Məhkəmə qərarları › İş №e-2-2(3-7)-134/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-134/2026

21.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-134/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Qurbanov Fərman Corux oğluna qarşı iş üzrə Açar sözlər: lizinq müqaviləsi üzrə borcun qaytarılması Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi) və Məcidov Rüfət Azadəli oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Cavabdeh Qurbanov Fərman Corux oğlunun iştirakı ilə, Işin halları

1. “xxxx” ASC ilə cavabdeh Qurbanov Fərman Corux oğlu arasında bağlanmış ## ###### 2015-ci il tarixli, ***-GL/** nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 12125 manat olan və spesifikasiyada göstərilən (Əlavə № *) kənd təsərrüfatı texnikallarının ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalan dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikaların qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.

2. “xxxx” ASC ilə cavabdeh Qurbanov Fərman Corux oğlu arasında bağlanmış ## ######## 2017-ci il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 37700 manat olan və spesifikasiyada göstərilən (1 ədəd Toxumtəmizləyən özü yeriyən MC 4,5) kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikaların dəyərindən Spesifikasiyada göstərilən 11310 manat məbləğində əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.

3. ## ###### 2017-ci il tarixli *** nömrəli təhvil-qəbul aktından görünür ki, “xxxx” MMC-yə məxsus 1 ədəd 37700 manat olan 1 ədəd Toxumtəmizləyən özü yeriyən MC 4,5 Qurbanov Fərman Corux oğluna təhvil verilmişdir.

4. ## ######## 2017-ci il tarixli təhvil aktından görünür ki, “xxxx” MMC-yə məxsus 1 ədəd Toxumtəmizləyən özü yeriyən MC 4,5 Qurbanov Fərman Corux oğluna təhvil verilmişdir.

5. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə keçmişdir.

6. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Qurbanov Fərman Corux oğlunun ## ###### 2015-ci il tarixli, ***-GL/** nömrəli lizinq müqaviləsi üzrə 2333 manat gecikdirilmiş əsas borcu və 5124,10 manat cərimə borcu vardır. Müqavilə barədə məlumat: müqavilə məbləği 12125 manat, ödənilib 9792 manat.

7. ##.##.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Qurbanov Fərman Corux oğlunun ## ######## 2017-ci il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsi üzrə 9567 manat gecikdirilmiş əsas borcu və 10680,98 manat cərimə borcu vardır. Müqavilə barədə məlumat: müqavilə məbləği 37700 manat, ödənilib 13053 manat.

8. Pretenziya məktubundan görünür ki, cavabdehdən borcun qısa zaman ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdeh Qurbanov Fərman Corux oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC (sonradan “xxxx”) ilə Qurbanov Fərman Corux oğlu arasında bağlanmış ##.##.2015-ci il tarixli ***-GL/** nömrəli və ##.##.2017-ci il tarixli ****-L/** nömrəli müqavilələrin ləğv edilməsi, cavabdeh Qurbanov Fərman Corux oğlundan iddiaçı İddiaçı xeyrinə ##.##.2015-ci il tarixli ***-GL/** nömrəli müqavilə üzrə 2333 manat qalıq borc, 5124,10 manat hesablanmış cərimə olmaqla, cəmi 7457,10 manat və ##.##.2017-ci il tarixli ****-L/** nömrəli müqavilə üzrə 9567 manat qalıq borc, 10680,98 manat hesablanmış cərimə olmaqla cəmi 20247,98 manat borcun, hüquqi yardım üçün ödənilmiş 576,28 manat xərcin, ümumilikdə isə 28281,36 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC (sonradan “xxxx”) ilə Qurbanov Fərman Corux oğlu arasında ##.##.2015-ci il tarixli ***-GL/** nömrəli və ##.##.2017-ci il tarixli ****-L/** nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən “xxxx” ASC tərəfindən kənd təsərrüfatı texnikaları lizinq alan Qurbanov Fərman Corux oğluna lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə cavabdeh Qurbanov Fərman Corux oğlunun ##.##.2015-ci il tarixli ***-GL/** nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixinə 2333 manat qalıq borc, 5124,10 manat hesablanmış cərimə olmaqla cəmi 7457,10 manat və ##.##.2017-ci il tarixli ****-L/** nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixinə 9567 manat qalıq borc, 10680,98 manat hesablanmış cərimə olmaqla cəmi 20247,98 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

11. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddia qismən təmin edilərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Qurbanov Fərman Corux oğlu arasında bağlanmış ## ###### 2015-ci il tarixli, ***- GL/** nömrəli və ## ######## 2017-ci il tarixli, ****-L/** nömrəli müqavilələrə xitam verilmiş hesab edilməsi; ## ###### 2015-ci il tarixli, ***-GL/** nömrəli müqavilə üzrə 2333 manat əsas, 116,65 manat cərimə borcu olaqla, cəmi 2449,65 (iki min dörd yüz qırx doqquz manat altmış beş qəpik) manat, ## ######## 2017-ci il tarixli, ****-L/** nömrəli müqavilə üzrə 9567 manat əsas, 478,35 manat cərimə borcu olaqla, cəmi 10045,35 (on min qırx beş manat otuz beş qəpik) manat olmaqla, ümumilikdə 12495 (on iki min dörd yüz doxsan beş) manat pulun cavabdeh Qurbanov Fərman Corux oğlundan tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə ödənilməsi; Hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat pulun cavabdeh Qurbanov Fərman Corux oğlundan tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə ödənilməsi; Iddianın qalan hissədə rədd edilməsi; Dövlət rüsumunun əvəzi olaraq 127,48 (bir yüz iyirmi yeddi manat qırx səkkiz qəpik) manat məbləğində pulun cavabdeh Qurbanov Fərman Corux oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1, 465.2, 467, 747.1, 747-5, 747- 5.2, 748-1.12, 748-1.12.4, 748-10.1 və 748-10.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 119.1, 119.2, 121.1, 216-220, 222, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Qurbanov Fərman Corux oğlu qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh Qurbanov Fərman Corux oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, müqavilənin şərtinə uyğun olaraq ilkin ödəniş edilmiş və hər ay vaxtlı-vaxtında da qrafik üzrə ödəniş edilmişdir. Bundan əlavə, məhkəmə iclasları barədə məlumatı olmayıb. məhkəmə onun iştirakı olmadan qətnamə çıxarıb.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında cavabdeh Qurbanov Fərman Corux oğlu apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı təşkilatla aralarında müqavilə bağlanmışdır. Lakin, borcla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Goranboy rayonunda yerləşən firmada pulunu ödəyərək, toxum təmizləyən texnika almışdır. Ödənişlə bağlı ona sənəd ya qəbz verilməyib. Sədrlik edənin suallarına cavab olaraq Fərman Qurbanov bildirmişdir ki, toxum təmizləyən texnikanı 2017-ci ildə almışdır. Ödənişlərlə bağlı qəbz ya digər sənəd təqdim edə bilmir. Lizinqlə aldığı avadanlıq buğda və arpa toxumu təmizləyir. Cavabdeh Qurbanov Fərman Corux oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

21. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

23. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

24. Maddə 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

25. Maddə 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.

26. Maddə 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.

27. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

28. Maddə 748-11.1 və 748-11.1.2. Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

39. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.

40. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

41. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı lizinq verən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Bununla belə, cavabdeh vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin nəzərə almaq lazımdır ki, iddia qismən təmin edilmiş və iddiaçı tərəfindən tələbin təmin edilməyən hissəsi mübahisələndirilməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinə əsasən iddianın təmin edilməmiş hissəsi yoxlanıla bilməz. Bununla belə, apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qətnaməni yalnız lizinq müqavilələri üzrə borc məbləğlərinə dair hissədə mübahisələndirmişdir. Belə olan təqdirdə, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

42. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.

43. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “xxxx” ASC ilə Qurbanov Fərman Corux oğlu arasında ## ###### 2015-ci il tarixli, ***-GL/** nömrəli lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən lizinq verən ümumi məbləği 12125 manat olan və spesifikasiyada göstərilən (Əlavə № *) kənd təsərrüfatı texnikallarının ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalan dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikaların qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında ## ######## 2017-ci il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə görə isə, lizinq verən ümumi məbləği 37700 manat olan və spesifikasiyada göstərilən (1 ədəd Toxumtəmizləyən özü yeriyən MC 4,5) kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikaların dəyərindən Spesifikasiyada göstərilən 11310 manat məbləğində əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq verən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək lizinq obyektini lizinq alanın sahiblik və istifadəsinə vermişdir. Buna baxmayaraq, lizinq alan lizinq müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq alana borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də lizinq verən borcun ödənilməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

46. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası olan lizinq müqavilələri dayanır. Məhz iddiaçı lizinq verən həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehdən əsas və cərimə borcu tələb edir və bunu onunla əsaslandırır ki, lizinq müqavilələri üzrə öhdəliklər lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməmişdir. Lizinq alan cavabdeh də müqavilələr üzrə öhdəliyin lizinq alan tərəfindən icra edilməməsini inkar etməyərək, sadəcə etdiyi ödənişlərin nəzərə alınmamasını mübahisələndirmişdir.

47. Halbuki, işin hallarından göründüyü kimi, lizinq alan lizinq müqavilələri üzə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə isə, lizinq verənin müqavilələrin ləğv edilməsi və lizinq ödənişlərinin ödənilməsi barədə qanuni və əsaslı tələb hüququ yaranmışdır. Belə ki, müqavilələr üzrə öhdəliklərin icra edilməməsi nəticəsində lizinq verənə ## ###### 2015-ci il tarixli, ***-GL/** nömrəli lizinq müqaviləsi üzrə 2333 manat əsas, 5124,10 manat cərimə; ## ######## 2017-ci il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsi üzrə 9567 manat əsas, 10680,98 manat cərimə borcu yaranmışdır.

48. Borcun düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Belə ki, müqavilədən irəli gələn pul öhdəliyini icra etdiyini, yəni pul məbləğini ödədiyini (pozitiv halı) iddia edən tərəf bunu sübut etməyə borcludur. Çünki, müqavilə üzrə alacağı olan kreditor, borclunun pulu ödəmədiyini (neqativ halı) sübuta yetirməyə məcbur edilə bilməz. Tələb edilən pul vəsaitinin ödənildiyini sübuta yetirmək yükü isə borclunun üzərinə düşür.

49. Qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

50. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh F.Qurbanov apellyasiya şikayətinin dəlillərində - müqavilələr üzrə hər ar vaxtlı-vaxtında ödənişlər etdiyini göstərmiş olsa da, lakin bu barədə məhkəməyə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim etməmişdir.

51. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissədə də iddia tam əsaslıdır.

52. Belə ki, həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir.

53. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2-ci bəndində qeyd edilmişdir ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər.

54. Işin hallarını nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı lizinq müqaviləsinə əsasən dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda, məhkəmə tərəfindən müqavilələr üzrə müəyyən edilmiş dəbbə pulu məbləğləri işin hallarına görə tənasübsüz dərəcədə yüksək deyildir.

55. Işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması barədə apellyatorun dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır; belə ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə MPM-nin 11-ci fəslində müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş, nə də ki, iddiaya dair hər hansı vəsatət və ya etiraz dəlilləri irəli sürməmişdir.

56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Işə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Qurbanov Fərman Corux oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar