Məhkəmə qərarları › İş №e-2-2(3-6)-983/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-983/2026

17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-983/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, Abdullayev Elşən Uğur oğlu və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qiyabəti qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin Halları

1. “xxxx” MMC (satıcı) “xxxx” MMC (alıcı) ilə arasında bağlanmış EP**** saylı, ## #### 2025-ci il tarixli “Sənaye və qənnadı mallarının” alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı" “alıcı"nın sifarişi əsasında adı, növü, ölçüsü, miqdarı, qiyməti və ümumi dəyəri qaimə-fakturada və ya təhvil-təslim aktında göstərilən müxtəlif növ mal və məhsulları “alıcı”nın mülkiyyətinə verməyi, “alıcı” isə bu müqavilə əsasında malı qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən malların siyahısı, çeşidi, adı və onların qiymətləri “Satıcı" tərəfindən "Alıcı"ya təqdim edilən qiymətlər elektron qaimə-fakturada oz əksini tapır. Malların qiymətlərində dəyişiklik olduqda, "Satıcı" tərəfindən "Alıcı"ya yeni elektron qaimə-faktura təqdim edilir. Malların qiymətində olacaq dəyişiklik həmin günü “Satıcı” tərəfindən “Alıcı"nın təqdim etdiyi "E-mail" ünvanına göndərilir. Göndərilən qiymət dəyişikliyi, göndərildiyi tarixdən sonrakı gün üçün qüvvəyə minir. 2.2-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının müraciəti əsasında onun sifarişini bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları alıcıya əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında malların təhvil-qəbul aktı əsasında verir və alıcının özü və ya səlahiyyətli nümayəndəsi elektron malların təhvil-qəbul aktını imzalamaqla onları qəbul edir. 2.10-cu bəndə əsasən “Alıcı” “Satıcı"dan təhvil aldığı paletlərin yararlı vəziyyətdə saxlanılmasını və mühafizəsini təmin etməlidir. “Satıcı"nın ilk tələbinə əsasən qarşılıqlı olaraq təsdiq edilən sayda istifadə edilməyən paletlər "Satıcı"nın göndərdiyi nəqliyyat vasitəsinə geri qaytarılmalıdır. Ay ərzində göndərilən paletlər "Satıcı"nın tələbinə əsasən ən geci 3 (üç) ay ərzində “Alıcı" tərəfindən "Satıcı"ya geri qaytarılmalıdır. 3 (üç) ay ərzində geri qaytarılmayan paletlərin sayı barədə “Satıcı” tərəfindən “Alıcı"ya məlumat veriləcək və paletlərin sayı nəzərə alınmaqla onların dəyərinin ödənilməsi üçün bazar qiymətinə uyğun olaraq "Alıcı"ya hesab-faktura göndəriləcəkdir. “Alıcı” “Satıcı" tərəfindən ona göndərilən həmin hesab-fakturanı 3 (üç) gün müddətində “Satıcı"ya ödəməlidir. 3.1-ci bəndə əsasən satılmış məhsulun dəyəri alıcı tərəfindən satıcının hesablaşma hesabına ödənilir. Ödənilmiş pul vəsaitinin satıcının hesabına daxil olduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulun dəyəri satıcıyavaxtında ödənilmədikdə alıcının yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir. 3.2-ci bəndə əsasən bu müqavilə üzrə “satıcı" tərəfindən “alıcı”ya təklif edilən malların ilkin (baza) qiyməti "alıcı"ya təqdim edilən qiymət cədvəlində (price list) öz əksini tapır. Tərəflər sonradan ortaya çıxan istehsal, satış, təchizat, marketinq, məhsulun həcmi, qiymət rəqabəti, çatdırılma üsulu və yerinin müxtəlifliyi nəzərə alaraq malların son satış qiymətlərini Əlavə Razılaşma ilə (* saylı Əlavə) dəyişdirmək hüququna malikdir. 3.3-cü bəndinə əsasən əgər müqavilədə digər qayda nəzərdə tutulmamışdırsa, tərəflər arasında razılaşdırılmış digər sənədlərdə (Mal Təhvil-Qəbul aktı, elektron vergi-hesab fakturası, elektron qaimə) öz əksini tapan qiymətlər malların yekun qiyməti olacaqdır. 3.5-ci bəndinə əsasən "satıcı” tərəfindən göndərilən elektron-qaimə fakturanın təsdiqlənməsi borcun yaranması üçün əsasdır. ## ###### 2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən dəyəri miqdarı 21.940 kq olan “YM Guneb Yagi V.Rize-Deodorize WD SF” adda mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. MT2508 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 71195.3 manat olan elektron qaimə-faktura ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. ## ###### 2026-cı il tarixli X3na əsasən “xxxx” MMC-nin şirkətə ##.##.2025-ci il tarixinə 71195,30 manat borcu vardır. Akt “xxxx” MMC-nin nümayəndəsi X1 və baş mühasib Dadaşov Xalid İbadət oğlunun imzaları və şirkətin möhürü ilə, “xxxx” MMC tərəfdən direktor Qanuni nümayəndə Kərim oğlu tərəfindən imza və şirkətin möhürü ilə təsdiq olunmuşdur. “xxxx” MMC tərəfindən “xxxx” MMCyə ünvanlanmış pretenziyaya cavab məktubunda qeyd olunmuşdur ki, hazırda cəmiyyətdə dövlət vergi orqanları tərəfindən aparılan yoxlamalar, eləcə də hesabları üzrə pul vəsaitlərinin hərəkəti ilə bağlı yaranmış müvəqqəti texniki və maliyyə xarakterli çətinliklər səbəbindən ödənişlərin icrasında gecikmələr yaranmışdır.Bununla əlaqədar olaraq bildirir ki, ##.##.2026-cı il tarixədək mövcud olan borcun tam məbləğdə bağlanması tərəfindən həyata keçirələcəkdir. ##.##.2026-cı il tarixli ************ nömrəli mədaxil qəbzindən görünür ki, “xxxx” MMC 303.60 manat dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 71,195.30 manat borcun və ödənilmiş 303.60 manat dövlət rüsumunun - cəmi 71,498.90 manat məbləğin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında EP **** saylı, ## #### 2025-ci il tarixli “Məhsulların” alqı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən cavabdeh “xxxx” MMC tərəfindən “xxxx” MMC-dən müxtəlif “Mallar” alınsa da, həmin “Mallar”ın dəyərinin cəm 71,195.30 manat məbləğində olan borcu cavabdeh tərəfindən “xxxx” MMC-yə ödənilməmişdir. Göstərilən məbləğdə “Mallar”ın cavabdeh tərəfindən qəbul edilməsini “Malların Təhvil-Qəbul Aktları”, həmin mallara görə ödənilməmiş borcun qalmasını “Tərəflər” arasında imzalanmış ## ###### 2026-cı il tarixli “X3” da bir daha sübut edir. Ödənişin həyata keçirilməsi üçün tərəfindən cavabdehə ******** saylı, ##.##.2025-ci il tarixli “Elektron qaimə” də göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndə vasitəsilə cavabdeh “xxxx” MMC-nin rəhbərliyi ilə əlaqə saxlanılmış, daha sonra ##.##.2026-cı il tarixində cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, həm də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə (onlayn kargüzarlıq) pretenziya məktubu ilə müraciət edilərək həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən daxil olmuş ##.##.2026-cı il tarixli * nömrəli pretenziyaya cavab məktubunda “xxxx” MMC tərəfindən borcun olması faktı etiraf edilmiş, “xxxx” MMC-də Dövlət Vergi orqanları tərəfindən yoxlamalar, eləcə də hesabları üzrə vəsaitlərin hərəkəti ilə bağlı yaranmış müvəqqəti texniki və maliyyə xarakterli çətinliklər səbəbindən ödənişlərin icrasında gecikmələr yarandığı bildirilimişdir. Məktubda mövcud olan borcun tam məbləğdə ##.##.2026-cı il tarixədək ödəniləcəyi vədi verilmişdir. Cavabdeh məktubuna qeyd olunan halları sübut edən heç sənəd əlavə etməmişdir. Buna rəğmən ona qeyd olunan tarixədək ödəniş üçün möhlət tanınmışdır. Lakin vəd verilən tarixdən sonra dəfələrlə cavabdehlə şifahi əlaqə saxlanılaraq ödənişin həyata keçirilməsi xahiş edilsə də cavabdeh bugünkü vaxtadək borcunu, yəni 71,195.30 manat borcunu “xxxx” MMC-yə ödəməmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 1-ci partiyada verilən mallar üzrə ödəniş edilmiş və hər hansı problem yaşanmamışdır. Lakin 2-ci partiya üzrə verilən mallar üzrə qarşı tərəf öhdəliklərini icra etməmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılaraq qeyd edilmişdir ki, məhkəmə aşağıdakı halları araşdırmamışdır ki, borcun hesablanmasının düzgünlüyünü üzləşmə aktının hansı dövrü əhatə etdiyini həmin aktın bütün hesablaşmaları əks etdiribetdirmədiyini,

8. qarşılıqlı hesablaşmaların tam aparılıb-aparılmadığını, sonrakı ödənişlərin olub-olmamasını, təqdim edilmiş sənədlərin iqtisadi və mühasibat baxımından düzgün hesabıanmamışdır. İddiaçı yalnız sənədlərin surətlərini təqdim etməklə kifayətlənmiş, həmin sənədlərdə göstərilən məbləğin həqiqətən mövcud olub-olmaması isə araşdırılmamışdır. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli X3nı cavabdehin iddia olunan 71.195,30 manat məbləğində borcu mübahisəsiz şəkildə etiraf etməsi kimi qiymətləndirmişdir. Lakin məhkəmənin bu nəticəsi həm maddi hüquq normalarına, həm də sübutların qiymətləndirilməsi prinsiplərinə uyğun deyildir. Üzləşmə aktı ilk növbədə mühasibat xarakterli sənəddir və tərəflər arasında müəyyən tarixə qarşılıqlı hesablaşmaların vəziyyətini əks etdirmək məqsədi daşıyır. Belə sənəd öz-özlüyündə mübahisə predmeti olan borcun mütləq, qəti və dəyişməz məbləğdə mövcudluğunu təsdiq edən sənəd hesab edilə bilməz. Üzləşmə aktı hansı ilkin sənədlər əsasında tərtib edilmişdir; akt tərtib edilərkən bütün ödənişlər nəzərə alınması, aktdan sonra qarşılıqlı hesablaşmalar aparılması, akt yalnız mühasibat uçotu məqsədilə hazırlanmışdır, yoxsa tərəflərin yekun hüquqi razılaşmasını ifadə etməsi, aktın tərtibi zamanı bütün ilkin maliyyə sənədləri müqayisə edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

13. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

14. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

15. Maddə 427.3.əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

16. Maddə 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Maddə 568.1.Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

19. Maddə 579.1.Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

20. Maddə 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Maddə 627.1.Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

23. Maddə 630.1.Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.

24. Maddə 631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır.

25. Maddə 634.1.Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur.

26. Maddə 634.2.Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.

27. Maddə 637.1.Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.

28. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən

35. qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığını tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mahiyyət etibarilə alqı-satqı müqaviləsinin xüsusi növü olan mal göndərmə müqaviləsindən irəli gəlir.

40. İş materiallarında olan sübutların məcmu qiymətləndirilməsindən müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam və lazımi qaydada icra edilmiş, müqavilənin predmeti olan mal cavabdehə faktiki olaraq təhvil verilmiş, malın dəyəri isə elektron qaimə-faktura ilə rəsmiləşdirilərək ödənilməsi üçün cavabdehə təqdim edilmişdir.

41. Belə ki, ##.##.2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən, 21.940 kq miqdarında “YM Guneb Yagi V.Rize-Deodorize WD SF” adlı mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Həmin malın dəyəri ##.##.2025-ci il tarixli, MT2508 seriyalı, ******** nömrəli elektron qaimə-faktura ilə 71.195,30 manat məbləğində müəyyən edilmiş və ödənilməsi üçün cavabdehə təqdim edilmişdir. Deməli, iş üzrə borcun yaranmasının əsası olan malın cavabdehə təqdim edilməsi və həmin malın dəyərinin müəyyən edilməsi ayrı-ayrı sənədlərlə deyil, bir-birini tamamlayan təhvil-qəbul aktı və elektron qaimə-faktura ilə təsdiq olunur.

42. ##.##.2026-cı il tarixli X3nda ##.##.2025-ci il tarixinə “xxxx” MMC-nin 71.195,30 manat məbləğində borcunun olduğu göstərilmişdir. Həmin akt iddiaçının birtərəfli qaydada tərtib etdiyi sənəd olmayıb, hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmış və tərəflərin möhürləri ilə təsdiq edilmişdir.

43. Kollegiya qeyd edir ki, akt “xxxx” MMC-nin nümayəndəsi X1 və baş mühasib Dadaşov Xalid İbadət oğlu tərəfindən imzalanmış və cəmiyyətin möhürü ilə, “xxxx” MMC tərəfindən isə direktor Qanuni nümayəndə Kərim oğlu tərəfindən imzalanaraq cəmiyyətin möhürü ilə təsdiq edilmişdir.

44. Göründüyü kimi bu hal üzləşmə aktında göstərilən borc məbləğinin yalnız iddiaçının birtərəfli hesablamasının nəticəsi olmadığını, tərəflərin qarşılıqlı hesablaşması nəticəsində müəyyən edildiyini və cavabdehin həmin tarixə olan borc məbləği ilə razılaşdığını göstərir. Əgər cavabdeh üzləşmə aktında göstərilən 71.195,30 manat məbləğində borcla razı deyildisə və ya hesablamanın hər hansı hissəsinin səhv olduğunu hesab edirdisə, aktın imzalanması zamanı öz etirazını bildirə, aktı imzalamaqdan imtina edə və ya sonradan həmin məbləğə dair yazılı etiraz təqdim edə bilərdi. Lakin iş materiallarından belə bir etirazın mövcudluğu müəyyən edilmir.

45. Lakin daha sonra cavabdehin özünün iddiaçıya ünvanladığı pretenziyaya cavab məktubunun məzmunu da üzləşmə aktında göstərilən borcun mövcudluğunu təsdiq edir. Eyni zamanda cavabdeh həmin məktubda ödənişlərin gecikməsinin səbəbini cəmiyyətdə dövlət vergi orqanları tərəfindən yoxlamaların aparılması, habelə hesablar üzrə pul vəsaitlərinin hərəkəti ilə bağlı müvəqqəti texniki və maliyyə çətinliklərin yaranması ilə izah etmiş və mövcud borcun ##.##.2026-cı il tarixinədək tam məbləğdə bağlanacağını bildirmişdir.

46. Məhkəmə kolelgiyası qeyd edir ki, cavabdehin sözügedən məktubda irəli sürdüyü mövqe borcun mövcudluğunun inkar edilməsinə deyil, əksinə, borcun mövcudluğunun qəbul edilməsinə və onun müəyyən müddət ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsinə yönəlmişdir. Bu baxımdan cavabdehin sonradan borcun məbləğinin əsaslı olmadığına, hesablamanın düzgün aparılmadığına və üzləşmə aktının borcu təsdiq etmədiyinə dair dəlilləri onun özünün əvvəlki yazılı mövqeyi ilə uzlaşmır.

47. Kollegiya ehsab edir ki, cavabdehin üzləşmə aktının hansı ilkin sənədlər əsasında tərtib edildiyinin, bütün hesablaşmaların nəzərə alınıb-alınmadığının və sonrakı ödənişlərin olub-olmamasının araşdırılmadığı barədə dəlilləri də iş üzrə müəyyən edilmiş halları dəyişmir. Çünki üzləşmə aktında göstərilən məbləğ ##.##.2025-ci il tarixli təhvil-qəbul aktı və ##.##.2025-ci il tarixli elektron qaimə-fakturada göstərilən mal və onun dəyəri ilə eynidir. Bundan əlavə, cavabdeh özü də sonrakı yazılı müraciətində mövcud borcun tam məbləğdə ödəniləcəyini bildirməklə həmin borcun mövcudluğunu təsdiq etmişdir.

48. Qeyd edilən sübutların hər biri ayrıca deyil, məcmu halında qiymətləndirildikdə, cavabdehin iddiaçı qarşısında 71.195,30 manat məbləğində borcunun yaranması və mövcudluğu barədə nəticə kifayət qədər əsaslıdır. Buna görə də cavabdehin üzləşmə aktının yalnız mühasibat xarakterli sənəd olması, hesablamanın düzgünlüyünün araşdırılmaması və borcun məbləğinin yalnız sənədlərin surətlərinə əsasən müəyyən edilməsi barədə dəlilləri iş materiallarında olan qarşılıqlı və bir-birini tamamlayan sübutların məcmusu ilə təkzib olunur.

49. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar