Məhkəmə qərarları › İş №e-2-2(3-6)-916/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-916/2026

10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-916/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı “NBA Technologies İnternational” MMC-nin cavabdeh cavabdeh1 qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. “NBA Technologies İnternational” MMC ilə cavabdeh cavabdeh1 arasında imzalanmış ## ###### 2019-cu il tarixli NBA-ŞAD-*** saylı müqaviləsindən görünür ki, müqavilə ilə icraçı sifarişçinin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə sifarişçiyə POS Terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını (bundan sonra birlikdə “Mal” adlandırılacaq) təqdim etməyini, təmir xidmətini (bundan sonra birlikdə “Xidmət” adlandırılacaq) göstərməyi, sifarişçi isə icraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş mallara (göstərilmiş Xidmətlərə) görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir.

2. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilənin ümumi məbləği onun tərkib hissəsi hesab edilən ayrı-ayrı malların və xidmətlərin təsnifatı ilə Razılaşma Protokollarının (bundan sonra “Protokol”) ümumi qiymətindən ibarətdir. Hər bir Protokola uyğun olaraq İcraçı tərəfindən təqdim edilən malların və xidmətlərin dəyəri həmin Protokolda göstərilən məbləğ miqdarında Sifarişçi tərəfindən ödənilir.

3. Müqavilənin 2.4-cü bəndinə əsasən Müqavilə üzrə təqdim olunmuş mallar İcraçı tərəfindən qaimə-faktura, xidmətlər isə akt ilə Sifarişçiyə təhvil verilir. Ödəniş mal və ya xidmət təhvil verildikdən sonra İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, hesab-fakturanın təqdim edildiyi tarixdən sonrakı bank 5 (beş) iş günü ərzində həyata keçirilir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı “NBA Technologies İnternational” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400.88 AZN (dörd yüz manat səksən səkkiz qəpik) məbləğində borcun və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e kassa aparatının funksionalığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” İddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə İddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını İddiaçı vasitəsi ilə həyata keçirir və tokeni İddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və İddiaçının xidməti dayanır. İddiaçı ilə Cavabdeh arasında NBA-ŞAD *** saylı ## ###### 2019-cu il tarixli və NBA-ŞAD-*** saylı ## ###### 2019-cu il tarixli müqavilələr imzalanmışdır. Həmin tarixdə Müqavilələrə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə müvafiq malar satılmış, xidmətlər göstərilmişdir. Buna müvafiq olaraq Cavabdehin İddiaçıya ümumilikdə 901.08 AZN (doqquz yüz bir manat səkkiz qəpik) borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin bir hissəsini ödəmiş, lakin İddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə əsasən qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdehin hazırki tarixədək İddiaçıya ümumilikdə 400.88 AZN (dörd yüz manat səksən səkkiz qəpik) borcu qalmışdır. NBA ŞAD-*** saylı ## ###### 2019-cu il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir. Buna baxmayaraq Cavabdeh tokeni İddiaçıya qaytarsa da, borcu ödəməmiş və onlayn kassanın qeydiyyatdan çıxarılması üçün lazım olan addımları atmamışdır.

6. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı “NBA Technologies İnternationar MMC məhkəmədə ona qarşı iddia qaldıraraq, 400.88 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun məndən onun xeyrinə tutulmasını xahiş etmişdir. ##.##.2019-cu il müqaviləyə əsasən, iddiaçıdan bir ədəd elektron kassa aparatı götürmüş və bunun üçün iddiaçıya 901.08 manat ödəməli idi. Çox keçmədi ki, kassa aparatı xarab oldu, işləmədi. Bununla əlaqədar “NBA Technologies İnternationar MMC-nə dəfələrlə müraciət olunsa da, müraciətlərimə baxan olmadı. Lakin buna baxmayaraq, 2020-ci ildə tərəfindən 500 manat ödəniş olunmuşdur. İddiaçının iddia tələbi əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. İddia tələbinin əsassız olması ilə yanaşı, iddia müddəti də üzrsüz səbəbdən ötürülmüş və ona qarşı məhkəmədə 10 ildən sonra iddia qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. 5. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəyə yazılı etiraz təqdim etmişdir. 6. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh ərizədə göstərmişdir ki, tərəflər arasında ##.##.2019-cu il tarixdə bağlanmış müqavilədən irəli gələn tələb üzrə iddia müddəti keçdiyindən iddia təmin edilməməlidir. Həmin mövqe əsassızdır və işin faktiki halları ilə təsdiq olunmur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3 cü bəndinə əsasən müqavilənin müddəti bitənədək tərəflərdən heç biri müqaviləyə xitam verilməsi barədə digər tərəfə yazılı məlumat vermədikdə müqavilənin müddəti bağlandığı müddət qədər uzadılır. Müqavilənin həmin bəndində uzadılmaların sayı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Müqavilənin qüvvədə olduğu dövrdə tərəflər arasında faktiki müqavilə münasibətləri davam etmiş, cavabdeh tərəfindən də müqavilənin mövcudluğu qəbul edilmişdir. İş materiallarında müqaviləyə xitam verilməsi barədə cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hər hansı yazılı bildiriş mövcud deyildir. Bundan əlavə, müqavilənin 5.4-cü bəndinə əsasən müqaviləyə yalnız müqavilənin 8.3-cü bəndində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə və onlayn kassa aparatının vergi orqanlarında uçotdan çıxarılması proseduru başa çatdıqdan sonra xitam verilmiş hesab olunur. Lakin cavabdeh tərəfindən onlayn kassa aparatının uçotdan çıxarılması üçün zəruri hərəkətlər edilməmiş, həmçinin bu xidmətin həyata keçirilməsi üçün tələb olunan xidmət haqqının ödənilməsindən imtina olunmuşdur. Nəticə etibarilə müqavilənin xitamı üçün nəzərdə tutulmuş şərtlər yerinə yetirilməmiş və müqavilə münasibətləri davam etmişdir. Cavabdehin kassa aparatının nasaz olması ilə bağlı iddiaları da əsassızdır. Belə bir halın mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdehin öz etirazında göstərdiyi kimi, 2020-ci ildə müqavilə üzrə ödəniş həyata keçirməsi onun müqavilə münasibətlərini və öhdəliyini qəbul etdiyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddəti yalnız qanunla müəyyən edilmiş hallarda tətbiq edilə bilər. Hazırkı iş üzrə müqavilə qüvvədə qaldığından və müqavilənin xitamı baş vermədiyindən cavabdehin istinad etdiyi iddia müddətinin başlanması üçün hüquqi əsas mövcud deyildir. Buna görə də cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız hesab edilməli, iddiaçı tərəfindən irəli sürülmüş tələb təmin edilməlidir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, həmin ərizədə qeyd etdiyi xüsusatları öz izahatında bir daha təsdiq edir. Mübahisə predmeti olan kassa aparatı istifadəsinə ##.##.2019-cu il tarixində imzalanmış müqaviləyə əsasən verilmiş və illik icarə haqqı 901.08 manat məbləğində nəzərdə tutulmuşdur. Lakin həmin kassa aparatı ona verildikdən qısa müddət sonra xarab olmuşdur. O da bununla əlaqədar olaraq, dəfələrlə iddiaçı tərəfə müraciət etsə də, onlar tərəfindən heç bir tədbir görülməmişdir. 2020-ci ildə həmin aparatın icarə dəyəri kimi 500 manat ödəyərək onlara geri qaytarmışdır. Həmin obyekt hal-hazırda fəaliyyətini davam etdirir. Başqa kassa aparatından istifadə edirlər. O həmin obyekti son 4 il ərzində bağlı saxlamışdır. Təxminən 2 ay olar ki, açmışlar. Dövlət Vergi Xidmətindən “ASAN İmza” əldə etdikdən sonra 2020-ci ildə adlarına daxil olan elektron qaimələrlə tanış olmaq imkanları yaranmışdır. Kassa aparatı onlara geri qaytarılarkən heç bir təhvil-təslim aktı imzalanmamışdır. Obyektləri çayxana və şadlıq sarayı kimi fəaliyyət göstərirdi. Həmin kassa aparatının təmirilə bağlı heç bir addım atılmadığına görə yeni kassa aparatı almağa məcbur qaldı. İddiaçı şirkət həmin kassa aparatını 2020-ci ildə ondan gəlib aparmışdır. Həmin 500 manatı kassa aparatının dəyəri kimi ödəmişdir.

8. Hazırki məhkəmə iclasında iştirak edən cavabdeh iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2020-ci ildə kassa aparatı işləmədi, qarşı tərəf gəlib kassa aparatını apardı. Bundan sonra başqa yerdən kassa aparatı almışlar. Aparat işləmədikdən sonra aylıq xidmət haqqını ödəməmişdir. Kassanın qeydiyyatdan çıxarılmasına görə pul məbləğini ödəyə bilər, lakin qalan aylıq xidmət haqlarını ödəmək fikri yoxdur.

9. X3 görünür ki, tərəflər PAX A620 tipli 1 ədəd e-kassa aparatının qiymətinin ƏDV daxil 448,40 manat olması barədə razılığa gəlmişlər.

10. “NBA Technologies İnternational” MMC (İcraçı) ilə cavabdeh cavabdeh1 (Sifarişçi) arasında imzalanmış ## ###### 2019-cu il tarixli NBA-ŞAD-*** saylı xidmət müqaviləsindən görünür ki, icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra “Xidmətlər”) göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür.

11. Müqavilənin 2.1 ci bəndinə əsasən sifarişçi göstərilən servis xidməti üzrə icraçı tərəfindən göstərilən xidmətlərin ödənişini elektron qaimə faktura təqdim edildiyi gündən 5 iş günü müddətində pul vəsaitinin İcraçının hesablaşma hesabına köçürülməsini həyata keçirir.

12. Müqavilənin 5.4-cü bəndinə əsasən bu müqavilənin 8.3-cü bəndində göstərilən tələblərə riayət edildikdə və yalnız onlayn kassa uçotdan çıxarıldıqdan sonra müqaviləyə xitam verilmiş hesab olunur. Müqavilənin 8.1-ci bəndinə əsasən bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir.

13. Müqavilənin 8.2-ci bəndinə əsasən hazırkı Müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir.

14. Müqavilənin 8.3-cü bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr 8.2ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir. 14.Texniki xidmət müqaviləsi üzrə qiymət razılaşdırılması protokolu Əlavə 1-də NKA göstərilən aylıq servis xidmətinin dəyəri 11,80 (ƏDV daxil) manat qeyd edilmişdir.

15. 15.##.##.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, PAX A620 tipli 1 ədəd e kassa aparatı cavabdehə təqdim edilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişlər.

16. 16.##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan elektron qaimələrə əsasən İddiaçı MMC tərəfindən 901,08 manat dəyərində göstərilmiş xidmətlər ödəniş üçün cavabdehə təqdim edilmişdir.

17. ## #### 2026-cı il tarixli pretenziya məktubuna əsasən cavabdehdən ## ###### 2019 cu il tarixli müqavilələr üzrə 400,88 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

19. İddiaçı “NBA Technologies İnternational” MMC-nin cqətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsinin ləğv edillməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nəticə işin faktiki haları və müqavilənin şərtləri ilə uzlaşmır. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli xidmət müqaviləsinin 5.4-cü bəndinə əsasən müqaviləyə yalnız onlayn kassa aparatının vergi orqanlarında uçotdan çıxarılması başa çatdıqdan sonra xitam verilmiş hesab olunur. Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda tərəflərdən heç biri yazılı qaydada müqaviləyə xitam verilməsi barədə bildiriş təqdim etmədikdə müqavilə eyni müddətə avtomatik uzadılır. İş materia larında müqaviləyə xitam verilməsi barədə cavabdeh tərəfindən göndərilmiş yazılı bildiriş, onlayn kassa aparatının uçotdan çıxarılmasını təsdiq edən sənəd, müqavilə münasibətlərinin başa çatmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə olan halda məhkəmənin eyni zamanda iddia müddətinin axımının başladığını qəbul etməsi hüquqi baxımdan əsaslandırılmamışdır. Müqavilənin qüvvədə olduğu, müqaviləyə xitam verilmədiyi; onlayn kassa aparatının uçotdan çıxarılmadığı; hüquq münasibətlərinin davam etdiyini; iddiaçı tərəfindən 2020–2023-cü i lər ərzində xidmətlərin göstərildiyini - iş üzrə müəyyən edilmiş hal kimi qəbul etsə də, həmin faktların iddia müddətinin başlanmasına təsirini ümumiyyətlə hüquqi baxımdan qiymətləndirməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

22. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

23. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

24. .Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

25. .Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

26. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

28. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

29. .Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

31. .Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

32. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

33. .Maddə 380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

34. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

37. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

38. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

39. .Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

40. .Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

41. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

42. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

43. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

44. .Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

45. .Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

47. .Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009 cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

50. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin # ### 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

51. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

52. .77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. .80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

54. .88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. .119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. .217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. .217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

60. .218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

61. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

63. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2019 cu il tarixli malın təqdim edilməsi və xidmət göstərilməsi barədə müqavilələr bağlanmış, həmin müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə PAX A620 tipli 1 ədəd e-kassa aparatı təqdim edilmiş və sonrakı dövrdə həmin aparata texniki xidmətlər göstərilmişdir. Bu hal iş materiallarında olan müqavilələr, qiymətlərin razılaşdırılması protokolları, ##.##.2019-cu il tarixli təhvil-təslim aktı, ##.##.2020-ci il tarixdən ##.##.2023cü il tarixədək təqdim edilmiş elektron qaimələr, habelə maliyyə arayışı ilə öz təsdiqini tapır.

64. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh onlayn kassa aparatının qısa müddət sonra nasaz vəziyyətə düşməsi, iddiaçıya təmir üçün qaytarılması, iddiaçı tərəfindən qəbul edilməsi və 2020-ci ildə aparatın geri qaytarılması ilə bağlı öz izahatlarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İş materiallarında bu halları təsdiq edən təhvil-təslim aktı, yazışma, müraciət, servis sənədi və ya digər obyektiv sübut müəyyən edilməmişdir. Bu baxımdan məhkəmənin cavabdehin həmin izahatlarını sübuta yetirilməmiş hesab etməsi əsaslıdır.

65. Eyni zamanda, müqavilənin 5.4-cü bəndinə əsasən müqaviləyə onlayn kassa aparatının uçotdan çıxarılmasından sonra xitam verilmiş hesab edilməsi və iş materiallarında belə xitamı təsdiq edən sənədin olmaması tərəflər arasında müqavilə münasibətlərinin formal olaraq davam etdiyini göstərir. Lakin bu hal iddiaçının hər bir ayrıca xidmət üzrə yaranmış ödəniş tələb hüququna münasibətdə iddia müddətinin başlanmasını istisna etmir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin qüvvədə qalması tərəflər arasında hüquq münasibətinin mövcudluğunu ifadə etsə də, həmin müqavilə üzrə vaxtaşırı icra edilməli olan öhdəliklərin hər biri üzrə ayrıca tələb hüququnun yaranmasına və həmin hüququn müdafiəsi üçün qanunla müəyyən edilmiş müddətin axımına mane olmur.

67. İş materiallarında olan elektron qaimələrdən göründüyü kimi, iddiaçı müxtəlif tarixlərdə konkret xidmətlər göstərmiş və həmin xidmətlər üzrə ödəniş tələb etmək hüququnun yarandığını iddia etmişdir. Belə olan halda hər bir xidmət üzrə ödəniş öhdəliyinin icra müddəti ayrıca müəyyən edilməli və həmin müddətin başa çatdığı tarixdən etibarən müvafiq tələb üzrə iddia müddətinin axımı hesablanmalıdır. Bu baxımdan müqavilənin sonradan formal olaraq xitam verilib-verilməməsi əvvəlki dövrlər üzrə artıq yaranmış və icra müddəti çatmış ödəniş tələbləri üzrə iddia müddətinin başlanmasını aradan qaldırmır.

68. Birinci instansiya məhkəməsi ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək göstərilmiş xidmətlər üzrə tələblərin mahiyyət etibarilə əsaslı olmasına baxmayaraq, onların bir hissəsinin iddia müddəti keçdikdən sonra irəli sürüldüyünü, ##.##.2023-cü il tarixli elektron qaimə üzrə tələbin isə iddia müddəti daxilində verilməsinə baxmayaraq, müqavilə və hüquqi əsasının sübuta yetirilmədiyi ilə bağlı düzgün qənaətə gəlmişdir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin,

69. qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

70. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

71. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

72. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı “NBA Technologies İnternational” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar