Məhkəmə qərarları › İş №e-2-2(3-7)-82/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-82/2026

04.05.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-82/2026 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə Işin halları

1. Vergi ödəyicisi Maraqlı şəxs ##.##.2025-ci il tarixdə vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verilmişdir.

2. O, vergi öhdəliklərini yerinə yetirmədiyindən onun vergilər üzrə dövlət büdcəsinə 13.735,78 manat məbləğində borcu yaranmışdır.

3. Ərizəçi ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlə maraqlı şəxsə müraciət edərək borcunun ödənilməsini tələb etmiş və məsuliyyət barədə ona xəbərdarlıq etmişdir.

Birinci instansiya məhkəməsində icraat 4.

5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: 3201967612) dövlət büdcəsinə 13735,78 manat məbləğində (o cümlədən, vergilər üzrə 10062,84 manat, faizlər üzrə 3672,94 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir.

6. Tərəflər məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim – Gülnaz Quliyeva), ərizənin təmin edilməsi, dövlət büdcəsinə 13735,78 (on üç min yeddi yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu ödənilədək maraqlı şəxs Maraqlı şəxs (doğulduğu tarix ##.##.1983-cü il, doğulduğu yer Ağdam rayonu Paşabəyli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA0766142) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qətnamənin dərhal icra edilməsi, maraqlı şəxs Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Qarabağ Ərazi Vergilər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi əsаslı оlduğundаn təmin оlunmаlı və borc ödənilənədək həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmаlıdır. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 73cü maddəsinin

9. İ bəndinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 213-220, 227, 233.1, 234, 238-253, 355-5 və 357-362-ci maddələrinə istinad etmişdir.

10. Maraqlı şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının vermiş olduğu iddia ərizəsi heç bir möhtəbər sübutlara istinad edilməmişdir. Belə ki, onun heç bir savadı yoxdur və hərf tanımır. O heç bir sahibkarlıqla məşğul olmamışdır ki vergi borcu da yarana. Hesab edir ki, Gəncə Kommersiya Məhkəməsi ##.##.2026-cı il tarixdə e-*-*(*-**)-***/**** saylı qətnaməsi ləğv edilərək iddia ərizəsi bütünlüklə əsassız olduğundan rədd edilməklə yeni qətnamə qəbul edilməlidir. Beləki, VÖEN kimin tərəfindən açılıb hansı işlə məşğul olmağına görə və ona borcunun olması barədə bildirişlərin gəlib gəlməməsi hətta ona məlum olmayan harda sahibkarlıqla məşğul olaraq nə işlə məşğul olmağını aydınlaşdırmamışdır. Hakim bunlara əhəmiyət vermədən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərdi ki, o ancaq fermada işləmişdir və heç bir sahibkarlıqla məşğul olmamışdır. Ona məktub gələndə bu barədə məlumatı olmuş və bu xəbəri eşidən arvadı vəfat etmişdir. Yalnız həyat yoldaşına etibarnamə vermiş başqa heç kəsə etibarnamə verməmişdir. Işlədiyi fermanın müdürünə şəxsiyyət vəsiqəsini vermişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 28. Azadlıq hüququ III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...

16. Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...

17. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanunu

18. Maddə 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

19. Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

20. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;

21. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;

22. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

23. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

24. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarı

25. “...borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır...”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı

26. ... Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

38. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, maraqlı şəxs qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə hesab edir ki, apellyasiya şikayətli təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Beləliklə, işin halları ondan ibarətdir ki, vergi ödəyicisi olan maraqlı şəxsin 13.735,78 manat məbləğində vergi borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 05 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin, qeyd olunan müddət ərzində maraqlı şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

43. Vergi orqanı tərəfindən borcun ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun bildirişlər göndərilmiş, lakin müəyyən edilmiş müddət ərzində borcun ödənilmədiyi təsbit edilmişdir. Bu səbəbdən ərizəçi, borcun ödənilməsini təmin etmək məqsədilə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmişdir.

44. Birinci instansiya məhkəməsi ərizəni təmin etməklə, maraqlı şəxsin borcu ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, eləcə də ondan 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulmuşdur.

45. Apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi arqumentləri, o cümlədən fiziki şəxsi kimi vergi uçotunda qeydiyyata alınmanın onun xəbəri olmadan baş verməsi barədə iddialarını araşdırmışdır. Lakin, qeyd edilən hallar vergi borcunun hüquqi mövcudluğunu aradan qaldırmır və borcun qanunvericiliyə uyğun qaydada ləğv edildiyini və ya icrasının dayandırıldığını təsdiq edən hər hansı məhkəmə aktı və ya səlahiyyətli orqanın qərarı iş materiallarında mövcud deyildir.

46. Məhkəmə müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar tam və obyektiv şəkildə araşdırılmış, ərizəçinin tələbləri qanuni hesab edilmişdir. Iş materiallarından görünür ki, maraqlı şəxsin dövlət büdcəsi qarşısında mövcud olan borcları sənədlərlə təsdiq olunmuş, həmin borcların ödənilmədiyi sübuta yetirilmişdir.

47. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş vergiləri və digər dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borcludur. Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü, 77.1-ci və 78.1-ci maddələri ilə vergi ödəyicisinin vergi öhdəliklərini müəyyən edilmiş qaydada və müddətdə yerinə yetirməsi məcburi vəzifə kimi təsbit olunmuşdur. Bu öhdəliklərin icra edilməməsi halında isə vergi orqanının, borcun ödənilməsini təmin etmək məqsədilə fiziki şəxsin və ya hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ vardır.

48. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan və hüquqi baxımdan əsaslı hesab edilmədiyindən, onun təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Belə ki, iş materiallarında olan fiziki şəxslər haqqında məlumat cədvəli və vergi ödəyicisinin şəxsi hesab vərəqəsi ilə maraqlı şəxsin vergi orqanlarında qeydiyyatda olduğu və onun adına vergi öhdəliklərinin yarandığı təsdiq olunur. Həmçinin, vergi borcunun mövcudluğu və məbləği rəsmi uçot sənədləri ilə müəyyən edilmişdir və bu sənədlərin mötəbərliyi apellyasiya şikayətində inandırıcı sübutlarla təkzib edilməmişdir.

49. Maraqlı şəxs tərəfindən irəli sürülən “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması”, “savadının olmaması” və “vergi ödəyicisi kimi qeydiyyatdan xəbərsiz olması” barədə iddialar hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, vergi ödəyicisinin dövlət qeydiyyatına alınması və ona VÖEN verilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir və bu fakt rəsmi reyestr məlumatları ilə təsdiq edilir. Həmin qeydiyyatın mövcudluğu şəxsə münasibətdə vergi öhdəliklərinin yaranması üçün kifayət edir və bunun əksini sübut etmə yükü həmin iddianı irəli sürən şəxsin üzərinə düşür. Lakin maraqlı şəxs bu istiqamətdə hər hansı sübut təqdim etməmişdir.

50. Qeyd edilməlidir ki, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının ## ### 2015-ci il tarixli **************** nömrəli Qərarı ilə təsdiq edilmişdir.

51. Qaydaların 2.3 və 2.4-cü bəndlərinə əsasən, vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. Fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Bu Qaydaların məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər.

52. Göründüyü kimi, şəxsin özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı olmadan fiziki şəxsin uçota alınması mümkün deyildir ki, bu hal da maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinin əsassızlığına dəlalət edir.

53. Bundan əlavə, vergi orqanı tərəfindən vergi borcunun ödənilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq bildiriş göndərildiyi iş materialları ilə təsdiq edilir. Maraqlı şəxs tərəfindən həmin bildirişlərin alınmaması və ya onlardan xəbərsiz olması barədə iddialar da sübuta yetirilməmişdir. Qanunvericiliyin tələblərinə görə, bildirişlərin vergi ödəyicisinin rəsmi qeydiyyat ünvanına göndərilməsi onların lazımi qaydada çatdırılması kimi qiymətləndirilir.

54. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilən hallar isə məhkəmənin gəldiyi nəticəni şübhə altına alan və ya onu təkzib edən hallardan ibarət deyildir.

55. Məhkəmə vurğulayır ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması cəza xarakteri daşımayan, müvəqqəti və təminat xarakterli tədbir olub, yalnız mövcud vergi borcunun ödənilməsini təmin etməyə yönəlmişdir və borc ödənildiyi andan etibarən aradan qalxır.

56. Bu baxımdan, tətbiq edilmiş məhdudiyyətin məqsədəmüvafiq və mütənasib olduğu, dövlətin fiskal maraqları ilə maraqlı şəxsin hüquqları arasında balansın pozulmadığı qənaətinə gəlinir.

57. Nəticə etibarilə, apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas təşkil etmir və bu səbəbdən apellyasiya şikayəti təmin edilməməlidir.

58. Ödənilməmiş borc əsasında fərdin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız borcun qaytarılmasına xidmət etdikdə əsaslandırıla bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № *****/**, 2006-cı il ## ### tarixli qərarı, § 122).

59. Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 2-ci maddəsi, eləcə də “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsi də hərəkət azadlığına qoyulan məhdudiyyətlərin qanunla müəyyən edilmiş, ictimai maraqlarla əsaslandırılmış və demokratik cəmiyyətdə zəruri olduqda tətbiqinə yol verir. Beləliklə, vergi borcuna görə müvəqqəti xaricə çıxış məhdudiyyəti həmin beynəlxalq normalarla da uzlaşır.

60. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamələrdən maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilə bilər.

62. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 355-7, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar