Məhkəmə qərarları › İş №e-2-2(3-7)-76/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-76/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-76/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, cavabdeh Cavabdeh və nümayəndəsi (vəkili) İskəndərov Fuad İnqlab oğlunun iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra –iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Cavabdeh ilə iddiaçı (əvvəlki adı “xxxx” MMC) arasında ##.##.2022-ci il tarixli, ** nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu müqavilə əsasında satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə alıcının fəaliyyət növü ticarətdir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə Əlavədə müəyyən olunur. 3.2-ci bəndinə əsasən, satıcı istisna hallarda alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışı həyata keçirə bilər. 3.3-cü bəndinə əsasən, bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 4.4-cü bəndinə əsasən, alıcı daşınmaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir.

2. İdiaçı ilə cavabdeh aralarında bağlanmış ##.##.2022-ci il tarixli ** nömrəli müqaviləyə əsasən ##.##.2022-##.##.2025-ci tarixlər aralığında olan əməliyyatlar nəticəsində iddiaçıya 19017,71 manat borcun olmasının təsdiqinə dair üzləşmə aktı tərtib etmişlər.

3. Üzləşmə aktı hər iki tərəfdən imzalanmış, cavabdeh üzləşmə aktını “maşına danışıqdan 2000 m aşağı qeyd olunub” qeydi əlavə etməklə imzalamışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 26920,99 manat əsas borcun, 11549,10 manat cərimənin, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 1582 manat faiz borcunun, cəmi 40052,09 manat pulun və ödənilmiş 210 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə İddiaçı MMC arasında ##.##.2022-ci il tarixli, ** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci maddəsinin şərtinə görə bu müqavilə əsasında satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və s. xidmət növünü “alıcıya” satır. “Alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə “Alıcının” fəaliyyət növü tikintidir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti “Satıcı” və “Alıcı” ilə razılaşdırılmış formada Müqaviləyə Əlavədə müəyyən olunur. “Satıcı” ##.##.2024-cü il tarixdək üzərinə düşən öhdəlikləri yerinə yetirərək “Alıcı”ya sement satmış və xidmətlər göstərmişdir. “Alıcı” isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə iddiaçı “xxxx” MMCyə ödəməli olan 26920,99 manat pulu ödəməmişdir. Məhz, buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. İddiaçı hesab edir ki, iddia tələbində göstərilən əsas borcla yanaşı cavabdeh ona vurmuş olduğu ziyanı (əldən çıxmış fayda) və hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1 % qədər cərimə də ödəməlidir. Müqavilənin 6.1.1-ci və 6.1.3-cü şərtlərinə görə satılmış malı vaxtlı-vaxtında “Alıcı” tərəfindən qəbul edilməsini və razılaşdırılmış alış qiymətinin ödənilməsini tələb etmək, Bu Müqavilə ilə nəzərdə tutulmuş ödəniş şərtlərinin əməl olunmadığı halda, hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək və alınan malın dəyəri Alıcı tərəfindən ödənilmədiyi təqdirdə “Satıcı” yaranmış borc məbləğinin qaytarılması məqsədi ilə üçüncü tərəfə müraciət etmək və alıcıdan borc məbləğindən əlavə olaraq üçüncü tərəfin xidmətlərinin dəyərini ödəməyi tələb etmək satıcının hüquqlarından biridir.

6. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 19017,71 manat əsas borcun, 2000 manat cərimənin, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 677,34 manat faiz borcunun, cəmi 21695,05 pulun və ödənilmiş 158,08 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı ilə 2014-cü ildən birlikdə işləyirlər. Qarşı tərəfin iddiasına görə guya borc 2 ildə yaranıbdır. Elektron qaimə-fakturalar təqdim edilsə də əmtəə nəqliyyat qaimələri təqdim edilməyib. Üzləşmə aktı onun tərəfindən imzlanmışdır. Lakin üzləşmə aktına imza etsə belə orada qeyd olunanlara nəzər yetirməmişdir. Yalnız yük avtomobilinin qiyməti razılaşdıqları qiymətdən 2000 manat aşağı olduğundan qeyd kimi onu yazmışdır. Eyni zamanda üzləşmə aktında olan 8 elektron qaimə-faktura üzrə qeyd olunan mallar ona təhvil verilməmişdir. Borcu qəbul etmir, bütün sənədlərə mühafizəçi imza çəkmişdir. Sənədi ona verəndə başı qarışıq olmuşdur. Lakin o yalnız avtomobillə bağlı sənədə imza atmışdır. Bundan başqa maşının sənədi var idi. X1 adına idi. Üzləşmə aktında olan malların bir hissəsi verilib, bir hissəsi isə verilməyib.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, cavabdehlə uzun müddət birlikdə işləmiş. 26 000 manata qədər borcu var idi. Maşını o, aparmışdır. Maşının sənədləri yox idi və qiymətini 8000 manat hesablamışdılar. Maşının hal-hazırda harada olduğunu bilmir.

10. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Ramiq Qələndərzadə) ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 19017,71 manat əsas borc, 100 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 677,34 manat faiz borcu olmaqla, cəmi 19795,05 manat pul və ödənilmiş 149,39 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş 60,61 manat dövlət rüsumunun iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 8 elektron qaimə fakturada qeyd olunan malların ona təhvil verilmədiyini bildirsə də, iş materiallarında olan əmtəə nəqliyyat qaimələrindən və üzləşmə aktından da görünür ki, həmin mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilməmişdir. Cavabdeh həmin üzləşmə aktını oxumadan imza etdiyini bildirsə də, məhkəmə bunu inandırıcı hesab etmir. Belə ki, hətta cavabdeh həmin üzləşmə aktına imza etməklə bərabər, eyni zamanda həmin üzləşmə aktına borc müqabilində iddiaçıya verdiyi yük avtomobilinin dəyərinin 2000 manat aşağı yazılması barədə qeyd yazmışdır. Bu hal da cavabdehin üzləşmə aktının məzmunu ilə tanış olması və orada qeyd olunan borcun ona məlum olmasına əsas verir. Cavabdeh əmtəə nəqliyyat qaimələrində olan imzaların ona məxsus olmadığını bildirsə də, məhkəmə bununla bağlı da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh öz izahatlarında malların mühafizəçi tərəfindən də təhvil alındığını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdehin mübahisələndirdiyi əmtəə nəqliyyat qaimələrinə nəzər saldıqda hətta həmin qaimələrdən biri cavabdehin özü tərəfindən təhvil alınaraq imzalanmışdır. Digər əmtəə nəqliyyat qaimələrinə münasibətdə isə məhkəmə bildirir ki, cavabdeh həmin malları təhvil almadığını sübuta yetirə bilməmişdir.

12. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 19017,71 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı, əmtəə nəqliyyat qaimələri və elektron qaimə-fakturalarla öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 19017,71 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Elektron-qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd etmişdir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan üzləşmə aktı və əmtəə nəqliyyat qaimələri ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur.

14. Həmçinin, məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab etmişdir.

15. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 677,34 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslıdır.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.2, 445.7, 448.1, 448.2, 460.1, 462.1, 467, 567.1 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

17. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, bununla da adı çəkilən adı çəkilən prossesual hüquq normalarını pozmuşdur. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi əsasən tərəflərin arasında bağlanan üzləşmə aktını əsas götürmüşdür. Hesab edir ki, yalnız həmin akta əsaslanıb iddianı təmin etmək düzgün deyil. Əvvala akta nəzər yetirilsə görülər ki, cavabdeh həmin aktı imzalamamışdır. O yalnız aktda təhvil verdiyi “Kamaz” markalı avtomobilin qiyməti ilə bağlı qeyd etmiş və həmin qeydi təsdiq etmişdir. Bundan başqa aktla bərabər digər sənədlərdə məhkəmə tərərfindən araşdırılmalı idi. Belə ki, mallar təhvil verilərkən iddiaçının nümayəndəsi malları qaimə faktura ilə təhvil verirdi və həmin qaimələr 3 nüsxədə olurdu. Qaimənin ikisinə cavabdeh malların qəbul etməsi ilə bağlı imza atırdı və həmin nüxsələr cavabdehdə qalırdı. Lakin, həmin qaimələr iddiaçının nümayəndəsindən tələb edilsə də, iddiaçı onları məhkəməyə təqdim etməmişdir. Cavabdeh sonradan məhkəmədə üzləşmə aktını diqqətlə oxuyarkən cavabdehin siyahıda göstərilən lakin təhvil alınmayan sementin qiyməti 22248 manat edir. Bunu dəqiqləşdirmək üçün təhvil-təslim aktı sayılan yol nəqliyyat qaimələrinin əsli yuxarıda qeyd edildiyi kimi tələb edilmişdi. Həmin qaimələrin arxasında həm cavabdehin aldığı malların təhvil alınması barədə məlumat var, həm də imzalar. Bu səbəbdən də cavabdeh iş üzrə məhkəmə əmtəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də məhkəmə bunu etməmişdir. Bundan başqa cavabdehin verdiyi “Kamaz” markalı avtomaşının qiyməti sənədlə 12000 manat. sənədsiz isə 10000 manat olmuşdur. İddiaçı isə avtomobilin qiymətini 7800 manata qiymətləndirmişdir. Cavabdeh birinci instansiya məhkəməsində avtomaşını belə olan halda ona qaytarılmasına etiraz etməməsini qeyd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərdi ki, iddiaçı ilə 2014-cü ildən birlikdə işləyirlər. Qarşı tərəfin iddiasına görə guya borc 2 ildə yaranıb. Sonuncu dəfə ona mal 2024-cü ildə təhvil verilmişdir. Onun borcu yoxdur. Üzləşmə aktından göstərilənləri oxumamışdır və onun o məbləğdə borcu yoxdur. Elə bilmişdir ki, akt maşınla bağlıdır. O, maşınla bağlı məhkəmədə iddia qaldıracaqdır. Maşını apardıqdan sonra elə bilmişdir ki, borc bağlanmışdır.

21. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

22. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, cavabdehlə əvvəllərdə aralarında nisiyə alğı-satqılar olmuşdur. Cavabdeh həmişə borcunu yeni mal alan zaman əvvəlki borcunu qismən və ya tam olaraq ödəyirdi. Lakin, hazırki borcunu ödəməmişdir. Borcun məbləği isə üzləşmə aktında qeyd edilmişdir. Həmçinin, avtomobilin qiymətini şifahi olaraq razılaşmışlar. Cavabdeh avtomobilin qiymətini 10.000 manat olaraq dəyərləndirmişdir. Lakin, avtomobilin qiyməti barədə razılıq o məbləğdə olmamışdır. Bundan əlavə, cavabdeh verdiyi qarşılıqlı iddia ərizəsində borcunun olduğunu və borcun məbləğini etiraf etmişdir. Pulun qaytarılmama səbəbi kimi isə avtomobilə görə icarə haqqının ödənilməməsini qeyd etmişdir. Məhkəmə iclaslarında cavabdeh dəfələrlə borcunun olduğunu etriaf etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

34. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməyən hissəsi onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

49. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

50. Lakin apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – cavabdeh Cavabdeh 19017,71 manat əsas borc, 100 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 677,34 manat faiz borcu olmaqla, cəmi 19795,05 manat pul və ödənilmiş 149,39 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilməli, cavabdeh Cavabdeh 17.017,71 manat, 100 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 677,34 manat faiz borcu olmaqla, cəmi 17.795,05 (on yeddi min yeddi yüz doxsan beş manat beş qəpik) manat pul və və ödənilmiş 149,39 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

51. Belə ki, işin halları ondan ibarətdir ki, cavabdeh ilə iddiaçı (əvvəlki adı “xxxx” MMC) arasında ##.##.2022-ci il tarixli, ** nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci maddəsinin şərtinə görə bu müqavilə əsasında satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə alıcının fəaliyyət növü ticarətdir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə Əlavədə müəyyən olunur. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcı istisna hallarda alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışı həyata keçirə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən alıcı daşınmaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir.

52. Məhkəmənin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

53. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

54. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.

56. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

57. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

59. Mübahisənin predmeti cavabdehin ##.##.2022-ci il tarixli, ** nömrəli alğı-satqı müqaviləsi üzrə yaranmış pul öhdəliyinin icra edilməməsi ilə bağlıdır ki, tərəflər arsında bağlanmış müqavilə etibarsız olmamış və tərəflərin həqiqi niyyətlərini əks etdirməklə həqiqi hüquqi nəticələr yaratmışdır.

60. Apellyasiya instansiyası məhkəməsi cavabdehin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı verdiyi izahatları qarşılıqlı müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, onun mövqeyi ardıcıl, sabit və bir-birini tamamlayan izahatlarla deyil, bir-birini təkzib edən ziddiyyətli mülahizələrlə müşayiət olunmuşdur.

61. Belə ki, cavabdeh bir tərəfdən iddiaçı ilə aralarında tərtib edilmiş üzləşmə aktını oxumadan imzaladığını bildirir, digər tərəfdən həmin aktın üzərində borc müqabilində iddiaçıya verdiyi yük avtomobilinin qiymətinin 2000 manat aşağı yazılması barədə öz xətti ilə xüsusi qeyd apardığını etiraf edir.

62. Məhkəmə hesab edir ki, üzləşmə aktında əks olunmuş rəqəmlərə və hesabatlara dair bu cür spesifik və maddi xarakterli etiraz qeydinin cavabdeh tərəfindən sənədə daxil edilməsi, onun sözügedən aktın məzmunu və orada göstərilən borcun ümumi məbləği ilə tam şəkildə tanış olmasını, habelə borcun mövcudluğunu faktiki olaraq qəbul etməsini sübut edir. Bu hal cavabdehin üzləşmə aktının məzmunu ilə tanış olmadığını bildirməsi ilə ziddiyyət təşkil edir. Çünki, sənədin məzmunu ilə tanış olmayan şəxsin həmin sənəd üzərində konkret məbləğlə bağlı qeyd aparması həyatın işgüzar münasibətlərin məntiqinə uyğun hesab edilə bilməz və ağlabatan deyildir.

63. Üzləşmə aktı bir necə sətirdən ibarət deyildir və iki səhifədən ibarət üzləşmə aktında üç illik dövriyyə göstərilmişdir ki, cavabdehin iki səhifəlik üzləşmə aktını oxumaması məntiqi görünmür.

64. Bundan başqa nəqliyyat vasitəsi ilə bağlı aktda qeyd aktın ən sonunda qeyd edilmişdir ki, cavabdehin sonuncu yazılmış avtomobilin qiymətini görməsi və digər yazılanları görməməsi də mümkün deyildir.

65. Eyni zamanda cavabdeh müxtəlif mərhələlərdə verdiyi izahatlarda bir halda malların ümumiyyətlə ona təhvil verilmədiyini bildirmiş, digər halda isə üzləşmə aktında qeyd olunan malların “bir hissəsinin verildiyini, bir hissəsinin isə verilmədiyini” göstərmişdir. Bu isə cavabdehin ilkin olaraq borcun və mal dövriyyəsinin mövcudluğunu qismən etiraf etməsi, sonradan isə tam inkar etməsi yönümündə izahat verməsi arasında aşkar ziddiyyətin mövcud olduğunu göstərir.

66. Bundan başqa, cavabdeh bəzi sənədlərdəki imzaların ona məxsus olmadığını bildirsə də, eyni zamanda malların obyektin mühafizəçisi tərəfindən qəbul edildiyini etiraf etmişdir. Bu isə faktiki olaraq müqavilə münasibətləri çərçivəsində malların qəbul edilməsinin baş verdiyini dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirilməlidir. Çünki, cavabdeh malların qəbul edilmədiyini deyil, qəbul edən şəxsin özü olmadığını bildirməklə müdafiə mövqeyini dəyişmişdir.

67. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh bir tərəfdən borc münasibətini ümumilikdə inkar etsə də, digər tərəfdən tərəflər arasında borcun əvəzləşdirilməsi məqsədilə yük avtomobilinin verilməsi faktını təsdiq etmişdir. Halbuki, borc münasibəti mövcud olmadığı halda hər hansı əmlakın borc müqabilində qarşı tərəfə verilməsi iqtisadi və hüquqi baxımdan məntiqli hesab edilə bilməz.

68. Digər tərəfdən, cavabdehin malların bir hissəsinin (8 elektron qaimə-faktura üzrə) ona təhvil verilməməsi, sənədlərə mühafizəçinin imza etməsi və həmin vaxt “başının qarışıq olması” barədə dəlillərinə əsaslanan müdafiə xətti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə cavab vermir.

69. Qeyd olunan prosessual normaya əsasən, hər bir tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur, lakin cavabdeh tərəfindən malların qəbul edilməməsini təsdiq edən heç bir mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin öz izahatlarında həm borcun mövcudluğunu (avtomobilin hesaba alınması və ya qarşılıqlı iddia ərizəsində (iş materialları – 112 səh) göstərdiyi icarə pulunun verilmədiyi üçün hazırki borcun qaytarılmamaması kontekstində) dolayısı ilə etiraf etməsi, həm də eyni vaxtda borcu tamamilə rədd etməsi onun nümayiş etdirdiyi müdafiə mövqeyinin özünü doğrultmaq və mülki-hüquq öhdəliyindən yayınmaq məqsədi daşıdığını göstərir.

70. Bu səbəbdən, cavabdehin daxilən ziddiyyətli olan və digər yazılı sübutlarla, o cümlədən üzləşmə aktı ilə təkzib edilən şifahi izahatları məhkəmə tərəfindən iddia tələbinin əsas borca dair tamamilə rədd edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz.

71. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsas borc məbləği tam həcmdə deyil, qismən dəyişdirilməklə tutulmalıdır.

72. Belə ki, iş materiallarında olan üzləşmə aktından və tərəflərin izahatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya borc münasibətləri çərçivəsində “Kamaz” markalı yük avtomobili verilmişdir. Həm cavabdeh, həm də iddiaçının nümayəndəsi həmin avtomobilin iddiaçıya təqdim olunması faktını inkar etməmiş, mübahisə yalnız avtomobilin dəyərinin hansı məbləğdə nəzərə alınmalı olması ilə bağlı olmuşdur.

73. İddiaçının nümayəndəsi məhkəmə iclasında avtomobilin tərəflər arasında şifahi razılaşma əsasında qəbul edildiyini təsdiq etmiş, cavabdeh isə avtomobilin faktiki bazar dəyərinin daha yüksək olduğunu bildirmişdir. Cavabdeh tərəfindən verilmiş izahatlarda avtomobilin sənədli halda 12.000 manat, sənədsiz halda isə 10.000 manat dəyərində olduğu göstərilsə də, iddiaçı həmin avtomobilin borcun əvəzləşdirilməsi məqsədilə daha aşağı məbləğdə qəbul edildiyini bildirmişdir.

74. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən təqdim olunmuş avtomobilin borc münasibətləri çərçivəsində iddiaçı tərəfindən qəbul edilməsi faktı tərəflər arasında mübahisələndirilməmişdir. Eyni zamanda üzləşmə aktında cavabdeh tərəfindən avtomobilin qiymətinin 2.000 manat az göstərilməsi barədə qeyd aparılması da həmin avtomobilin borcun müəyyən hissəsinin əvəzləşdirilməsi məqsədilə təqdim edildiyini təsdiq edir ki, cavabdehin üzləşmə aktında olan qeydinə iddiaçının adekvat münasibət bildirməməsi cavabdehin avtomobilin qiyməti ilə bağlı arqumentlərini gücləndirir.

75. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun məbləğini müəyyən edərkən tərəflər arasında avtomobilin dəyəri ilə bağlı yaranmış razılaşma elementlərini və cavabdehin həmin xüsusda irəli sürdüyü etirazları tam həcmdə nəzərə almamışdır.

76. Mülki Məcəllənin 425.1-ci maddəsinə mülki dövriyyə iştirakçılarının öz hüquq və vəzifələrini vicdanlılıq prinsiplərinə uyğun həyata keçirməli olduqları təsbit edilmişdir. Tərəflər arasında faktiki olaraq natural formada (yük avtomobili verməklə) icra edilmiş öhdəliyin dəyərinin tərəflərin ilkin şifahi razılığına və bazar konseptinə zidd olaraq iddiaçı tərəfindən birtərəfli qaydada azaldılması mülki hüququn ekvivalentlik (bərabərlik) və vicdanlılıq prinsipləri ilə ziddiyyət təşkil edir. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən borcun əvəzi kimi təqdim olunmuş nəqliyyat vasitəsinin dəyərinin hesabatda 2000 manat əskik göstərilməsi birbaşa əsas borcun ümumi qalığına təsir göstərmiş, cavabdeh bununla bağlı üzləşmə aktına qeyd əlavə etmiş, lakin iddiaçı buna dair adekvat (üzləşməyə əlavə qeyd və ya əlavə razılaşma və s.) hərəkət etməmişdir.

77. Bundan başqa cərimə borcu tələbinin əsaslılığı ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında müqavilənin bağlandığı zaman qüvvədə olan Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

78. Tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış müqavilənin 3.1-ci bəndində satılmış və dəyəri ödənilməmiş malların dəyərinə günlük bir faizin ödənilməsi ilə bağlı razılaşma mövcuddur.

79. Belə olan halda iddiaçının cərimə borcunun ödənilməsi tələbi tərəflərin razılaşmasına dayanır ki, cavabdehin ödənilməmiş borcunun mövcudluğu məhkəmə araşdırması zamanı öz əksini tapmışdır.

80. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

81. Birinci instansiyası məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinadən cərimə borcunu azltmış və cavabdehdən 100 manat cərimə borcu tutmuşdur ki, tutulmuş məbləğ əsas borca münasibətdə tənasübsüz surətdə yüksək deyildir. İddiaçı tərəfindən cərimə borcu ilə bağlı apellyasiya şikayəti verilmədiyindən apellyatorun ziyanına cərimə borcunun tənasüblüyünə hüquqi qiymətin verilməsi də mümkün deyildir.

82. Bundan başqa ##.##.2022-ci il tarixdə qüvvədə olan Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

83. Müqavilənin 11.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və ##.##.2022-ci il tarixədək qüvvədədir. 11.2-ci bəndinə əsasən, bu müqavilənin əsas müddəti bitdikdə tərəflər arasında əlavə və dəyişiklik olmadığı halda müqavilənin müddəti hər il avtomatik olaraq 1 il müddətinə uzadılır. Tərəflərin imzaladığı üzləşmə aktı ilə müəyyən edilmişdir ki, tərəflər arasında alğısatqıya

84. dair münasibətlər ##.##.2022-ci il tarixdə başlamış və ##.##.2024-cü il tarixədək davam etmişdir.

85. ##.##.2024-ci il tarixdən sonra tərəflər arasında alğı-satqıya dair münasibətlər olmamışdır ki, üzləşmə aktında sonuncu əməliyyat tarixi ##.##.2024-cü il göstərilmişdir ki, həmin tarixdə olan əməliyyat “avtomobil satışından” mədaxil göstərilmişdir. Tərəflər arasında bağlanmış müqavilə tərəflərin iradə ifadəsinə uyğun ##.##.2024cü il 86. tarixdə ləğv edilmişdir. Belə ki, cavabdehin də məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, maşını apardıqdan sonra elə bilmişdir ki, borcu bağlanmışdır.

87. Göründüyü kimi, tərəflər arasında olan müqavilə münasibətləri ##.##.2024-cü il tarixdə bitmiş, sonradan iddiaçı ##.##.2025-ci il tarixdə pretenziya ilə cavabdehə müraciət edərək borcu tələb etmişmvə tərəflər arasında ##.##.2022-##.##.2025-ci tarixlər aralığında olan əməliyyatlar nəticəsində iddiaçıya 19017,71 manat borcun olmasının təsdiqinə dair üzləşmə aktı tərtib etmişlər.

88. Belə olan halda iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizin tələb edilməsi hüququ ##.##.2025-ci il tarixdən yaranmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi 17017,71 manat əsas borca münasibətdə 1 il üçün faiz məbləği 850,88 manat təşkil edir.

89. İddiaçı ##.##.2025-ciil tarixdə məhkəməyə müraciət etmişdir ki, illik 850,88 manata münasibətdə 9 aylıq faiz məbləği 638,10 manat (850,88 manat / 12 ay = 70,90 manat aylıq x 9 ay = 638,10 manat) təşkil edir.

90. Lakin iddiaçı ##.##.2026-cı il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir ki, həmin tarixədək hesablanmalı olan faizin məbləği 921,70 manat (70,90 manat aylıq x 13 ay = 921,70 manat) təşkil edir ki, iddiaçının bu hissədə tələbi 677,34 manat olmuş və birinci instansiyası məhkəməsidə məhz həmin məbləği tutmuşdur.

91. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin əsas borca aid hissədəki dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 19.017,71 manat məbləğində əsas borcdan tərəflər arasında tam razılaşdırılmamış və cavabdehin əleyhinə birtərəfli hesablanmış 2000 manat çıxılmalıdır. Belə olan halda, cavabdeh iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği 17.017,71 manat həddində müəyyən edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilməlidir.

92. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.3, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qismən – cavabdeh Cavabdeh 19017,71 manat əsas borc, 100 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 677,34 manat faiz borcu olmaqla, cəmi 19795,05 manat pul və ödənilmiş 149,39 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh 17.017,71 manat, 100 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 677,34 manat faiz borcu olmaqla, cəmi 17.795,05 (on yeddi min yeddi yüz doxsan beş manat beş qəpik) manat pul və və ödənilmiş 149,39 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar