Məhkəmə qərarları › İş №e-2-2(3-6)-948/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-948/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-948/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı X3 cavabdeh “X19 və Emal Birliyi” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: X12 müqavilə, iddia müddəti) hakimlər X11 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı X3 nümayəndəsi (vəkili) Vəkil, cavabdeh “X19 və Emal Birliyi” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə iddiaçı X3 cavabdeh “X19 və Emal Birliyi” MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. “X19 və Emal Birliyi” MMC ilə X3 arasında ##.##.2022-ci il tarixli **/BF/*** nömrəli “X12” müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən: Müqavilənin: 1.1-ci bəndinə əsasən "Birinci tərəf" və "Ikinci tərəf" (bundan sonra ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırılacaqlar) təsərrüfata məxsus örüş torpaq sahəsindən birgə istifadə edərək heyvandarlıq təsərrüfatını inkişaf etdirmək niyyətindədirlər. 1.2-ci bəndinə əsasən "Birinci tərəf" birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün zəruri olan yataq və örüş ərazisinə (Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində yerləşən 140 hektar örüş torpaq sahəsi) və müvafiq bilik və bacarığa, "Ikinci tərəf" isə birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün heyvanlara, maddi-texniki bazaya, təşkilati, insan və maliyyə resurslarına malikdir. 3.1-ci bəndinə əsasən Birgə fəaliyyətin həyata keçirilməsi üzrə "Birinci tərəf" aşağıdakı öhdəlikləri daşıyır: 3.1.1-ci bəndinə əsasən Birgə fəaliyyət predmetinə daxil olan fəaliyyət növünün həyata keçirilməsi üçün müvafiq torpaq və əmlakı digər tərəfə ayırır və maneəsiz istifadəsini təmin edir; 3.2-ci bəndinə əsasən Birgə fəaliyyətin həyata keçirilməsi üzrə "Birinci tərəf" aşağıdakı hüquqlara malikdir: 3.2.1-ci bəndinə əsasən Birgə fəaliyyətin həyata keçirilməsi vəziyyətini yoxlamaq, "Ikinci tərəf"ə öz irad, təklif və tələblərini bildirmək. 3.2.2-ci bəndinə əsasən Birgə fəaliyyətdən əldə olunan mənfəətdən bu Müqavilənin 4.1.ci bəndində müəyyən edilmiş pay almaq. 3.3-cü bəndinə əsasən Birgə fəaliyyətin həyata keçirilməsi üzrə "Ikinci tərəf" aşağıdakı öhdəlikləri daşıyır: 3.3.2-ci bəndinə əsasən Qanuna müvafiq vergiləri və digər məcburi ödənişləri ödəmək; 3.3.5-ci bəndinə əsasən Birgə fəaliyyət üçün ayrılan tikililər və torpaq sahəsini qoruyub saxlamaq, onun çirklənməsinə, zədələnməsinə və ya məhv edilməsinə yol verməmək; 3.4-cü bəndinə əsasən Birgə fəaliyyətin həyata keçirilməsi üzrə “Ikinci tərəf” aşağıdakı hüquqlara malikdir: 3.4.1-ci bəndinə əsasən Birgə fəaliyyətin həyata keçirilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək, 3.4.2-ci bəndinə əsasən Birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünü həyata keçirmək məqsədilə “Birinci tərəf”-dən ayrılmış torpaq sahəsindən bu Müqavilənin 3.3.5-ci bəndində müəyyən edilmiş qaydada istifadə etmək. 4.1-ci bəndinə əsasən Birgə fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə olunmuş cari ilin mənfəəti “Birinci tərəf”ə ödənilməli payın məbləği hər hektar üçün 90 (doxsan) AZN olmaqla, 12600 (on iki min altı yüz) AZN müəyyən edilir. “Ikinci tərəf” qeyd olunan məbləği müqavilə imzalandıqdan 3 iş günü müddətdə “Birinci tərəf”in bu Müqavilənin 6.1-ci bəndində göstərilən bank hesabına köçürülməlidir. Bu məbləğ ödənildikdən sonra mənfəətin bölüşdürülməsi üzrə hər-hansı haqq-hesab aparıla bilməz və tərəflər bir-birinə qarşı borc və öhdəlik tələbi ilə çıxış edə bilməzlər. 5.1-ci bəndinə əsasən Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və ##.##.2023-cü il tarixədək qüvvədədir. Tərəflər müqavilənin uzadılmasına qərar verirsə, növbəti il üçün bu müqavilənin əlavəsi imzalanır.

2. ##.##.2022-ci il tarixli ödəniş tapşırığına əsasən X3 tərəfindən təyinatı **/BF/*** nömrəli müqavilə göstərilməklə “X19 və Emal Birliyi” MMC-yə 12600 manat məbləğində ödəniş etmişdir.

3. “X19 və Emal Birliyi” MMC (birinci tərəf) ilə “xxxx” MMC (ikinci tərəf) (direktoru X3) arasında **BF/*** saylı ## ### 2024-cü il tarixli “X12” müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən "Birinci tərəf" və "Ikinci tərəf" (bundan sonra ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırılacaqlar) təsərrüfata məxsus olan yataq və örüş ərazisindən birgə istifadə edərək heyvandarlıq təsərrüfatını inkişaf etdirmək niyyətindədirlər. 1.2-ci bəndinə əsasən "Birinci tərəf" birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün zəruri olan yataq və örüş ərazisinə (Biləsuvar rayonu, Acıqışlaq adlanan ərazidə yerləşən 900 hektar örüş torpaq sahəsi, Biləsuvar rayonu Səmədabad qəsəbəsi ərazisində yerləşən 165 hektar örüş torpaq sahəsi (xəritə əlavə olunur), xırdabuynuzlu heyvanlar və müvafiq bilik və bacarığa, "Ikinci tərəf" isə birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün maddi-tekniki bazaya, təşkilati, insan və maliyyə resurslarına malikdir.

4. ## ###### 2022-ci ildə “X19 və Emal Birliyi” MMC tərəfindən Biləsuvar Rayon Polis Şöbəsinə, Biləsuvar Rayon Prokrorluğuna, Biləsuvar Rayon Icra Hakimyyətinin başçısına məktublar ünvanlanmışdır. Həmin məktubda Kənd Təsərrüfatı Nazirliyinin "X19 və Emal Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisələrində, həmçinin Cəmiyyətin Cənub Regional Idarəsinin Biləsuvar təsərrüfatında istehsal potensialının daha da artırılması, o cümlədən məhsuldarlıq göstəricilərinin yüksəldilməsində aktual məsələlərdən biri də torpaqdan səmərəli istifadənin təşkil olduğu, "X19 və Emal Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinin regional idarələrinin təsərrüfatlarında ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməkdə olduğu, "X19 və Emal Birliyi" MMC yarandığı vaxtdan dövlətin dəstəyi və daxili imkanlar hesabına öz maddi-texniki bazasını və infrastrukturunu gücləndirərək Nazirliyin kənd təsərrüfatı sahəsində ölkəmizdə yeritdiyi aqrar siyasətə köməklik göstərildiyi, Regional idarələr özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməklə "X19 və Emal Birliyi" MMC-nin daxili imkanları həmçinin fiziki və hüquqi şəxslərlə birgə istehsal məqsədilə qurulmuş işbirliyi nəticəsində fəaliyyət göstərdiyi, lakin yeridilən aqrar siyasətə yerlərdə maneəçilik törədənlər olduğu, belə ki, Biləsuvar təsərrüfatı ilə X3 arasında birgə istehsal məqsədilə bağlanmış mövsümi müqavilənin şərtlərinin həyata keçirilməsinə maneəçilik törədən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsinə dair köməklik göstərilməsi bildirilmişdir.

5. ## ###### 2022-ci il tarixli Biləsuvar RPŞ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında qeyd edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yaşayan X3 ## ###### 2022-ci il tarixdə Biləsuvar RPŞ-nin Səmədabad PB-nə ərizə ilə müraciət edərək "X19 və Emal Birliyi" MMC ilə birgə müqavilə əsasında dövlətdən əldə etdiyi 140 ha torpaq sahəsindən təyinatına uyğun istifadə etməsinə Əliqismət və Qasım adlı şəxslərin maneəçilik törətməsini göstərmişdir.

6. ##.##.2023-cü il tarixli Biləsuvar Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 ##.##.2023-cü il tarixində DIN-nin 102 xidmətinə zəng edərək Qasımov Qasımın kənd təsərrüfatı tərəfindən ona verilən torpağı zəbt edib halhazırda şumlaması barədə məlumat verilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. Iddiaçı X3 iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "X19 və Emal Birliyi" MMC-dən 12600 (on iki min altı yüz) manat məbləğində pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 2017.73 (iki min on yeddi manat, yetmiş üç qəpik) manat məbləğində pul vəsaitinin, 133.85 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 ilə "X19 və Emal Birliyi" MMC araısnda ##.##.2022-ci il tarixli, **/BF/*** saylı “X12” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən birinci tərəf "X19 və Emal Birliyi" MMC və ikinci tərəf X3 təsərrüfata məxsus örüş torpaq sahəsindən birgə istifadə edərək heyvandarlıq təsərrüfatını inkişaf etdirmək niyyyətindəydi. Eyni zamanda müqaviləyə əsasən, "X19 və Emal Birliyi" MMC birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün zəruri olan yataq və örüş ərazisinə (Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində yerləşən 140 hektar örüş torpaq sahəsi) və müvafiq bilik və bacarığa, X3 isə birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün heyvanlara, maddi-texniki bazaya, təşkilati, insan və maliyyə resurslarına malikdir. Müqavilə üzrə "X19 və Emal Birliyi" MMC-nin öhdəliklərindən biri də birgə faəliyyət predmetinə daxil olan fəaliyyət növünün həyata keçirilməsi üçün müvafiq torpaq və əmlakı digər tərəfə yəni, X3 ayırmaq və maneəsiz istfadəsini təmin etmək olmuşdur. X4 ##.##.2022-ci il tarixli, **/BF/*** saylı “X12” Müqavilənin 4.1-ci bəndinə əsasən "X19 və Emal Birliyi" MMC-yə 12600 manat məbləğində ödəniş etməyinə baxmayaraq sonuncu müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, birgə fəaliyyətin həyata keçirilməsi üçün razılaşdırılmış 140 hektar torpaq sahəsini X3 təhvil verməmişdir. X3 tərəfindən cavabdehə 12600 manat məbləğində ödəniş edilməsi iddia ərizəsinə əlavə edilən ödəniş tapşırığı ilə təsdiq edilir. Müqavilə üzrə razılaşdırılmış qaydada Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində yerləşən 140 hektar örüş torpaq sahəsinin X3 təhvil verilməməsi "X19 və Emal Birliyi" MMC-nin özünün Biləsuvar Rayon Icra Hakimiyyətinin Başçısı cənab Faiq Qürbətova ünvanladığı ## ###### 2022-ci il tarixli məktubla da təsdiq edilmişdir. Belə ki, həmin məktubda cavabdeh "X19 və Emal Birliyi" MMC-nin direktoru X6 Rayon Icra Hakimiyyətinin Başçısı cənab Faiq Qürbətova məktub ünvanlayaraq Biləsuvar təsərrüfatı ilə X3 arasında birgə istehsal məqsədilə bağlanmış mövsümi müqavilənin şərtlərinin həyata keçirilməsinə maneəçilik törədən şəxslər barəsində qanunvericliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsinə dair köməklik göstərilməsini xahiş etmişdir. Digər tərəfdən, "X19 və Emal Birliyi" MMC-nin cənub regional idarəsinin rəisi X7, X8 Inkişaf Mərkəzinin maliyyə təsərrüfat sektorunun baş məsləhətçisi X17, Cənub regional idarəsinin aqronomu X5, Cənub regional idarəsinin ambardarı X1 və X3 tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktla da təsdiq edilmişdir ki, Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində yerləşən 140 hektar örüş torpaq sahəsi X3 təhvil verilməmişdir, həmin torpaq sahəsində X13 öz başına təsərrüfatla məşğuldur. Bununla bağlı X3 Rayon Polis Idarəsinə müraciət etmişdir, lakin ##.##.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda X13 və X10 izahatından görünür ki, onlar həmin torpaq sahəsində 2018-ci il tarixdən icarə müqaviləsi əsasında əkinçiklə məşğul olmuşlar və hal-hazırda da onların istifadəsindədir. Göründüyü kimi, X3 ##.##.2022-ci il tarixli, **/BF/*** saylı “X12” Müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirərək, 12600 manat məbləğində ödəniş etsə də, "X19 və Emal Birliyi" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək birgə fəaliyyətin həyata keçirilməsi üçün torpaq sahəsini ona təhvil verməmişdir. Bu əsasla X3 tərəfindən cavabdehə ##.##.2026-cı il tarixində internet vergi idarəsi sistemi və ##.##.2026-cı il tarixdə isə məhkəmə kabineti vasitəsilə 3 iş günü müddətində borc məbləğini tələb etməyimiz barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir.

9. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, icraatınızda olan hazırkı iş üzrə cavabdeh tərəf olaraq iddia ərizəsində irəli sürülmüş tələbləri qəbul etmir və aşağıdakı əsaslarla onların rədd edilməsi xahiş edir. Iş materiallarından görünür ki, iddiaçı X3 ilə “X19 və Emal Birliyi” MMC arasında ##.##.2022-ci il tarixli, **/BF/*** saylı “X12” müqavilə bağlanmışdır. Ilk növbədə məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə nüsxəsində müqavilənin qüvvədə olma müddəti ##.##.2023-cü il tarixədək, cavabdehdə saxlanılan müqavilə nüsxəsində isə ##.##.2024-cü il tarixədək göstərilmişdir. Bu səbəbdən, hesab edirik ki, iş üzrə həqiqi halların müəyyən edilməsi üçün məhkəmə hazırlıq mərhələsində müqavilələrin əsillərinin müqayisəli şəkildə tədqiq edilməsi zəruridir. Iddia ərizəsində cavabdehin müqavilə üzrə öhdəliyini pozaraq 140 hektar örüş torpaq sahəsini iddiaçıya təqdim etmədiyi göstərilmişdir. Lakin bu iddia iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçı müqavilə bağlanmazdan əvvəl predmet olan örüş sahəsi ilə yerində tanış olmuş, ərazinin faktiki vəziyyəti barədə tam məlumata malik olmuş, bundan sonra ## ###### 2022-ci il tarixdə müqaviləni bağlamış və həmin tarixdə 12.600 manat məbləğində ödənişi həyata keçirmişdir. Müqavilənin 3.3.5-ci bəndinə əsasən, ikinci tərəfin, yəni hazırkı iş üzrə iddiaçının üzərinə birgə fəaliyyət üçün ayrılmış tikililəri və torpaq sahəsini qoruyub saxlamaq, onun zədələnməsinə və ya məhv edilməsinə yol verməmək öhdəliyi qoyulmuşdur. Bu baxımdan, iddiaçının sonradan torpaq sahəsinin üçüncü şəxslər tərəfindən zəbt olunması və ya istifadəyə maneə törədilməsi barədə iradları müqavilə üzrə birbaşa onun öz üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Bundan əlavə, məhkəməyə məlumat üçün bildiririk ki, iddiaçının həmtəsisçisi və qanuni təmsilçisi olduğu “xxxx” MMC (VÖEN: **********) ilə ## ### 2024-cü il tarixli, **BF/*** saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə istifadəyə verilmiş 160 hektar örüş sahəsinin 140 hektarı məhz hazırkı mübahisə predmeti olan eyni torpaq sahəsidir. Bu fakt özü-özlüyündə onu təsdiq edir ki, sözügedən 140 hektar torpaq sahəsi iddiaçının faktiki nəzarətində və istifadəsində olmuşdur. Əks halda iddiaçının özünün rəhbəri və həmtəsisçisi olduğu hüquqi şəxslə eyni sahə üzrə yeni müqavilə münasibətlərinə daxil olması mümkün olmazdı. Həmçinin diqqətə çatdırırıq ki, müqavilə bağlandıqdan və ödəniş həyata keçirildikdən sonra iddiaçı uzun müddət ərzində cavabdehə qarşı hər hansı yazılı tələb, irad, xəbərdarlıq və ya pretenziya ilə müraciət etməmişdir. Bu hal da onu göstərir ki, iddiaçı müqavilə ilə müəyyən edilmiş örüş sahəsindən faktiki və maneəsiz istifadə etmək imkanına malik olmuşdur. Iş materiallarında olan və iddiaçının özü tərəfindən təqdim edilmiş ## ###### 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, iddiaçı polis orqanına müraciətində göstərmişdir ki, “X19 və Emal Birliyi” MMC tərəfindən ona təqdim edilmiş sahədən istifadəyə Əliqismət və Qasım adlı şəxslər maneçilik törədirlər. Bu hal birbaşa təsdiq edir ki, torpaq sahəsi cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş, mübahisə isə üçüncü şəxslərin hərəkətləri ilə bağlı olmuşdur. Eyni qaydada, iş materiallarında olan ## #### 2023-cü il tarixli qərardan da görünür ki, iddiaçı polisə şikayətində ona verilmiş torpaq sahəsinin sonradan zəbt olunduğunu bildirmişdir. Beləliklə, iddiaçının öz təqdim etdiyi rəsmi sənədlərdən görünür ki, sahənin ümumiyyətlə təqdim edilməməsi barədə hazırkı iddia tələbi həqiqətə uyğun deyildir. Bundan əlavə, məhkəməyə məlumat üçün bildiririk ki, “X19 və Emal Birliyi” MMC ilə iddiaçının həmtəsisçisi və qanuni təmsilçisi olduğu “xxxx” MMC (VÖEN: **********) arasında ## ### 2024-cü il tarixli, **BF/*** saylı müqavilə münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə istifadəyə verilmiş 160 hektar örüş sahəsinin 140 hektarı məhz ##.##.2022-ci il tarixli, **/BF/*** saylı “X12” müqavilədə nəzərdə tutulmuş eyni torpaq sahəsidir. Bu hal bir daha onu təsdiq edir ki, hazırkı iş üzrə iddia predmeti olan 140 hektar torpaq sahəsi iddiaçının faktiki nəzarətində və istifadəsində olmuşdur. Belə ki, iddiaçının özünün həmtəsisçisi və rəhbəri olduğu hüquqi şəxslə məhz həmin 140 hektar sahə üzrə yeni müqavilə münasibətlərinə daxil olması, onun sözügedən sahənin faktiki vəziyyəti, yerləşməsi və istifadəsi üzərində real nəzarət imkanına malik olduğunu göstərir. Əks halda, iddiaçının özünün idarəetməsində olan hüquqi şəxslə eyni torpaq sahəsinə dair yeni müqavilə bağlaması kommersiya münasibətlərinin məntiqinə zidd olardı. Bu fakt iddia ərizəsində göstərilən “torpaq sahəsinin ümumiyyətlə təqdim edilməməsi” barədə iddianı birbaşa təkzib edir və iddiaçının mövqeyinin əsassız olduğunu sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1ci maddəsinə əsasən, öhdəliklər vicdanlılıq tələb etməklə lazımi şəkildə icra edilməlidir, 442-ci maddəyə görə isə öhdəliyin pozulması onun ümumiyyətlə və ya lazımi qaydada icra edilməməsi hesab olunur. Hazırkı halda cavabdeh tərəfindən müqavilə predmetinin təqdim edilməsi iş materialları və iddiaçının öz izahatları ilə təsdiq olunduğundan, cavabdehin üzərinə 12.600 manat məbləğinin geri qaytarılması barədə hər hansı hüquqi öhdəlik yaranmır. Əksinə, iş materialları müqavilə üzrə mümkün öhdəlik pozuntusunun məhz iddiaçı tərəfindən öz üzərinə götürdüyü qoruma və istifadə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü və 14.2-ci maddələrinə əsasən, məhkəmə qərarını yalnız tərəflərin təqdim etdikləri sübutlar əsasında əsaslandırmalıdır. Iddiaçının özünün təqdim etdiyi polis materialları hazırkı iddia tələbinin əsassız olduğunu birbaşa sübut etdiyindən, iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən xahiş edirik: Hazırkı iş üzrə iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdehin etiraza əlavəsi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh tərəf olaraq əvvəllər təqdim edilmiş etirazı və iddia müddətinin tətbiqinə dair ərizəni müdafiə edərək, maddi normalar barədə aşağıdakı əlavə izahatı təqdim edirik. Iş materiallarında olan halların (sənədlərin) iddiaçının öz mövqeyi ilə ziddiyyət təşkil etməsi barədə Iş materiallarında olan polis sənədləri və cavabdeh tərəfindən əvvəlcədən təqdim olunmuş etirazda göstərilən hallar iddiaçının sonradan məhkəmədə tutduğu “torpaq sahəsi ümumiyyətlə təhvil verilməmişdir” mövqeyi ilə uyğun gəlmir. Belə ki, iş materiallarında olan sənədlərdən torpaq sahəsi ilə bağlı mübahisənin üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduğu görünür. Bu baxımdan məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə uyğun olaraq müqavilənin təfsiri zamanı tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən isə tərəflər öhdəlikləri vicdanlılıq və işgüzar adətlərə uyğun olaraq icra etməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir. Xüsusilə, Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Hazırkı halda iddiaçının vəziyyət barədə 2022-ci ilin noyabr-dekabr aylarında məlumatlı olması, uzun müddət cavabdehə qarşı pulun geri qaytarılması və ya müqaviləyə xitam verilməsi barədə tələb irəli sürməməsi, sonradan isə əks məzmunlu iddia ilə çıxış etməsi həmin normalar baxımından qiymətləndirilməlidir. Ayrıca təhvil-təslim aktının olmamasının hüquqi nəticəsi barədə Müqavilənin mətnində 140 hektar sahənin ayrıca təhvil-təslim aktı ilə verilməsi barədə imperativ şərt nəzərdə tutulmamışdır. Bu səbəbdən ayrıca aktın olmaması öz-özlüyündə tam qeyri-icra haqqında nəticə çıxarmağa əsas vermir. Konstitusiya Məhkəməsi Plenumunun “HTM Holding” işi üzrə ## ##### 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə öhdəliyin icrasının sübutu hər bir halda müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və icranın rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla, digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Buna görə ayrıca aktın olmaması iddiaçının iddiasını avtomatik sübut etmir. Göstərilənlərə əsasən Məhkəmədən Iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir.

11. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı X3 ilə “X19 və Emal Birliyi” MMC arasında ## ###### 2022-ci il tarixli, **/BF/*** saylı X12 müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində yerləşən 140 hektar örüş torpaq sahəsinin birgə fəaliyyətə təqdim edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin qüvvədə olma müddəti ## ###### 2024-cü il tarixədək müəyyən edilmişdir. Bununla belə, müqavilədə həmin örüş sahəsinin konkret hansı tarixdə iddiaçının istifadəsinə təqdim edilməli olması ayrıca müəyyən edilməmişdir. Iş materiallarında olan Biləsuvar Rayon Polis X18 tərəfindən HK*/*** №-li yoxlama materialı üzrə qəbul edilmiş ## ###### 2022-ci il tarixli qərardan görünür ki, iddiaçı Rauf Ibrahimov müqavilə predmeti olan örüş sahəsindən istifadəyə maneçilik törədilməsi ilə əlaqədar ## ###### 2022-ci il tarixdə polis orqanına ərizə ilə müraciət etmişdir. Qərarın məzmunundan açıq şəkildə görünür ki, iddiaçı ən geci ## ###### 2022-ci il tarixdə həmin torpaq sahəsinin onun istifadəsinə verilmədiyini və başqa şəxslərin faktiki nəzarətində olduğunu bilmişdir. Belə ki, iddiaçı məhz həmin tarixdə torpaq sahəsinin zəbt olunması və istifadəyə verilməməsi barədə polis orqanına şikayət etmişdir. Bu hal birbaşa onu təsdiq edir ki, iddiaçı ən azı ## ###### 2022-ci il tarixdən etibarən öz hüquqlarının pozulduğunu dəqiq şəkildə bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında da təsbit edilmişdir. Həmin qərarda göstərilmişdir ki, iddia müddətinin başlanğıcı tələbin formal olaraq yarandığı tarixlə deyil, şəxsin hüququnun pozulması faktını real və obyektiv şəkildə bildiyi, yaxud bilməli olduğu anla müəyyən edilir. Bu səbəbdən, hazırkı iş üzrə həm müqavilədən irəli gələn tələblər, həm əqdin etibarsız sayılması ilə bağlı tələblər, həm də əsassız varlanma ilə bağlı mümkün tələblər üzrə iddia müddətinin axımı ## ###### 2022-ci il tarixdən başlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, ümumi iddia müddəti 3 (üç) ildir. Həmçinin Mülki Məcəllənin 1095ci maddəsinə əsasən, əsassız varlanma obyektinin qaytarılması hüququ şəxsə öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsi ilə qüvvədən düşür. Bundan əlavə, əqdlərin etibarsızlığı ilə bağlı tələblər üzrə Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər, habelə etibarsızlıq tələbləri üzrə müddətin hesablanmasında şəxsin hüquq pozuntusunu bildiyi tarix əsas götürülür. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarında da təsbit edilmişdir. Beləliklə: • müqavilədən irəli gələn tələblər üzrə müddət ## ###### 2025-ci il tarixdə; • əsassız varlanma üzrə müddət isə ## ###### 2024-cü il tarixdə başa çatmışdır. Iddiaçı isə hazırkı iddia ərizəsini məhkəməyə yalnız 2026-cı ilin fevral ayında təqdim etmişdir. Belə olan halda, iddiaçı iddia müddətini əhəmiyyətli dərəcədə buraxdıqdan sonra məhkəməyə müraciət etmişdir. Iddia müddətinin ötürülməsi iddianın rədd edilməsi üçün müstəqil hüquqi əsasdır. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən, məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipi əsasında müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlar və təqdim etdikləri sənədlərlə əsaslandırmalıdır. Həmçinin həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı iş üzrə Biləsuvar Rayon Polis X18 tərəfindən HK-*/*** №-li yoxlama materialı üzrə qəbul edilmiş ## ###### 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar iddiaçının ən geci ## ###### 2022-ci il tarixdə müqavilə predmeti olan örüş sahəsinin onun istifadəsinə verilmədiyini və bu səbəbdən hüquqlarının pozulduğunu bildiyini təsdiq edən birbaşa və yazılı sübutdur. Belə ki, həmin qərardan görünür ki, iddiaçı məhz ## ###### 2022-ci il tarixdə torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edilməsi və istifadəsinə maneçilik törədilməsi ilə bağlı polis orqanına müraciət etmişdir. Bu səbəbdən, məhkəmə işdə mövcud olan qeyd edilən yazılı sübuta hüquqi qiymət verməklə iddia müddətinin başlanğıc tarixini ## ###### 2022-ci il tarixdən hesablamalıdır. Göstərilənlərə əsasən hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

12. Bakı Kommersiya Məhkəməsi ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

 Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2022-ci il tarixli **/BF/*** nömrəli “X12” müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "Birinci tərəf" və "Ikinci tərəf" təsərrüfata məxsus örüş torpaq sahəsindən birgə istifadə edərək heyvandarlıq təsərrüfatını inkişaf etdirmək niyyətindədirlər. Müqavilənin 1.2-ci bəndinə əsasən "Birinci tərəf" birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün zəruri olan yataq və örüş ərazisinə (Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində yerləşən 140 hektar örüş torpaq sahəsi) və müvafiq bilik və bacarığa, "Ikinci tərəf" isə birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün heyvanlara, maddi-texniki bazaya, təşkilati, insan və maliyyə resurslarına malikdir. Cavabdeh özünə məxsus torpaq sahəsini iddiaçıya verməli, iddiaçı isə iki illik mənfəət olaraq əvvəlcədən cavabdehə 12600 manat ödəniş etmişdir. Hazırkı iddia ilə iddiaçı bildirir ki, cavabdeh tərəfindən ona torpaq sahəsi verilmədiyi üçün 12600 manat qaytarılmalıdır. Cavabdeh isə iddiaya yazılı etirazını və iddia müddətinin tətbiqi barədə ərizəsini təqdim edərək iddianın rədd edilməsini xahiş edir.  Məhkəmə cavabdehin nümayəndəsinin etiraz arqumentləri ilə razılaşaraq qeyd edir ki, göründüyü kimi tərəflər arasında müqavilə 2022-ci il tarixində bağlanmış və mübahisəli pul vəsaiti də cavabdehə 2022-ci ildə ödənilmişdir. Torpaq sahəsi bu müddət ərzində cavabdeh tərəfindən həqiqətən də iddiaçıya təhvil verilmədiyi halda, iddiaçı torpaq sahəsinin təhvil verilməsi barədə müraciət məktubları ilə, əks halda müqavilənin ləğv edilməsi barədə cavabdehə müraciət etməli idi. Lakin, məhkəmə araşdırılması zamanı iddiaçı, 2022-ci ildən məhkəməyə müraciət edilənə qədər, cavabdehə bu cür müraciətlərin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı, Polis Idarəsinə müraciət edərək torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən hər-hansı maneələrin torədilməsi deyil, 3cü şəxslər tərəfindən törədildiyini və Qasımov Qasımın kənd təsərrüfatı tərəfindən ona verilən torpağı zəbt etməsi barədə şikayət ilə müraciət etmişdir. Iddiaçının hüquqlarının üçüncü şəxslər tərəfindən pozulmasına görə cavabdehin mülki məsuliyyətə cəlb edilməsi, müqavilə üzrə ödənilən pulun geri qaytarılmasının tələb edilməsi qanunsuz və əsassız hesab edilməlidir.  Digər tərəfdən məhkəmə hesab edir ki, həqiqətən də cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan torpaq sahəsinin iddiaçıya təhvil verilmədiyi zənn edilsə belə, yenə də iddia ərizəsi təmin edilə bilməz.  Belə ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə də məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir və məhkəmə cavabdehin həmin ərizəsini əsaslı hesab edir.  Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.  Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış birgə fəaliyyət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin müqavilə və müqavilə üzrə ödənişin edilməsinə dair sənəd işə əlavə edildiyindən məhkəmə hesab edir ki, iddiaçının pulun geri qaytarılmasını tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır.  Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır.  Belə ki, iş materiallarından görünür ki, iddiaçı geri qaytarılmasını tələb etdiyi məbləğin ödənişini ##.##.2022-ci il tarixində etmişdir, buna görə də iddia müddətinin axımı da ##.##.2025-ci il tarixdə başa çatmış hesab olunmalıdır. Iddiaçı isə iddia ərizəsi ilə ##.##.2026-ci il tarixdə məhkəməyə müraciət etmişdir.  Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini də buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir.  Əsas tələb (12600 manat pul vəsaiti) üzrə iddia rədd edildiyi üçün məntiqi davam olaraq həmin pul vəsaitinin ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 2017,73 manat faiz borcuna dair iddia tələbi də təmin edilə bilməz. Və məhkəmə prosessual qənaət prinsipini rəhbər tutaraq iddia tələbinin bu hissəsinə dair ətraflı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab etmir.  Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri (133,85 manat dövlət rüsumu və hüquqi yardıma görə 300 manat) iddiaçının özünə aid edilməlidir.

14. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 329.2, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.2, 377.1, 377.2, 377.3, 378, 380.1, 385.1, 390.1, 427.2, 427.3, 427.4, 442, 443.1, 445.7, 448.1-ci maddələrinə istinad etmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia əizəsinin məzmununa uyğun əsaslandırmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin başlanğıcını düzgün müəyyən etməmişdir. Iddia müddəti müqavilənin bağlandığı ##.##.2022-ci il tarixdən deyil, ən tez müqavilənin qüvvədə olma müddətinin bitdiyi ##.##.2023-cü il tarixdən hesablanmalıdır. Iddiaçının ##.##.2022-ci ildə polisə müraciəti cavabdehin müqavilə öhdəliyini pozması ilə deyil, torpaq sahəsinin üçüncü şəxslər tərəfindən zəbt edilməsi və həmin maneənin aradan qaldırılması ilə bağlı olmuşdur. Cavabdeh müqavilə üzrə 140 hektar torpaq sahəsini iddiaçının maneəsiz istifadəsinə vermək və istifadəsini təmin etmək öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin özünün də hüquq-mühafizə orqanlarına müraciət etməsi tərəflərin müqavilənin icrasını davam etdirmək niyyətində olduğunu və yaranmış maneəni aradan qaldırmağa çalışdıqlarını göstərir. Buna görə də ##.##.2026-cı ildə məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürməmiş, həmçinin ödədiyi 12.600 manatın və gecikdirməyə görə faizin geri qaytarılması tələbi əsaslı olmuşdur.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya baxışı, izahat

17. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

21. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

23. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. Istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

38. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

39. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

40. Işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında ##.##.2022-ci il tarixli, **/BF/*** nömrəli “X12” müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində yerləşən 140 hektar örüş torpaq sahəsini birgə fəaliyyət məqsədilə ayırmağı və ondan maneəsiz istifadəni təmin etməyi, iddiaçı isə bunun müqabilində 12.600 manat ödəməyi öhdəsinə götürmüş və iki illik mənfəət olaraq əvvəlcədən cavabdehə 12600 manat ödəmişdir.

41. Iddiaçı hazırkı iddia ilə torpaq sahəsindən istifadəsinin təmin edilmədiyini əsas gətirərək ödədiyi məbləğin geri qaytarılmasını tələb etmişdir.

42. Kollegiya ilk öncə qeyd edir ki, apellyasiya şikayətində torpaq sahəsinin ümumiyyətlə iddiaçıya təhvil verilməməsi barədə irəli sürülən dəlil iş materialları ilə uzlaşmır.

43. Belə ki, iş materiallarında olan ##.##.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı ##.##.2022-ci il tarixdə polis orqanına müraciət edərək müqavilə əsasında ona verilmiş 140 hektar torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edildiyini və həmin sahədən istifadəsinə maneçilik törədildiyini bildirmişdir.

44. Iddiaçının polis orqanına müraciətində məhz ona verilmiş torpaq sahəsinin sonradan üçüncü şəxslər tərəfindən zəbt edilməsini bildirməsi, yaranmış maneənin torpaq sahəsinin müqavilə üzrə iddiaçının istifadəsinə təqdim edilməməsindən deyil, üçüncü şəxslərin sonrakı hərəkətlərindən irəli gəldiyini göstərir.

45. Kollegiya onu da qeyd edir ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli, **/BF/*** nömrəli “X12” müqavilənin 3.1.1-ci bəndinə əsasən cavabdeh birgə fəaliyyət üçün zəruri olan torpaq sahəsini ayırmaqla yanaşı, iddiaçının həmin sahədən maneəsiz istifadəsini təmin etmək öhdəliyini də üzərinə götürmüşdür.

46. Üçüncü şəxslər tərəfindən torpaq sahəsindən istifadəyə maneələrin yaradılması işin mübahisəsiz halıdır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh müqavilə üzrə üzərnə düşən öhdəliyi lazımınca icra etməmişdir.

47. Bununla belə, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə icra etmədiyinin iş materiallarıilə müəyyən olunsa da iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

48. Kollegiya iddia müddəti ilə bağlı apellyasiya dəlillərini əsaslı hesab etmir. Mülki Məcəllənin 377.1-ci maddəsinin mənasına görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Buna görə müddətin başlanğıcı müqavilənin qüvvədən düşdüyü tarixlə deyil, şəxsin hüququnun pozulmasından xəbərdar olduğu vaxtla müəyyən edilməlidir.

49. Hazırkı halda iddiaçı ##.##.2022-ci il tarixdə polisə müraciət etməklə müqavilə üzrə istifadəsinə verilmiş torpaq sahəsindən faktiki istifadəsinə maneə yaradıldığını bildirmişdir. Deməli, iddiaçı ən geci həmin tarixdə müqavilə üzrə əldə etməli olduğu maneəsiz istifadə imkanının pozulduğundan xəbərdar olmuşdur.

50. Apellyasiya şikayətində polisə müraciətin cavabdehə deyil, üçüncü şəxslərə qarşı yönəlməsi barədə dəlil fərqli nəticəyə gəlməyə əsas vermir. Belə ki, müqavilənin 3.1.1-ci bəndinə əsasən cavabdehin öhdəliyi birgə fəaliyyət üçün müvafiq torpaq sahəsini ayırmaqla yanaşı, həmin sahədən iddiaçının maneəsiz istifadəsini təmin etməyi də əhatə etmişdir. Iddiaçının ##.##.2022-ci il tarixdə polis orqanına müraciət edərək istifadəsinə verilmiş torpaq sahəsinin üçüncü şəxslər tərəfindən zəbt edildiyini və istifadəsinə maneə yaradıldığını bildirməsi onun ən geci həmin tarixdə müqavilə ilə nəzərdə tutulmuş maneəsiz istifadə imkanının təmin edilmədiyindən xəbərdar olduğunu göstərir.

51. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır; lakin yuxarıda qeyd edilənlərə əsasən hazırki işdə iddia müddətinin axımı şəxsin hüququnun pozulduğunu bildiyi ##.##.2022-ci il tarixindən hesablanmalıdır. Başqa sözlə, hazırkı iddia üzrə iddia müddəti ##.##.2022-ci il tarixindən sonra keçən 3 ilin sonunda bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə ##.##.2026-cı il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir.

52. Iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

53. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar