Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-784/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı nümayəndə2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası, pul tələbi) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndə2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *- *(***)-*****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İcraçı nümayəndə2 ilə sifarişçi “xxxx” MMC arasında imzalanmış ##/##/2024 nömrəli, ## ###### 2024-cü il tarixli müqavilədən görünür ki, sifarişçi sifariş verir, icraçı isə ## ###### 2024-cü il tarixində tədbirin təşkili xidmətlərini təqdim etmək üzrə öhdəliyi öz üzərinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə ilə əlaqədar təqdim ediləcək xidmətlərin dəyəri 27335,00 manat təşkil edir.
2. ## ###### 2024-cü il tarixli müqaviləyə * saylı əlavədən görünür ki, tərəflər göstərilən xidmətin dəyərini ümumilikdə 27335 manat məbləğində razılaşmışlar.
3. ## ###### 2024-cü il tarixli xidmət müqaviləsi çərçivəsindəki işlərin görülməsi haqqında ##.##.2024-cü il tarixli Aktdan görünür ki, tərəflər görülmüş işlərin ümumi dəyərinin 27335 manat təşkil etdiyini imzaları ilə təsdiq etmişlər.
4. MT2412 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, nümayəndə2 Ülfət oğlu tərəfindən “xxxx” MMC üçün ## ###### 2024-cü il tarixində tədbirin təşkili üçün 27335 manat dəyərində xidmət həyata keçirilmişdir.
5. İddia tələbinin azaldılması barədə ərizədən görünür ki, cavabdeh tərəfindən sonradan 3600 manat ödəniş edilmişdir. Hal-hazırda olan borc 8735 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı nümayəndə2 cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin azaldılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8735 manat əsas borcun və 130 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə “xxxx” MMC ilə fərdi sahibkar nümayəndə2 arasında tədbirin təşkili xidmətlərinin göstərilməsi ilə bağlı ##/##/2024 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi sifariş verir, icraçı isə ## ###### 2024-cü il tarixində tədbirin təşkili xidmətlərini təqdim etmək üzrə öhdəliyi öz üzərinə götürür. Bundan sonra bu müqavilə əsasında iddiaçı müqavilədə göstərilən xidməti tam yerinə yetirsə də, cavabdeh tərəfindən müqavilənin 4.2-ci bəndinə əsasən ödənilməli olan 27335 manat borcdan 10000 manat (##.##.2024) və 5000 manat (##.##.2025) ödəmiş, lakin qalan 12335 manat pul (vergilər daxil) hazırki günədək ödənilməmişdir. Bundan sonra borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı müraciətlər edilsə də, cavabdeh üzərində düşən öhdəliyi icra etməmişdir.
8. İddia tələbinin azaldılması barədə ərizələr isə belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən sonradan 3600 manat ödəniş edilmişdir. Hal-hazırda olan borc 8735 manat təşkil edir.
9. ##.##.2026-cı il tarixdə cavabdeh “xxxx” MMC-nin direktoru Qanuni nümayəndə elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edib və ərizəsinə ödəniş qəbzlərini əlavə edərək qeyd etmişdir ki, ərizə məhkəmənin icraatında olduğu vaxt iddia ərizəsi üzrə tələb edilən məbləğdən ##.##.2025-ci il tarixdə 800 manat, ##.##.2026-cı il tarixdə 500 manat, ##.##.2026-cı il tarixdə 900 manat və ##.##.2026-cı il tarixdə 400 manat məbləğində ödənişlər edilmişdir.
10. ##.##.2026-cı il tarixdə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi (vəkili) nümayəndə1 elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edib və ərizəsinə ödəniş qəbzlərini (5 ədəd) əlavə edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən 3600 manat məbləğində ödəniş edilmişdir.
11. ##.##.2026-cı il tarixdə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi (vəkili) nümayəndə1 elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi üzrə tələb edilən 4 ədəd Led Pak adlı avadanlıqların iddiaçıya qaytarılması təmin ediləcəkdir. Həmin ərizədə o, həmçinin xahiş etmişdir ki, cavabdeh tərəfindən nümayəndə2 verilmiş ekranın qaytarılması barədə qətnamə qəbul edilsin.
12. Məhkəmənin ##.##.2026-cı il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi (vəkili) nümayəndə1 izahatında bildirmişdir ki, pul məbləği ilə bağlı hissədə iddiaya heç bir etirazı yoxdur. Cavabdeh tərəfindən tələb edilən 8735 manat əsas borcun və 130 manat dövlət rüsumunun ödənilməsinə etiraz etmir.
13. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən ##/##/2024 nömrəli, ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən 8735 (səkkiz min yeddi yüz otuz beş) manat əsas borc və 130 (bir yüz otuz) manat dövlət rüsumu olmaqla olmaqla, ümumilikdə 8865 (səkkiz min səkkiz yüz altmış beş) manat məbləğində pul vəsaiti tutulub iddiaçı nümayəndə2 ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat işin məhkəmə baxışı gedişatında 3600 manat ödəniş etməklə borc öhdəliyinin mövcudluğunu faktiki olaraq təsdiqləmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi məhkəmə iclasındakı izahatında, iddiaçının tələb etdiyi pul məbləği ilə bağlı hissədə iddiaya heç bir etirazı olmadığını bəyan etmiş, bununla 8735 manat borcun mövcudluğunu açıq şəkildə qəbul etmişdir.
15. Məhkəmə həmçinin cavabdeh “xxxx” MMC-nin nümayəndəsinin (vəkilinin) iddiaçıya verilmiş LED ekranın qaytarılması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, tələb edilən avadanlığın qaytarılması ilə bağlı cavabdeh tərəfindən Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qarşılıqlı iddia verilmədiyindən, qaldırılan məsələ hazırkı məhkəmə baxışının predmeti deyildir və həmin tələbə bu kommersiya mübahisəsi çərçivəsində hüquqi qiymət verilə bilməz.
16. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək ## ### 2026-cı il tarixli e-*-*(***)-*****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və borc məbləğinin LED ekranı dəyərində azaldılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ddiaçı tam pul borcunu tutmaqla yanaşı cavabdehə məxsus LED ekranı da saxlamaqda davam edərsə, bu, əsassız varlanmaya səbəb olur. Bu hal da ödənilməli məbləğin müəyyən edilməsi zamanı nəzərə alınmalı idi. İddiaçının saxladığı LED ekranın dəyəri cavabdehin qarşılıqlı tələbini təşkil edir və pulla ifadə edildikdə əsas pul borcu ilə eyni növ olduğundan ödənilməli xalis məbləği azaldır. Məhkəmə isə pul tələbini tam təmin edərkən bu qarşılıqlı öhdəliyi nəzərə almamış, beləliklə ödənilməli xalis məbləği düzgün müəyyən etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Cavabdehin nümayəndəsi-vəkili olmuş nümayəndə1 məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin icraatında olan digər məhkəmə iclasında iştirak etdiyindən hazırki iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Hazırki icraat üçün nümayəndə1 səlahiyyətlərini təsdiq edən müvafiq order təqdim etməmişdir.
20. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
22. Məhkəmə kollegiyası işə tərəflərin (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...
Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ... 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları ... Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. ...
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. ...
Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər ... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında ##.##.2024-cü il tarixli ##/##/2024 nömrəli xidmət müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən xidmətləri göstərmiş, görülmüş işlərin ümumi dəyəri tərəflərin imzaladıqları aktla təsdiq edilmişdir. Cavabdeh tərəfindən borcun bir hissəsi ödənilmiş, qalıq borc 8.735 manat təşkil etmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində 8.735 manat əsas borcun mövcudluğuna və həmin məbləğin ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qalıq borcun tutulması barədə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğundur.
30. Apelyatorun şikayətində göstərdiyi əsas dəlil ondan ibarətdir ki, iddiaçı cavabdehə məxsus LED ekranı özündə saxlayır. Həmin LED ekranın dəyəri cavabdehin iddiaçıya qarşı pul ifadəsində olan qarşılıqlı tələbini təşkil edir. Şikayətçi hesab edir ki, LED ekranın dəyəri əsas borcdan çıxılmalı idi, məhkəmə yalnız iddiaçının pul tələbini nəzərə almış, qarşılıqlı öhdəliyi qiymətləndirməmişdir. Nəticədə tutulmalı olan xalis borc məbləği düzgün müəyyən edilməmişdir.
31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab etmir.
32. Kollegiya qeyd edir ki, hazırkı mübahisənin predmeti yalnız pul tələbidir. İddiaçı yalnız xidmət müqaviləsindən irəli gələn pul borcunun tutulmasını tələb etmişdir.
33. Buna baxmayaraq cavabdeh LED ekranın qaytarılması və ya onun dəyərinin tutulması barədə MPM-də nəzərdə tutulmuş qaydada qarşılıqlı iddia verməmişdir. Buna görə LED ekranla bağlı tələb hazırkı məhkəmə baxışının predmetinə daxil olmamış və birinci instansiya məhkəməsi həmin məsələnin ayrıca tələb əsasında həll edilə biləcəyini düzgün göstərmişdir.
34. Cavabdehin Mülki Məcəllənin 540-cı maddəsinə istinadı da qətnamənin ləğvinə əsas vermir. İş materialları cavabdehin LED ekranla bağlı qarşılıqlı tələbinin məbləğinin müəyyən edildiyini və həmin tələbin qanunla nəzərdə tutulmuş qaydada əsas borcla əvəzləşdirildiyini təsdiq etmir. Belə olan halda yalnız LED ekranın iddiaçıda qalmasına istinad edilməklə məhkəmənin müəyyən etdiyi 8.735 manat borcun azaldılması üçün hüquqi əsas yoxdur.
35. Həmçinin cavabdehin Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsaslanan əsassız varlanma barədə dəlil də qəbul edilə bilməz. LED ekranın iddiaçı tərəfindən hüquqi əsas olmadan saxlanılması və bunun nəticəsində iddiaçının cavabdehin hesabına əsassız varlanması hazırkı iş üzrə müstəqil tələb kimi irəli sürülməmiş və bu halların mövcudluğu müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh həmin əmlakın qaytarılması və ya onunla bağlı müvafiq pul tələbi ilə ayrı qaydada məhkəməyə müraciət etmək hüququna malikdir.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
38. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.