2026-cı il tarixədək yaranmış 4604,29 manat gecikdirilmiş əsas borc, 294,44 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 4898,73 manat borc məbləğinin və 69 manat məbləğində ödənilmiş dövlət rüsumunun Nurəliyev İntiqam Əlişah oğlundan tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli KTAKTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə xitam verilməsi və 1 ədəd LOVOL TD 904 (3- CÜ NƏSİL) markalı traktorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Nurəliyev İntiqam Əlişah oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli KTA-KTT**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə əsasən ##.##.2026-cı il tarixədək yaranmış 4604,29 manat gecikdirilmiş əsas borc, 294,44 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 4898,73 manat borc məbləğinin və 69 manat məbləğində ödənilmiş dövlət rüsumunun Nurəliyev İntiqam Əlişah oğlundan tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi və 1 ədəd LOVOL TD 904 (3-CÜ NƏSİL) markalı traktorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh Nurəliyev İntiqam Əlişah oğlundan 4604,29 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 59 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, 1 ədəd LOVOL TD 904 (3- cü nəsil) markalı traktor işlək vəziyyətdə cavabdeh Nurəliyev İntiqam Əlişah oğlundan alınaraq iddiaçı “xxxx” MMC-yə geri qaytarılması qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir(Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). Belə ki, iddia ərizəsi yazılı sübutlar (sənədlərə) əsaslanmalıdır. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olubolmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməməsi, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ASC (lizinq verən) ilə cavabdeh Nurəliyev İntiqam Əlişah oğlu (lizinq alan) arasında ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2” X2 müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı ASC müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan 1 ədəd LOVOL TD 904 markalı traktor lizinq alan Nurəliyev İntiqam Əlişah oğluna təhvil vermişdir. Lizinq alan Nurəliyev İntiqam Əlişah oğlu ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Nurəliyev İntiqam Əlişah oğlunun lizinq müqaviləsi üzrə 4604,29 manat məbləğində əsas borcu yaranmışdır. Nurəliyev İntiqam Əlişah oğlunun lizinq müqaviləsi üzrə 4604,29 manat məbləğində əsas borcu yaranması iş matriallarına əlavə edilmiş lizinq müqaviləsi, təhvil təslim aktı, maliyyə arayışı və digər sübutlarla öz təsdiqini tapır. Cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə Mülki Məcəllənin 747-ci maddəsinə əsasən mübahisəli öhdəlik hüquq münasibətində kreditor olan lizinq verənin borclu olan lizinq alandan lizinq ödənişlərin edilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, lizinq ödənişlərinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdeh Nurəliyev İntiqam Əlişah oğlu 4604,29 manat məbləğində borc tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünüb ki, mübahisəli lizinq müqavilələrinə ##.##.2025-ci il tarixdə pretenziya məktubunun göndərilməsi ilə bağlı xitam verilməsinə baxmayaraq lizinq alan lizinq ödənişlərini ödəmək öhdəliklərini tam şəkildə icra etmədiyindən onun lizinq obyektini öz mülkiyyətinə keçirmək hüququ yaranmamışdır. Odur ki, iddiaçı İddiaçı ASC lizinq obyekti olan avadanlıqları saz və işlək vəziyyətdə geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq 100 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia qismən təmin edilməli, Nurəliyev İntiqam Əlişah oğlundan 100 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. 28.Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edib ki, iddiaçı tərəfindən 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edib ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59 manat məbləğində pul vəsaiticavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 448.1, 443.7, 747.1, 748-7.1, 462.1, 467-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, yeni daha ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Məhkəmə işə baxarkən cavabdehin müqavilənin zəif tərəfi (vəsaitlərinin azlığından texnikanı birbaşa əldə bilməməklərini) olduğunu nəzərə almamışdır. Qətnamə ilə cavabdehin kredit borcu ilə yanaşı texnikasının da iddiaçıya verilməsi qət olunmuş. Lakin əvvəlcədən ödədiyi 10200 manat ilkin ödənişin iddiaçının xeyrinə ödədiyini,19312 manat dövlət subsidiyasını nəzərə almamışdır. Məhkəmə öz qətnaməsində iş üzrə lizinq şirkətinin mövqeyini mötəbər qəbul etmişdır. İşə baxan Hakim cavabdeh tərəfindən iddiaçıya ödənişin məbləğini dəqiqləşdirməmidir. Halb ki, cavabdeh tərəfindən ## ###### 2025-ci il tarixdə 1000 manat ödəniş olunmuşdir. Lakin məhkəmə cavabdehin borcunun dəqiqləşməsi barədə mühasibatlıq ekspertizası keçirməmişdir. Hazırkı işdə isə qarşı tərəf sərt davranmaqla cavabdehin əmlakına görə cavabdehə verilmiş kredit məbləğinin barəsində iddia qaldırması ilə yanaşı cavabdehə məxsus texnikanın da cavabdehin əlindən alınması barədə iddia verməkdədir. Halbuki, həmin texnika cavabdehin ailəsinin yeganə gəlirini təmin edən vasitədir. Hakim qeyd olunan halları öz qətnaməsində müəyyən etdiyini qeyd etsə də ,tərəflərə hüquqi yanaşmadan ayrı seçkilik tətbiq etmiş, qarşı tərəfin yalnız ödəniş cədvəlinivə gömrükdən alınan çıxarışı əsas götürmüşdür. Qeyd oluna əsaslarla əmlakın tərəfinəlindən alınması və əlavə pul yükü altına salınması kimi yolverilməz vəziyyət bizi qane etmir və apelyasiya qaydasında qətnamə mübahisələndirilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsinin, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Cavabdeh məhkəmə iclasına gəlməmiş və lakin ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur -748-1.12.-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: -748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; -748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; -748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; -748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. - 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
19. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
20. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunduğunu, cavabdehin apellyasiya şikayətinin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən -lizinq müqaviləsi üzrə əsas borcun və dəbbə pulunun tutulmasına dair iddianın təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ASC (lizinq verən) ilə cavabdeh Nurəliyev İntiqam Əlişah oğlu (lizinq alan) arasında ##.##.2024cü il tarixli
23. KTA-KTT-**/***** nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermişdir. Lizinq müqaviləsi üzrə iddiaçı tərəfindən öhdəliklər lazımi qaydada icra edilsə də, cavabdeh həmin müqavilə üzrə lizinq ödənişlərin ödənilməsinə dair öhdəlikləri tam şəkildə icra etməmiş, nəticədə cavabdehin iddiaçıya həmin müqavilə üzrə gecikdirilmiş əsas və dəbbə pulu borcları yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı cavabdehə bildirişlər göndərilmiş, öhdəliklərin icra edilməsi tələb edilmiş, əks halda müqavilələrin birtərəfli qaydada ləğv ediləcəyi, borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyini bildirilmişdir.
24. Hazırda iddiaçı mübahisəli lizinq müqaviləsi üzrə ##.##.2026-cı il tarixə lizinq ödənişləri üzrə borcun və dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını və lizinq obyektlərinin qaytarılmasını tələb edir.
25. Iddianın lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi ilkin cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə lizinq ödənişləri vaxtında ödənilmədiyindən lizinq müqaviləsi ilkin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.
26. Belə olan halda kollegiya mübahisəli lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edildiyini, belə olan halda isə iddiaçının Mülki Məcəllənin 748-1.12.-ci maddəsinə əsasən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə haqlı olmuşdur.
27. Lizinq müqavilələri üzrə borcun tutulması tələbi ilə bağlı isə kollegiya qeyd edir ki, mübahisəli lizinq müqaviləsi ##.##.2025-ci il tarixdə birtərəfli qaydada ləğv edilsə də, ##.##.2026-cı il tarixədək (yəni tələb edilən tarixədək) olan müddət üçün lizinq obyektlərinin lizinq verənə qaytarılması iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçının Mülki Məcəllənin 747.1-ci, 697.2 və 462-ci maddələrinə əsasən ##.##.2026-cı il tarixədək olan müddət üçün lizinq obyektindən istifadəyə görə hesablanmış əsas borcun və müqavilənin ləğv edildiyi tarixədək dəbbə pulunun cavabdehdən tutulmasını tələb etmək hüququ vardır.
28. Borcun məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməli olması barədə cavabdehin dəlillərinə gəlincə, kollegiya hesab edir ki, hazırkı halda mübahisəli müqavilə üzrə cavabdehin icra edilməmiş öhdəliyinin həcminin müəyyən edilməsi mühasibatlıq sahəsində xüsusi bilik tələb etmir, sadə riyazi hesablama aparmaqla həmin halı müəyyən etmək mümkündür. Bu səbəbdən ekspertiza təyin edilməsinə zərurət yoxdur.
29. Bununla yanaşı o da qeyd edilməlidir ki, Mülki Məcəllənin 750-ci maddəsinin tələblərinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verənin tələbləri müəyyən edilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmalıdır.
30. Hazırkı halda lizinq alan Nurəliyev İntiqam Əlişah oğlu lizinq müqaviləsi bağlanarkən lizinq obyekti olan avadanlığının əldə edilməsinə görə ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli lizinq müqaviləsi üzrə 10.200 manat məbləğində avans (ilkin ödəniş) ödəmiş, lakin lizinq müqaviləsi ləğv edildiyindən dəyərinin bir hissəsini ödədiyi lizinq obyektini əldə etmək hüququnu itirmişdir. Lizinq verən isə lizinq müqaviləsinin ləğv edilməsi nəticəsində lizinq obyektinə (34150 manat) mülkiyyət hüququnu özündə saxlamışdır. Halbuki həmin lizinq obyektinin dəyərinin 10200 manat hissəsi lizinq alanın ilkin ödənişi hesabına ödənilmişdir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə vaxtından əvvəl ləğv edildiyi halda lizinq verənin lizinq alana qarşı tələbləri müəyyənləşdirilərkən avans ödənişi lizinq verənin qənaət etdiyi xərc qismində nəzərə alınmalıdır. Əks yanaşma Mülki Məcəllənin 750-ci maddəsinin tələblərinə zidd olmaqla yanaşı lizinq verənin lizinq müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan daha artıq məbləğdə əmlak əldə etməklə əsassız varlanmasına səbəb olacaqdır.
32. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasının gecikdirilməsinə görə iddiaçının iddia ərizəsində göstərdiyi gecikdirilmiş əsas borc məbləği (4604,29 manat) və həmin məbləğə mütənasib hesab edilə biləcək dəbbə pulu məbləği (100 manat) lizinq alanın müqavilə bağlanarkən ödədiyi və müqavilənin ləğv edilməsi nəticəsində lizinq verənin qənaət etdiyi 10.200 manat avans ödənişi ilə tam əhatə edildiyindən iddiaçı İddiaçı ASC-nin əsas borc və dəbbə pulunun tutulması tələbinin təmin edilməsi üçün əsas yoxdur.
33. Beləliklə, əsas borcun və dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
34. Cavabdehin apellyasiya şikayəti qismən təmin edildiyindən, buna müvafiq olaraq qətnamə cavabdehdən tutulmalı olan dövlət rüsumunun məbləği hissələrində də dəyişdirilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 33 manat hissəsi cavabdehdən tutulmalı, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
35. Bununla yanaşı apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh Nurəliyev İntiqam Əlişah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)- ****/**** saylı qətnaməsi qismən - ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli müqavilə üzrə 4604,29 manat məbləğində əsas, 100 (yüz) manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində - ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində isə qətnamə dəyişdirilsin, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən tutulmalı olan pul vəsaiti 33 manat məbləğində, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi isə 32 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh Nurəliyev İntiqam Əlişah oğlu tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov