Məhkəmə qərarları › İş №e-2-2(3-6)-611/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-611/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-611/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə (Açar sözlər: dəbbə pulu, dəymiş zərər, mütənasiblik, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh Cavabdeh MMC-nin vəkili Vəkil ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (podratçı) ilə Cavabdeh (sifarişçi) arasında ##.##.2025-ci il tarixli **/** saylı işlərin görülməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi həcmi, ölçüsü, ölçü vahidi, görülmə müddəti, dəyəri və digər xüsusi şərtləri müqavilənin * saylı Əlavəsində göstərilmiş işlərin satın alınması üçün icraçının tender təklifini qəbul etmişdir və icraçı bunun müqabilində işlərin icra etməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş qaydada icraçı sifarişçinin sifarişi ilə müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi, sifarişçi isə icraçıya görülmüş işlərə görə müqavilədə göstərilən müddətdə və qaydada razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. 8.3-cü bəndinə əsasən icraçı işləri bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə və şərtlərə uyğun olaraq görmədikdə, həmçinin zəmanətlə bağlı öhdəliklərini icra etmədikdə, müvafiq öhdəliklərin gecikdirildiyi hər gün üçün sifarişçiyə bu müqavilənin ümumi dəyərinin 1% məbləğində penya ödəyir. Bu zaman ödənilən penyanın ümumi məbləği bu müqavilənin ümumi dəyərinin 10% (on faizindən) çox ola bilməz.

2. Iş materiallarına əlavə edilmiş ## #### 2025-ci il tarixli **/** saylı müqaviləyə * saylı Əlavədən görünür ki, qeyd edilmiş müqavilə svayların vurulması ilə bağlı olmuşdur və işlərin ümumi dəyəri 402.014,2 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən İddiaçı MMC-nin xeyrinə müqavilə üzrə penya 40.201 manat, maliyyə zərərinə görə (işdə boşdayanma halları ilə əlaqədar) kompensasiya 15.000 manat, vəkil xərcləri 3.000 manat, dövlət rüsumu 264 manat olmaqla cəmi 58.465 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında ## #### 2025-ci il tarixdə bağlanmış **/** saylı “Işlərin görülməsinə dair müqavilə”yə əsasən, cavabdeh qazıntı və svay işlərinin icrasını öz üzərinə götürmüşdür. Müqavilənin * saylı Əlavəsində işlərin həcmi, müddəti və qiyməti dəqiq müəyyən edilmişdir. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, ##.##.2025-ci il tarixindən etibarən aparılmış yazılı müraciətlərə, xəbərdarlıqlara və telefon danışıqlarına baxmayaraq, işlərin icrasına başlamamışdır. Bu müddət ərzində cavabdehin fəaliyyətsizliyi nəticəsində iddiaçının hüquq və qanuni mənafelərinə ciddi zərər vurulmuşdur. Müqavilənin 8-ci bölməsi cavabdehin məsuliyyətini müəyyən edir. Xüsusilə, 8.3-cü bənd cavabdehi işləri müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə sifarişçiyə hər gecikdirilmiş gün üçün müqavilənin ümumi dəyərinin 1% miqdarında cərimə (penya) ödəməyə məcbur edir. Cərimənin maksimum məbləği ümumi dəyərin 10%-i ilə məhdudlaşır. 8.4-cü bənd tərəfi əsas öhdəliklərin icrasından azad etmir, 8.5 və 8.6-cı bəndlər isə cavabdehi sifarişçini üçüncü şəxslərə qarşı bütün iddia və xərclərdən azad etməyə məcbur edir. Müqavilənin ümumi dəyəri 402 014 manat 20 qəpik təşkil edir, buna görə tətbiq oluna biləcək maksimum penya məbləği 40 201 manatdır. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya vurulmuş zərər aşağıdakı komponentləri əhatə edir: Müqavilə üzrə penya: 40 201 manat, Işgüzar nüfuza və maliyyə itkilərinə görə kompensasiya: 15 000 manat (əmək resurslarının səmərəsiz istifadəsi, iş qrafikinin pozulması, tərəfdaşlar qarşısında etibarsızlıq yaratmaq və əlavə maliyyə xərcləri), Vəkil xərcləri: 3 000 manat, Dövlət rüsumu: 264 manat. Beləliklə, cəmi tələb olunan məbləğ 58 465 manat təşkil edir. Iddiaçı ##.##.2025-ci il tarixində cavabdehə rəsmi pretenziya məktubu təqdim etmiş, 10 gün ərzində ödənişin həyata keçirilməsi tələb olunmuşdur. Lakin cavabdeh tərəfindən heç bir cavab verilməmiş və ödəniş edilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Ağahəsən oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cərimə borcunun əvəzi olaraq 2.000 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq “On Point” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat 20 (iyirmi) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Hazırda iddiaçı ## #### 2025-ci il tarixli müqavilə üzrə işlərin sentyabr ayında başlamalı olduğunu ancaq cavabdeh tərəfindən heç bir svay işlərinin görülməsinə başlanılmadığını, bu səbəbdən iddiaçının məcbur qalıb bağlanmış müqaviləni bir tərəfli qaydada ##.##.2025-ci il tarixli müqavilənin ləğvi barədə bildiriş göndərməklə ləğv etdiklərini, sonradan işləri başqa şirkətlə gördüklərini, ona görə də, müqavilənin 8.3-cü maddəsinə əsasən cərimə borcunu və boşdayanma halları ilə əlaqədar 15.000 manat məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.  Cavabdeh Cavabdeh MMC iddiaya etiraz edərək, ilkin görülmüş qazıntı işlərinə görə iddiaçının ona 32.000 manat məbləğində borcu olduğunu, qeyd edilmiş pulu iddiaçının ödəmədiyini ona görə svay işlərinin başlamadığını bildirmişdir.  Göründüyü kimi, tərəflər arasında svay vurulması barədə müqavilə bağlanmış, tərəflər işlərin sentyabr ayında başlaması barədə razılığa gəlmiş (bu hal izahatlardan müəyyən edilmişdir), ancaq işlərin icrasına başlanılmamış və ##.##.2025-ci il tarixdə iddiaçı müqaviləni birtərəfli qaydada ləğv etmişdir.  Məhkəmə bu xüsusda qeyd edir ki, göründüyü kimi, cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, iddiaçının cərimə tələb etmək hüququ yaranmışdır.  Həmçinin də, Məhkəmə qeyd edir ki, tərəflər arasında hər hansı bir başqa müqavilə olmasının və həmin müqavilə üzrə icra edilməmiş öhdəliklərin qalıb-qalmamasının hazırkı mübahisəli müqavilə üzrə işlərin icrasına başlamaqdan imtina üçün əsas ola bilməz.  Ilk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndindən irəli gəlir.  Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrnin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.  Hazırki işin hallarından görünür ki, hazırki halda 2.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Belə ki, iş materiallarından və tərəflərin verdiyi izahatlardan da, göründüyü kimi, sifarişçi (iddiaçı) tərəfindən müqavilə birtərəfli qaydada işlərin başlamalı olduğu tarixdən (işlərin başlanılmalı olduğu tarix müqavilə və əlavəsində nəzərdə tutulmamış, məhkəmə iclasında isə dəqiq tarixi tərəflər bildirə bilməmişlər) çox qısa müddət sonra yəni ##.##.2025-ci il tarixdə müqavilə ləğv edilmişdir.  Məhkəmə 15.000 manat məbləğində kompensasiya tələbi barədə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmə mişdir.  Iş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi yardımın göstərilməsi ilə bağlı ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə Aağsən oğluna ##.##.2025-ci il tarixli order verilmiş, 3.0000 manat məbləğində pul “xxxx" MMC tərəfindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilmişdir.  Məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsinə dair xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması daha ağlabatan və ədalətlidir.  Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 40,20 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. .

9. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 5.3, 21.2, 462.1, 467, 752.1, 753.1, 1096, 1097-ci maddələrinə istinad etmişdir.

10. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla qeyd etmişdir ki: ” Məhkəmə “2.000 manat daha ağlabatan və ədalətlidir” ifadəsi ilə kifayətlənmişdir. Lakin 2.000 manat məbləğinin hansı hesablamaya, hansı iqtisadi meyara, hansı faktiki vəziyyətə və hansı tənasüb göstəricisinə əsasən müəyyən edildiyi qətnamədə göstərilməmişdir. Məhkəmə penyanı 95 faizdən artıq azaltmış, lakin bu qədər ciddi azaldılmanın hüquqi və faktiki səbəblərini açıqlamamışdır. Bu, maddi hüquq normasının düzgün tətbiq edilməməsidir. Bina tikintisi ilə əlaqədar zərərlərin qarşısında bu qədər kiçik məbləğin müəyyən olunması ağlabatan və əsaslandırılmış deyil. 15.000 manat kompensasiya tələbini zərərin sübut edilməməsi əsası ilə rədd etmişdir. Halbuki iddiaçı işdə boşdayanma hallarını, 20 işçi üzrə sentyabr ayı əməkhaqqı fondunun 33.755,24 manat təşkil etdiyini, işlərin başlanmaması səbəbindən əmək və maliyyə resurslarının səmərəsiz istifadə edildiyini göstərmişdir. Bu hallar real zərər və əldən çıxmış fayda kontekstində araşdırılmalı idi. Çünki iddiaçının hazırda icra etdiyi yeganə layihə budur. Həmin əmək resurslarının başqa məqsədlər üçün istifadə edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən 3.000 manatlıq xərcin yalnız 1.000 manat hissəsinin tutulması barədə nəticə çıxarılarkən, məhz hansı meyarlar əsasında bu məbləğin azaldıldığı göstərilməmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı, verilən izahatlar

12. Iddiaçının məhkəmə iclasında iştirak edən qanuni nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, cavabdehin vəkili isə şikayətə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

15. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

21. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

23. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmiş, cavabdeh isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

36. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).

37. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

38. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

39. Iş materiallarından görünür ki, tərəflər arasında ## #### 2025-ci il tarixdə **/** saylı “Işlərin görülməsinə dair müqavilə” bağlanmış, müqaviləyə əsasən cavabdeh qazıntı və svay işlərinin görülməsini öhdəsinə götürmüşdür. Iddiaçı tərəf cavabdehin ##.##.2025-ci il tarixdən etibarən edilmiş yazılı müraciətlərə və xəbərdarlıqlara baxmayaraq işlərin icrasına başlamadığını, bununla da ona maddi zərər vurulduğunu bildirmiş, müqavilənin 8.3-cü bəndinə əsasən dəbbə pulu, habelə boşdayanma ilə əlaqədar kompensasiya və vəkil xərclərinin tutulmasını tələb etmişdir.

40. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən 2.000 manat dəbbə pulu, 1.000 manat vəkil xərci və ödənilmiş dövlət rüsumunun müvafiq hissəsini tutmuş, iddianın qalan hissəsini rədd etmişdir.

41. Əvvəla, iş materiallarından görünür ki, tərəflər arasında svay işlərinin görülməsi barədə müqavilə bağlanmış, işlərin sentyabr ayında başlanması barədə razılıq olmuş, lakin cavabdeh işlərin icrasına başlamamışdır. Bununla belə, müqavilənin faktiki icrasına başlanmaması, işlərin həcminin real icra mərhələsinə keçməməsi, habelə iddiaçının özü tərəfindən ##.##.2025-ci il tarixdə müqavilənin birtərəfli qaydada ləğv edilməsi halları nəzərə alındıqda, müqavilədə nəzərdə tutulmuş 40.201 manat dəbbə pulunun tam həcmdə tutulması pozuntunun xarakteri və nəticələri ilə açıq-aşkar qeyri-mütənasib olardı.

42. Dəbbə pulu tərəflər arasında öhdəliyin icrasını təmin edən mülki-hüquqi məsuliyyət vasitəsi olsa da, onun tətbiqi cəza xarakteri daşımamalı, pozulmuş hüququn bərpası, tərəflərin mənafelərinin tarazlığı, ədalətlilik və ağlabatanlıq prinsipləri nəzərə alınmaqla həyata keçirilməlidir. Hazırkı halda birinci instansiya məhkəməsi müqavilənin icra mərhələsinə keçməməsini, iddiaçının müqaviləni qısa müddət sonra ləğv etməsini, işlərin faktiki olaraq başlanmamasını və dəbbə pulunun tələb edilən məbləğinin pozuntunun nəticələri ilə mütənasib olmamasını nəzərə alaraq 2.000 manat məbləğində dəbbə pulunun tutulmasını ağlabatan hesab etmişdir. Kollegiya bu nəticə ilə razılaşır.

43. Apellyasiya şikayətində iddiaçı dəbbə pulunun 95 faizdən artıq azaldılmasının əsaslandırılmadığını bildirsə də, kollegiya hesab edir ki, hazırkı iş üzrə əsas məsələ azaldılmanın faiz nisbəti deyil, tutulmalı olan məbləğin pozuntunun xarakterinə, işin faktiki hallarına və ədalət prinsipinə uyğun olub-olmamasıdır. Müqavilə üzrə işlərə başlanılmadığı, lakin eyni zamanda müqavilənin iddiaçı tərəfindən qısa müddət sonra ləğv edildiyi, işlərin real icra mərhələsinə keçmədiyi və iddiaçının tələb etdiyi yüksək məbləğdə dəbbə pulunun konkret zərərlə əlaqələndirilmədiyi nəzərə alındıqda, 2.000 manat məbləğində dəbbə pulunun tutulması işin hallarına uyğun hesab edilir.

44. Kollegiya iddiaçının 15.000 manat kompensasiya tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini də əsaslı hesab edir. Iddiaçı işdə boşdayanma hallarının mövcud olduğunu, 20 işçi üzrə sentyabr ayı əməkhaqqı fondunun 33.755,24 manat təşkil etdiyini və işlərin başlanmaması səbəbindən əmək və maliyyə resurslarının səmərəsiz istifadə olunduğunu göstərsə də, zərərin mövcudluğunu və məbləğini təsdiq edən yetərli sübut təqdim edilməmişdir.

45. Eyni zamanda, zərərin əvəzinin ödənilməsi üçün yalnız müəyyən xərclərin çəkilməsi faktı deyil, həmin xərclərin məhz cavabdehin hüquqazidd davranışı nəticəsində yaranması, iddiaçının əmlak sferasında real azalma baş verməsi, habelə zərərlə öhdəliyin pozulması arasında birbaşa səbəbli əlaqənin mövcudluğu sübut edilməlidir. Hazırkı halda iddiaçı işçilərin yalnız bu layihə üzrə cəlb edildiyini, həmin müddətdə başqa işlərdə istifadə olunmadığını, əməkhaqqı xərclərinin məhz cavabdehin gecikməsi nəticəsində əvəzsiz və səmərəsiz xərcə çevrildiyini mötəbər sübutlarla təsdiq etməmişdir.

46. Işçilərə əməkhaqqı ödənilməsi sahibkarlıq fəaliyyətinin adi cari xərci ola bilər və bu xərcin avtomatik olaraq cavabdehdən zərər kimi tutulması üçün əsas yoxdur. Bunun üçün iddiaçı həmin əmək resurslarının konkret olaraq cavabdehin icra etməli olduğu işlərlə bağlı ayrıldığını, digər işlərdə istifadə olunmasının mümkün olmadığını və bu səbəbdən real maddi itkiyə məruz qaldığını sübut etməli idi. Lakin iş materiallarında belə nəticəyə gəlmək üçün kifayət edən sübutlar mövcud deyildir. Bu baxımdan birinci instansiya məhkəməsi 15.000 manat kompensasiya tələbinin sübuta yetirilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

47. Vəkil xərci ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tutulması zamanı yalnız tərəfin təqdim etdiyi müqavilə və ödəniş sənədi deyil, həm də işin mürəkkəbliyi, görülmüş hüquqi yardımın həcmi, məhkəmə baxışının müddəti, tələb olunan məbləğin ağlabatanlığı və mütənasibliyi nəzərə alınmalıdır. Iddiaçının 3.000 manat vəkil xərci çəkməsi barədə dəlili həmin məbləğin tam həcmdə qarşı tərəfdən tutulmasını şərtləndirmir. Birinci instansiya məhkəməsi işin xarakterini, iddianın qismən təmin edilməsini və hüquqi yardım xərclərinin ağlabatan həddə olması prinsipini nəzərə alaraq 1.000 manat məbləğində vəkil xərcinin tutulmasını düzgün hesab etmişdir.

48. Beləliklə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olmasını təsdiq etmir. Məhkəmə işin hallarını düzgün müəyyən etmiş, sübutlara hüquqi qiymət vermiş və iddianı sübuta yetirilmiş hissədə təmin etmişdir. Şikayətdə göstərilən hallar qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək maddi və prosessual hüquq pozuntularını təsdiq etmir..

49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar