Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-728/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı (Azərbaycan Respublikası Hesabalama Palatası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (ac ar so zlər: alqı-satqı müqaviləsi, dövlət büdcəsi vəsaiti hesabına güzəşt, öhdəliyin pozulması, güzəşt məbləğinin qaytarılması) Hakim sədrliyi ilə, hakimlər X5 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. “X1 Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Satıcı”) ilə cavabdeh1 (“Alıcı”) arasında bağlanmış ##.##.2021-ci il tarixli, ** nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı Avstriyadan idxal edilmiş 60 baş “Simmental” cinsli iribuynuzlu heyvanı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” ##.##.2018-ci il tarixli Fərmana və həmin Fərmanla təsdiq edilmiş Qaydaya uyğun olaraq, idxal edilən heyvanların gömrük dəyərinə 60 faiz güzəşt tətbiq edilməklə satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada heyvanların dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin ayrılmaz tərkib hissəsi olan * nömrəli Əlavəyə əsasən, alqı-satqının predmetini təşkil edən 60 baş iribuynuzlu heyvanın hər birinin satış qiyməti 5 900 manat olmaqla ümumi satış dəyəri 354 000 manat müəyyən edilmiş, * nömrəli Əlavədə isə həmin 60 baş heyvanın eyniləşdirilməsini təmin edən birka nömrələri göstərilmişdir.
3. “xxxx” ASC tərəfindən kreditləşməsinə dair qərar qəbul edilmiş layihələr haqqında məlumata əsasən, alış qiyməti 354 000 manat olan 60 baş damazlıq heyvanın ilkin ödəniş məbləği 156 925,92 manat, güzəşt məbləği 197 074,08 manat müəyyən edilmişdir.
4. cavabdeh1 ##.##.2021-ci il tarixli ərizə ilə İddiaçı müraciət edərək, 60 baş “Simmental” cinsli iribuynuzlu heyvanın satış dəyərinin 40 faizinin onun tərəfindən ödənilməsi, gömrük dəyərinin 60 faizinə uyğun olan 197 074,08 manat məbləğində vəsaitin isə Agentliyin vəsaiti hesabına güzəşt edilməsini və “xxxx” ASC-də açılmış bank hesabına köçürülməsini xahiş etmişdir.
5. Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar ##.##.2021-ci il tarixli iltizam əsasında cavabdeh1 İddiaçı vəsaiti hesabına verilmiş 60 baş “Simmental” cinsli damazlıq heyvanlara saxlanma və qidalanma normalarına uyğun qulluq etməyi, onlarla bağlı müqavilələr üzrə öhdəliklərini mütəmadi icra etməyi, heyvanları üç il müddətində üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməməyi, ölkə hüdudlarından kənara çıxarmamağı və baytarın müsbət rəyi olmadan kəsməməyi öhdəsinə götürmüşdür. Həmin tələbləri pozduğu halda qanunvericiliyə və bağlanmış müqavilələrə uyğun məsuliyyət daşıyacağı, Agentliyin vəsaiti hesabına ödənilmiş güzəşt məbləğini qaytaracağı, həmçinin Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurduğu zərəri ödəyəcəyi barədə xəbərdar edilmişdir.
6. cavabdeh1 məxsus hesabdan çıxarışa əsasən, 5 baş heyvanın tələf olması ilə əlaqədar Aqrar Sığorta Fondu tərəfindən ##.##.2022-ci il tarixdə iki dəfə, ##.##.2022-ci il, ##.##.2022-ci il və ##.##.2022-ci il tarixlərində hər biri 2 025,44 manat olmaqla ümumilikdə 10 127,20 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
7. ##.##.2024-cü il tarixli akta əsasən, X4 qrupunun təqdim etdiyi siyahı üzrə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən cavabdeh1 məxsus heyvandarlıq təsərrüfatına monitorinq məqsədilə baxış keçirilmiş, baxış zamanı təsərrüfatda 38 baş “Simmental” cinsli iribuynuzlu damazlıq heyvanın saxlandığı, onlardan 32 başın birkalı (birka nömrələri qeyd edilmişdir), 6 başın isə birkasız olduğu müəyyən edilmişdir. Akt təsərrüfata baxan şəxs qismində Məmmədov Subatay adlı şəxs tərəfindən imzalanmışdır.
8. ##.##.2025-ci il tarixli akta əsasən, cavabdeh1 ayrılmış 197 074,08 manat məbləğində subsidiya vəsaitindən istifadə vəziyyətinin yoxlanılması məqsədilə monitorinq keçirilmiş və cavabdeh1 ilə telefon vasitəsilə əlaqə saxlanıldığı zaman onun tərəfindən 60 baş “Simmental” cinsli damazlıq heyvanların 2025-ci ildə satıldığı bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
9. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi ziyanın əvəzi kimi 180 651,24 manat və göstərilmiş hüquqi yardıma görə ödənilmiş 576,28 manat olmaqla, cəmi 181 227,52 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.2021-ci il tarixli iltizama əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə Agentliyə 180 651,24 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehə həmin pulun ödənilməsi məqsədilə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qeyd olunan məbləği ödəməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Hesablama Palatası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia ərizəsinə dair yazılı mülahizəsində bildirmişdir ki, Palata tərəfindən AKIA-da damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi məqsədilə audit aparılmışdır. Audit zamanı “X1 Fermer Təsərrüfatı” MMC tərəfindən cavabdeh1 satılmış 60 baş “Simmental” cinsli damazlıq heyvanların alınmasına görə AKIA tərəfindən 197 074,08 manat güzəşt məbləğinin ödənildiyi müəyyən edilmişdir. Audit çərçivəsində aparılmış monitorinq zamanı ##.##.2024-cü il tarixli aktla təsərrüfatda 38 baş damazlıq heyvanın saxlanıldığı, onlardan 32 başında birkanın olduğu, 6 başında isə birkanın olmadığı müəyyən edilmişdir. Palatanın ##.##.2024-cü il tarixli Qərarı ilə mövcudluğu təsdiq edilməyən damazlıq heyvanlar üzrə ayrılmış güzəşt vəsaitlərinin bərpası məqsədilə AKIA tərəfindən tədbirlərin görülməsi qərara alınmışdır. Qərarın icrası ilə bağlı ##.##.2025-ci il tarixdə cavabdeh1 ayrılmış subsidiya vəsaitindən istifadənin vəziyyəti üzrə monitorinq keçirilmiş və 60 baş “Simmental” cinsli damazlıq heyvanın 2025-ci ildə satıldığı müəyyən edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən dəymiş ziyanın əvəzi kimi 180 651,24 manat və göstərilmiş hüquqi yardıma görə 576,28 manat olmaqla, cəmi 181 227,52 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə bağlı öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya 180 651,24 manat məbləğində zərər dəymişdir. Cavabdehin ##.##.2024-cü il tarixli aktda göstərilən təsərrüfatın ona aid olmaması barədə dəlili məhkəmə tərəfindən qəbul edilməmişdir. Belə ki, cavabdeh təsərrüfatın Hövsan qəsəbəsində yerləşdiyini təsdiq etmiş, aktı imzalayan S.Məmmədovla qohumluq münasibətində olduğunu bildirmiş, lakin aktı mübahisələndirməməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin təqdim etdiyi peyvəndlənmə barədə arayışlar həmin heyvanların məhz satın alınmış damazlıq heyvanlar olduğunu təsdiq etmir. Nəticədə iddia tələbi təmin edilərək cavabdehdən 180 651,24 manat məbləğində zərərin iddiaçının xeyrinə tutulmasına qərar verilmişdir.
15. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə halları tam və obyektiv araşdırmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh ##.##.2021-ci il tarixli iltizam üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmiş, damazlıq heyvanları üç il müddətində öz təsərrüfatında saxlamış, onların peyvəndlənməsini təmin etmişdir. Beş baş heyvanın tələf olması ilə bağlı sığorta ödənişi almış, səkkiz baş heyvanın elektrik cərəyanının təsiri nəticəsində tələf olmasına görə isə sığorta müqaviləsi olmadığından sığorta ödənişi ala bilməmişdir. Cavabdeh ##.##.2024-cü il tarixli aktın mötəbər olmadığını, akt tərtib edilərkən iştirak etmədiyini, aktda adı göstərilən S.Məmmədovun aktı imzalamadığını və ona məxsus olmayan təsərrüfata baxış keçirildiyini bildirmişdir. Lakin məhkəmə həmin dəlillərə və cavabdeh tərəfindən təqdim edilmiş peyvəndlənmə arayışlarına lazımi hüquqi qiymət verməmişdir. Həmçinin heyvanlar yalnız iltizamda nəzərdə tutulan üç illik müddət başa çatdıqdan sonra saxlanma xərclərinin çox olması səbəbindən başqa şəxsə verilmişdir. Iddiaçı tərəfindən isə heyvanların həmin müddət ərzində üçüncü şəxsə verildiyini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən cavabdeh hesab edir ki, məhkəmə sübutetmə yükünü düzgün bölüşdürməmiş, iş üzrə əhəmiyyətli hallara hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Iddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
Maddə 367. Müddət anlayışı və müddətin müəyyənləşdirilməsi 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.
Maddə 368. Müddətin başlanması Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.
Maddə 369. Müddətin qurtardığını bildirən vaxt 369.1. Illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı aya bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır.
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməli və ya müəyyən hərəkətdən çəkinməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ olmalıdır.
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Maddə 405. Müqavilənin mühüm şərtləri 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. ... 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtlərin pozulması başa düşülür.
22. Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş redaksiya) 4.1. Sahibkarlıq subyektləri kreditlərin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir). 4.2. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. 4.3. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə müvəkkil təşkilata rəsmi məlumat verir. 4.4. Müraciətin təmin olunmasına dair qərar qəbul edildikdən sonra müvəkkil kredit təşkilatı vəsaitin ayrılması barədə Agentliyə sifariş göndərir. Agentlik sifarişi aldıqdan sonra 3 (üç) bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 (bir) bank günü müddətində sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan 1 (bir) bank günü sonra müvəkkil kredit təşkilatı sahibkarlıq subyektinə vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən sahibkarlıq subyekti vəsaitdən istifadə edir. ... 6.2.2. Idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. ... 7.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyə rüblük hesabatlar verir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik müvəkkil kredit təşkilatları ilə birlikdə kredit almış sahibkarlıq subyektlərində məqsədyönlü monitorinqlər aparır. 7.2. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatları həmin sahibkarlıq subyektlərindən kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edirlər. Belə sahibkarlıq subyektlərinə gələcəkdə Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; ... Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*- **)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh dövlət vəsaiti hesabına damazlıq heyvanların alınmasına tətbiq edilən güzəştdən istifadə etmək məqsədilə müvəkkil kredit təşkilatı vasitəsilə Agentliyə müraciət etmiş, ərizəsinə dövlət dəstəyindən istifadənin şərtlərini qəbul etməsini təsdiq edən ##.##.2021-ci il tarixli iltizamı əlavə etmişdir. Müvəkkil kredit təşkilatı təqdim edilmiş sənədlərin ilkin uyğunluğunu yoxlayaraq onları Agentliyə göndərmiş, Agentlik isə müraciətə baxaraq güzəştin verilməsi barədə qərar qəbul etmiş və güzəşt məbləğinin müvəkkil kredit təşkilatı vasitəsilə ödənilməsini təmin etmişdir.
29. Ilk növbədə qeyd edilməlidir ki, cavabdeh fərdi sahibkar olmaqla mübahisəli güzəştdən kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadə etmişdir. Mübahisə həmin sahibkarlıq fəaliyyəti üçün verilmiş güzəşt məbləğinin geri qaytarılmasından irəli gəldiyinə görə MPM-in 24.2 və 26.1-ci maddələri baxımından kommersiya mübahisəsidir.
30. Iş materiallarından görünür ki, cavabdeh dövlət vəsaiti hesabına tətbiq edilən güzəştdən istifadə etmək üçün Agentliyə ünvanlanmış ərizə və iltizam təqdim etmiş, Agentlik isə həmin müraciəti təmin edərək güzəşt məbləğinin müvəkkil kredit təşkilatı vasitəsilə ödənilməsini təmin etmişdir. Cavabdehin güzəştin müəyyən şərtlərlə verilməsinə dair iradəsini ifadə etməsi və Agentliyin həmin şərtlərlə maliyyələşdirməni həyata keçirməsi tərəflərin qarşılıqlı və uzlaşan iradə ifadələrini təşkil etmişdir. Bununla Agentliklə cavabdeh arasında Mülki Məcəllənin 389.1 və 390.1, 405.1 və 406.3-cü maddələrinin mənasında məqsədli güzəştin verilməsinə və ondan istifadə şərtlərinə dair, qanunvericilikdə ayrıca müqavilə növü kimi nəzərdə tutulmayan müqavilə bağlanmışdır. Müvəkkil kredit təşkilatının güzəştin verilməsi mexanizmində iştirak etməsi Agentliklə cavabdeh arasında yaranmış birbaşa müqavilə əlaqəsini istisna etmir.
31. Qaydanın mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş 7.2-ci bəndi kredit müqaviləsinin şərtlərinin pozulması halında müvəkkil kredit təşkilatı tərəfindən kredit və faiz borcunun vaxtından əvvəl tələb edilməsini nəzərdə tutmuşdur. Hazırkı mübahisənin predmetini isə kredit və ya faiz borcu deyil, damazlıq heyvanların gömrük dəyərinin müəyyən hissəsinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi formasında tətbiq edilmiş güzəşt təşkil edir. Buna görə Agentliyin güzəşt məbləğinin geri qaytarılmasına dair tələb hüququ Qaydanın 7.2-ci bəndindən deyil, Agentliklə cavabdeh arasında bağlanmış müqavilədən və cavabdehin həmin müqavilə üzrə qəbul etdiyi öhdəliklərdən irəli gəlir.
32. Həmin müqaviləyə əsasən Agentlik damazlıq heyvanların əldə edilməsi üçün güzəşt məbləğini dövlət vəsaiti hesabına maliyyələşdirmiş, cavabdeh isə heyvanlara saxlanma və qidalanma normalarına uyğun qulluq etməyi, onlarla bağlı müqavilələr üzrə öhdəliklərini icra etməyi, heyvanları üç il müddətində üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməməyi, ölkə hüdudlarından kənara çıxarmamağı və baytarın müsbət rəyi olmadan kəsməməyi öhdəsinə götürmüşdür. Həmin öhdəliklərin pozulması güzəşt məbləğinin Agentliyə qaytarılması ilə əlaqələndirilmişdir. Buna görə iddiaçı tələbini maddi ziyanın əvəzinin ödənilməsi kimi ifadə etsə də, iddianın faktiki əsasını cavabdehin müqavilə üzrə öhdəliklərini pozması, hüquqi mahiyyətini isə həmin pozuntu nəticəsində güzəşt məbləğinin müqavilə əsasında geri qaytarılması təşkil edir.
33. Beləliklə, güzəşt normal icra şəraitində geri qaytarılmayan maliyyələşdirmə xarakteri daşısa da, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini pozması güzəşt məbləğinin Agentliyə qaytarılması barədə pul öhdəliyinin yaranmasına səbəb olur. Iddiaçı tələbini dəymiş maddi ziyanın əvəzinin ödənilməsi kimi ifadə etsə də, iddianın faktiki əsasını cavabdehin müqavilə üzrə öhdəliklərini pozması, hüquqi mahiyyətini isə həmin pozuntu nəticəsində güzəşt məbləğinin müqavilə əsasında geri qaytarılması təşkil edir. Buna görə iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün cavabdehin iltizamda nəzərdə tutulan konkret öhdəliklərdən hər hansı birini həmin öhdəliyin qüvvədə olduğu müddətdə pozub-pozmadığı araşdırılmalıdır.
34. Iş materiallarından görünür ki, ##.##.2024-cü il tarixli monitorinq zamanı, yəni iltizamla müəyyən edilmiş üç illik müddət başa çatmamış, cavabdehin təsərrüfatında cəmi 38 baş iribuynuzlu heyvanın saxlanıldığı müəyyən edilmiş, onlardan 32 başın birkalı, 6 başın isə birkasız olduğu aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı aktda qeyd edilmiş birkalı heyvanların eyniləşdirmə nömrələrinin müqavilənin ayrılmaz tərkib hissəsi olan * nömrəli Əlavədə göstərilmiş və cavabdehə dövlət dəstəyi hesabına verilmiş 60 baş damazlıq heyvanın birka nömrələri ilə uyğun gəlmədiyi müəyyən edilmişdir. Iltizamın ##.##.2021-ci il tarixdə verildiyi nəzərə alınmaqla, Mülki Məcəllənin 368-ci maddəsinə əsasən üçillik müddətin axımı ##.##.2021-ci il tarixdə başlanmış və həmin Məcəllənin 369.1ci maddəsinə əsasən ##.##.2024-cü il tarixdə başa çatmışdır. Buna görə ##.##.2024-cü il tarixli monitorinq həmin müddətin qüvvədə olduğu dövrdə aparılmışdır.
35. Kollegiya cavabdehin ##.##.2024-cü il tarixli monitorinq aktının mötəbər sübut olmaması barədə apellyasiya şikayətində irəli sürdüyü dəlili əsassız hesab edir.
36. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatlarında bildirmişdir ki, həmin aktda onun imzası yoxdur, iddiaçı onun təsərrüfatında yox, başqa ünvanda monitorinq aparmışdır. Aktda adı göstərilən Subatay Məmmədov onun bacısının həyat yoldaşıdır və S.Məmmədov akta imza etməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, aktın tərtib olunmasında cavabdeh iştirak etməmişdir, aktı cavabdehin qohumu olan Subatay Məmmədov imzalamışdır. Apellyasiya instansiyası məhkəməsində cavabdehin nümayəndəsi S.Məmmədovun aktı məcburiyyət qarşısında imzaladığını bildirmişdir.
37. Göründüyü kimi, cavabdehin aktla bağlı mövqeyi ziddiyyətlidir. O, əvvəlcə qohumu S.Məmmədovun aktı imzalamadığını və baxışın onun təsərrüfatında keçirilmədiyini, daha sonra isə S.Məmmədovun aktı imzaladığını, lakin bunu məcburiyyət qarşısında etdiyini bildirmişdir. Cavabdeh S.Məmmədovun aktı hansı şəraitdə və kim tərəfindən məcbur edilməklə imzaladığını göstərməmiş və bu barədə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh birinci instansiya məhkəməsində S.Məmmədovun şahid qismində dindirilməsi barədə də vəsatət verməmişdir.
38. Qeyd edilən halların məcmusuna əsaslanaraq kollegiya hesab edir ki, ##.##.2024cü il tarixli aktın cavabdehə məxsus olan təsərrüfata baxış keçirilməsi nəticəsində tərtib olunduğu təsdiq olunur və həmin aktda göstərilən məlumatların həqiqiliyini şübhə altına almaq üçün əsaslar yoxdur.
39. Kollegiya apellyasiya şikayətinin cavabdehin heyvanları üç illik müddət başa çatdıqdan sonra satması, habelə iddiaçının həmin müddət ərzində heyvanların üçüncü şəxslərə verilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməməsi və bu səbəbdən sübutetmə yükünün düzgün bölüşdürülməməsi barədə dəlillərini də əsassız hesab edir.
40. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, cavabdehin müqavilə üzrə öhdəliklərini pozduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı işdə iddiaçı cavabdehə dövlət dəstəyi hesabına verilmiş 60 baş damazlıq heyvanın birka nömrələrini, monitorinqin cavabdehə məxsus təsərrüfatda keçirildiyini, həmin monitorinq zamanı aşkar edilmiş 32 baş birkalı heyvanın eyniləşdirmə nömrələrinin müqavilənin * nömrəli Əlavəsində göstərilən nömrələrlə uyğun gəlmədiyini, qalan 6 baş heyvanın isə birkasız olduğunu təsdiq edən sübutları təqdim etməklə üzərinə düşən ilkin sübutetmə vəzifəsini yerinə yetirmişdir. Bu ilkin faktlar müəyyən edildikdən sonra monitorinq zamanı aşkar edilmiş heyvanların birkalarının dəyişdirilməsi və ya itməsi səbəbindən əslində güzəşt hesabına əldə edilmiş heyvanlar olduğunu, habelə müqavilənin * nömrəli Əlavəsində göstərilən digər heyvanların təsərrüfatda olmamasının müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olmayan qanuni səbəbdən irəli gəldiyini iddia edən cavabdeh həmin etirazlarının əsasını sübut etməli idi. Cavabdeh isə tələf olmuş beş baş heyvan istisna olmaqla, qalan heyvanlara münasibətdə bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
41. Cavabdeh 60 baş damazlıq heyvandan beşinin tələf olması ilə bağlı sığorta sənədləri təqdim etmişdir. Həmin sənədlərdə göstərilən birka nömrələrinin müqayisəsi nəticəsində bu heyvanların cavabdehin güzəşt hesabına əldə etdiyi heyvanlar olduğu müəyyən edilmişdir. Iddiaçı həmin beş heyvana düşən güzəşt məbləğini ümumi güzəşt məbləğindən çıxmaqla iddia tələbinin həcmini azaltmışdır.
42. Cavabdeh apellyasiya şikayətində sığorta ödənişi verilmiş beş baş heyvandan başqa əlavə olaraq səkkiz baş heyvanın elektrik cərəyanının təsiri nəticəsində tələf olduğunu göstərsə də, həmin halı təsdiq edən baytarlıq aktı, sığorta sənədləri və ya digər mötəbər sübutlar təqdim etməmişdir.
43. Kollegiya cavabdehin peyvəndləmə ilə bağlı təqdim etdiyi sənədlərə istinad edən dəlillərini də əsaslı hesab etmir. Belə ki, həmin sənədlər müəyyən heyvanlar barəsində baytarlıq tədbirlərinin həyata keçirildiyini təsdiq etsə də, həmin heyvanların məhz dövlət dəstəyi hesabına cavabdehə verilmiş 60 baş “Simmental” cinsli damazlıq heyvan olması nəticəsinə gəlməyə imkan vermir. Eyni qaydada cavabdehin təsərrüfat fəaliyyəti ilə bağlı onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol da təsərrüfatda konkret güzəşt hesabına əldə edilmiş heyvanların saxlanması barədə nəticəyə gəlmək üçün əsas ola bilməz.
44. Nəzərə alınmalıdır ki, ##.##.2024-cü il tarixli monitorinq aktı ilə cavabdehin təsərrüfatında güzəşt hesabına əldə edilmiş heyvanlardan başqa digər heyvanların da saxlanıldığı müəyyən edilmişdir. Buna görə cavabdehin təqdim etdiyi peyvənd sənədləri və inzibati xəta haqqında protokol həmin sənədlərdə göstərilən heyvanların məhz iltizamın predmetini təşkil edən 60 baş damazlıq heyvan olduğunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
45. Göstərilən sübutların məcmusu və cavabdeh tərəfindən əks sübut təqdim edilməməsi güzəşt hesabına əldə edilmiş, sığorta hadisəsi nəticəsində tələf olduğu təsdiqlənmiş beş baş heyvan istisna olmaqla, qalan damazlıq heyvanların üçillik müddət ərzində cavabdehin mülkiyyətində və istifadəsində qorunub saxlanılmadığını təsdiq edir. Bu isə cavabdehin həmin heyvanları üç il müddətində üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməmək və onlara lazımi qaydada qulluq etməklə qoruyub saxlamaq barədə müqavilə öhdəliklərini lazımınca icra etmədiyi nəticəsinə gəlməyə əsas verir.
46. Iş materiallarında olan hüquqi yardım müqaviləsi və ödəniş sənədi ilə iddiaçının hüquqi yardıma görə 576,28 manat xərc çəkdiyi təsdiq olunur. Kollegiya işin xarakterini, mübahisənin mürəkkəbliyini və göstərilmiş hüquqi yardımın həcmini nəzərə alaraq həmin məbləği ağlabatan hesab edir. Buna görə qətnamənin hüquqi yardım xərcinin tutulmasına dair hissəsinin dəyişdirilməsi üçün də əsas yoxdur.
47. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş və iddianın təmin olunması barədə nəticə etibarilə düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.