Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-582/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, yazılı sübutlar, elektron göndərmə, sübutların mötəbərliyi, sübutların qiymətləndirilməsi) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. iddiaçı1 (“Icraçı”) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (“Sifarişçi”) arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****/** nömrəli xidmət müqaviləsinə əsasən, icraçı metal qapı, pəncərə və arakəsmə şüşə işi və digər xidmətləri göstərməyi, sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, icraçı tərəfindən yerinə yetirilmiş işlər işlərin icra olunma aktı ilə sifarişçiyə təhvil verilir və qəbul edilir. Sifarişçi tərəfindən xidmət haqqının müqavilə və ya qiymət razılaşdırılması protokolunda müəyyən edilmiş müddətdə ödənilmədiyi halda, gecikdirilmiş ödəniş məbləğinin 0,05 faizi həcmində, lakin ümumi olaraq gecikdirilmiş məbləğin 10 faizindən çox olmamaq şərtilə cərimə ödənilməsi nəzərdə tutulmuşdur.
2. Tərəflər ##.##.2023-cü il tarixli qiymətlərin razılaşdırılmasına dair üç protokol tərtib etmişdir. Həmin protokollarla 10 242 manat, 6 813 manat və 16 244 manat dəyərində işərin görülməsi razılaşdırılmışdır. Tərəflərin imzaladığı ##.##.2023-cü il tarixli protokol ilə isə 9 000 manat dəyərində işlərin görülməsi barədə razılıq əldə edilmişdir. Həmin protokollara əsasən, müvafiq işlərin protokolların imzalandığı tarixdən etibarən 15 gün müddətində icra edilməsi, ödənişlərin isə təhvil-təslim aktları imzalandıqdan sonra müvafiq olaraq 30 gün, 5 gün və 15 gün müddətində sifarişçi tərəfindən icraçının bank hesabına köçürülməsi yolu ilə həyata keçirilməsi müəyyən edilmişdir.
3. ##.##.2023-cü il tarixli, ** nömrəli təhvil-təslim aktında 17 055 manat, ##.##.2023-cü il tarixli, ** nömrəli təhvil-təslim aktında 9 000 manat, ##.##.2023-cü il tarixli, ** nömrəli təhvil-təslim aktında isə 16 245 manat dəyərində işlərin görülərək təhvil verildiyi göstərilmişdir.
4. iddiaçı1 tərəfindən yerinə yetirilən işlərlə bağlı Cavabdeh MMC-yə EBCM seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli (16 245 manat) və EBDA seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli (9 000 manat) elektron qaimə-fakturalar göndərilmişdir.
5. iddiaçı1 məxsus bank hesabından çıxarışa əsasən, Cavabdeh MMC tərəfindən ##.##.2023-cü il tarixli, ****/** nömrəli xidmət müqaviləsi üzrə ümumilikdə 31 822,50 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 477,50 manat əsas borc, 5 308 manat cərimə borcu olmaqla cəmi 15 785,50 manat məbləğində pulun və ödənilmiş 137,38 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə cəmi 42 300 manat dəyərində işlər icra edilərək aktla təhvil verilmişdir. Cavabdeh tərəfindən 31 822,50 manat ödəniş edilmiş, 10 477,50 manat əsas borc qalmışdır. Həmçinin ##.##.2023-cü il tarixindən etibarən gecikdirilmiş ödənişə görə gündəlik 0,05 faiz hesablanmaqla 1 015 gün üçün 5 308 manat cərimə borcu yaranmışdır.
8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında iki təhvil-təslim aktı imzalanmışdır. ##.##.2023-cü il tarixli akta əsasən 16 245 manat, ##.##.2023-cü il tarixli akta əsasən isə 9 000 manat dəyərində iş görülmüş və hər iki elektron qaimə-faktura üzrə müvafiq ödənişlər edilmişdir. ##.##.2023-cü il tarixli digər akt cavabdeh tərəfindən imzalanmamışdır və həqiqəti əks etdirmir. Cavabdeh hesab edir ki, ümumilikdə 25 245 manat dəyərində iş təhvil verilmiş, 31 822,50 manat ödəniş edilmiş, nəticədə iddiaçının 6 577,50 manat dəyərində mal və xidmət təhvil vermək öhdəliyi qalmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10 477,50 manat əsas borc və 500 manat dəbbə pulu olmaqla cəmi 10 977,50 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 94,80 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öhdəliklərini yerinə yetirərək 3 təhvil-təslim aktı ilə ümumilikdə 42 300 manat dəyərində malları cavabdehə təhvil vermiş, aktlar tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Cavabdeh ** saylı aktı mübahisələndirsə də, təhvil-təslimi təkzib edən sübut təqdim etməmiş, həmin akt üzrə verilmiş malların bir hissəsinə görə ödəniş etmişdir. Cavabdeh ümumilikdə 31 822,50 manat ödəniş etmiş, qalan borcu icra etməmişdir. Məhkəmə iddia tələbinin əsas borc hissəsini əsaslı hesab etmiş, dəbbə pulunu isə tənasübsüz dərəcədə yüksək hesab edərək 500 manat hissəsində təmin etmişdir.
11. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, ** nömrəli akt cavabdeh tərəfindən imzalanmamış və qəbul edilməmişdir. Məhkəmə həmin sənəd üzrə ekspertiza vəsatətini rədd etsə də, sonradan həqiqiliyi yoxlanılmamış aktı qətnamənin əsası kimi qəbul etmişdir. Həmin aktın hüquqi qüvvəsi də şübhəlidir, çünki aktın tarixi müqavilənin bağlandığı tarixlə eyni göstərilmiş, aktda qeyd olunan mallar isə müqavilə əlavələri və qiymət razılaşdırılması protokolları ilə təsdiq olunmur. Müqaviləyə əsasən işlərin təhvil verilməsi hər iki tərəfin imzaladığı aktla təsdiq edilməli olduğundan, cavabdeh tərəfindən imzalanmayan akt ödəniş öhdəliyi yarada bilməz. Bundan əlavə, müqaviləyə uyğun olaraq ödəniş öhdəliyi elektron qaimə-fakturanın təqdim edilməsindən sonra yaranır. ** nömrəli akt üzrə belə qaimə təqdim edilmədiyindən ödəniş müddəti, gecikmə və cərimə üçün hüquqi əsas mövcud olmamışdır. Cavabdeh tərəfindən 31 822,50 manat ödəniş edilmiş, hüquqi qüvvəsi olan aktlar üzrə işlərin dəyəri isə 25 245 manat təşkil etmişdir. Buna görə iddia olunan borc mövcud deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Iddiaçı apellyasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, ** nömrəli akt üzrə ekspertiza vəsatətinin rədd edilməsi və həmin sənədin sübut kimi qiymətləndirilməsi qanunidir. Belə ki, məhkəmə yalnız aktın surətinə deyil, digər sübutlara, o cümlədən audio yazılara əsaslanaraq cavabdehin işlərin görülməsini və borcu faktiki qəbul etdiyini müəyyən etmişdir. Cavabdeh ** nömrəli aktı qəbul etmədiyini bildirsə də, həmin akt üzrə işlərin dəyərinin bir hissəsini bank köçürmələri ilə ödəmişdir. Bu ödənişlər işlərin qəbul edildiyini təsdiq edir. Elektron qaimə-fakturanın təqdim edilməməsi isə görülmüş işlərə görə yaranmış öhdəliyi aradan qaldırmır. Iddiaçı qeyd etmişdir ki, məhkəmə tərəfindən 42 300 manat dəyərində işlərin görüldüyü, 31 822,50 manat ödəniş edildiyi və 10 477,50 manat əsas borcun qaldığı düzgün müəyyən edilmişdir. Buna görə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
17. Məhkəmə kollegiyası şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. ...
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; ... Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. ... Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
24. Işin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilə hüquqi mahiyyətinə görə podrat müqaviləsidir. Belə ki, həmin müqaviləyə əsasən, iddiaçı metal qapı, pəncərə və arakəsmə şüşə işlərini yerinə yetirməyi, cavabdeh isə görülmüş işlərin müqabilində razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürmüşdür.
25. Tərəflər arasında görüləcək konkret işlərin həcmi və qiyməti ayrıca protokollarla müəyyən edilmiş, yerinə yetirilmiş işlərin təhvil-təslim aktı ilə sifarişçiyə verilməsi və muzdun həmin aktların imzalanmasından sonra ödənilməsi razılaşdırılmışdır.
26. Iş üzrə ##.##.2023-cü il tarixli, ** nömrəli və ##.##.2023-cü il tarixli, ** nömrəli təhviltəslim aktlarının tərəflər arasında tərtib edilməsi, həmin aktlar üzrə ümumilikdə 25 245 manat dəyərində işlərin yerinə yetirilməsi və qəbul olunması mübahisələndirilmir.
27. Tərəflər arasında mübahisə ##.##.2023-cü il tarixli, ** nömrəli təhvil-təslim aktında göstərilmiş 17 055 manat dəyərində işlərlə bağlıdır. Iddiaçı həmin işləri yerinə yetirərək cavabdehə təhvil verdiyini və muzdun bir hissəsinin ödənilmədiyini, cavabdeh isə həmin aktı imzalamadığını və həmin aktda göstərilən işləri qəbul etmədiyini bildirir.
28. Buna görə hazırkı mübahisədə müəyyən edilməli əsas məsələ iddiaçının ümumilikdə 42 300 manat dəyərində işləri yerinə yetirərək cavabdehə təhvil verdiyini və ödənilmiş 31 822,50 manat nəzərə alınmaqla cavabdehin əlavə 10 477,50 manat ödəniş öhdəliyinin yarandığını mötəbər sübutlarla təsdiq edib-etməməsidir.
29. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, işlərin yerinə yetirildiyini, sifarişçiyə təhvil verildiyini, sonuncu tərəfindən qəbul olunduğunu və muzdun ödənilmədiyini sübut etmək vəzifəsi həmin hallara əsaslanaraq pul tələb edən iddiaçının üzərinə düşür. Cavabdehin işlərin görülmədiyini təsdiq edən ayrıca sübut təqdim etməməsi iddiaçını öz sübutetmə vəzifəsindən azad etmir.
30. Iş materiallarından müəyyən edilir ki, tərəflər ümumi xarakterli podrat müqaviləsi bağladıqdan sonra görüləcək konkret işlərin həcmini və onların qiymətini ayrıca protokollarla razılaşdırmışlar. ##.##.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu və həmin protokolda qeyd edilmiş işlərin yerinə yetirilməsinə dair ##.##.2023-cü il tarixli təhvil-təslim aktı tam olaraq üst-üstə düşdüyündən və mübahisəsiz olaraq ödənildiyindən həmin sənədlərin ayrıca təhlil edilməsinə zərurət yoxdur.
31. ##.##.2023-cü il tarixli qiymətlərin razılaşdırılmasına dair üç protokol mövcuddur. Bu protokollardan birində tərtib edilmiş cədvəlin başlığında “Kapitalbankın Ağsu filialı” göstərilmiş və “görülən işin adı” sütununda qapıların aid olduğu otaqlar göstərilməklə 9 ədəd qapı, 1 ədəd darvaza, ayrı-ayrılıqda 3 daşıma və 1 motor montaj xidməti qeyd olunur. Digər bir protokolda tərtib edilmiş cədvəlin başlığında “Kapitalbankın Xırdalan filialı” göstərilmiş və “görülən işin adı” sütünunda qapıların aid olduğu otaqlar göstərilməklə 7 ədəd qapı, 1 ədəd barmaqlıq arakəsmə qeyd olunur. Sonuncu protokolda isə “görülən işin adı” sütununda 1 ədəd darvaza, 1 ədəd barmaqlıq arakəsmə və ümumi olaraq 18 ədəd seyf qapısı qeyd olunur.
32. ##.##.2023-cü il tarixli, ** nömrəli aktda 1 ədəd metal darvaza, 1 ədəd barmaqlıq qapı, 18 ədəd seyf qapısının təhvil verildiyi müəyyən edilir. Tərəflər həmin aktın həqiqiliyini, aktda göstərilən işlərin yerinə yetirilməsini və onların dəyərinin ödənilməsini mübahisələndirmirlər. Eyni zamanda, həmin aktın ##.##.2023-cü il tarixli sonuncu protokola aid olduğu da mübahisəsizdir.
33. Beləliklə, müəyyən edilir ki, mübahisəli ** nömrəli təhvil-təslim aktı ##.##.2023-cü il tarixli qalan iki protokoldakı işləri özündə əks etdirir. Həmin sənədləri müqayisə etdikdə bu aktdakı cəmlənmiş saylar (1 ədəd darvaza qapısı, 1 ədəd barmaqlıq arakəsmə, 4 daşıma və motor montaj xidməti, 16 ədəd seyf qapı) iki protokol üzrə görülməli işlərin və malların dəqiq cəminə bərabərdir.
34. Cavabdehin nümayəndəsi bununla bağlı bildirmişdir ki, əvvəlcə sifarişlər cavabdehin müştərisi olan Kapitalbankın Ağsu və Xırdalan filialları üçün ayrıca tərtib edilmiş, daha sonra isə əvvəlki sifarişlər bir protokolda cəmlənərək ##.##.2023-cü il tarixli sonuncu protokol tərtib edilmişdir. Iddiaçı isə hər bir protokolun ayrıca sifariş olduğunu və onun tərəfindən icra olunduğunu bildirmişdir.
35. Kollegiya qeyd edir ki, işlərin sifariş edilməsini təsdiq edən protokolların mövcudluğu həmin işlərin faktiki yerinə yetirildiyini və sifarişçi tərəfindən qəbul olunduğunu özlüyündə sübut etmir.
36. Işlərin yerinə yetirilməsi və qəbul olunması, ilk növbədə, müqavilədə nəzərdə tutulmuş təhvil-təslim aktı ilə təsdiq edilə bilər. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən aktlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən yazılı sübutlara aiddir. Bununla belə, həmin sənədin iş üzrə sübut kimi qəbul edilməsi üçün onun mənşəyini və həqiqiliyini müəyyən etmək mümkün olmalıdır.
37. Iddiaçı tərəfindən mübahisəli ** nömrəli təhvil-təslim aktının yalnız elektron kabinet vasitəsilə surəti təqdim edilmişdir. Cavabdeh həmin aktı imzalamadığını bildirmiş, sənəddə ona aid edildiyi göstərilən imza və möhürün həqiqiliyini mübahisələndirmişdir. Beləliklə, elektron kabinet vasitəsilə təqdim edilmiş yazılı sübutun həqiqiliyi barədə əsaslı şübhə yaranmışdır.
38. Mülki Prosessual Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, elektron kabinet vasitəsilə təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurduqda, məhkəmə həmin sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilməsini tələb edə bilər. Həmin Məcəllənin 89.3-cü maddəsi də yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq edilmiş surətinin təqdim olunmasını nəzərdə tutur. Bu normalara uyğun olaraq, apellyasiya baxışı zamanı iddiaçıya mübahisəli aktın əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini təqdim etmək təklif olunmuşdur.
39. Iddiaçı sənədin əslinin onda olmadığını, mübahisəli aktın cavabdeh tərəfindən ona elektron qaydada göndərildiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsilə, yaxud sair üsulla əldə edilmiş materiallar yalnız onların həqiqiliyini müəyyən etmək mümkün olduğu halda yazılı sübut kimi qəbul edilə bilər. Buna görə kollegiya iddiaçıya aktın cavabdeh tərəfindən elektron qaydada göndərildiyini, göndərilmənin mənbəyini, vaxtını və sənədin həmin formada əldə edilməsini təsdiq edən sübutları təqdim etməyi təklif etmişdir.
40. Lakin iddiaçı nə mübahisəli aktın əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini, nə də elektron qaydada əldə etdiyi sənədin həqiqiliyini müəyyən etməyə imkan verən hər hansı material təqdim etmişdir. Iş materiallarından sənədin hansı elektron ünvandan və ya rabitə vasitəsindən göndərildiyi, göndərən şəxsin kim olduğu, sənədin nə vaxt və hansı formada əldə edildiyi, eləcə də təqdim edilmiş surətin ilkin elektron sənədə uyğunluğunu müəyyən etmək mümkün deyildir.
41. Belə olan halda, Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsində elektron rabitə vasitəsilə əldə edilmiş materialın yazılı sübut kimi qəbul edilməsi üçün müəyyən edilmiş şərt yerinə yetirilməmişdir. Eyni zamanda, həmin Məcəllənin 89.3-cü maddəsinin tələbinə baxmayaraq, sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir. Buna görə həqiqiliyi mübahisələndirilən aktın yalnız elektron kabinet vasitəsilə təqdim edilmiş surəti həmin aktda göstərilən işlərin görülməsini və cavabdeh tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər yazılı sübut kimi qəbul edilə bilməz.
42. Kollegiya cavabdehin birinci instansiya məhkəməsi tərəfindən ekspertiza vəsatətinin təmin edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli sənədin əslinin təqdim olunmaması onun üzərindəki imza, möhür və digər rekvizitlərin ekspertiza yolu ilə mötəbər şəkildə tədqiq edilməsinə imkan verməmişdir. Lakin sənədin əslinin təqdim edilməməsi həqiqiliyi mübahisələndirilən surətin mötəbər sübut kimi qəbul edilməsinə əsas vermir. Əksinə, sənədin həqiqiliyini başqa vasitələrlə müəyyən etməyə imkan verən sübutlar da təqdim edilmədiyindən həmin surət iddia tələbinin əsası kimi qəbul edilə bilməz.
43. Mübahisəli aktın tərtib olunma tarixi də işin digər halları ilə tam uzlaşmır. Belə ki, akt müqavilənin və həmin işlərə dair qiymətlərin razılaşdırılması protokollarının tərtib edildiyi tarixlə eyni tarixə aiddir. Halbuki protokollarda işlərin 15 gün müddətində yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
44. Işlərin razılaşdırıldığı gün yerinə yetirilməsi nəzəri cəhətdən istisna olunmasa da, işlərin həcmi, mahiyyəti və razılaşdırılmış icra müddəti, habelə tərəflər arasında mübahisə edilməyən və ödənilmiş oxşar xarakterli digər işlərin yerinə yetirilmə müddətləri nəzərə alındıqda, bu hal aktın işlər faktiki yerinə yetirildikdən sonra tərtib edildiyinə dair şübhə yaradır. Iddiaçı işlərə müqavilədən əvvəl başlanıldığını və onların ##.##.2023-cü il tarixədək yerinə yetirildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
45. Iddiaçı digər təhvil-təslim aktları üzrə elektron qaimə-fakturalar təqdim etdiyi halda, mübahisəli ** nömrəli akt üzrə belə bir sənədin mövcudluğu müəyyən edilmir. Elektron qaiməfakturanın təqdim edilməməsi özlüyündə görülmüş və qəbul edilmiş işə görə ödəniş öhdəliyini aradan qaldırmasa da, aktın əslinin təqdim edilməməsi və aktın elektron qaydada cavabdeh tərəfindən iddiaçıya göndərilməsinin sübuta yetirilməməsi ilə birlikdə qiymətləndirildikdə iddiaçının dəlillərini daha da zəiflədir.
46. Iddiaçının təqdim etdiyi səs yazılarında da ** nömrəli aktda göstərilmiş işlərin yerinə yetirildiyi və cavabdeh tərəfindən qəbul olunduğu təsdiq edilmir. Səs yazılarında cavabdehin əməkdaşı təhvil-təslim aktlarının direktor tərəfindən imzalanmalı olduğunu bildirir, iddia olunan borcu qəbul etmir və mühasibatlıq məlumatlarına əsasən iddiaçıya artıq ödəniş edildiyini qeyd edir.
47. Təhvil-təslim aktının mötəbər yazılı sübut kimi qəbul edilməməsi işlərin faktiki yerinə yetirilməsinin digər sübutlarla təsdiq olunmasını istisna etmir. Lakin iddiaçının təqdim etdiyi və yuxarıda qiymətləndirilən digər sübutlar da mübahisəli aktda göstərilən işlərin yerinə yetirildiyini, cavabdehə təqdim olunduğunu və onun tərəfindən qəbul edildiyini təsdiq etmir. Iş materiallarında həmin işlər üzrə malların çatdırılmasını, quraşdırma və montaj işlərinin aparılmasını, iş nəticəsinin cavabdehə və ya onun göstərdiyi obyektlərdəki səlahiyyətli şəxslərə təhvil verilməsini, yaxud cavabdehin həmin iş nəticəsindən istifadə etdiyini göstərən başqa sənəd, yazışma və ya sübut mövcud deyildir.
48. Iş üzrə cavabdehin ümumilikdə 31 822,50 manat ödəniş etməsi, mübahisəsiz qəbul olunmuş işlərin dəyərinin isə 25 245 manat təşkil etməsi müəyyən edilmişdir. Beləliklə, ödənilmiş məbləğ mübahisəsiz işlərin dəyərini 6 577,50 manat üstələyir.
49. Kollegiya hesab edir ki, göstərilən fərq diqqətdən kənarda saxlanıla bilməz. Lakin iş materiallarında həmin 6 577,50 manatın məhz ** nömrəli akt üzrə qismən ödəniş kimi həyata keçirildiyini, hansı konkret işlərə aid olduğunu və həmin işlərin cavabdeh tərəfindən qəbul edildiyini təsdiq edən mötəbər sübut müəyyən edilmir.
50. Həmin məbləğin mübahisəli aktda göstərilmiş işlər üzrə qismən ödəniş olduğu qəbul edilsə belə, bu hal aktda göstərilən 17 055 manat dəyərində işlərin tam həcmdə yerinə yetirildiyini və cavabdehin əlavə 10 477,50 manat borcunun qaldığını sübut etmir. Iddiaçı ödənilmiş məbləğdən artıq hansı konkret işləri yerinə yetirdiyini, həmin işlərin cavabdehə təqdim olunduğunu və onun tərəfindən qəbul edildiyini təsdiq edən sübutlar təqdim etməli idi.
51. Beləliklə, işlərə dair sifariş protokolları, həyata keçirilmiş ödənişlər və təqdim olunmuş səs yazıları ayrı-ayrılıqda və məcmu halda mübahisəli aktda göstərilmiş bütün işlərin yerinə yetirildiyini və iddia olunan 10 477,50 manat qalıq borcun mövcudluğunu təsdiq etmir.
52. Buna görə kollegiya hesab edir ki, iddiaçı mübahisəli ** nömrəli akt üzrə cavabdehin ödəniş öhdəliyinin yarandığını və iddia olunan əsas borcun mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir.
53. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli aktda göstərilmiş işlərin görülmədiyini təsdiq edən sübut təqdim etmədiyinə istinad etməklə sübutetmə yükünü düzgün bölüşdürməmişdir. Məhkəmə pul tələb edən iddiaçının işlərin yerinə yetirilməsini, cavabdehə təqdim olunmasını və onun tərəfindən qəbul edilməsini sübut etməli olduğunu nəzərə almamışdır. Eyni zamanda, həqiqiliyi mübahisələndirilən sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilmədiyi, elektron qaydada əldə edilmiş sənədin həqiqiliyini müəyyən etmək mümkün olmadığı halda həmin sənədə həlledici sübut qüvvəsi vermişdir. Bu isə Mülki Prosessual Məcəllənin 77.1, 88, 89.2 və 89.3-cü maddələrinin tələblərinə uyğun olmamışdır.
54. Dəbbə pulu tələbinə münasibətdə kollegiya qeyd edir ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsuludur.
55. Kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi dəbbə pulunun hesablanması da müqavilənin şərtlərinə uyğun olmamışdır. Müqavilədə ödənişin gecikdirilməsinə görə gündəlik 0,05 faiz həcmində dəbbə pulu nəzərdə tutulsa da, onun ümumi məbləğinin gecikdirilmiş ödəniş məbləğinin 10 faizindən artıq ola bilməyəcəyi müəyyən edilmişdir.
56. Iddiaçının əsas borc kimi tələb etdiyi 10 477,50 manat məbləğ əsas götürüldükdə, müqaviləyə əsasən hesablana biləcək dəbbə pulunun maksimal məbləği 1 047,75 manat təşkil edə bilərdi. Buna baxmayaraq, iddiaçı müqavilə ilə müəyyən edilmiş yuxarı həddi nəzərə almadan 5 308 manat dəbbə pulu tələb etmişdir.
57. Birinci instansiya məhkəməsi dəbbə pulunu 500 manatadək azaldarkən, ilk növbədə, iddiaçının müqaviləyə əsasən ümumiyyətlə hansı məbləğdə dəbbə pulu tələb etmək hüququnun yarana biləcəyini müəyyən etməmişdir. Halbuki dəbbə pulunun tənasübsüzlüyü və onun azaldılması məsələsi yalnız müqavilənin şərtlərinə uyğun olaraq hesablanmış dəbbə puluna münasibətdə müzakirə edilə bilər. Müqavilədə müəyyən edilmiş maksimal həddi aşan hissə isə tənasübsüz olduğu üçün deyil, müqavilə əsasında yaranmadığı üçün təmin edilə bilməzdi.
58. Bununla yanaşı, hazırkı iş üzrə iddia olunan əsas borcun mövcudluğu sübuta yetirilmədiyindən, onun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması üçün də hüquqi əsas yoxdur. Buna görə dəbbə pulu tələbi tənasübsüz olduğuna görə yox, əsassız olduğuna görə bütövlükdə rədd edilməlidir.
59. Beləliklə, birinci instansiya məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürməmiş, həqiqiliyi müəyyən edilməyən və qanunla yazılı sübutların təqdim edilməsi üçün müəyyən olunmuş tələblərə cavab verməyən sənədi mötəbər sübut kimi qəbul etmiş, iş üzrə sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Qeyd olunan hallar həmin Məcəllənin 385.1.1, 385.1.3 və 389-cu maddələrinə əsasən qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas təşkil edir.
60. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
61. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edildiyindən şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat pul iddiaçı1 tutulub Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
62. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 (altmış doqquz) manat pul iddiaçı iddiaçı1 alınıb cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.