Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-626/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı cavabdeh “LEDİOR” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, qanunun analogiya üzrə tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nəcəfli Rizvan Ramazan oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “LEDİOR” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Şirkət İddiaçı MMC ilə sifarişçi “LEDİOR” MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli, ***/** nömrəli müqavilədən görünür ki, şirkət, sifarişçidən aldığı sifariş əsasında sifarişçinin konfrans və tədbirlərdə iştirakı üçün sifarişçi üçün daxili və beynəlxalq daşımalara dair aviabilet və dəmiryolu biletləri, mehmanxanalarda otaqların bronlaşdırılması və yerləşdirmə, avtomobil icarəsi, viza alınmasına dəstək, ölkədaxili turların təşkili və bununla əlaqədar digər xidmətlərin göstərilməsini öz üzərinə götürmüş, sifarişçi isə öz nöbəsində şirkət tərəfindən təqdim edilmiş biletlərin və digər xidmətlərin dəyərinin müqavilənin şərtlərinə uyğun olaraq lazımi qaydada ödənilməsini öz üzərinə götürür. Həmin müqavilənin: 4.1-ci bəndinə əsasən, ödənişlər şirkət tərəfindən göstərilmiş xidmətlərə dair hesabfaktura təqdim olunduğu tarixdən etibarən 10 bank günü ərzində sifarişçi tərəfindən köçürmə yolu ilə həyata keçiriləcəkdir.
2. MT2509 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən, ümumilikdə 31880,49 manat dəyərində “LEDİOR” MMC-yə aviabilet satışı xidməti göstərmişdir.
3. İddiaçı MMC-nin pretenziyasına “LEDİOR” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, 31880,49 manat məbləğində borclarının olduğunu, həmin borcun ödənilməsindən yayınmadıqlarını və 2025-ci ilin noyabr ayından etibarən 6 ay ərzində hissə-hissə olmaqla ödəniləcəyi qeyd edilmişdir.
4. Bakı şəhəri Xətai RPİ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarından görünür ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Bakı şəhəri Xətai RPİ-nə müraciət edərək 08.2025-ci il tarixli müqavilə üzrə sifariş etdikdən sonra ödənişlər etmədiyi üçün X1 barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Həmin araşdırma zamanı X1 izahat verərək bildirmişdir ki, İddiaçı MMC ilə ##.##.2025-ci ildən aralarında ticarətləri olmuş və razılaşmaya əsasən ödəmələr hissə-hissə olmaqla həyata keçirilmişdir. İddiaçı MMC ilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il daxil olmaqla olan müddət ərzində 72530 manat məbləğində ödənişlər həyata keçirilmiş, hazırki vaxtda 31880,49 manat məbləğində borcu qalmışdır. İddiaçı MMCnin şirkətə ünvanladığı məktuba cavab olaraq borcu təsdiq etmiş və hissə-hissə ödəniləcəyi ilə bağlı cavab vermişlər. Həmin borcun ödənilməsindən heç vaxt imtina etməmişlər. Sadəcə 2 ay ödəməməklərinə səbəb “LEDİOR” MMC-nin də digər hüquqi şəxslərdən onlara ödənilməli olan pul vəsaitlərinin alınması olmuşdur. 15-20 yanvardan etibarən hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında yaranmış mübahisə cinayət xarakterli deyil, mülki xarakterli olduğundan, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir.
5. İddiaçı MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixli, ***/** nömrəli müqavilə üzrə “LEDİOR” MMC-nin ümumilikdə 31880,49 manat borcu vardır.
6. İşə əlavə edilmiş pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
7. İddiaçı İddiaçı MMC cavabdeh “LEDİOR” MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31880,49 manat məbləğində pul vəsaitinin, ödənilmiş 185.65 manat dövlət rüsumunun və əldən çıxmış faydaya görə 31880,49 manat pulun illik 5 faizi miqdarında 1594 manat pul vəsaitinin, ümumilikdə 33660.14 manat pul məbləğini cavabdeh “LEDİOR” MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC-nin direktoru qanuni nümayəndə1 ilə “LEDİOR” MMC-nin direktoru X2 arasında ## ###### 2025-ci il tarixdə ***/** nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin predmetinə əsasən iddiaçı cavabdehin sifarişləri əsasında daxili və beynəlxalq daşımalara dair aviabilet və dəmir yolu biletləri, mehmanxanalarda otaqların bronlaşdırılması və yerləşdirmə, avtomobil icarəsi, viza alınmasına dəstək və bununla əlaqədar digər xidmətlərin göstərilməsini öz üzərinə götürmüşdür. Müqavilədən əvvəl iddiaçı ilə cavabdeh arasında sifarişlər olmuş və xidmətlər göstərilmişdir. Cavabdehin sifarişləri əsasında iddiaçı üzərinə düşən öhdəlikləri mütəmadi olaraq icra etmişdir. Lakin görülmüş xidmətlərdən cavabdehin yaranmış 72530,49 manat borcundan 40650 manat ödəniş etmişdir. Dəfələrlə iddiaçı borcu tələb etdikdə cavabdeh vaxt verilməsini istəmişdir. Cavabdehə ünvanlanmış məktuba cavab olaraq bildirmişdir ki, 31880,49 manat borcunu 6 ay ərzində ödəniş edəcəkdir. Hazırda sifarişlərdən yaranan 31880,49 manat borcu qaytarmamışdır. Bununla bağlı cavabdehə həm elektron vergi xidmətindən, həmçinin poçt vasitəsilə məktublar göndərilməsinə baxmayaraq borc cavabdeh tərəfindən qaytarılmamışdır. Həmçinin əldən çıxmış fayda qismində cavabdehdən illik 5 faiz olmaqla 1594 manatın alınıb iddiaçıya verilməlidir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh “LEDİOR” MMC-dən ##.##.2025-ci il tarixli, ***/** nömrəli müqaviləyə əsasən 31880,49 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün isə illik 5% məbləğində hesablanmaqla 690,03 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 165,65 manat olmaqla, ümumilikdə 32736,17 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında ##.##.2025-ci il tarixli, ***/** nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan aviabiletlərin satışı xidmətlərini göstərmiş, lakin cavabdeh ona göstərilmiş xidmətlər üzrə ödəniş etməmiş və bununla da, üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş 31880,49 manat məbləğində pul öhdəliyi yaranmışdır. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edib ki, iddia tələbi əsas borcun tutulması hissəsində təminedilməli və cavabdeh “LEDİOR” MMC-dən ##.##.2025-ci il tarixli, ***/** nömrəli müqaviləyə əsasən (1 elektron qaimə üzrə hesablanmış) 31880,49 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1594 manat məbləğində vəsaitin tutulması hissəsi ilə bağlı məhkəmə hesab edib ki, iddiaçının cavabdehdən gecikdirilmiş günlər üçün illik 5% məbləğində hesablanmaqla iddia tələbi ilə çıxış etmək hüququ yaransa da, iddia ərizəsində tələb edilən gecikdirilmiş günlər üçün faiz məbləği düzgün hesablanmamışdır. Belə ki, tərəflər arasında imzalanmış ##.##.2025-ci il tarixli, ***/** nömrəli müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, ödənişlər şirkət tərəfindən göstərilmiş xidmətlərə dair hesab-faktura təqdim olunduğu tarixdən etibarən 10 (on) bank günü ərzində sifarişçi tərəfindən köçürmə yolu ilə həyata keçirilir. İşdə olan MT2509 seriyalı, ******** nömrəli elektron qaimə-fakturadan isə görünüb ki, İddiaçı MMC tərəfindən ##.##.2025-ci il tarixdə ümumilikdə 31880,49 manat dəyərində “LEDİOR” MMCyə aviabilet satışı xidməti göstərilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, gecikdirilmiş günlər üçün müddətin axını ##.##.2025-ci il tarixdən hesablanmalıdır. Göründüyü kimi cavabdeh ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək (qətnamə çıxarıldığı tarixədək) olan müddət ərzində öhdəliklərini yerinə yetirməmiş və həmin müddət 158 gün təşkil edir. Gecikdirilmiş əsas borc üzrə 31880,49 manat məbləğində pul vəsaitinə illik 5% hesablama aparıldıqda isə, gecikdirilmiş faiz məbləği 690,03 (31880,49 x 0,05= 1594,02 manat, 1594,02 x (158 / 365 ≈ 0,43) = 690,03 manat) manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edib ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, cavabdeh qaytarmalı olduğu əsas borcu vaxtında ödəmədiyindən, ##.##.2025-ci il tarixdən ##.##.2026cı il tarixədək əsas (əsas borc 31880,49 manat) borca hesablanan 690,03 (altı yüz doxsan manat üç qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, ##.##.2025-ci il tarixli, ***/** nömrəli müqaviləyə əsasən 31880,49 manat məbləğində xidmət haqqı və gecikdirilmiş vaxt üçün isə illik 5% məbləğində hesablanmaqla 690,03 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 690,03 (altı yüz doxsan manat üç qəpik) manat məbləğində pulun cavabdeh “LEDİOR” MMC-dən tutulub iddiaçı İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi və iddianın cavabdeh “LEDİOR” MMCdən 31880,49 manat məbləğində əsas borcun tutulub iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindən biridir. ##.##.2026-cı il il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı təmin edilmədiyindən, məhkəmədə müdafiə hüquqları pozulmuşdur. İddiaçı əldən çıxmış faydaya görə 1594 manat borcunun yaranmasını iddia etsə də, iddiaçı cavabdehin həmin pul vəsaitindən faydalandığı barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəf əldən çıxmış faydanın və zərərin nədən ibarət olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, əldən çıxmış fayda və dəymiş zərərin nədən ibarət olduğunu izah edə bilməmişdir. Lakin bütün bunlara baxmayaraq, məhkəmə 690,03 manat pul vəsaitini əsassız şəkildə cavabdehdən tutmuşdur. «Azərbaycan RespublikasıMülki Məcəlləsinin 449.1-ci maddəsinin ondan faydalanmağa görə müddəası özgəsinin vəsaitnin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əssasız əldə edilməsi və ya toplanması nəticəsindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin müvafiq olaraq pul vəsaitindən qanunsuz istifadə və özgə vəsaitindən istifadə müddəaları həmin məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, iddia irəli sürmüş şəxs öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetirməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiklərini, apellyasiya şikayətinin işin baxılmasının uzadılmasına yönəldiyini bildirmişdir.
16. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. -862.1-ci maddəsinə görə turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur.
18. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin illik 5%-lə borcun ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulması hissəsində mübahisələndirilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC (şirkət) ilə cavabdeh “LEDİOR” MMC (sifarişçi) arasında ##.##.2025-ci il tarixli, ***/** nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı olan iddiaçı turizm və biznes səfərlərinin təşkilatı xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçı göstərilmiş xidmətlərə görə muzdun cavabdeh tərəfindən ödənilmədiyini iddia edir və göstərilmiş xidmətlərə görə 31880,49 manat məbləğində pulun və həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 5% ilə faizlərin tutulmasını tələb edir.
24. Digər tərəfdən, apellyasiya şikayəti çərçivəsində işə baxan məhkəmə tərkibi nəzərə alır ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddiaçının xeyrinə tutulmuş 690,03 manat məbləğində faiz hissəsində mübahisələndirmişdir.
25. Bununla bağlı kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir.
26. Kollegiya nəzərə alır ki, iddiaçının ödənilməsini tələb etdiyi xidmətlərə dair elektron qaimə-faktura ##.##.2025-ci il tarixdə göndərilmiş, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində isə ödənişlərin hesab-faktura təqdim edildiyi tarixdən etibarən 10 bank günü ərzində həyata keçirilməli olması nəzərdə tutulmuşdur. Belə olan halda cavabdehin ödəniş müddəti başa çatdıqdan sonra, yəni ##.##.2025-ci il tarixdən ##.##.2025ci il tarixədək (qətnamənin çıxarıldığı tarixədək olan müddət üçün) pul öhdəliyinin icrasını gecikdirməsi müəyyən olunduğundan, 31.880,49 manat əsas borc məbləğinə həmin müddət üçün hesablanmış 690,03 manat faiz məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
27. Cavabdehin arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 690,03 manat məbləğində vəsait əldən çıxmış fayda kimi deyil, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz qismində tutulmuşdur. Həmin normaya görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir və bunun üçün ayrıca olaraq dəymiş zərərin (real zərər və əldən çıxmış fayda formasında) məbləğinin sübuta yetirilməsi, eləcə də cavabdehin apellyasiya şikayətində istinad etdiyi Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş faizlərdən fərqli olaraq gecikdirilmiş pul vəsaitindən faydalanmasının sübuta yetirilməsi tələb olunmur.
28. Cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi ilə bağlı bildirilənlərə dair qeyd olunur ki, iş materiallarından göründüyü kimi, cavabdehin elektron informasiya sistemində yaradılmış elektron kabineti mövcud olduğundan, məhkəmə bildirişləri həmin elektron kabinetə göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilmişdir. Bu baxımdan, cavabdehin öz iradəsinə uyğun olaraq məhkəmə iclaslarında iştirak etməməsi məhkəmə tərəfindən prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilməz.
29. Beləliklə, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i :
Cavabdeh “LEDİOR” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov