Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-649/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Mehralıyev İskəndər Yaşar oğlunun cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı Mehralıyev İskəndər Yaşar oğlunun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Mehralıyev İskəndər Yaşar oğlunun Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Mehralıyev İskəndər Yaşar oğlu (icraçı) və Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xxxx/0807/01 saylı ## #### 2025-ci il tarixli xidmət müqaviləsinə görə, sifarişçi müqavilənin tərkib hissəsi olan Əlavə Razılaşma sənədlərinə əsasən xidmətlərin göstərilməsini sifariş verməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdələrinə götürmüşlər.
2. Müqavilədə nəzərdə tutulmuşdur ki, icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir, hər növbəti ayın ilk 10 (on) iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.
3. Müqaviləyə əsasən, sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə (gecikdirildikdə), sifarişçi icraçının tələbi ilə gecikmənin hər bir təqvim günü üçün gecikdirilmiş məbləğin 0,01 % məbləğində icraçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür.
4. Müqavilə üzrə ##.##.2025-ci il tarixli əlavə razılaşmaya (№-1) görə, tərəflər “BOMAG BW 138AD” markalı 90-K-550 D.Q.N-li Vərdənə ilə xidmətin göstərilməsini - günlük ƏDV-siz xidmət haqqı 173,08 manata, aylıq 4500,00 manat məbləğində olmasına razılaşmışlar.
5. ## ###### 2025-ci il tarixli təhvil təslim aktına görə, tərəflər arasında imzalanmış xxxx/0807/01 nömrəli ## #### 2025-ci il tarixli müqaviləyə əsasən, ##.##.2025-##.##.2025 xidmət dövrü üçün icraçı tərəfindən cəmi dəyəri (ƏDV daxil olmaqla) 3492,41 manat (günlük xidmət haqqı aylıq xidmət haqqının (ƏDV-siz) 26-ya bölünməsi ilə, saatlıq xidmət haqqı isə günlük xidmət haqqının 10-a bölünməsi ilə çıxarılan dəyərə uyğun olaraq hesablanmışdır) məbləğində “BOMAG BW 138AD” markalı 90-K-550 D.Q.N-li Vərdənə ilə Cavabdeh MMC üçün xidmət göstərərək təhvil verilmişdir.
6. ## ######## 2025-ci il tarixli təhvil təslim aktına görə, tərəflər arasında imzalanmış xxxx/0807/01 nömrəli ## #### 2025-ci il tarixli müqaviləyə əsasən, ##.##.2025-##.##.2025 xidmət dövrü üçün icraçı tərəfindən cəmi dəyəri (ƏDV daxil olmaqla) 5636,87 manat (günlük xidmət haqqı aylıq xidmət haqqının (ƏDV-siz) 26-ya bölünməsi ilə çıxarılan dəyərə uyğun olaraq hesablanmışdır) məbləğində sifarişçinin ərazisində torpağın kipləşdirilməsi üçün “Bomag F-7 138 AD” markalı 90-K-550 D.Q.N- li Cavabdeh MMC üçün xidmət göstərərək təhvil verilmişdir.
7. MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya görə, Cavabdeh MMC-nin sifarişi əsasında Mehralıyev İskəndər Yaşar oğlu tərəfindən 532,70 manat ƏDV olmaqla, ümumilikdə 3492,41 manat dəyərində “BOMAG BW 138AD” markalı Vərdənə ilə xidmət həyata keçirilmişdir.
8. MT2509 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya görə, Cavabdeh MMC-nin sifarişi əsasında Mehralıyev İskəndər Yaşar oğlu tərəfindən 859,86 manat ƏDV olmaqla, ümumilikdə 5636,86 manat dəyərində sifarişçinin ərazisində torpağın kipləşdirilməsi üçün “BOMAG BW 138AD” markalı 90-K-550 D.Q.N-li Vərdənə ilə xidmət həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. Mehralıyev İskəndər Yaşar oğlu (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağladığı ## #### 2025-ci il tarixli xxxx/0807/01 nömrəli xidmət müqaviləsi üzrə yaranmış 9129,28 manat məbləğində əsas borcun, ##.##.2025 tarixindən ##.##.2025 tarixinədək günlük 0,1% hesablanmaqla 1141,16 manat məbləğində dəbbə pulunun, 120,81 manat rüsumun, 300 manat hüquqi xidmətlərin göstərilməsinə görə çəkilən xərcin əvəzinin, yəni ümumilikdə 10 691,25 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh MMC ilə arasında # #### 2025-ci il tarixdə xxxx/0807/01 nömrəli xidmət müqaviləsi bağlanmış, müqavilənin müvafiq əlavəsində göstərilən xidmətlərin cavabdehə göstərilməsi və göstərilən xidmətlərin dəyərinin müqavilədə müəyyən edilmiş müddət ərzində ona ödənilməsi ilə bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə olunmuşdur. Müqavilə üzrə öhdəliklərini tam, vaxtında və qüsursuz şəkildə yerinə yetirmiş, cavabdehə ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli elektron qaimə-faktura və ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli təhvil-təslim aktları təqdim edilmişdir. Lakin Cavabdeh MMC-nin məsuliyyətsiz rəhbərliyi müqavilə üzrə öz öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada icra etməmiş, habelə müqavilədə nəzərdə tutulmuş 9129,28 (doqquz min yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) manat borc məbləğinin ödənilməsindən müxtəlif əsassız bəhanələr gətirməklə qəsdən yayınmışdır. Bundan əlavə, borc məbləğinin ödənilməsi tələb olunduqda, cavabdeh və onun əməkdaşları qeyri-etik davranış nümayiş etdirərək onun əməkdaşlarına qarşı təzyiq göstərməyə cəhd etmişdir. Bu əsasla, ## ###### 2025-ci il tarixində Azərbaycan Respublikasının “Elektron Məhkəmə” informasiya sistemi və “E-Taxes” platforması vasitəsilə cavabdehə rəsmi yazılı pretenziya məktubu göndərilmişdir. Lakin göstərilən bütün cəhdlərə baxmayaraq, cavabdeh hazırki günədək borcun ödənilməsi istiqamətində hər hansı addım atmamışdır. Bu səbəblə, yaranmış mübahisənin həlli məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd edilməlidir ki, müqavilə şərtlərinə əsasən hər gecikdirilmiş təqvim günü üçün gecikdirilmiş məbləğin 0.1% faizi cavabdeh tərəfindən ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, 5 avqust və # ######## 2025-ci il tarixli təhvil-təslim aktlarına əsasən ödənişlər 4 aydan artıq (təxminən 125 gün) gecikdirilmişdir. 125 gün üçün hesablanan cərimə məbləği 1141,16 AZN (9 129,28* 0.1 % = 9.129 AZN *125 gün = 1141.16 AZN) təşkil edir. Beləliklə, hal-hazırda cavabdeh Cavabdeh MMC-nin, ona təsdiqlənmiş eqaimələr üzrə 9129,28 (doqquz min yüziyirmi doqquz manat iyirmisəkkiz qəpik) və hesablanmış faizlər üzrə 1141,16 (bir min yüz qırx bir manat on altı qəpik) manat, ümumilikdə 10 270,44 (on min iki yüz yetmiş manat 44 qəpik) manat borcu vardır.
11. İddiaçının məhkəmə iclasında iştirak edən vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
12. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən xxxx/0807/01 nömrəli ## #### 2025-ci il tarixli xidmət müqaviləsinə əsasən 9129,28 (doqquz min bir yüz iyirmi doqquz manat 28 qəpik) manat əsas borc, 456,46 (dörd yüz əlli altı manat 46 qəpik) manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 115,85 (bir yüz on beş manat 85 qəpik) manat olmaqla, ümumilikdə 9701,58 (doqquz min yeddi yüz bir manat 58 qəpik) manatın tutulub Mehralıyev İskəndər Yaşar oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
İddiaçı, cavabdehlə bağladığı ##.##.2025-ci il tarixli xxxx/0807/01 saylı xidmət müqaviləsi üzrə işlər icra etdiyini, cavabdehin müqavilə üzrə ödəməli olduğu pul vəsaitini ona ödəmədiyini və nəticədə 9129,27 manat məbləğində borcunun qaldığını iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşdür.
Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin müqavilə ilə iddiaçı texnika vasitəsilə işlərinin görülməsi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş ödənişlərin aparılması öhdəliyini öz üzərlərinə götürmüşlər.
İşlərin iddiaçı tərəfindən icra olunduğu və iddia olunan məbləğdə olduğu iş materiallarında olan təhvil təslim aktları ilə sübut olunur.
Beləliklə, iş materiallarında olan sübutlarla iddiaçının ##.##.2025-ci il tarixli xxxx/0807/01 saylı xidmət müqaviləsi üzrə 9129,28 manat məbləğində işləri icra etdiyini, bununla belə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi müəyyən edilir. Bu isə, cavabdehin iddiaçı qarşısında icra edilməmiş 9129,28 manat məbləğində pul öhdəliyinin yaranmış olduğunu göstərir.
Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan xidmət müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1141,16 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu hissəsində iddia tələbi qismən təmin edilərək, 456,46 (tələb edilən əsas (9129,28) borcun 5% həddində) manat məbləğində müəyyən edilməlidir.
İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1 -ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçı tərəfindən isə həmin iddia tələbini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə əlavə əsaslandırma aparmadan bu tələbin təmin edilməməli olması qənaətinə gəlir.
14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1ci, 442-ci, 448.1-ci, 448.2-ci maddələrinə istinad etmişdir.
15. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin yalnız formal sənədlərə istinad etməsi, işin real icrasını və faktiki qəbulunu araşdırmadığı, dəbbə pulunu mütənasib həcmdə azaltmadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı, verilən izahat
17. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
23. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
26. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
27. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
28. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
29. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
30. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
39. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
45. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
46. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
47. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
48. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
49. İşin müəyyən olunan halı ondan ibarətdir ki, tərəflər arasında ## #### 2025-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, iddiaçı “BOMAG BW 138AD” markalı 90-K-550 D.Q.N-li Vərdənə ilə xidmətin göstərilməsini, cavabdeh isə xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
50. İddiaçının bildirməsinə görə aktlarda nəzərdə tutulmuş işlər yerinə yetirilmiş, cavabdehə təhvil verilmiş və müvafiq elektron qaimələr göndərilmiş, lakin cavabdeh xidmət müqaviləsi üzrə 9129,28 manat borcunu ödəməmişdir.
51. Cavabdeh isə işlərin iddiaçı tərəfindən faktiki olaraq icra edilməsinin və cavabdeh tərəfindən qəbul olunmasının sübuta yetirilmədiyini, məhkəmənin bu halı araşdırmadığını irəli sürür.
52. Bu baxımdan kollegiyanın qənaətinə görə, hazırkı mübahisə üzrə sübutetmənin predmetini ## #### 2025-ci il tarixli xxxx/0807/01 saylı xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən işlərin yerinə yetirilib-yetirilməməsi təşkil edir.
53. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
54. Hazırkı mübahisənin tərəfləri ## #### 2025-ci il tarixli müqavilədə işlərin görülməsi ilə bağlı konkret prosedur müəyyən etmişlər; belə ki, icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir, hər növbəti ayın ilk 10 (on) iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.
55. İddiaçı tərəfindən iddianın faktiki əsası kimi təqdim edilən 2 ədəd təhvil-təslim aktı və elektron qaimə müqavilə üzrə aktlarda nəzərdə tutulmuş işlərin iddiaçı tərəfindən yerinə yetirildiyini və cavabdeh tərəfindən qəbul edildiyini təsdiq edir.
56. Digər tərəfdən kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin göstərilməməsi ilə bağlı iddiaçıya bu zamana qədər etiraz edilməmiş, elektron qaimələr mübahisələndirilməmişdir.
57. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi aktların və mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
58. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
59. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ##### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov