Məhkəmə qərarları › İş №e-2-2(3-6)-696/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-696/2026

19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-696/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2024-cü il tarixli **/** saylı su təchizatı müqaviləsi bağlanmışdır.

2. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (kreditor) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (borclu) və Cavabdeh (üçüncü şəxs) arasında ##.##.2025-ci il tarixli **/** saylı borcun ötürülməsi müqaviləsi bağlanmışdır.

3. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən üçüncü şəxs kreditor və borclu arasında bağlanılan ## ###### 2024-cü il tarixli **/** nömrəli alqı-satqı müqaviləsi üzrə borclunun kreditora olan 17568.50 (on yeddi min beş yüz altmış səkkiz manat 50 qəpik) borcunu qəbul edərək ödəməyi, borclu həmin müqavilə üzrə öz öhdəliklərini üçüncü şəxsə ötürməyi öz öhdələrinə götürürlər. Kreditor isə həmin müqavilə üzrə borcun üçüncü şəxs tərəfindən ödənilməsini qəbul edir.

4. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən edilən borc məbləğinin 2568.50 hissəsi bu müqavilə imzalandığı gün ərzində, qalan 15000 hissəsi isə 5 (beş) ay ərzində hər ayın sonuna qədər 3000 manat olmaqla üçüncü şəxs tərəfindən kreditora ödəniləcəkdir.

5. Müqavilə üç tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

6. 23.##.##.2025-ci il tarixli ödəniş sənədindən məlum olur ki, “xxxx” MMC tərəfindən 2.176,69 manat əsas, 391,81 manat ƏDV borcu üzrə İddiaçı MMC-yə ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən 15000 manat məbləğində pul vəsaitinin, o cümlədən, 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, ümumilikdə 15135 manat pul vəsaitinin məcburi qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “iddiaçı” və ya “kreditor” adlandırılacaq) ilə “xxxx” MMC (bundan sonar “borclu” adlandırılacaq) və Cavabdeh (bundan sonra “cavabdeh” və ya “üçüncü şəxs” adlandırılacaq) arasında ## ###### 2025-ci il tarixində **/** saylı borcun ötürülməsi müqaviləsi (bundan sonra “müqavilə” adlandırılacaq) bağlanmışdır (qoşma:müqavilə iddia ərizəsinə əlavə edilir). Müqavilənin müddəalarına görə Üçüncü şəxs (yəni “xxxx” MMC) Kreditor (yəni İddiaçı MMC) ilə Borclu (yəni “xxxx” MMC) arasında bağlanılan ## ###### 2024-cü il tarixli **/** nömrəli alqı-satqı müqaviləsi üzrə Borclunun Kreditora olan 17568.50 AZN (on yeddi min beş yüz altmış səkkiz manat əlli qəpik) borcunu qəbul edərək ödəməyi, Borclu həmin müqavilə üzrə öz öhdəliklərini Üçünçü şəxsə ötürməyi öz öhdəsinə götürür, Kreditor isə həmin müqavilə üzrə borcun Üçüncü şəxs tərəfindən ödənilməsini qəbul edir. Müqaviləyə uyğun olaraq müəyyən edilən 17568.50 AZN (on yeddi min beş yüz altmış səkkiz manat əlli qəpik) ümumi borc məbləğindən 2568,50 AZN (iki min beş yüz altmış səkkiz manat əlli qəpik) həmin müqavilə imzalandığı gün ərzində, qalan 15000 AZN (on beş min) hissəsini isə 5 (beş) ay ərzində hər ayın sonuna qədər 3000 AZN (üç min) manat olmaqla Üçüncü şəxs tərəfindən Kreditora ödənilməsi nəzərdə tutulsa da, Üçüncü çəxs tərəfindən Kreditora sadəcə 2568,50 AZN (iki min beş yüz altmış səkkiz manat əlli qəpik) məbləğində pul vəsaiti ödənilmiş, qalan 15000 AZN (on beş min) məbləğində pul vəsaiti bugünki günə qədər ödənilməmiş qalmışdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2024-cü il tarixli **/** saylı su təchizatı müqaviləsi bağlanmış, daha sonra İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (kreditor) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (borclu) və Cavabdeh (üçüncü şəxs) arasında ##.##.2025-ci il tarixli **/** saylı borcun ötürülməsi müqaviləsi bağlanmışdır. 23.##.##.2025-ci il tarixli ödəniş sənədindən məlum olur ki, “xxxx” MMC tərəfindən 2.176,69 manat əsas, 391,81 manat ƏDV borcu üzrə İddiaçı MMC-yə ödəniş edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsi ilə bağlı sənədi məhkəməyə təqdim etməmişdir.

14. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə qarşı iddia qaldırmaqda haqlı olmuşdur və 15.000 manat məbləğində pul cavabdeh “xxxx” MMCdən tutularaq iddiaçıya ödənməlidir.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 11.1, 390.1, 390.4, 425, 442-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il ## #### tarixli Qərarına istinad etmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sübutlara obyektiv və qərəzsiz qiymət verilmədiyini bildirmiş, iş üzrə icraat zamanı hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını və həqiqətin müəyyən edilmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə yazılı qarşı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahat

18. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 10. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

22. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

23. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

27. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

28. Maddə 526. Əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki halları və tətbiq edilməli hüquq normaları baxımından qanuni və əsaslı hesab edir.

37. Iş materiallarından müəyyən olunur ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında yaranmış öhdəlik münasibətləri çərçivəsində mövcud olan borcla bağlı sonradan iddiaçı İddiaçı MMC, “xxxx” MMC və cavabdeh “xxxx” MMC arasında ## ###### 2025-ci il tarixli **/** saylı borcun ötürülməsi müqaviləsi bağlanmışdır.

38. Həmin müqavilənin 1.1-ci bəndində “xxxx” MMC-nin iddiaçı qarşısında 17.568,50 manat məbləğində borcunun olduğu konkret şəkildə müəyyən edilmiş, cavabdeh “xxxx” MMC həmin borcu qəbul edərək ödəməyi, “xxxx” MMC isə müvafiq öhdəliyi cavabdehə ötürməyi öz üzərinə götürmüş, iddiaçı da borcun cavabdeh tərəfindən ödənilməsinə razılıq vermişdir.

39. Bununla yanaşı, müqavilənin 2.1-ci bəndində borcun ödənilməsi qaydası da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş, 17.568,50 manat məbləğində borcun 2.568,50 manat hissəsinin müqavilənin imzalandığı gün, qalan 15.000 manat hissəsinin isə beş ay ərzində hər ay 3.000 manat olmaqla iddiaçıya ödənilməsi nəzərdə tutulmuşdur.

40. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin məzmunundan borcun həm hüquqi əsası, həm məbləği, həm borcu ödəməli olan şəxs, həm də ödəniş qaydası aydın şəkildə müəyyən edilir. Müqavilə hər üç hüquqi şəxsin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

41. Kollegiya xüsusilə nəzərə alır ki, cavabdeh müqavilədə müəyyən edilmiş öhdəliyi yalnız formal olaraq üzərinə götürməmiş, ##.##.2025-ci il tarixli ödəniş sənədi ilə 2.568,50 manat məbləğində ödəniş də etmişdir. Müqavilədə məhz həmin məbləğin ilkin ödəniş kimi nəzərdə tutulması və cavabdehin bu məbləği iddiaçıya ödəməsi tərəflər arasında bağlanmış müqavilənin faktiki icrasına başlanıldığını da təsdiq edir.

42. Bu baxımdan apellyasiya şikayətində borcun iddiaçı tərəfindən “həddindən artıq şişirdilməsi” barədə irəli sürülən dəlil əsaslı hesab edilə bilməz. Belə ki, tələb edilən 15.000 manat məbləği iddiaçının birtərəfli qaydada müəyyən etdiyi və ya sonradan hesabladığı məbləğ deyil, məhz cavabdehin də tərəf olduğu və imzaladığı müqavilədə 17.568,50 manat məbləğində qəbul edilmiş borcdan 2.568,50 manatın ödənilməsindən sonra qalan hissədir.

43. Cavabdeh apellyasiya şikayətində borcun məbləğinin düzgün olmadığını bildirsə də, 17.568,50 manat məbləğində borcun mövcud olmadığını, müqavilədə həmin məbləğin səhv göstərildiyini, borcun daha az olduğunu və yaxud qalan 15.000 manatın tam və ya qismən ödənildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

44. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də müqavilə ilə müəyyən edilmiş borcun məbləğini mübahisələndirən tərəfin yalnız həmin məbləğin düzgün olmadığını bildirməsi kifayət deyil; bu etirazı təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edilməlidir. Cavabdeh isə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

45. Kollegiya apellyasiya şikayətinin iş üzrə ekspertiza keçirilməli olması barədə dəlilini də əsassız hesab edir. Ekspertiza iş üzrə hüquqi məsələlərin həlli və ya tərəfin sübutetmə vəzifəsinin əvəz edilməsi vasitəsi deyil. Xüsusi bilik tələb edən və işin düzgün həlli üçün əhəmiyyətli olan faktiki halın müəyyənləşdirilməsinə zərurət yarandığı halda ekspertiza keçirilməsi məqsədəuyğun hesab edilə bilər. Hazırkı işdə isə mübahisənin predmeti cavabdehin özünün tərəf olduğu yazılı müqavilə ilə məbləği müəyyən edilmiş və qismən icra olunmuş pul öhdəliyinin qalan hissəsinin ödənilməsidir.

46. Kollegiya həmçinin nəzərə alır ki, apellyasiya şikayətində iş üzrə müəyyən edilmiş faktiki halları və birinci instansiya məhkəməsinin sübutlara verdiyi hüquqi qiyməti təkzib edən yeni və mötəbər sübutlar təqdim edilməmişdir. Şikayətdə göstərilən hallar əsasən iş üzrə artıq araşdırılmış və məhkəmə tərəfindən qiymətləndirilmiş xüsusatların təkrarı xarakteri daşıyır.

47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmış, təqdim edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar