Məhkəmə qərarları › İş №e-2-2(3-6)-709/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-709/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-709/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İntiqam oğlunun cavabdeh Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası, pul tələbi, dəbbə pulu) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı İddiaçı İntiqam oğlunun cavabdeh Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pul tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *- *(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixli xxxx/2606-** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh xidmətlərin göstərilməsini sifariş verməyi, iddiaçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin hesablaşma qaydalarına əsasən, xidmətlər üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar tərəflər təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 bank günü müddətində icraçının müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Müqaviləyə ** nömrəli əlavə razılaşma ilə “Hyundai R***LC-7A” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı evakuator ilə xidmətlərin gündəlik iş vaxtı 09:00 – 18:00, gündəlik xidmət haqqı 300 manat olmaqla göstərilməsi razılaşdırılmışdır. Cavabdehin direktoru Qanuni nümayəndə imzası və cavabdehin möhürü ilə təsdiq edilmiş ##.##.2025-ci il tarixli ** nömrəli təhvil-təslim aktı ilə 6900 manat, ##.##.2025-ci il tarixli ** nömrəli təhvil-təslim aktı ilə 7800 manat, ##.##.2025-ci il tarixli ** nömrəli təhvil-təslim aktı ilə 3900 manat olmaqla cəmi 18600 manat dəyərində xidmət təhvil alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

2. İddiaçı İddiaçı İntiqam oğlu cavabdeh Cavabdeh qarşı (bundan sonra Cavabdeh MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2025ci il tarixli xidmət müqaviləsi üzrə 18600 manat əsas borc, 710 manat cərimə məbləği və 148 manat dövlət rüsumu, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xxxx/2606- ** nömrəli

3. ##.##.2025-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma sənədlərinə əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adıgedən xidmətləri göstərməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətlərin sifarişi sifarişçi tərəfindən verilir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı sifarişçinin verdiyi xidmətləri həyata keçirir. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçınn yerinə yetirdiyi işlər bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir. Müqavilənin 4.5-ci bəndinə əsasən xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar tərəflər təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 bank günü müddətində icraçının müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Müqavilənin 4.6-cı bəndinə əsasən sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə (gecikdirdikdə) sifərişçi icraçının tələbi ilə gecikmənin hər bir təqvim günü üçün gecikdirilən məbləğin 0,1 % məbləğində icraçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 12 ay müddətində qüvvədə qalır. Tərəflər arasında ##.##.2025-ci il tarixdə xxxx/2606-** nömrəli xidmət müqaviləsinə əlavə razılaşma №* sənədi imzalanmışdır. Həmin razılaşmaya görə icraçı öz mülkiyyətində olan “Hyundai R***LC-7A” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı ekskavator ilə gündəlik 09:00 – 18:00 saat aralığında və günlük xidmət haqqı 300 manat təşkil etməklə sifarişçiyə torpaq qazmaq xidməti göstərməsi barədə razılığa gəlmişdir. Sözügedən xidmət müqaviləsi və Əlavə №* tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin xidmət müqaviləsi əsasında razılaşdırılmış xidmət iddiaçı tərəfindən görülmüş, cavabdeh tərəfindən təhvil alınmışdır. Tərəflər arasında ##.##.2025-ci il tarixli * nömrəli 6900 manat məbləğində, ##.##.2025-ci il tarixli * nömrəli 7800 manat məbləğində, ##.##.2025-ci il tarixli * nömrəli 3900 manat məbləğində təhvil-təslim aktları imzalanmışdır. Öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş cavabdeh tərəfindən həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron hesabfakturalarda nəzərdə tutulmuş məbləğdən sonuncunun hal-hazıradək cəmi 18 600 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə aşağıdakı elektron qaimələr göndərilmişdir: 1. MT2508 11289384 seriya və nömrəli ##.##.2025-ci il tarixli 6900 manat məbləğində; 2. MT2510 10691758 seriya və nömrəli ##.##.2025-ci il tarixli 7800 manat məbləğində; 3. MT2510 11987002 seriya və nömrəli ##.##.2025-ci il tarixli 3900 manat məbləğində. Göründüyü kimi, 18600 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin halhazıradək cavabdeh Cavabdeh MMC tərəfindən həmin pul iddiaçıya ödənilməmişdir. İddiaçı İntiqam oğlu tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, onun tərəfindən Cavabdeh MMC-yə görülmüş xidmət üzrə müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Müqavilənin 4.6-cı bəndinə əsasən sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə (gecikdirdikdə) sifarişçi icraçının tələbi ilə gecikmənin hər bir təqvim günü üçün gecikdirilən məbləğin 0,1 % məbləğində icraçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür. Odur ki 710 manat ((6900 x 0,1 % = 6,9 m; 6,9 m x 60 gün (17.08.25 – 17.11.25) = 414 manat; 7800 x 0,1 % = 7,8 m; 7,8 x 38 gün (11.10.25 – 18.11.25) = 296 manat; 414 + 296 = 710 manat) cərimə məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə həm şifahi qaydada xəbərdarlıq edilmiş, həm də pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin 15 gün müddətində ödənilməsi xahiş edilmişdir. Lakin pretenziyaya bu günədək cavab verilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehə qarşı pul məbləğinin alınması üçün iddiaçı vəkillə hüquqi yardım müqaviləsi bağlamış, vəkilə 320 manat xidmət haqqı ödəmişdir. Həmin 320 manat pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

4. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 386.1, 421, 425.1, 445.2-ci və s. maddələri göstərilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddianın təmin edilməsi, İddiaçı İntiqam oğlu ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli xidmət müqaviləsi üzrə 18600 manat əsas borc, 710 manat cərimə borcu olmaqla ümumilikdə 19310 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı İntiqam oğluna ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 148 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı İntiqam oğluna ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

7. Məhkəmə həmçinin, ##.##.2025-ci il tarixli xxxx/2606-** nömrəli xidmət müqaviləsinin dəbbə pulu ilə bağlı şərtlərinə əsasən, xidmət haqqı müəyyən edilmiş müddətdə icra edilmədikdə hər gecikdirilən gün üçün 0,1 faiz cərimə ödənilməsini nəzərə alaraq, iddiaçının tələb etdiyi cərimə məbləğinin 710 manat müəyyən edilməsi ağlabatan və ədalətli hesab etmişdir.

8. Cavabdeh Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək ## ##### 2026-cı il tarixli e-*-*(***)-*****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlüyü, pretenziya qaydasına əməl olunub-olunmaması, xidmətlərin faktiki göstərilməsi və təhvil alınması, təhvil-təslim aktlarının mötəbərliyi, elektron qaimələrin statusu, əsas borcun həqiqi məbləği, dəbbə pulunun hesablanma müddəti və məhkəmə xərclərinin ağlabatanlığı üzrə mühüm halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə cavabdehin iştirakını təmin etmədən işə mahiyyəti üzrə baxmış və qətnamədə yalnız “cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır” ifadəsi ilə kifayətlənmişdir. Halbuki cavabdehin iddia tələbinə münasibət bildirmək, sübut təqdim etmək, iddiaçının təqdim etdiyi sənədləri mübahisələndirmək və prosessual hüquqlarını həyata keçirmək imkanı real şəkildə təmin edilməli idi. Məhkəmə, həmçinin iddiaçının təqdim etdiyi hesablamaları mexaniki şəkildə qəbul etmiş, müqavilənin 4.5-ci bəndində nəzərdə tutulmuş “təhvil-təslim aktı təsdiq edildikdən sonra 30 bank günü” şərtinə uyğun olaraq ödəniş müddətinin və gecikmənin başlanğıc tarixinin necə hesablanmasını qətnamədə əsaslandırmamışdır. Dəbbə pulu yalnız öhdəliyin icrasının gecikdirildiyi tarixdən hesablana bilər. Məhkəmə 710 manat cəriməni qəbul edərkən gecikmənin başlanğıcını, 30 bank gününün hansı tarixdə bitdiyini, hər bir akt üzrə ayrıca ödəniş müddətini və gün sayını müəyyən etməmişdir. İddiaçının hesablamasında göstərilən tarix diapazonu ilə gün sayı da uyğun gəlmir: məsələn, ##.##.2025–##.##.2025 tarix aralığı 60 gün kimi göstərilmişdir, lakin bu müddət faktiki olaraq həmin rəqəmlə uyğunlaşmır. Belə hesablamanın yoxlanılmadan qəbul edilməsi maddi hüquq normasının düzgün tətbiq olunmamasıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçının nümayəndəsi Vəkil İmran qızı məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi Vəkil İmran qızı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin tamamilə əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tamamilə əsaslı olduğu, heç bir maddi və prosesual pozuntuya yol verməməklə qəbul edildiyini qeyd etmişdir. Həmçinin cavabdehin apelyasiya şikayətini verməkdə məqsədi işin uzadılmasına yönəldiyini bildirmişdir. Məhkəmədən məhkəmə iclasını onların iştirakı olmadan keçirib apelyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommerisya Məhkəməsinin qətnaməsini isə qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

14. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...

Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ... 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 462. Öhdəliyin icra edilməməsi anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. ...

Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ... Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarı: Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 710 manat məbləğində dəbbə pulunun və 148 manat məbləğdə dövlət rüsumunun əvəzinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İlk öncə məhkəmə kollegiyası tərəflər arasında yaranmış hüquq münasibətlərinin hüquqi təbiətini nəzərə alaraq hesab edir ki, müqavilənin tərəflər tərəfindən “xidmət müqaviləsi” adlandırılması həmin münasibətlərin hüquqi tövsifini müəyyən edən həlledici hal deyildir. Hüquq münasibətinin xarakteri müqavilənin adından deyil, tərəflərin qarşılıqlı hüquq və vəzifələrinin məzmunundan, müqavilənin predmetindən və gözlənilən hüquqi nəticədən müəyyən edilməlidir.

23. Hazırkı halda icraçı müəyyən texnika vasitəsilə sifarişçinin tapşırığı əsasında torpaq qazma işlərini yerinə yetirməyi, sifarişçi isə görülmüş işi qəbul edərək razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Buna görə tərəflər arasında yaranmış münasibətlər mahiyyət etibarilə Mülki Məcəllənin podrat münasibətlərində nəzərdə tutulan əlamətləri özündə əks etdirir.

24. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2025ci il tarixli xxxx/2606-** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh xidmətlərin göstərilməsini sifariş verməyi, iddiaçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin hesablaşma qaydalarına əsasən, xidmətlər üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar tərəflər təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 bank günü müddətində icraçının müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir.

25. Müqavilənin 3.13-cü bəndinə əsasən İcraçı tərəfindən ona təqdim edilmiş təhviltəslim aktını yoxlayaraq təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü ərzində təsdiq etmək və ya əsaslandırılmış etirazla geri qaytarmalıdır.

26. Müqavilənin 4.6-cı bəndinə əsasən Sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə (gecikdirdikdə), Sifarişçi İcraçının tələbi ilə gecikmənin hər bir təqvim günü üçün gecikdirilən məbləğin 0,01 % məbləğində İcraçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürmüşdür.

27. Həmin müqavilənin 4.7-ci bəndinə görə cərimənin məbləğinin yuxarı həddi Sazişin dəyərinin 10 %-dən çox olmamalıdır.

28. Müqaviləyə edilmiş ** nömrəli əlavə razılaşma ilə “Hyundai R***LC-7A” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı evakuator ilə xidmətlərin gündəlik iş vaxtı 09:00 – 18:00, gündəlik xidmət haqqı 300 manat olmaqla göstərilməsi razılaşdırılmışdır. Cavabdehin direktoru Qanuni nümayəndə imzası və cavabdehin möhürü ilə təsdiq edilmiş ##.##.2025-ci il tarixli ** nömrəli təhvil-təslim aktı ilə 6900 manat, ##.##.2025-ci il tarixli ** nömrəli təhviltəslim aktı ilə 7800 manat, ##.##.2025-ci il tarixli ** nömrəli təhvil-təslim aktı ilə 3900 manat olmaqla, ümumilikdə 18600 manat dəyərində xidmət təhvil alınmışdır.

29. Beləliklə, iddiaçının müqavilə üzrə üzərinə götürdüyü əsas öhdəliyi icra etməsi və görülmüş işlərin nəticəsinin cavabdeh tərəfindən qəbul edilməsi sübuta yetirildiyindən cavabdehin həmin işlərin razılaşdırılmış dəyərini ödəmək öhdəliyi yaranmışdır.

30. Apellyasiya şikayətinin xidmətlərin faktiki göstərilməməsi, təhvil-təslim aktlarının mötəbər olmaması, əsas borcun sübut edilməməsi və digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin əsas borcun mövcudluğu barədə nəticəsini təkzib etmir.

31. İş materiallarında olan müqavilə, əlavə razılaşma və ayrı-ayrı dövrlər üzrə tərtib edilmiş təhvil-təslim aktları qarşılıqlı əlaqədə qiymətləndirildikdə iddiaçının müqavilə üzrə işləri yerinə yetirməsi və cavabdehin həmin işlərin nəticəsini qəbul etməsi təsdiq olunur. Buna görə əsas borcun tutulmasına dair nəticənin dəyişdirilməsi üçün hüquqi əsas müəyyən edilmir. Birinci instansiya məhkəməsi də qəbul edilmiş işlərin ümumi dəyərini 18.600 manat müəyyən etmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına əməl edilməməsinə dair dəlilini də əsaslı hesab etmir.

33. Məhkəməyə qədər nizamlama qaydasının hüquqi məqsədi mübahisənin məhkəmə müstəvisinə çıxarılmasından əvvəl qarşı tərəfin irəli sürülən tələb barədə məlumatlandırılması və ona həmin tələbi könüllü qaydada təmin etmək imkanının yaradılmasıdır.

34. İş materiallarından iddiaçının cavabdehə borcun ödənilməsi barədə pretenziya ilə müraciət etdiyi və borcun 3 gün ərzində ödənilməsini tələb etdiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi də həmin halı işin faktiki halları sırasında müəyyən etmişdir.

35. Hazırkı halda iddiaçının borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciətdən əvvəl cavabdehə tələb irəli sürdüyü müəyyən edildiyindən, cavabdehin etirazı özü-özlüyündə məhkəməyə qədər nizamlama qaydasına əməl edilməməsi nəticəsinə gəlmək üçün kifayət deyil.

36. Birinci instansiya məhkəməsinin dəbbə pulu hissəsində gəldiyi nəticə əsaslı olsa da, məhkəmə müqaviləyə səthi yanaşmış və dəbbə pulunu müqavilə şərtləri nəzərə alınmadan iddia ərizəsində qeyd edilən qaydada tutmuşdur.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qətnamənin 710 manat dəbbə pulunun tutulmasına dair hissəsində birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun tutulmasının hüquqi əsası əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən onun icrasının gecikdirilməsidir. Deməli, gecikməyə görə müəyyən edilmiş dəbbə pulunun hesablanması yalnız borclunun öhdəliyin icrasını gecikdirdiyi andan mümkündür.

39. Hazırkı halda gecikmənin başlanğıc anı qanundan deyil, bilavasitə tərəflərin müqavilə ilə müəyyən etdikləri ödəniş qaydasından irəli gəlir.

40. Belə ki, müqavilənin 4.5-ci bəndinə əsasən görülmüş işlərə görə hesablaşmalar tərəflər təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 bank günü müddətində həyata keçirilməlidir. Müqavilənin 4.6-cı bəndində isə sifarişçinin məhz həmin müəyyən edilmiş müddətdə xidmət haqqını ödəmədiyi halda hər gecikdirilmiş təqvim günü üçün gecikdirilən məbləğin 0,1 faizi miqdarında cərimə ödəməsi nəzərdə tutulmuşdur.

41. Müqavilənin 4.5 və 4.6-cı bəndləri ümumilikdə təfsir edildikdə, dəbbə pulunun hesablanmasının təhvil-təslim aktının imzalandığı tarixdən deyil, həmin tarixdən hesablanan 30 bank gününün başa çatmasından sonrakı gündən mümkün olduğu nəticəsinə gəlinir.

42. Kollegiya qeyd edir ki, müqavilənin 4.5-ci bəndində hesablaşmanın təhvil-təslim aktı təsdiq edildikdən sonra 30 bank günü ərzində aparılması nəzərdə tutulub. Həmin müqavilənin 4.6-cı bəndinə görə isə yalnız həmin müəyyən edilmiş müddətdə ödəniş edilmədikdə, gecikdirilən məbləğin hər təqvim günü üçün 0,1 faizi həcmində cərimə yaranır.

43. Lakin iddiaçı tərəfindən təqdim edilmiş hesablamada bu müqavilə şərtinə əməl edilməmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə azadlığı prinsipi yalnız tərəflərin müqavilə bağlamaq azadlığını deyil, qanunun imperativ normalarına zidd olmadığı halda onların qarşılıqlı hüquq və vəzifələrinin məzmununu müəyyən etmək imkanını da ehtiva edir. Tərəflər ödənişin müddətini və həmin müddətin pozulmasına görə məsuliyyətin yaranması şərtlərini müqavilədə konkret müəyyən etdiklərinə görə məhkəmə də mübahisəni həmin şərtlər əsasında həll etməlidir.

45. Buna baxmayaraq, birinci instansiya məhkəməsi dəbbə pulunun tutulması məsələsini həll edərkən müqavilənin 4.5-ci bəndində müəyyən edilmiş 30 bank günlük ödəniş müddətini nəzərə almamış, hər bir təhvil-təslim aktı üzrə öhdəliyin son icra tarixini və buna müvafiq olaraq gecikmənin başlanğıc tarixini müəyyən etmədən iddiaçının təqdim etdiyi hesablamanı qəbul etmişdir.

46. Bu səbəbdən müqavilədə nəzərdə tutulmuş ödəniş müddəti başa çatmamış dövrün gecikmə müddətinə daxil edilməsi tərəflərin razılaşmasına və Mülki Məcəllənin 462.1ci maddəsinin mahiyyətinə uyğun hesab edilə bilməz.

47. Kollegiya hesab edir ki, * nömrəli akta görə ## ######## 2025-ci il tarixdən, * nömrəli akta görə ## ####### 2025-ci il tarixdən, * nömrəli akta görə isə ## ###### 2025ci il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi tarixədək – ## ###### 2025-ci il tarixinədək müvafiq olaraq 84, 57 və 25 gün üçün dəbbə pulu tutulmalıdır.

48. Belə olduqda * nömrəli akta görə 57,12 manat (6900x0,01:100=0,69; 0,69x84=57,12), * nömrəli akta görə 44,46 manat (7800x0,01:100=0,78; 0,78x57=44,46) və * nömrəli akta görə 9,75 manat (3900x0,01:100=0,39; 0,39x25=9,75) olmaqla, cəmi 111,33 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

49. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu hissədə əsaslı olduğu qənaətinə gəlir və hesab edir ki, qətnamə 710 manat dəbbə pulunun cavabdehdən tutulması hissəsində ləğv edilməlidir.

50. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna gəldikdə kollegiya hesab edir ki, həmin məbləğ iddianın təmin edilən hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

51. Hazırki işdə iddianın qiyməti 19310 manat təşkil edir. İddia tələbinin təmin edilən hissəsi isə 18721,33 manat təşkil edir. Belə olduqda iddianın təmin edilən hissəsi iddia tələbinin 97%-ni təşkil edir. Belə olduqda ödənilmiş 148 manat dövlət rüsumunun 97%-i, yəni 144 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

52. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan artıq olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi “710 manat məbləğində dəbbə pulunun və 148 manat məbləğdə dövlət rüsumunun əvəzinin tutulması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdehdən 111,33 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 144 manat pul tutularaq iddiaçıya ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar