Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-787/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: maddi ziyan) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X8 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarili OL-***-** nömrəli kənd təsərrüfatı texnikasını operaitiv lizinq müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən lizinqə (İstifadəyə) verən İddiaçı ASC-nin balansında olan kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə lizinq alanın (İstifadəçinin) istifadəsinə verir: Neftçala rayon bölməsi üzrə pambıqyığan kombayn texnika adlı, JD-9970 markalı, 30437 şassi nömrəli, müqavilə müddəti ##.##.2024- ##.##.2024 olmaqla 12 000 manat məbləğə və Neftçala rayon bölməsi üzrə pambıqyığan kombayn texnika adlı, JD-9970 markalı, 102644 şassi nömrəli, müqavilə müddəti ##.##.2024- ##.##.2024 olmaqla 15 000 manat məbləğə, cəmi 27 000 manat.
2. ## ####### 2024-cü il tarixli aktla modeli JD-9970, buraxılış ili 2018, dövlət qeydiyyat nişanı 90C002, şassi (zavod) nömrəsi 30437, mühərrik nömrəsi UG6068G001737, istifadə müddəti ##.##.2024–##.##.2024-cü il tarixli olmaqla, modeli JD9970, buraxılış ili 2022, dövlət qeydiyyat nişanı **AB***, şassi (zavod) nömrəsi 102644, mühərrik nömrəsi 1YC9970XAP0102644, istifadə müddəti ##.##.2023–##.##.2023-cü il tarixli olmaqla Pambıqyığan kombayn İddiaçı ASC tərəfindən xxxx” MMC-yə hər bir ehtiyyat hissəsinin texniki vəziyyətinin saz göstərilməklə təhvil verilmişdir. Aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. 02644 şassi nömrəli JD-9970 markalı pambıqyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayışa əsasən xərcin məbləği 7964,26 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il ## ###### tarixli OL-***-** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd 02644 şassi nömrəli JD-9970 markalı pambıqyığan kombaynın tam bərpası üçün hesablanmış 7964,26 (yeddi min doqquz yüz altmış dörd manat iyirmi altı qəpik) manat dəymiş maddi ziyanın və 100,00 (bir yüz) manat dövlət rüsumunun - cəmi 8064,26 (səkkiz min altmış dörd manat iyirmi altı qəpik) manat pul vəsaitinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2024-cü il ## ###### tarixli OL-***-** nömrəli operativ lizinq müqaviləsinə əsasən 2 ədəd JD-9970 markalı pambıqyığan kombayn ona istifadəyə verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş 02644 şassi nömrəli JD-9970 markalı pambıqyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 7964,26 (yeddi min doqquz yüz altmış dörd manat iyirmi altı qəpik) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin texnikanı işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, JD-9970 markalı pambıqyığan kombaynın tam bərpası üçün 7964,26 (yeddi min doqquz yüz altmış dörd manat iyirmi altı qəpik) manat maddi ziyan hesablanmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, texnikanın cavabdehə verilməsi (##.##.2024) tarixi müəyyən edilsə də, geri təhvil-təslim aktı tərəflər arasında imzalanmamışdır. İddiaçı bildirir ki, cavabdeh tərəf texnikaları 2025-ci ildə qaytarıb, cavabdeh isə bildirir ki, texnikaları 2024-cü ilin dekabr ayında qaytarıb. Lakin, həm müqavilədə, həm də təhvil-təslim aktlarından müəyyən edilir ki, texnikalar cavabdehə ##.##.2024-cü il tarixinə qədər verilmişdir. Əksini (texnikaların istifadə müddətinin üzədılması barədə razılaşma və ya texnikanın niyə vaxtında qaytarılmaması barədə iddiaçının caabdehə yazılı irad və tələbləri və sair) sübut edəcək hər-hansı sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə cavabdeh tərəfindən texnikaların iddiaçıya müqavilədə nəzərdə tutulduğu müddətdə, yəni 2024-cü ilin dekabr ayında qaytarıldığını hesab etmişdir. İddiaçının 10 aya yaxın müddət keçdikdən sonra ##.##.2025-ci il tarixində birtərəfli (yalnız iddiaçının əməkdaşlarının iştirakı ilə) qüsur aktı tərtib etməklə dəymiş zərər qismində 7964,26 manatın cavabdehdən tələb edilməsi əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, texnikada müəyyən qüsurların olması müəyyən edildiyi halda belə, həmin qüsurların, texnikanın məhz cavabdehin istifadəsində olduğu müddətdə yaranması (zərərin vurulması) mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmır.
10. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə verilmişdir. Müqavilə əsasında dövlət vəsaiti hesabına alınmış və cavabdehin istifadəsinə verilmiş JD-9970 markalı pambıqyığan kombayna baxış keçirilmiş, nəticədə texnikaya 7964,26 (yeddi min doqquz yüz altmış dörd manat iyirmi altı qəpik) manat məbləğində zərərin dəydiyi müəyyən olunmuş və tərtib olunmuş arayışa əsasən dövlət əmlakı olan texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş maddi ziyanla bağlı arayış Cəmiyyətin peşəkar mütəxəssisləri, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il ## ####### tarixli Sərəncamına əsasən Tərəqqi medalı ilə təltif edilmiş X2 və texnika elmləri üzrə fəlsəfə doktoru X1 tərəfindən hazırlanmışdır. Məhkəmə təqdim olunmuş arayışı, aktları və digər sənədləri sübut növü kimi qiymətləndirməmiş, dəymiş ziyanla bağlı tərtib olunmuş sənədləri diqqətə almayaraq, arayışın birtərəfli qaydada tərtib edildiyinə əsaslanmışdır. Halbuki məhkəmə proseslərində cavabdeh tərəfindən texnikanın müqavilə şərtlərinə uyğun qayda və prosedurlara uyğun olaraq qaytarılmadığı və texnikanı Cəmiyyətin yerli bölməsinin qabağında saxlayaraq getdikləri barədə hakimin diqqətinə çatdırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...
Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri ... 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. ...
Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ...
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış operativ lizinq müqaviləsi əsasında JD-9970 markalı pambıqyığan kombayn ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinə kimi cavabdehin istifadəsinə saz vəziyyətdə verilmiş, müqaviləyə əsasən cavabdeh texnikanı müqavilə müddəti başa çatdıqdan sonra saz və dəst halda geri qaytarmaq öhdəliyi daşımışdır.
22. Hazırda iddiaçı bildirir ki, cavabdehin istifadəsinə verilmiş texnikalardan birində qüsurlar var və həmin qüsurların aradan qaldırılması üçün 7964,26 manat vəsait tələb edilir.
23. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Çünki cavabdehin həmin öhdəliyinin pozulması və iddiaçı tərəfindən tələb edilən 7.964,26 manat zərərin məhz cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranması mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, texnikanın geri qaytarılmasına dair tərəflərin imzaladığı təhvil-təslim aktı mövcud deyil, həmçinin texnikanın müqavilədə müəyyən edilmiş müddətdən sonra cavabdehin istifadəsində qalmasını təsdiq edən sübut da təqdim edilməmişdir.
24. İddiaçının istinad etdiyi ##.##.2025-ci il tarixli qüsur aktı isə yalnız iddiaçının əməkdaşları tərəfindən tərtib edilmişdir. Həmin sənəd texnikada müəyyən qüsurların mövcudluğunu göstərsə də, bu qüsurların nə vaxt və hansı səbəbdən yarandığını, habelə həmin qüsurların məhz cavabdehin istifadəsi nəticəsində əmələ gəldiyini müəyyən etməyə imkan vermir.
25. Bundan başqa, kollegiyanın diqqətini çəkən digər bir məqama da diqqət yetirmək zəruridir. Belə ki, ##.##.2025-ci il tarixli qüsur aktında yağların, süzgəclərin və digər istismar materiallarının dəyişdirilməsinin zəruriliyi də göstərilmişdir. Lizinq obyekti geri qaytarılarkən normal köhnəlmə (amortizasiya) nəzərə alınmalı olduğundan, tələb edilən məbləğin hansı hissəsinin normal istismardan irəli gələn köhnəlmə, hansı hissəsinin isə cavabdehin məsuliyyətinə aid edilə bilən zərər olması da sübutlarla müəyyən edilməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz.
27. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
28. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan aşağı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayət verən iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.