Məhkəmə qərarları › İş №e-2-2(3-6)-694/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-694/2026

20.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-694/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4- 11)-171/2026 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış ## #### 2006-cı il tarixli arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqavilədən görünür ki, Bu müqavilə İddiaçı və “CATEL” şəbəkələri arasında qarşılıqlı trafik mübadiləsi ilə əlaqədar qarşılıqlı arabağlantınin texniki, iqtisadi, kommersiya və hüquqi münasibətlərini, əsas prinsiplərini və şərtlərini tənzimləyir.

2. Müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən Tərəflər öz şəbəkələri arasında arabağlantı təşkil etməklə, qarşılıqlı olaraq, Respublika daxilində bir tərəfin şəbəkəsindən başlayaraq (çıxiş), digər tərəfin şəbəkəsində sona çatan (giriş) trafikinin mübadiləsini həyata keçirirlər. Tərəflər bir tərəfin şəbəkəsindən başlamaqla başlamaqla digər tərəfin şəbəkəsinə birbaşa və ya tranzit qaydasında ötürülən və burada sonlanan giriş və çıxış trafiki mübadiləsini həyata keçirirlər.

3. Müqavilənin 11.8-ci bəndinə əsasən tərəflər hər hesabat ayı üçün növbəti ayın sonunadək hesablaşmaların qarşılıqlı üzləşdirilməsini aparır və nəticəsi barədə üzləşdirmə aktı tərtib edirlər.

4. Müqavilənin 11.10-11.14-cü bəndlərinə əsasən Qarşılıqlı hesablaşmaların üzləşdirilməsinə dair tərtib edilmiş akt tərəflərin imzaları və möhürləri ilə təsdiq olunaraq, tərəflərin hər birində bir nüsxə saxlanılır. Qarşılıqlı hesablaşmaların üzləşdirilməsi zamanı razılaşdırılmış və üzləşdirmə aktında göstərilən məbləğə hesab-faktura və vergi hesabfakturası yazılaraq, ödəniş üçün digər tərəfə təqdim olunur. Hesab-fakturada göstərilən borcların tam ödənilməsi növbəti ayın 15-dək təmin edilir. Borcu olan tərəf nəzərdə tutulmuş müddət ərzində göstərilmiş xidmətin haqqını ödəmədikdə, hər gecikdirilən gün üçün borcun 0.01 %-i məbləğində dəbbə pulu hesablanaraq tutulur. Heç bir halda dəbbə pulu gecikdirilmiş borc məbləğinin 5 (beş) faizindən artıq ola bilməz. Heç bir halda dəbbə pulunun ödənilməsi tərəfləri əsas borcun ödənilməsindən azad etmir.

5. Müqavilənin 14.1 və 14.2-ci bəndlərinə əsasən Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və ilkin müddəti 1 (bir) il müəyyən edilir. Bu Müqavilənin müddətinin bitməsindən 30 (otuz) gün qalanadək ona xitam vermək haqqında hər hansı bir tərəfin rəsmi müraciəti olmadıqda, bu Müqavilənin müddəti növbəti 1 (bir) il/illər müddətinə uzadılır.

6. 10.##.##.2020-ci il tarixli üzləşdirmə aktına əsasən ##.##.2019-cu il tarixinə İddiaçı MMC-nin cavabdehə 234.594,54 manat, cavabdeh Cavabdeh MMC-nin isə İddiaçı MMCyə 303.905,49 manat borcu vardır və akt tərəflərin imzası və möhürü ilə təsdiqlənmişdir.

7. 11.##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinədək olan elektron qaimələrdən görünür ki, ümumilikdə 9.046,69 manat dəyərində xidmət iddiaçı tərəfindən cavabdehə ödəniş üçün təqdim edilmişdir.

8. 12.##.##.2020-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan hesablaşma aktlarından görünür ki, cavabdehin iddiaçıya ümumilikdə 8.351,45 manat borcu var. Aktlar tərəflərin xxxxinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir. 1

9. ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli ödəniş qəbzinə əsasən ## #### 2006-cı il tarixli arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqavilə üzrə cavabdeh tərəfindən iddiaçının bank hesabına müvafiq olaraq 18601.89 manat və 19784.14 manat pul vəsaiti köçürülmüşdür.

10. İddiaçı tərəfindən göndərilən ##.##.2025-ci il tarixli pretenziya məktubuna əsasən cavabdeh Cavabdeh MMC-dən ## #### 2006-cı il tarixli arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. 15.##.##.2026-cı il tarixli ************ nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 216,10 manat dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış ## #### 2006-cı il tarixli arabağlantı müqaviləsinə əsasən yaranmış 39.971,61 manat (otuz doqquz min doqquz yüz yetmiş bir manat 61 qəpik) borcun, 2001.42 manat (iki min bir manat 42 qəpik) dəbbə pulunun və 216.10 (iki yüz on altı manat 10 qəpik) dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh Cavabdeh MMC arasında imzalanmış “13” iyul 2006-cı il tarixli arabağlantı müqaviləsinə (bundan sonra – Müqavilə) əsasən tərəflər "xxxx" və “Catel” şəbəkələri arasında qarşılıqlı trafik mübadiləsi ilə əlaqədar arabağlantının texniki, iqtisadi, kommersiya və hüquqi münasibətlərini, əsas prinsiplərini və şərtlərinin tənzimlənməsi ilə bağlı razılaşma əldə olunmuşdur. Müqavilənin 2.2-ci bəndinə görə tərəflər öz şəbəkələri arasında arabağlantı təşkil etməklə qarşılıqlı olaraq respublika daxilində bir tərəfin şəbəkəsindən başlayaraq digər tərəfin şəbəkəsində sona çatan trafikinin mübadiləsini həyata keçirirlər. Müqaviləyə əsasən tərəflər hər hesabat ayı üçün növbəti ayın ilk 5 günü hesablaşmaların qarşılıqlı üzləşdirilməsini aparır və nəticəsi barədə üzləşdirmə aktı tərtib edirlər. Qarşılıqlı hesablaşmaların üzləşdirilməsi zamanı razılaşdırılmış və üzləşdirmə aktında göstərilən məbləğə hesab-faktura və vergi hesab-fakturası yazılır və ödəniş üçün digər Tərəfə təqdim olunur. Hesab-fakturada göstərilən borcların tam ödənilməsi növbəti ayın 15-ci gününədək təmin edilir. Həmçinin Müqaviləyə görə Tərəflər bu Müqavilənin lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və təqsirkar Tərəf digər Tərəfə vurulmuş ziyanı (real zərər) ödəməlidir. Cavabdeh tərəfindən sonuncu dəfə ##.##.2023-cü il tarixdə 19.784,14 manat ödəniş edilmişdir. Halhazırda yuxarıda göstərilən müqavilə əsasında cavabdehin iddiaçı “xxxx” MMC-yə 40,028.23 manat (qırx min iyirmi səkkiz manat iyirmi üç qəpik ödənilməmiş borcu qalmışdır. Bundan başqa, müqavilənin 11.12-ci bəndinə görə hesab fakturada göstərilən borcların tam ödənilməsi növbəti ayın 15-dək təmin edilir. Müqavilənin 11.13-cü bəndinə görə isə, borcu olan tərəf nəzərdə tutulmuş müddət ərzində göstərilmiş xidmət haqqını ödəmədikdə, hər gecikdirilən gün üçün borcun 0,01 % həcmində dəbbə pulu hesablanaraq tutulur. Hər bir halda dəbbə pulu gecikdirilmiş borc məbləğinin 5 faizindən artıq ola bilməz.

14. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil Vəkil izahat verərək bildirmişdir ki, tərəflər arasında arabağlantı müqaviləsi imzalanmışdır. Müqavilə Cavabdeh ilə bağlanmışdır. Cavabdeh hal hazırda fəaliyyətini dayandırıb. Əslində onlar özləri borcları olduğunu etiraf etmişdilər. 2023- cü ildə 19000 manat ödəniş də etmişdilər. Bu barədə ödəniş tapşırığını da iş materiallarına əlavə etmişdir. Borcu qəbul edirdilər, lakin bank hesablarına həbs qoyulduğu üçün ödəniş ödəyə bilmədiklərini bildirirdilər. İslamov İlqar tərəfindən göndərilən ##.##.2022-ci il tarixli emailə əlavə edilən üzləşdirmə aklarında da borc məbləği təsdiq edilir. Müqavilənin şərtlərinə əsasən tərəflər arasında aylıq görülən işlərlə bağlı olaraq aktın tərtib edilməsi məcburi tələbdir. İllik üzləşdirmə aktının tərtib edilməsi ilə bağlı bir şərt yoxdur. Bu 2020-ci ilə qədər hesablanan borcdur. Onda olan məlumata əsasən bu günə kimi əvvəllər borcun tələb edilməməsinə səbəb o idi ki, cavabdeh tərəfin vəsaiti üzərində vergi sərəncamı olduğu üçün vəsait ödənilmirdi.

15. Hazırki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin qanuni təmsilçisi izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Çünki tərəflə aralarında həm ay sonu, həm də ilin sonunda akt tərtib olunurdu. Ələlxüsus da son dövrlərdə həmin aktlar iş materiallarına əlavə edilməmişdir. İslamov İlqar mühasib vəzifəsində çalışmışdır. Lakin hal hazırda işdən çıxıb. Qarşı tərəfə dayandırma ilə bağlı olaraq ##.##.2022-ci il tarixində məktub göndərmişlər. Qarşı tərəf iddia edir ki, onlara 40 000 manat borcları var. Lakin borcu qəbul etmir. Onlarda olan məlumata əsasən hələ iddiaçının cavabdehə borcu var. Aylıq təsdiq olunan üzləşdirmə aktlarını qəbul edir. Hesablaşmalar qarşılıqlı akt əsasında qalan borc kimi ödənilirdi. 2020-ci ildən demək olar ki işləmirlər. Sadəcə əmək haqqlarını ödəyə bilirlər. Hal hazırda X5 LLC" MMC-nin gəliri yoxdur. X5 LLC" MMC-nin təsisçisi Azln Telecom-dur. X5 LLC" MMC-nin bütün xərclərini təsisçi qarşılayır.

17. Hazırki məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmış, əlavə olaraq bildirmişdir ki, 5 ildir ki, borc məbləğini ödəyə bilmirlər. Aylıq tərtib edilən üzləşmə aktlarının bəzilərində onun imzası yoxdur, ona görə də ekspertizanın təyin edilməsini və borc məbləğinin düzgün hesablanmasını xahiş edir. Mühasibin aktları imzalamağa səlahiyyəti yox idi, onun özü mühasibin imzaladığı sənədləri təsdiq edird

18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2006-cı il tarixli arabağlantı müqaviləsinə əsasən əsas borca görə 39.276,37 (otuz doqquz min iki yüz yetmiş altı manat otuz yeddi qəpik) manat, cərimə borcuna görə 2000 (iki min) manat olmaqla, cəmi 41.276,37 (qırx bir min iki yüz yetmiş altı manat otuz yeddi qəpik) manat və 216.10 (iki yüz on altı manat on qəpik) manat dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Cavabdeh “X5 LLC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsini tamamilə ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xxxxin imzasını və hüquqi şəxsin möhürünü kifayət qədər əsas kimi qiymətləndirmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, maliyyə öhdəliyi yaradan və borcu təsdiq edən bu cür sənədlərin imzalanması birbaşa hüquqi şəxsin qanuni təmsilçisinin (direktorun) müstəsna səlahiyyətlərinə aiddir. Məhkəmə iclasında qanuni təmsilçi tərəfindən mühasibin bu sənədləri imzalamağa səlahiyyətinin olmadığı bildirilmişdir. Məhkəmə bu mühüm halı araşdırmamış, cavabdehin daxili nizamnamə və əsasnamələrini tələb edib yoxlamamış, yalnız möhürün mövcudluğuna istinadən aktları qanuni sübut kimi qəbul etmişdir. Cavabdehin qanuni təmsilçisinin bəzi üzləşmə aktlarındakı imzaların ona məxsus olmadığı və borc məbləğinin düzgün hesablanması üçün ekspertizanın təyin edilməsini xahiş etdiyi açıq şəkildə göstərilmişdir

21. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdır.

23. Etiraz onunla əsaslandırlımışdır ki, üzləşmə aktlarını imzalayan Rövşən Nəsirovun müvafiq səlahiyyəti olmamışdır. Bununla bağlı bildirmək istəyirik ki, cavabdehin nümayəndəsinin məhkəmə proseslərində bildirdiyi kimi həmin şəxs "xxxx" vəzifəsində çalışmışdır. Hesab edirik ki, şirkətin xxxxi bu cür maliyyə sənədlərini imzalamaq səlahiyyəti olan şəxsdir. Bundan başqa, aktda cavabdeh təşkilatın möhürü də vurulmuşdur ki, bu da həmin sənədin cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanamsını və şirkətin rəsmi mövqeyini əks etdirdiyini təsdiq edir. Apellyatorun digər mövqeyi iş üzrə müvafiq ekspertizaların təyin edilməməsi ilə bağlı olmuşdur. Bununla bağlı bildirmək istəyirik ki, işə birinci instansiya məhkəməsində baxılan zaman ekspertizanın təyin edilməsi barədə yazılı vəsatət verilməmişdir. Buna görə də, cavabdehin bu barədə mövqeyini də əsassız hesab edirik. işə birinci instansiya məhkəməsində baxılan zaman tərəfimizdən iddia tələbinin həcminin azaldılması barədə ərizə verilmiş, cavabdehin iddiaçıya olan borcunun 39.971,61 manat (otuz doqquz min doqquz yüz yetmiş bir manat 61 qəpik) təşkil etdiyi, həmin borc məbləğinin 2 hissədən ibarət olduğu ##.##.2019-cu il tarixə kimi olan borc məbləğinin 30.924,92 manatı (otuz min doqquz yüz iyrmi dörd manat 92 qəpik) və ## ###### 2020-ci il tarixdən ## #### 2022-ci ilədək olan dövr üçün borc məbləğinin 9046,69 manat (doqquz min qırx altı manat 69 qəpik) olduğu göstərilmişdir. Ərizədə 30.924,92 manatı (otuz min doqquz yüz iyrmi dörd manat 92 qəpik) borc məbləğinin olması tərəflər arasında imzalanmış ## #### 2020-ci il tarixli aktla, 9046,69 manat (doqquz min qırx doqquz manat 69 qəpik) borcun isə həmin dövrdə cavabdehə göndərilmiş elektron qaimələrlə təsdiq edildiyi göstərilmişdir. Cavabdeh şikayətdə aktların bir qismi ilə razılaşmadığını göstərmiş, lakin hansı aktlarla razılaşdığını, hansıları ilə razılaşmadığını bildirməmişdir. Son dövrlərin üzləşmə aktlarının olmaması ilə bağlı da qeyd edirik ki, üzləşmə aktı olmasa da, borc barədə cavabdehə elektron qaimələr göndərilmiş, qaimələr cavabdehə göndərildikdən sonra imtina edilməmiş və düzəlişə göndərilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

25. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iştirakı olmadan baxılması mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

29. .442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. .448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. 752.1. maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür

32. 753.1. maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur

AR Mülki Prosessual Məcəlləsi

33. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. .77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. .80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 30.88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. .119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. .217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. .217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

41. .218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

46. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ## #### 2006-cı il tarixli arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqavilə bağlanmış və müqavilədə tərəflərin trafik mübadiləsi ilə əlaqədar hüquq və öhdəlikləri nəzərdə tutulmuşdur. Tərəflər müqavilə üzrə qarşılıqlı borclarının müəyyən edilməsi məqsədilə ##.##.2020-ci il tarixli üzləşdirmə aktı tərtib etmiş, həmin aktda tərəflərin birbirilərinə ##.##.2019-cu il tarixinədək olan borcları təsdiq edilmiş, eyni zamanda borc məbləğləri qarşılıqlı əvəzləşdirilərək cavabdehin iddiaçıya 69.310,95 manat borcunun olduğu müəyyən edilmişdir. ##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinədək olan dövr ərzində iddiaçı tərəfindən 9.046,69 manat dəyərində elektron qaimələr ödəniş üçün cavabdehə təqdim edilmiş və həmin qaimələr Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi - AVİS tərəfindən təsdiqlənmişdir. Bundan başqa, ##.##.2020-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan hesablaşma aktları ilə cavabdehin iddiaçıya müvafiq tarixlərdə 8.351,45 manat borcunun olması müəyyən edilmişdir. Cavabdeh 2023cü ilin dekabr ayında iddiaçıya ümumilikdə 38.386,03 manat ödəniş etmişdir .

47. Məhkəmə kollegiyası hüquqi şəxsin maliyyə öhdəliyi yaradan və borcu təsdiq edən sənədlərin yalnız hüquqi şəxsin qanuni təmsilçisi – direktor tərəfindən imzalanmalı olması, mühasibin isə belə sənədləri imzalamaq səlahiyyətinin olmadığı barədə dəlili əsassız hesab etməklə qeyd edir ki, sənədin hüquqi şəxs adından mühasib tərəfindən imzalanması faktı həmin sənədin hüquqi qüvvəsini stisna etmir.

48. Belə ki, hüquqi şəxsin iradəsinin onun əməkdaşlarından biri vasitəsilə ifadə olunmasının mümkünlüyü, ilk növbədə, həmin şəxsin verilmiş səlahiyyətlərinin həcmi, vəzifə funksiyaları, etibarnamə və ya digər daxili sənədlər, habelə konkret əməliyyatın hüquqi şəxs tərəfindən sonradan qəbul edilib-edilməməsi nəzərə alınmaqla müəyyən edilməlidir.

49. İş materillarından görünür ki, hesablaşma aktları 2021-2022-ci illərdə tərtib olunaraq cavabdehin xxxxi tərəfindən imzlanmışdır. Qeyd olunan tarixdən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılan tarixədək cavabdeh tərəfindən həmin aktlar, həmçinin elektron sistem tərəfindən təsdiqlənmiş elekteron qaimələr mübahisələndirilməmiş, yalnız ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli e-qaimələr “ləğvin təsdiqi üçün göndərilmişdir” statusunda qalmışdır.

50. Daha sonra isə ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən ## #### 2006-cı il tarixli arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqavilə üzrə cavabdeh tərəfindən iddiaçının bank hesabına müvafiq olaraq 18601.89 manat və 19784.14 manat pul vəsaiti köçürülmüşdür.

51. Göründüyü kimi hüquqi şəxs mühasib tərəfindən imzalanmış sənədlərin məzmunundan xəbərdar olmuş, həmin sənədlər əsasında yaranmış münasibəti faktiki olaraq icra etmiş və ya sənədlərdə əks olunan borcun yaranmasına və mövcudluğuna etiraz etməmiş, əksinə ödəniş həyata keçirmişdir.

52. Cavabdehin sonradan yalnız imza səlahiyyətinin olmadığını əsas gətirməklə həmin sənədlərin hüquqi nəticələrini inkar etməsi vicdanlı davranışi istisna edir.

53. Eyni zamanda qeyd olunmalıdır ki, sənədlərin imzalanması birbaşa hüquqi şəxsin qanuni təmsilçisinin (direktorun) müstəsna səlahiyyətlərinə aid olmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Aktlarda cavabdeh təşkilatın möhürünün olması isə şirkətin rəsmi mövqeyini əks etdirdiyini təsdiq edir.

54. Həmçinin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək borcun məbləğini müəyyən etmiş, cavabdeh isə həmin hesablamanın yanlışlığını konkret hesablaşma və sübutlarla əsaslandıra bilməmişdir. Bu səbəbdən borcun məbləğinin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasının təyin edilməməsi işin nəticəsinə təsir edən prosessual pozuntu kimi qiymətləndirilə bilməz.

55. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-171/2026 nömrəli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar