Məhkəmə qərarları › İş №e-2-2(3-7)-110/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-110/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-110/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Işin halları

1. Cavabdeh ##.##.2010-cu il tarixdə vergi orqanlarında qeydiyyata alınmış və ona ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir (EMS – məlumatı).

2. Iddiaçı cavabdeh Cavabdeh MMC-nin 20% paya malik təsisçilərindən biridir (ƏVBI-nin ##.##.2024-cü il tarixli məlumatı).

3. Iddiaçı ##.##.2026-cı il tarixdə pretenziya ilə cavabdehə müraciət edərək ümumi yığıncağın keçirilməsini və MMC-nin aktivlərinin 20 faiz hesablanaraq ona ödənilməsini xahiş etmiş, mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ümumi yığıncağın keçirilməsi, ##.##.2010-cu il tarixdən, “xxxx” MMC-nin bu günə qədər əldə etdiyi aktivlərinin (gəlirin) hesablanması və payların bölünməsi öhdəliyinin qoyulmasına dair qətnamə xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu Poylu kəndində (AZ5120) yerləşən ## #### 2010-cu il tarixdə yaradılmış Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) aktivlərinin (gəlirin) 20% hissəsinə malik təsisçilərindən biridir. Eyni zamanda qardaşı X3 Cavabdeh MMC-nin aktivlərinin (gəlirinin) 80% hissəsinə malikdir. Cavabdeh MMCnin dövlət qeydiyyatına alındığı (##.##.2010-cu il) tarixdən bu günə qədər aktivlərin ona məxsus olan 20% hissəsini əldə edə bilmir. Uzun illərdir onu aldadaraq heç bir gəlirin olmadığını bildirir. Bu səbəbdən qanunun tələblərinə riayət edərək, rəsmi formada, pritenziya qaydasında Cavabdeh MMC-yə məktub ünvanlayaraq, mübahisənin məhkəmədən kənar həllinə nail olmağa çalışsa da müsbət nəticə əldə olunmamışdır və o, hazırda iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh MMC-nin ##.##.2010-cu il tarixdən ##.##.2025-ci il tarixədək əldə etdiyi aktivlərinin (gəlirinin) hesablanması və paylara münasibətdə yəni İddiaçı 20% payına münasibətdə bölünməsi ilə bağlı 2010-2025-ci illər üzrə ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin vəkilə ödənilən 700 manat məbləğin və 100 manat məhkəmə xərcinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

9. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddianın qismən təmin edilməsi, 2010-2025-ci illər üzrə ümumi yığıncağın keçirilməsi öhdəliyi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, iddianın qalan hissəsi təmin edilməməsi, vəkil xidmət haqqı olaraq ödənilmiş 700 (yeddi yüz) manat pul və dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər.

11. Konstitusiya Məhkəməsinin Plenumunu qərarından görünür ki, mənfəətin hesablanması, bölüşdürülməsi, ödənilməsi ilə bağlı məsələlərdə şəxslərin bilavasitə, yəni birbaşa olaraq məhkəməyə müraciət etməsi yolverilməz sayılmışdır. Iş materiallarından görünür ki, iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh ona heç bir cavab verməmişdir. Buna görə də iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. ## ###### 2026-cı il tarixdə məhkəmə tərəfindən Cavabdeh MMC-yə 2010-2025-ci illər üzrə gəlirlərin hesablanması, bölüşdürülməsi ilə bağlı ümumi yığıncağın keçirilib-keçirilməməsi barədə məhkəməyə məlumat, keçirildiyi təqdirdə bu barədə sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı sorğu verilmiş, lakin sorğuya cavab verilməmişdir.

12. Məhkəmə iddia tələbinin Cavabdeh MMC-nin 2010-2025-ci illər üzrə əldə etdiyi mənfəətin (gəlirinin) hesablanması və bölünməsi öhdəliyinin qoyulması hissəsi ilə bağlı qeyd etmişdir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbindən göründüyü kimi mənfəətin bölüşdürülməsi məsələsinə cəmiyyətin ümumi yığıncağında baxılır. Cəmiyyətin səlahiyyətli orqanının qərarı olmadan mənfəətin bölüşdürülməsi həyata keçirilə bilməz. Göründüyü kimi hazırkı mübahisə üzrə mənfəətin bölüşdürülməsi məsələsinə cəmiyyətin ümumi yığıncağında baxılmalı məsələ olduğundan iddiaçı həmin öhdəliyin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia qaldırmışdır.

13. Belə ki, iddiaçıya məxsus aktivlərin hesablanması və hesablanmış aktivlərin ödənilməsi-bir sözlə, mənfəətin bölüşdürülməsi qanunvericiliyin və Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan Plenumunun qərarından da göründüyü kimi yalnız ümumi yığıncaqda müzakirə olunan bir məsələdir. Bu məsələ ilə bağlı ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması yolverilməzdir. Əgər ümumiyyətlə hər hansı maliyyə illəri üzrə ümumi yığıncaq keçirilməmişdirsə, məhkəmə həmin yığıncaqların keçirilməsi öhdəliyini cavabdehin üzərinə qoya bilər. Lakin həmin ümumi yığıncaqda hansı məsələlərin iclasın gündəliyinə daxil edilməsini müəyyən edə bilməz. Gündəliyə daxil edilən məsələlər ümumi yığıncağın iclasında müzakirə edilərək səs çoxluğu ilə həll edilməlidir.

14. Bundan başqa məhkəmə bildirmişdir ki, cavabdeh 2010-2025-ci illər üzrə ümumi yığıncaq keçirməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

15. Ona görə də məhkəmə hesab etmişdir ki, 2010-2025-ci illər üzrə ümumi yığıncağının keçirilməsi öhdəliyi cavabdeh Cavabdeh MMC-nin üzərinə qoyulmalı, həmin hissədə iddia tələbi təmin edilməli, qalan hissələrdə təmin edilməməlidir.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.1, 90-1.1, 90-1.2, 91.1, 91.1-1, 91.1-2, 91.1-3 və 91.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2017-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.

17. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin sözügedən qətnaməsində 2010-2025-ci illər üzrə ümumi yığıncaq keçirilməməsi qeyd edilərək, ona görə də 2010-2025-ci illər üzrə ümumi yığıncağının keçirilməsi öhdəliyi cavabdeh Cavabdeh MMCnin üzərinə qoyulmuşdur. Qeyd edilməlidir ki, 2010-2025-ci illər üzrə ümumi yığıncaq keçirilmiş və müvafiq sənədləşmə aparılmışdır. Lakin cəmiyyət heç bir gəlir əldə etmədiyi üçün dividendin bölgüsü həyata keçirilməmişdir. Həmçinin qeyd edir ki, cəmiyyətin fəaliyyət dövrü 2014-cü ildən başlamaqla səhmlərin 100 faizi iddiaçı İddiaçı məxsus olmuş və ümumi yığıncağın keçirilməsi öhdəliyi elə onun öz üzərində olmuş sonradan səhmlər 20 və 80 faiz olmaqla bölüşdürülmüşdür. Reyesterdən çıxarışı apellyasiya instansiyasında təqdim edəcəkdir. Bundan başqa məhkəmə haqlı olaraq qeyd edir ki, iddia tələbində qeyd olunan məsələlərin keçiriləcək ümumi yığıncağın gündəliyinə daxil edilməsi və müzakirə edilməsini təklif etmək iddiaçının hüququ olsa da, həmin məsələlərin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məhkəmə müstəvisində deyil, ümumi yığıncağın iclasında müzakirə edilərək səs çoxluğu ilə həll edilməlidir. Qeyd edildiyi formada ümumi yığıncağın iclasında müzakirələr keçirilərək gəlirin olmadığı müəyyən olunmuşdur. Divident əldə olunmadığı üçün isə bölgü də həyata keçrilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə oxşar izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

21. Iddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, MMC-ni o yaratmışdır. MMC bağçılıq işləri ilə məşğul olur və hektarlarla meyvə bağları salınmışdır. Bağların salınması üçün daha çox vəsait digər təsisçi olan qardaşı tərəfindən qoyulduğundan o, MMC-də olan payın 80 faizini qardaşına vermişdir. Lakin bu günə qədər qardaşı ona payına uyğun gəlirdən pay verməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

23. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

24. Maddə 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir.

25. Maddə 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər.

26. Maddə 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.

27. Maddə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.

28. Maddə 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.

29. Maddə 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabatmaliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır.

30. Maddə 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2017-ci il tarixli Qərarı

31. ... Mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. ...

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

44. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

47. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Iddianın təmin edilməyən hissəsi isə onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

49. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh ##.##.2010-cu il tarixdə vergi orqanlarında qeydiyyata alınmış və ona ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Iddiaçı cavabdeh Cavabdeh MMC-nin 20% paya malik təsisçilərindən biridir O, cavabdehə müraciət edərək ümumi yığıncağın keçirilməsini və MMC-nin aktivlərinin 20 faiz hesablanaraq ona ödənilməsini xahiş etmiş, mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.

52. Iddiaçının MMC-nin yarandığı tarixdən təsisçi olması işin mübahisəsiz halıdır.

53. Cavabdeh tərəfindən işin mübahisələndirilən halı və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, 2010-2025-ci illər üzrə ümumi yığıncaq keçirilmiş və müvafiq sənədləşmə aparılmışdır. Lakin cəmiyyət heç bir gəlir əldə etmədiyi üçün dividendin bölgüsü həyata keçirilməmişdir. Həmçinin cəmiyyətin fəaliyyət dövrü 2014-cü ildən başlamaqla səhmlərin 100 faizi iddiaçı İddiaçı məxsus olmuş və ümumi yığıncağın keçirilməsi öhdəliyi elə onun öz üzərində olmuş sonradan səhmlər 20 və 80 faiz olmaqla bölüşdürülmüşdür.

54. Məhkəmə qeyd edir ki, cavabdeh hüquqi şəxs olaraq Məhdud Məsuliyyətli Cəmiyyət olduğundan birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə MM-in məhdud məsuliyyətli cəmiyyətə aid normalarını tətbiq etməkdə haqlı olmuşdur.

55. Mülki Məcəllənin 91.1-2 və 91.1-3-cü maddələrinə əsasən, ümumi yığıncağın çağırılması – cəmiyyətin icra orqanının funksiyasıdır, lakin növbədənkənar yığıncağın çağırılması tələb şəklində iştirakçılar tərəfindən irəli sürülə bilər.

56. Bu baxımdan, məhkəmə yalnız icra orqanının qanuni vəzifəsini yerinə yetirmədiyi halda hərəkətsizliyi aradan qaldırmaq və iştirakçının hüququnu təmin etmək məqsədilə yığıncağın çağırılmasına dair müvafiq qərar qəbul edə bilər.

57. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır ki, işin mübahisəsiz halıdır ki, iddiaçı cavabdeh MMC-də 20 faiz pay haqqına malikdir.

58. Belə olan iddiaçının növbədənkənar ümumi yığıncağın keçirilməsini tələb etmək hüququ vardır.

59. Cavabdeh 2010-2025-ci illər üzrə ümumi yığıncağın keçirildiyini və müvafiq sənədləşmənin aparıldığını, lakin cəmiyyətin heç bir gəlir əldə etmədiyi üçün dividend bölgüsünün aparılmadığını iddia etsə də qeyd edilən illər üzrə ümumi yığıncağın keçirilməsini təsdiq edən sübutları birinci və apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.

60. Halbu ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir ki, iddiaçı ümumiyyətlə iddia etdiklərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, qiymət verilən hissədə apellyasiya şikayətinin dəlilləri isə yalnız cavabdeh tərəfin ifadələrindən ibarətdir.

61. Bundan başqa cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, cəmiyyətin fəaliyyət dövrü 2014-cü ildən başlamaqla səhmlərin 100 faizi iddiaçı İddiaçı məxsus olmuş və ümumi yığıncağın keçirilməsi öhdəliyi elə onun öz üzərində olmuş sonradan səhmlər 20 və 80 faiz olmaqla bölüşdürülmüşdür.

62. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh ##.##.2010-cu il tarixdə vergi orqanlarında qeydiyyata alınmış və ona ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir.

63. Cəmiyyətin hər hansı bir dövrdə təsisçisinin başqa şəxs olması cəmiyyəti ümumi yığıncağın keçirilməsi vəzifəsindən azad etmir. Cəmiyyət bütün fəaliyyəti dövründə gəlir və xərclərinin müəyyən edilməsi ilə bağlı sənədləşmə işlərini aparmalı və cəmiyyətin fəaliyyəti onu idarə edən şəxslər tərəfindən qanunvericiliyin tələblərinə uyğunlaşdırılmalıdır.

64. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən irəli sürülmüş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmadığı qənaətinə gəlir.

65. Məhkmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

66. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar