Məhkəmə qərarları › İş №e-2-2(3-6)-678/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-678/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-678/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh cavabdeh1 qarşı iddia tələbi üzrə (Açar sözlər: öhdəliyin icra olunmaması, dəbbə pulu, dəbbə pulunun mütənasibliyi, hüquqi yardım xərcinin ağlabatan məbləğdə müəyyənləşdirilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, cavabdeh cavabdeh1 iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh1 qarşı “cərimənin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “xxxx” ASC (lizinq verən) ilə cavabdeh1 (lizinq alan) arasında “xxxx” ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə” ##.##.2014-cü il tarixdə ****-L/** nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 40 700 manat olan “Traktor MTZ-1221” (ödəniş müddəti 9 il olmaqla) və Kotan KR-14- 5(AG-14-5) (ödəmə müddəti 3 il olmaqla) adlı kənd təsərrüfatı texnikalarını dəyərinin 4070 manatının əvvəlcədən ödənilməsi, qalan hissəsinin lizinq ödənişləri formasında ödənilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № *) müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 1.4-cü bəndinə əsasən, texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur; 1.5-ci bəndinə əsasən, aşağıdakı sənədlər müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur: Lizinq alanın ##.##.2014-cü il tarixli sifarişi S/##.##.2014); Lizinq ödəniş qrafiki (Əlavə № *); Texnikanın verilməsi barədə qaimə.

3. Müqavilənin 2.1.1-ci və 2.2.2-ci bəndlərinə əsasən, lizinq verən müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə lizinq alana verilməsini təmin edir. Lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir.

4. Müqavilənin 3.1-ci və 3.3-cü bəndlərinə əsasən, lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinqə verənə məxsusdur. Lizinq alan Texnikanı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır.

5. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; 5.1-ci bəndinə əsasən, lizinq alan tərəfindən aşağıdakı hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin pozulması halları hesab edilir: 5.1.5. Texnikadan istifadə üçün 1 № li Əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə.

6. Müqavilənin 5.2-ci bəndinə əsasən, göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, texnikanı saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir.

7. Müqavilənin 5.4-cü bəndinə əsasən, lizinq alan tərəfindən müqavilənin 5.1.5-ci bəndində göstərilən hala yol verildikdə lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

8. Texnikalar ##.##.2014-cü il tarixli təhvil-qəbul aktı əsasında lizinq alana təhvil verilmişdir.

9. Lizinq alan və lizinq verən tərəfindən təsdiqlənmiş ödəniş qrafikində nəzərdə tutulmuşdur ki, aylıq ödənişin məbləği 2017-ci ilin üçüncü rübü də daxil olmaqla, hər iki texnika üzrə 1415 manat, həmin tarixdən 2023-cü ilin ikinci rübü də daxil olmaqla, yalnız “MTZ-1221” markalı traktorun aylıq ödənişi 1015 manatdır, ümumilikdə texnikalar üzrə 36 630 manat ödəniş olunmalıdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (iddiaçı) cavabdeh1 (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağlanmış ##.##.2014-cü il tarixli ****-L/** nömrəli lizinq müqaviləsi üzrə hesablanmış 4689,20 manat cərimənin və hüquqi yardım üçün ödənilmiş 576,28 manatın cavabdedən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə cavabdeh1 arasında ##.##.2014-cü il tarixdə ****-L/** nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmış, müqaviləyə əsasən lizinq verən “xxxx” ASC tərəfindən kənd təsərrüfatı texnikaları lizinq alan cavabdehə lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə ##.##.2025-ci il tarixinə 4712 manat qalıq borc, 4689,20 manat hesablanmış cərimə olmaqla cəmi 9401,20 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə, lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi üçün müqavilə bağlanmış, müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 576,28 manat müəyyənləşdirilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə iddia ilə qismən razı olduğunu, əsas lizinq borcunu qəbul etdiyin, xəstəliyi ilə əlaqədar ödəniş edə bilmədiyini, lakin hissə-hissə olarsa ödəniş edə biləcəyini bildirmişdir.

13. Sonradan cavabdeh yazılı ərizə təqdim edərək aşağıdakıları bildirmişdir: “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə aramızda bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə dair ## #### 2014-cü il tarixli müqaviləyə əsasən 37 500 manat dəyərində olan 1 ədəd “MTZ-1221” markalı traktor və 3200 manat dəyərində olan 1 ədəd “KR-14-5 (AG-14-5)” markalı kotan mənə lizinqə verilmişdir. Müqavilə şərlərinə uyğun olaraq tərəfimdən ilkin ödəniş kimi 4070 manat məbləğində ödəniş edilmişdir. Həmin müqavilə də 10 illik müddətə bağlanmışdır. Qeyd edirəm ki, götürülmüş həmin texnikaların əsas borcu üzrə tərəfimdən ##.##.2026-cı il tarixdə 4712 manat məbləğində tam ödəniş edilmiş, əsas borc sıfırlanmışdır. Məsələ burasındadır ki, qeyd edilən borc üzrə mənə əsas borcdan da çox faiz dərəcəsi yazılmışdır. Belə ki, həmin faiz 4968 manat təşkil edir. Hesab edirəm ki, faiz dərəcəsi əsas borca tərs mütənasibdir. İddiada göstərilən faiz məbləği cavabdeh kimi mənim maliyyə və iqtisadi vəziyyətinə uyğun deyildir. Bu da məni çox əlverişsiz bir vəziyyətə salır. Belə ki, mən ailəliyəm, himayəmdə 2 yetkinlik yaşma çatmayan övladım var, həyat yoldaşım onkoloji xəstədir və Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. Uzun müddətdir ki, müalicələr alır. Ailəmi çox çətinliklə dolandırıram, maddi imkanı çox zəifdir. Bu hal məni həm maddi, həm də mənəvi tərəfdən çox çıxılmaz vəziyyətə gətirib çıxarır. Hesab edirəm ki, əsas borc üzrə məbləğ birdəfəlik tam ödənildiyindən faiz borc da nəzərə alınmalıdır. Mən əsas borcu qəbul etdiyim üçün ödəniş etmişəm. Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarında da göstərilmişdir ki, banklar və kredit təşkilatlan bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün inkişaf etmə imkanlarından istifadə etməklə yanaşı, eyni zamanda əhaliyə kredit verilərkən, kredit müqaviləsi üzrə nəzərdə tutulan faiz dərəcələrini əhalinin maliyyə və iqtisadi vəziyyətini nəzərə almaqla mütənasib şəkildə müəyyənləşdirməyə çalışmalıdırlar. Ona görə də qeyd etdiklərimin və əsas borc üzrə ödənişimin tam ödənilməsi nəzərə alınaraq iddia ərizəsində göstərilən faiz borcun silinməsini Sizdən xahiş edirəm”.

14. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdehdən 230 manat cərimə, hüquqi yardım üçün ödənilmiş 100 manat olmaqla, cəmi 330 manatın tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, həmçinin cavabdehdən 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

İddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2014-cü il tarixli texnikaların təhvil qəbulu barədə aktdan görünür ki, kənd təsərrüfatı texnikaları 1 ədəd 37500 manat dəyərində “MTZ- 1221” markalı traktoru və 1 ədəd 3200 manat dəyərində “KR-14-5(AG-14-5)” markalı kotanı cavabdehə təhvil vermiş, bununla da iddiaçı müqavilə şərtlərinə uyğun olaraq öhdəliyini tam yerinə yetirmişdir.

Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh lizinq müqaviləsi üzrə təhvil aldığı lizinq obyektinə görə aylıq lizinq ödənişlərini və ona hesablanmış faizləri vaxtında ödəməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 4689,200 manat məbləğində ödənilməmiş cərimə borcu mövcuddur.

Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

Lakin tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 500 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.

Məhkəmə hesab edir ki, hüquqi xərci cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş iddiaçı ilə "xxxx” MMC arasında imzalanmış "Lizinq portfelinin yığımı üçün və Agentliyin digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və respublikanın müxtəlif bölgələrində məhkəmə-hüquq xidmətlərinin satın alınması” Fəaliyyət cədvəlindən görünür ki, 1 hüquqi xidmətin göstərilməsi üçün xərc 576,28 manat müəyyən edilmişdir. Lakin Məhkəmə hüquqi xidmət xərcinin iddia tələbinin təmin edilməsi həcminə uyğun olaraq 100 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1ci, 399.1-ci, 442-ci, 448.1-ci, 747.1-ci, 748-1.12-ci, 748-1.12.4-cü, 748-10.4-cü, 748-10.6-cı maddələrinə istinad etmişdir.

17. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – iddianın hüquqi yardım xərcinin ödənilməsi tələbinin qismən təmin olunmayan hissəsində - ləğv olunmasını və iddianın həmin hissədə tam təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

24. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “hüquqi yardım üçün ödənilmiş 576,28 manatın cavabdedən tutulması” tələbinin qismən təmin olunmamaı ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnamədən ümumiyyətlə şikayət verməmiş, iddiaçının nümayəndəsi isə yalnız qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

35. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

36. Belə ki, prosessual qanunvericilik vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini təsbit edir (§ 28); hazırkı işin halları baxımından isə, məhkəmə müvafiq xərc qismində 100 manatı ağlabatan hesab etməkdə haqlı olmuşdur.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Tural Qocayev Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar