Məhkəmə qərarları › İş №e-2-2(3-6)-749/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-749/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-749/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “İM-EX Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: alqı-satqı müqaviləsi, pul) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh “İM-EX Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqısatqı müqaviləsi üzrə pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı MMC ilə cavabdeh “İM-EX Trading” MMC arasında imzalanmış ## ###### 2024-cü il tarixində **/** saylı alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Satıcı Alıcının sifarişi əsasında malları təhvil verməyi, Alıcı isə malları qəbul edib dəyərini müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

2. İddiaçı tərəfindən cavabdehə EBDY ****** nömrəli ##.##.2024-cü il tarixli 9800 manat məbləğində elektron qaimə göndərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı İddiaçı MMC cavabdeh “İM-EX Trading” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən iddiaçıİddiaçı MMC-nin xeyrinə 8 300 (səkkiz min üç yüz) manat əsas borcun; 1700 (bir min yeddi yüz) manat dəbbə pulu olmaqla, cəmi 10.000 (on min) manat məbləğində vəsaitin tutulmasını, bu məbləğdən hesablanmış dövlət rüsumu cavabdehin üzərinə qoyulması, iş üzrə zəruri olmuş hüquqi yardım məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, № **/** saylı“Malların alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqaviləyə görə Satıcı Alıcının sifarişi əsasında malları təhvil verməyi, Alıcı isə malları qəbul edib dəyərini müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq Satıcı ##.##.2024-cü il tarixində Alıcıya malları təhvil vermiş, bu barədə EBDY seriyalı № ****** saylı elektron qaimə-faktura tərtib edilmiş və Alıcı tərəfindən qəbul olunmuşdur. Qaiməyə əsasən təhvil verilmiş malların ümumi dəyəri 9 800 (doqquz min səkkiz yüz) manat təşkil etmişdir. Alıcı tərəfindən malların dəyəri tam həcmdə ödənilməmiş, 8 300 (səkkiz min üç yüz) manat məbləğində borc bu günə kimi ödənilməmiş qalmışdır. Satıcı tərəfindən Alıcıya dəfələrlə şifahi müraciətlər olunmasına baxmayaraq, borc könüllü qaydada ödənilməmişdir. Bununla əlaqədar olaraq ##.##.2025-ci il tarixində Alıcının ünvanına ödənilməmiş borcun və dəbbə pulunun könüllü qaydada ödənilməsi tələbi ilə pretenziya göndərilmiş, pretenziyada 5 (beş) bank günü müddətində: təhvil alınmış mallara görə 8 300 manat əsas borcun; gecikməyə görə hesablanmış 1700 manat dəbbə pulunun ödənilməsi tələb edilmişdir. Pretenziya və ona əlavə olunan sənədlər cavabdehə çatdırılsa da, müəyyən edilmiş müddətdə hər hansı ödəniş həyata keçirilməmiş, yazılı etiraz da təqdim olunmamışdır.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-466 və 567-ci maddələrinə istinad edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (Günay Həşimova) iddianın qismən təmin edilməsi, cavabdeh “İM-EX Trading” MMC-dən 8300 (səkkiz min üç yüz) manat məbləğində əsas borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 106 (yüz altı) dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilən elektron qaimə, həmin qaimə üzrə edilən qismən (1500 manat) ödənişlə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur

8. Cərimə tələbinə münasibətdə məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edərək qeyd etmişdir ki, tərəflər arasında olan alğı-satqı müqavilsində cərimə nəzərdə tutulmamışdır, bu səbəbdən də həmin hissədə iddia rədd edilməlidir.

9. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ##### 2026cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə nəticəyə gələrkən malların cavabdehə faktiki olaraq təhvil verilib-verilməməsi məsələsini tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli EBDY seriyalı****** nömrəli elektron qaimə-faktura özlüyündə malların cavabdeh tərəfindən faktiki qəbul edilməsini və təhvil alınmasını təsdiq edən sübut hesab edilə bilməz. Həmin sənəd vergi uçotu məqsədləri üçün nəzərdə tutulmuş sənəd olmaqla, malların həqiqətən alıcıya çatdırılmasını və qəbul edilməsini təsdiq etmir. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli **/** nömrəli alqı-satqı müqaviləsinin 3.2.2-ci bəndində birbaşa göstərilmişdir ki, Satıcıya məxsus mallara dair qaimə və “X1” üzərində Alıcının məsul şəxsinin imzası vəmöhürü olduqda, Alıcı tərəfindən malın qəbul edilməsi barədə təkzibedilməz sübut kimi istifadə etmək səlahiyyəti yaranır. Bununla belə, iş materiallarında cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş hər hansı mal qaiməsi və ya malların daşınma qaiməsi mövcud deyildir. Birinci instansiya məhkəməsi həmin halı araşdırmadan, yalnız elektron qaiməyə istinad etməklə malların cavabdehə təhvil verildiyi qənaətinə gəlmişdir. Halbuki,müqavilə ilə malların qəbulunun hansı sənədlərlə təsdiq edilməli olduğu əvvəlcədən müəyyən edilmişdir və tərəflər üçün məcburi xarakter daşıyır. Eyni zamanda, məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli 1500 manat məbləğində ödənişin mövcudluğu malların tam həcmdə qəbul edilməsi kimi qiymətləndirilmişdir. Halbuki, həmin ödəniş yalnız cavabdeh tərəfindən faktiki qəbul edilmiş malların dəyərinə görə həyata keçirilmişdir və bu hal qaimədə göstərilən bütün malların təhvil verildiyini təsdiq etmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

14. Məhkəmə kollegiyası işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...

Maddə 425.1. Öhdəliklərin icrası zamanı vicdanlılıq Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...

Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. ...

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 597.1. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. ...

Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ...

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, **/** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixli EBDY ****** nömrəli elektron qaimə təqdim edilmiş və qaimədə malların ümumi dəyəri 9.800 manat göstərilmişdir.

22. Cavabdeh apellyasiya şikayətində elektron qaimənin özlüyündə malların faktiki təhvil verilməsini təsdiq etmədiyini, müqavilənin 3.2.2-ci bəndində nəzərdə tutulmuş qaydada imzalanmış və möhürlənmiş mal və daşıma qaimələrinin iş materiallarında olmadığını, 1.500 manat ödənişin isə yalnız faktiki qəbul edilmiş mallara görə həyata keçirildiyini bildirmişdir.

23. Kollegiya bu dəlilləri əsaslı hesab etmir.

24. Belə ki, elektron qaimə malların faktiki təhvil verilməsinin qeyd-şərtsiz sübutu kimi qəbul edilə bilməsə də, həmin sənəd iş üzrə digər sübutlar və tərəflərin öhdəliyin icrası ilə bağlı sonrakı davranışları ilə birlikdə qiymətləndirilməlidir.

25. Hazırkı işdə mühüm əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə 1.500 manat məbləğində qismən ödəniş həyata keçirilərkən ödəniş sənədinin təyinat hissəsində məhz mübahisəli ##.##.2024-cü il tarixli EBDY ****** nömrəli elektron qaimə göstərilmişdir. Bu hal cavabdehin həmin qaimədən məlumatlı olduğunu və onun əsasında yaranmış ödəniş öhdəliyinin icrasına başladığını təsdiq edən sübut kimi qiymətləndirilməlidir.

26. Cavabdehin 1.500 manatın yalnız faktiki qəbul edilmiş mallara görə ödənilməsi barədə dəlili isə bunu təsdiq edən mötəbər sübutlarla əsaslandırılmamışdır. Cavabdeh qaimədə göstərilən malların konkret olaraq hansı hissəsinin qəbul edildiyini, hansı hissəsinin isə təhvil verilmədiyini müəyyən etməyə imkan verən sübut təqdim etməmişdir.

27. Bu baxımdan müqavilənin 3.2.2-ci bəndində nəzərdə tutulmuş qaydada ayrıca imzalanmış mal və ya daşıma qaiməsinin təqdim edilməməsi, iş üzrə sübutların məcmusu, xüsusilə cavabdehin mübahisəli elektron qaiməyə konkret istinad etməklə qismən ödəniş etməsi nəzərə alındıqda, özlüyündə malların təhvil verilmədiyi nəticəsinə gəlmək üçün kifayət etmir.

28. Beləliklə, elektron qaimə, həmin qaiməyə istinad edilməklə həyata keçirilmiş 1.500 manat qismən ödəniş və iş üzrə müəyyən edilmiş digər hallar qarşılıqlı əlaqədə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin cavabdehin 8.300 manat ödənilməmiş borcunun mövcudluğu barədə gəldiyi nəticə əsaslıdır.

29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 8300 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etməmişdir.

30. Göndərilən malların daha aşağı dəyərdə olmasına gəldikdə kollegiya qeyd edir ki, göndərilən mala görə təqdim edilmiş elektron-qaimə əsasında cavabdeh 1500 manat ödəniş aparmaqla həmin məbləğin əsaslı olmasını qəbul etmişdir.

31. Belə ki, cavabdeh əks təqdirdə elektron qaiməni qanunvericilikdə müəyyən edilmiş qaydada geri qaytara bilərdi.

32. MPM-in 77.1-ci maddəsinə əsasən, müqavilədən irəli gələn tələbin əsasını təşkil edən hal – göndərilən malın müqaviləyə uyğun olmaması – cavabdeh tərəfindən sübuta yetirilməlidir.

33. Lakin cavabdeh qeyd etdiyi dəlili təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında tədqiqata təqdim etməmişdir.

34. Dəbbə puluna münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan alğı-satqı müqavilsində cərimə nəzərdə tutulmamışdır.

35. Kollegiya həmin hissəyə münasibətdə qeyd edir ki, dəbbə puluna münasibətdə iddia rədd edilmiş, cavabdeh də həmin hissəyə münasibət bildirmədiyindən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmin hissəyə münasibət bildirməyi zəruri hesab etmir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

37. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu şikayət təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

38. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan aşağı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “İM-EX Trading” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar