Məhkəmə qərarları › İş №e-2-2(3-6)-640/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-640/2026

08.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-640/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasının İddiaçı MMC-nin ümumilikdə 22.800 (iyirmi iki min səkkiz yüz) manat məbləğində kreditor tələbindən imtinasının qanunsuz sayılmasına, İddiaçı MMC-nin 22.800 manat məbləğində kreditor tələbinin qeydə alınmasına və cavabdehdən İddiaçı MMC-nin xeyrinə 22.800 manat sığorta ödənişinin və 158.4 (bir yüz əlli səkkiz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh LPO Azərbaycan Respublikası Kommersiya Şirkətindən 16000 (on altı min manat) məbləğində pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul vəsaitinin iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Legal Prime MMC-nin bank hesabına (VÖEN:1403383601, Bank: Azər- Türk Bank ASC Yasamal filialı, Kod: 512565, VÖEN:9900006111,H/n:AZ30AZRT40060019440019299007,M/h:AZ02NABZ01350100000 00022944,SWIFT:AZRT AZ22) ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə məhkəmə tərəfindən geri qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.

Məhkəmənin mövqeyi

6. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.

7. Belə ki, iş üzrə iddianın qiyməti iddiaçı İddiaçı MMC-nin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən 29 327 (iyirmi doqquz min üç yüz iyirmi yeddi) manat təşkil edir.

8. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 88,99 (səksən səkkiz manat doxsan doqquz qəpik) manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir.

9. “AZEMIS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: ********** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 79,50 manat dövlət rüsumu ödənilmişdir.

10. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilməmişdir.

11. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

12. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

13. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar