Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-711/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Əliyeva Leyla Rauf qızının sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi nümayəndə1 İbrahim oğlunun iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli OL-***-** nömrəli lizinq müqaviləsinə əsasən Lizinqə (İstifadəyə) verən aşağıdakı cədvəldə göstərilmiş kənd təsərrüfatı texnikasını (bundan sonra “Texnika”) mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə Lizinq alan (İstifadəçi) müvəqqəti istifadəyə verir. Müqavilənin: 1.2, 1.3 və 1.3.2- ci bəndlərinə əsasən Lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalarından və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müqavilə dəyərini Lizinqə (istifadəyə) verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi ümumi müqavilə dəyərinin 50%-i hissəsi qədər həcmdə avans, qalan hissə isə müqavilə müddəti ərzində tam şəkildə ödənilməlidir. Müqavilə müddəti başa çatdıqdan sonra texnika götürüldüyü rayon bölməsinin parkına təhvil verilməlidir. Əks halda, texnikanın aidiyyəti rayon bölməsinin parkına geri təhvil verilməsi ilə əlaqədar çəkilmiş xərclər Lizinq alan (istifadəçi) tərəfindən ödənilməlidir. 2.1.1-ci bəndinə əsasən lizinq verən Bu müqavilədə göstərilən texnikanın tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə Lizinq alana (istifadəçiyə) verilməsini təmin edir; 2.1.4-cü bəndinə əsasən Lizinq alan(istifadəçi) tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən ödənişləri yerinə yetirilmədikdə, Lizinqə (istifadəyə) verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun, gecikdirilmiş günlər üzrə hesablanmış cərimənin və texnikaya dəymiş zərərin, eləcə də texnikanın müqavilə müddəti başa çatdıqdan sonra texnika onda olduğuna görə əlavə ödənişin ödənilməsini qanunamüvafiq qaydada tələb etmək hüququna malikdir. 2.1.7-ci bəndinə əsasən Lizinqə (istifadəyə) verən müqavilə müddəti bitdikdən sonra texnikanı müəyyən edilmiş son istifadə tarixində parka təhvil verilməsinə baxmayaraq, bu müqavilə üzrə yaranmış borc öhdəliyini yerinə yetirmədiyi halda, Lizinq alandan (istifadəçidən) borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə dəyərinin 0.1 faizi miqdarında cərimə ödənilməsini tələb edir. Müqavilənin 2.2.2-ci bəndinə görə Ödəniş məbləğini müqavilə (istifadə) müddəti ərzində ödəməyi öz üzərinə götürür. 2.2.7-ci bəndinə görə Bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda qeyd-şərtsiz Lizinqə (istifadəyə) verənə geri qaytarmağı üzərinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə Texnikaya mülkiyyət hüququ İddiaçı ASC-yə məxsusdur. Bu Müqavilənin qüvvədə olduğu müddətdə Lizinq alan (istifadəçi) texnikadan müvəqqəti istifadə hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. ## ###### 2025-ci il tarixli müqaviləyə əlavə edilən və 02-09 sentyabr tarixini əhatə edən təhvil-təslim aktlarından görünür ki, 80 ədəd JD-9970 modelli Pambıqyığan Kombayn texnikaları lizing verən tərəfindən lizinq alana təhvil verilmişdir. Təhvil-təslim aktları tərəflərin imzası və möhürü isə imzası ilə təsdiq edilmişdir.
3. ## ###### 2025-ci il tarixli müqaviləyə əlavə edilən və 09-30 dekabr tarixini əhatə edən geri qaytarılma barədə təhvil-təslim aktlarından görünür ki, JD-9970 modelli Pambıqyığan Kombayn texnikaları lizinq alan tərəfindən lizing verənə geri qaytarılmışdır.
4. ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh MMC-nin qalıq borcu 1.360.000 manat, cərimə borcu 10.880 manat olmaqla, cəmi 1.370.880 manat təşkil edir.
5. İddiaçı ASC-nin ##.##.2026-cı il tarixli pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqaviləsi üzrə 1.360.000 manat borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
6. ##.##.2026-cı il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən dövlət büdcəsinə 1476 manat dövlət rüsumu ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
7. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2025-ci il ## ###### tarixli OL-***-** nömrəli müqaviləyə əsasən 1 360 000 manat borcun, gecikdirilmiş günlər üzrə hesablanmış 10880 manat cərimənin və 1476,0 manat dövlət rüsumunun, cəmi 1 372 356 manat məbləğində pul vəsaitinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 2025-ci il ## ###### tarixli OL-***-** nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsinə dair müqaviləyə əsasən 80 ədəd JD-9970 markalı pambıqyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan (istifadəçi) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, müqavilədə nəzərdə tutulmuş məbləği Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam şəkildə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2025-ci il ## ###### tarixli OL-***-** nömrəli müqaviləyə əsasən 1 360 000 manat öhdəliyindən heç bir ödəniş yerinə yetirməmiş və 1 360 000 manat məbləğində borcu qalmışdır. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.4-cü bəndinə əsasən Lizinq alan (istifadəçi) tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən ödənişləri yerinə yetirilmədikdə, Lizinqə (istifadəyə) verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun, gecikdirilmiş günlər üzrə hesablanmış cərimənin və texnikaya dəymiş zərərin, eləcə də texnikanın müqavilə müddəti başa çatdıqdan sonra texnika onda olduğuna görə əlavə ödənişin ödənilməsini qanunamüvafiq qaydada tələb etmək hüququna malikdir. Yenə həmin müqavilənin 2.1.7-ci bəndinə əsasən lizinqə (istifadəyə) verən müqavilə müddəti bitdikdən sonra texnikanı müəyyən edilmiş son istifadə tarixində parka təhvil verilməsinə baxmayaraq, bu müqavilə üzrə yaranmış borc öhdəliyini yerinə yetirmədiyi halda, lizinq alandan (istifadəçidən) borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə dəyərinin 0.1 faizi miqdarında cərimə ödənilməsini tələb edir. Buna əsasən, hazırkı dövrədək olan cərimənin məbləği 10.880 manat təşkil edir.
9. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad olunmuşdur.
10. Cavabdeh yazılı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-ni kənd təsərrüfatı texnikalarını lizinq şərtləri ilə istifadəyə verən və bu sahə üzrə ixtisaslaşmış hüquqi şəxsdir. 2025-ci il mövsümü üçün məhsul istehsalçıları ilə bağlanmış alğı-satqı müqavilələrinin şərtlərinə əsasən xam pambığın sahələrdən yığılması ilə bağlı öhdəliyin icrası üçün İddiaçı ASC-ti ilə 80 ədəd pambıqyığan kombaynların müvəqqəti istifadəyə verilməsi üçün müqavilə bağlanmasına zərurət yaranmışdır. Havaların soyuması, mövsümü yağıntıların yağması ilə bağlı qısa müddət ərzində pambığın sahələrdən yığılmasına zərurət yarandığından kombaynların müvəqqəti istifadəyə verilməsinə dair lizinqə İddiaçı ASC-ti tərəfindən təqdim edilən şərtlərlə müqavilə bağlamağa məcbur olmuşlar. İddiaçı ASC-nə İddiaçı ASC-nə kombaynların operativ lizinqə verilməsi ilə bağlı müqavilə şərtlərinə tərəfimizdən təklif edilən hər hansı əlavələr qəbul edilmədiyindən İddiaçı ASC-i tərəfindən təqdim edilən ağır şərtli müqaviləni imzalamağa məcbur olmuşlar. Müqavilə şərtləri yalnız birtərəfli xarakter daşımaqla bir tərəf üçün yalnız hüquq, digər tərəf üçün isə yalnız vəzifə yaratmışdır. Mövcud qanunvericiliyə əsasən tərəflər arasında bağlanmış müqavilə ikitərəfli xarakterli müqavilə olmaqla hər iki tərəf üçün hüquq, həm də vəzifə yaratmalı, hər hansı məcburi xarakter daşıyan şərtdən azad və azad şəkildə müqavilə bağlanmasını nəzərdə tutur. (Mülki Məcəllə 324.3, 326, 324.1, 324.2, 329.1, 339.1) Bundan başqa ötən təsərrüfat mövsümündə İddiaçı ASC ilə oxşar xarakterli müqavilə bağlanarkən texnikaların mövsüm üzrə hər texnikaya görə məbləği 12000,00 manat müəyyən edilsə də, 2025-ci il mövsümü üzrə heç bir iqtisadi əsaslandırma aparılmadan hər texnikaya görə 5000 manat artırılaraq 17000 manat təklif edilmişdir. Texnikaların aşağı qiymətə istifadəyə verilməsinə dair müraciətə baxılmadan 17000 manat müvəqqəti istifadəyə alınmasına məcbur olmuşlar. Baxmayaraq ki, həmin texnikalar artıq əvvəlki illərdə müxtəlif təsərrüfatlarda istifadə edilib, istehsal keyfiyyəti aşağı düşmüşdür. Eyni zamanda bağlanmış müqavilənin 1.2-ci maddəsinə nəzər yetirdikdə lizinq alanın texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq müqavilə dəyərini Lizinq verənə ödəməsi nəzərdə tutulmuşdur. Bununla belə qeyd etmək istərdilər ki, texnikalar lizinqə götürüldükdən sonra təmirinə çəkilən xərclər lizinq verən tərəfindən nəzərə alınmamış, müqavilə tələblərində bu halın nəzərdə tutulmaması müqavilənin birtərəfli xarakterə malik olduğunu müəyyən edir. Qeyd edildiyi kimi İddiaçı ASC bazarda inhisar mövqeyindən istifadə edərək, kənd təsərrüfatı texnikalarının müvəqqəti istifadəyə verilməsinə dair müqavilə şərtləri təqdim etməklə, həmin cəmiyyətlə ağır şərtli müqavilə bağlanmışdır. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC-ti arasında bağlanmış ## ###### 2025-ci il tarixli OL-***-** nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsinə dair müqavilədə, müqavilənin bitməsinə dair müddət nəzərdə tutulmamış və öhdəliyin tam icra edilənə qədər qüvvədə olması nəzərdə tutulmuş, ödəniş tarixləri və qrafiki müəyyən edilməmişdir. Lakin iddiaçı müqavilə üzrə borcun hansı tarixə qədər ödənilməsini nəzərə almadan birbaşa məhkəməyə müraciət etməklə borcun və faizlərin ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, hazırda dünya bazarında mövcud iqtisadi tənəzzül səbəbindən əldə edilmiş məhsulun satışında ciddi problemlər yaranmışdır. Qeyd edilənlərə əsasən tərəflər arasında bağlanmış müqaviləni mübahisələndirməklə, müqavilə tələbi əsassız olduğundan təmin edilməməlidir.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. 2025-ci il ## ###### tarixli OL-***-** nömrəli müqaviləyə əsasən 1 360.000 manat əsas borc, 10 880,00 manat cərimə borcu və 1476 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.372.356 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2025-ci il tarixli, OL-***-** saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etsə də, cavabdeh Cavabdeh MMC lizinq ödənişlərini müqavilənin 1.3-cü bəndinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli OL-***-** saylı lizinq müqaviləsi üzrə 1.360.000 manat məbləğində əsas borcu yaranmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh Cavabdeh MMCnin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli OL-***-** saylı lizinq müqaviləsi üzrə 1.360.000 manat borcunun yarandığını lizinq müqaviləsində öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsinin nəzərdə tutulduğunu, nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edib ki, cavabdehdən tutulması tələb olunan ##.##.2025-ci il tarixli OL-***-** saylı müqavilə üzrə 10.880 manat dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə cavabdehin yazılı etirazının dəlilləri ilə bağlı qeyd edib ki, cavabdehin müqavilənin guya birtərəfli xarakter daşıması, ağır şərtli olması, inhisar mövqeyindən istifadə edilməklə bağlanması, habelə iqtisadi vəziyyətlə əlaqədar öhdəliklərin icra olunmamasını əsaslandıran etirazları iş materialları ilə təsdiq olunmur, yalnız formal mülahizəyə əsaslanır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə sərbəst iradə ifadəsi ilə imzalanmış və icra edilmişdir. Buna görə də cavabdehin göstərilən dəlilləri müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərdən azad olunması üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq o qənaətə gəlib ki, ödənilmiş 1476 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 448.1, 747.1, 462.1-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2025-ci il mövsümü üçün məhsul istehsalçıları ilə bağlanmış alqı-satqı müqavilələrinə əsasən xam pambığın sahələrdən yığılması ilə bağlı öhdəliyin icrası üçün İddiaçıASC ilə 80 ədəd pambıqyığan kombaynın lizinq şərtləri ilə müvəqqəti istifadəyə verilməsi üçün müqavilə bağlanmışdır. İddiaçı ASC 2024-cü il mövsümündən fərqli olaraq bir kombayna görə müəyyən edilən icarə haqqının məbləğini iqtisadi cəhətdən əsaslandırmadan, ötən ilə müqayisədə 5000 manat artıq, yəni 17000 manat məbləğində müəyyən etmişdir. İddiaçı ASC bu sahə üzrə ixtisaslaşdırılmış və inhisar subyektli hüquqi şəxs olduğundan, eyni zamanda payız mövsümünün gəlişi ilə bağlı yağıntılarla bağlı xam pambığın məhv olmasının qarşısının alınması səbəbindən məcburiyyət qarşısında qalaraq, kombaynların qeyd edilən qiymət və şərtlə lizinqlə əldə edilmişdir. Birinci instansiya məhkəməsində təqdim edilən etirazda, tərəflər arasında bağlanmış ## ###### 2025-ci il tarixli, OL-***-** nömrəli lizinq müqaviləsinin qiymətlə bağlı şərtinin qanuna müvafiq olub-olmaması, müqavilənin bitməsinə dair müddətin nəzərdə tutulmaması, öhdəliyin tam icra edilənə qədər qüvvədə olması və ödəniş tarixinin müəyyən edilməməsinə dair tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və araşdırılmamışdır. Həmçinin bildirmək istərdi ki, müqavilənin ləğv edilməsi və ya xitam edilməsi ilə bağlı tələb mövcud olmadığından, mübahisələndirilən hazırkı müqavilənin şərtləri, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün hüquqi zəmin yaratmır. Müqavilənin şərtlərində texnikalardan istifadəyə görə dərhal ödənişin edilməsinə dair birbaşa şərt nəzərdə tutulmamış, əksinə öhdəliyin icra edilənə qədər qüvvədə olması müəyyən edilmişdir. Müqavilənin qiymətlə bağlı şərti cavabdeh tərəfindən məhkəmədə mübahisələndirilməklə bu məbləğin ötən illə müqayisədə 5000 manat məbləğində əlavə olaraq hesablanması, iş üzrə məhkəmə ekspertizası vasitəsi və ya bu sahə üzrə ixtisaslaşdırılmış qiymətləndirici və yaxud mütəxəssis tərəfindən verilən rəy əsasında müəyyən edilə bilərdi. Hər bir halda məhkəmə işə baxarkən mübahisələndirilən məsələlər üzrə tərəflər arasında bağlanmış müqavilənin qanuna uyğun olub-olmamasını araşdırmalı və müqavilənin ağır şərtli əqd olaraq, məcburiyyət qarşısında bağlanmasına dair etiraza hüquqi qiymət verilməlidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, fəaliyyət göstərdiyi müddətdə İddiaçı ASC ilə bağlanmış müqavilə tərəfi kimi müqavilə şərtlərinə cavabdeh tərəfindən əməl edilmiş və göstərilmiş xidmətlərlərin dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən irəli sürülən etiraza mübahisənin formal tələbi kimi qiymət verməklə, iş üzrə maddi və prosessual hüququn tələblərini kobudcasına pozmuş və iddia tələbini tam olaraq təmin etmişdir. Hesab edir ki, hazırkı tələb üzrə isə borcun texnikaların həddən artıq baha qiymətə lizinq yolu ilə istifadəyə verildiyi və bağlanmış müqavilədə müddətin müəyyən edilmədiyi baxımından əsassız olması ilə bağlı mübahisələndirilən məsələlərə apellyasiya məhkəməsi tərəfindən baxılıb qiymət verilməlidir. Bildirmək istəyir ki, İddiaçı ASC hakimiyyət səlahiyyətindən istifadə etməklə bağlanmış lizinq müqaviləsinə əsasən kombaynların istifadəyə verilməsi ilə bağlı keçən illə münasibətdə qiymətləri tənasübsüz olaraq 5,000 manat məbləğində artırmaqla, bunun iqtisadi əsaslarını məhkəmədə sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən həmin əqdin qiymətlə bağlı fəqri məhkəmədə mübahisələndirilsə də, məhkəmə tərəfindən etiraza münasibət bildirilməmişdir. Hər bir halda əqdin aldatma, hakimiyyət səlahiyyətindən istifadə etməklə ağır şərtli əqdin bağlanması ilə bağlı etirazımız məhkəmə tərəfindən tədqiq edilib, mövcud etriraza obyektiv şəkildə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6,346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 337.2ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Əqdi mübahisələndirilən şəxsin iradə ifadəsinin digər tərəfə bildirməsi baxımından qanunda hər hansı forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirilməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və.s nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. Qeyd edildiyi kimi iddiaçının mübahisə ilə bağlı əsaslandığı əqdə dair cavabdeh tərəfindən etiraz irəli sürülməsi, həmin əqdin qiymətlə bağlı şərtinin etibarsız olması barədə tələbimizi əsaslandıran halların araşdırılmasından məhkəmə tərəfindən imtina edilməsi işin əsassız olan məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuşdur. Hesab edir ki, texnikaların 5000 manatdan artıq qiymətlə istifadəyə verilməsi ilə qiymət fərqi nəzərə alınaraq bu hissədə müqavilə etibarsız hesab edilməli, lizinq müqaviləsində ödənişlərin dərhal həyata keçirilməsi ilə bağlı şərtin nəzərdə tutulmaması ilə bağlı hallar məhkəmə tərəfindən nəzərə alınaraq ədalətli və obyektiv qətnamə qəbul edilməlidir. İddiaçı İddiaçı ASC-nin iddia tələbi ilə bağlı məhkəmə araşdırılması zamanı mübahisə predmeti olan əqdin qiymətlə bağlı şərtinin etibarlı olub-olmaması ilə bağlı dəlillərinə əhəmiyyət vermədən, işin obyektiv və ədalətli şəkildə araşdırılmasından imtina etməklə, prosessual qanunvericiliyin tələbləblərini, hamının qanun və məhkəmə qarşısında bərabərlik prinsipinin, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi ilə bağlı tələbini kobudcasına pozmuş və iddiaçı tərəfin tələbini təmin etmişdir. Lizinq müqaviləsi ləğv edilmədən, müqavilədə ödənişin dərhal edilməsinə dair tələblər nəzərdə tutulmadığı halda bu barədə ziddiyyətli qətnamə qəbul etməklə iddiaçının tələbini təmin etmişdir. Məhkəmə hər bir halda müqavilənin etibarlıq şərtlərinə uyğun olub-olmaması, hüquqi qüvvəsinə dair qanunvericilik müddəalarına əsasən həll edilməli və obyektiv qərar qəbul etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
20. Mülki Məcəllənin: - 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur
21. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
22. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunduğunu, cavabdehin apellyasiya şikayətinin dəlillərinin iddianın rədd edilməsinə yönəldildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2025-ci il tarixli OL-***-** nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsinə dair müqavilə bağlanmış və müqaviləyə əsasən 80 ədəd JD-9970 markalı pambıqyığan kombayn iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh isə müqavilə üzrə lizinq ödənişlərini ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçının iddia tələbini sözügedən müqavilə üzrə lizinq ödənişlərinə görə 1.360.000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.
26. İşin yuxarıda göstərilən hallarını nəzərə alan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq ödənişləri üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır.
27. Cavabdehin onun üçün son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur olmasına, yəni mübahsəli lizinq müqavilənin etibarsız əqd olmasına dair arqumentlərinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə hansı şərtlərin onun üçün son dərəcə əlverişsiz olduğunu, məcbur etmənin nədən ibarət olduğunu ağlabatan və əsaslandırılmış şəkildə izah etməmiş, eləcə də bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Sadəcə mövsümi zərurətin və ya iqtisadi ehtiyacın mövcud olması müqavilənin məcburiyyət altında bağlanması anlamına gəlmir. Digər tərəfdən, o da vurğulanmalıdır ki, əvvəlki ildə bir kombayn üçün lizinq ödənişlərinin məbləğinin 12.000 manat olması, qiymətin əvvəlki mövsüm ilə müqayisədə 5.000 manat artırılması kimi hallar da özlüyündə müqavilənin ağır şərtli əqd kimi dəyərləndirilməsi üçün kifayət etmir.
28. Bununla bağlı qeyd edilir ki, mübahisəli müqavilənin cavabdeh üçün ağır şərtli əqd olduğunun təsbit edilməsi üçün ən azı iki mühüm hal əsaslandırılmalı idi. Birincisi, iddiaçının həmin dövrdə bazarda inhisarçı mövqedə olması və başqa heç bir şirkətdən pambıqyığan texnikanın əldə edilməsinin mümkün olmaması, ikincisi isə iddiaçının şirkətin bu çarəsiz vəziyyətindən məlumatlı olmaqla qiymətləri qəsdən və süni şəkildə artırmasıdır. Göstərilən halların heç biri iş materialları ilə təsdiq edilmədiyindən, cavabdehin göstərilən dəlili məhkəmə tərəfindən yalnız formal mülahizə kimi qiymətləndirilir.
29. İş üzrə ekspertiza təyin edilməsinin zəruriliyi ilə bağlı irəli sürülən arqumentə münasibətdə qeyd edilməlidir ki, mübahisəli müqavilədə lizinq ödənişlərin məbləği tərəflərin razılığı ilə müəyyən edildiyindən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan borc məbləğinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi tələb edilmir.
30. Müqavilənin ləğvi tələb edilmədən pul tələbinin irəli sürülməsi ilə bağlı cavabdehin arqumentlərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində mübahisəli müqavilə üzrə yaranmış və icra edilməsi müddəti çatmış öhdəliklərin icra edilməsini tələb edir ki, sözügedən tələb hüququnun yaranması isə müqaviləyə xitam verilməsi ilə şərtləndirilmir.
31. İddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdehin lizinq müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən əsas borcu ilə yanaşı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulu olaraq tutulması qət edilmiş məbləğlər borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olmadığından həmin məbləğlərin azaldılması üçün əsas yoxdur.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
1. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
2. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov