Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-573/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, pretenziya qaydası, sübutların kifayətliliyi, çəkişmə prinsipi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı: Işin halları
1. Icraçı İddiaçı QSC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış xxxx/013/24 nömrəli, ## #### 2024-cü il tarixli xidmət müqaviləsindən görünür ki, sifarişçi müqavilənin tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öhdəsinə götürür.
2. Həmin müqavilənin: 2.4-cü bəndinə əsasən, icraçının yerinə yetirdiyi işlər bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil verilir.
3. 4.3-cü bəndinə əsasən, hazırki müqavilə üzrə hesablaşmalar, tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
4. 4.4-cü maddəsinə əsasən, sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 (otuz) iş günündən artıq müddətdə icraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1 (bir) % miqdarında cərimə ödəyir.
5. Icraçı İddiaçı QSC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış xxxx/013/24 nömrəli, ## #### 2024-cü il tarixli xidmət müqaviləsi üzrə ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan (№-1) görünür ki, tərəflər Qaradağ rayonu Gəmi təmiri zavodu ərazisindən Qaradağ sement zavodu ərazisinə Betonqarışdıran mikser ilə beton daşınması işlərinin görülməsi üçün 90.00 manat, Qaradağ rayonu Gəmi təmiri zavodu ərazisindən Hacıqala ərazisinə Betonqarışdıran mikser ilə beton daşınması işlərinin görülməsi üçün 90.00 manat və ƏDV (18%) 52,20 manat olmaqla, cəmi 342,20 manat məbləğində olmasına razılaşmışlar.
6. EBEB seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı QSC tərəfindən 1643,40 manat ƏDV olmaqla, ümumilikdə 10773,40 manat dəyərində Qaradağ-Hacıqabul istiqamətində (malların yola salınması) xidmət həyata keçirilmişdir.
7. EBEC seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı QSC tərəfindən 1557 manat ƏDV olmaqla, ümumilikdə 10207 manat dəyərində Hacıqabul istiqaməti üzrə (malların yola salınması) xidmət həyata keçirilmişdir.
8. MT2406 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı QSC tərəfindən 468 manat ƏDV olmaqla, ümumilikdə 3068 manat dəyərində Hacıqabul istiqamətində (malların yola salınması) xidmət həyata keçirilmişdir.
9. MT2407 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı QSC tərəfindən 252 manat ƏDV olmaqla, ümumilikdə 1652 manat dəyərində Qaradağ-Hacıqabul istiqamətində (malların yola salınması) xidmət həyata keçirilmişdir.
10. ##.##.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. Iddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, xxxx/013/24 nömrəli müqavilə üzrə Cavabdeh MMC-dən İddiaçı QSC-nin xeyrinə ƏDV daxil olmaqla 14927 (on dörd min doqquz yüz iyirmi yeddi) manat ödənişin və ödənilmiş dövlət rüsumu kimi 135 (yüz otuz beş) manatın, ümumilikdə 15062 (on beş min altmış iki) manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, xxxx/013/24 nömrəli «Müqavilə» imzalamışdır. Nəzərlərinə çatdırırlar ki, ##.##.2024-cü il tarixli, xxxx/013/24 nömrəli «Müqavilə»-nin 1.1-ci bəndinə əsasən, Sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, Icraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öz öhdəsinə götürür. «Müqavilə»-nin 9.1-ci bəndinə əsasən, bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. «Müqavilə»-nin 9.2-ci bəndinə əsasən, hazırki Müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. «Müqavilə»-nin 9.3-cü bəndinə əsasən, tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Bildirirlər ki, ##.##.2024-cü il tarixli, xxxx/013/24 nömrəli «Müqavilə»-nin 1.1-ci bəndinə əsasən, İddiaçı QSC “icraçı” tərəf olaraq öz üzərinə düşən öhdəliyini tam şəkildə yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MMC “sifarişçi” tərəf olaraq üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və müqavilə üzrə ƏDV daxil olmaqla 14927 (on dörd min doqquz yüz iyirmi yeddi) AZN qalıq ödənişini bugünədək icra etməmişdir. Ödəniş öhdəliyinizin icra edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Nəzərlərinə çatdırmaq istəyirlər ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Bildirirlər ki, eyni mahiyyətli məktub (pretenziya) Cavabdeh MMC-yə rəsmi qaydada göndərilmişdir. Lakin məktubu almasına baxmayaraq qarşı tərəf bugünədək hər hansı ödəniş etməmişdir.
13. Iddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə göndərərək digər məhkəmə iclasında iştirak etməyi zəruri olduğundan, hazırki məhkəmə iclasına gəlməsi mümkün deyil. Ona görə də məhkəmə iclasının iştirakları olmadan baxılaraq, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə ərizə göndərərək, borc məbləğində uyğunsuzluq aşkar olunduğundan, sübutların təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməməsinə dair sübutlarını ərizəsinə əlavə etməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2026cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında ##.##.2024-cü il tarixli, xxxx/013/24 saylı xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan sifariş əsasında beton daşınması işlərini göstərmiş, lakin cavabdeh ona göstərilmiş xidmətlər üzrə tam olaraq ödəniş etməmiş və bununla da, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
17. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh MMC-dən ##.##.2024cü il tarixli, xxxx/013/24 nömrəli xidmət müqaviləsinə əsasən 14927 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
18. Həmçinin qeyd olunmuşdur ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 135 manat məbləğində olan dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır
19. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 448.2-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqaviləyə əsasən icraçının yerinə yetirdiyi işlər təhvil-təslim aktı imzalanmaqla sifarişçiyə təhvil verilməlidir. Məhkəmə qətnaməsində elektron qaimə-fakturalara istinad edilsə də, müqavilə üzrə xidmətlərin qəbulunu təsdiq edən imzalı təhvil-təslim aktlarının mövcudluğu və hüquqi qüvvəsi araşdırılmamışdır. Elektron qaimə-faktura özlüyündə xidmətlərin cavabdeh tərəfindən faktiki qəbul edildiyini və borc məbləğinin mübahisəsiz olduğunu təsdiq edən yeganə sübut kimi qiymətləndirilə bilməz. Elektron qaimə-fakturalar üzrə məbləğlər qətnamədə sadalanmışdır: 10773,40 manat, 10207 manat, 3068 manat və 1652 manat. Bu məbləğlərin ümumi cəmi 25700,40 manat təşkil edir. Iddia tələbi isə 14927 manat qalıq borc kimi göstərilmişdir. Məhkəmə qalan 10773,40 manat fərqin hansı ödəniş, əvəzləşdirmə və ya digər hesablaşma əsasında çıxıldığını qətnamədə izah etməmişdir.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
25. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 398.1. Əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
29. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
30. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
31. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
47. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
48. Apellyasiya şikayətində müqaviləyə əsasən xidmətlərin təhvil-təslim aktı ilə rəsmiləşdirilməli olduğu göstərilsə də, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, hesablaşmalar elektron qaimə-fakturalar əsasında aparılmış, cavabdeh uzun müddət həmin qaydada təqdim edilən sənədlərə etiraz etməmişdir. Bu baxımdan, ayrıca təhviltəslim aktının təqdim edilməməsi iddia tələbinin əsassız olması nəticəsinə gəlmək üçün kifayət etmir.
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.13-cü bəndində göstərilmişdir ki, “Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaiməfaktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir”.
50. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır.
52. Həmçinin apellyasiya şikayətində elektron qaimələr üzrə ümumi məbləğ ilə tələb edilən qalıq borc arasında fərqin mövcudluğu qeyd edilsə də, həmin fərqin iddiaçı tərəfindən aparılmış qarşılıqlı hesablaşmalar və qismən ödənişlər nəzərə alınmaqla müəyyən edildiyi iş materialları ilə təsdiq olunur. Cavabdeh tərəfindən isə fərqli hesablaşmanı təsdiq edən sübut təqdim edilməmişdir..
53. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyi araşdırılmalıdır.
54. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).
55. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos Ispaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).
56. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 39).
57. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsi ilə prosesslər barədə onlara məlumat verilmişdir.
58. Işdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən 4 hazırlıq iclası, 1 baxış iclası keçirilmiş, icraat ümumilikdə təxmini 4 ay davam etmişdir, cavabdeh tərəfindən borcun mövcudluğu faktını təkzib edən sübut təqdim edilməmişdir.
59. AR MPM-nin 10-1-ci maddəsi məhkəmə icraatı zamanı sənədlərin mübadiləsini tənzimləyir. Pretenziya məktubu isə məhkəməyəqədərki mərhələyə aid olub, maddi hüquq xarakterli sənəddir. Iş materiallarına əlavə edilmiş xəbərnamə ilə qarşı tərəfin məlumatlandırılmasının təmin edildiyi müəyyən edilmişdir və bu, qanunun ruhuna (mübahisəni sülhlə bitirmə cəhdi) tam uyğundur (iş materialları 17-ci vərəqə).
60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
61. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.