Məhkəmə qərarları › İş №e-2-2(3-8)-101/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-101/2026

19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-101/2026 19.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Xəlilov Ramin Adilxan oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli ** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı (iddiaçı) sifarişçi (cavabdeh) üçün “xxxx" MMC-nin "Tam Səmimi" proqramında məhsulunu sponsor kimi yerləşdirilməsini öz öhdəsinə götürür.

2. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, sifarişçi icraçı tərəfindən müəyyən edilmiş qiymətlərə əsasən görülmüş işlərin haqqını ödəməyi öhdəsinə götürür.

3. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, sifarişçi hər ay 1200 manat məbləğində ödəməyi öz üzərinə götürür (vergilər daxil deyildir).

4. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, icraçının gördüyü işlərin məbləği (pul vəsaiti) ay tamamından gec olmayaraq sifarişçi tərəfindən icraçının hesabına köçürülməlidir.

5. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqaviləyə əsasən öz öhdəliyini yerinə yetirməyən tərəf və ya vaxtında yerinə yetirməyən tərəf o biri tərəfə əlaqədar olaraq dəymiş zərəri ödəmək üçün iddia qaldıra bilər. Təqsirkar tərəf öz öhdəliklərini yerinə yetirməkdən azad edilmir.

6. Həmin müqavilənin 5.1-ci və 5.3-cü bəndlərinə əsasən, nəzərdə tutulan pul məbləğinin ödənilməsi üçün hesablaşmanın əsasını bu müqavilə təşkil edir. Nəzərdə tutulan pul məbləği vaxtlı-vaxtında sifarişçi tərəfdən icraçının hesabına ödənilməlidir (köçürülməlidir).

7. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, şərtlər heç bir tərəfdən pozulmazsa, müqavilə növbəti ay üçün etibarlı sayılır.

8. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən, müqavilənin müddəti 1 ilə qədərdir.

9. ## ####### 2025-ci il tarixli MT2510 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə 1200 manat məbləğində, ## ###### 2025-ci il tarixli MT2512 seriyalı ********* nömrəli elektron qaimə-faktura üzrə 2400 manat məbləğində olmaqla, cəmi 3600 manat məbləğində dəyəri olan xidmətlərin göstərilməsi ilə bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

10. ## ### 2026-cı il tarixli maliyyə arayışının məzmununda cavabdehin iddiaçıya 2025-ci ilin noyabr və dekabr, 2026-cı ilin yanvar ayları üzrə cəmi 3600 manat məbləğində borcu olduğu qeyd edilmişdir.

11. İş materiallarına, həmçinin tərəflər arasında 2025-ci il ərzində göstərilən xidmətlərin haqq-hesab cədvəli, göndərilən qaimələrin siyahısı, hesabdan çıxarış və ödəniş tapşırıqları əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

12.İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3600 (üç min altı yüz) manat məbləğində əsas borc, 1656 (min altı yüz əlli altı) manat məbləğində dəbbə pulu və 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5331 (beş min üç yüz otuz bir) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## ###### 2022-ci il tarixli ** nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı icraçı qismində, cavabdeh isə sifarişçi qismində çıxış etmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, sifarişçi hər ay 1200 manat məbləğində ödəniş həyata keçirməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.1- ci bəndinə əsasən isə bir tərəf öz öhdəliyini icra etmədikdə, digər tərəfə vurduğu zərəri ödəməli və bu olmadıqda zərərçəkmiş tərəf iddia qaldıra bilər. Müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər arasında yaranan konfliktlər məhkəməyə qədər danışıqlar prosesində həll edilməyə çalışılmalıdır. Lakin 3600 manat məbləğində borcun ödənilməsi ilə əlaqədar mübahisənin danışıqlar yolu ilə həll edilməsi nəticə vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. 14.Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 1200 (min iki yüz) manat məbləğində bоrc və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1232 (min iki yüz otuz iki) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında ## ###### 2022-ci il tarixli ** nömrəli nömrəli tapşırıq müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində iştirak edən iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq sifarişçi qismində çıxış edən cavabdehin sifarişinə əsasən "Tam Səmimi" proqramında cavabdehə məxsus məhsulun sponsor kimi yerləşdirilməsini, cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüş, lakin cavabdeh müqavilə öhdəliklərini pozmuş və iddiaçıya borcu yaranmışdır. Belə ki, ## ### 2026-cı il tarixli maliyyə arayışının məzmunu və verilmiş izahatlarla müəyyən edilmişdir ki, cavabdehdən 2025-ci ilin noyabr və dekabr, 2026-cı ilin yanvar ayları üzrə göstərilən xidmətlərə görə 3600 manat məbləğində borc tələb edilməkdədir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, göstərilən 1 aylıq xidmətin dəyərinin 1200 manat məbləğində olması müəyyənləşdirilmiş, 2.5-ci bəndinə əsasən iddiaçının gördüyü işlərin dəyərinin ay tamamından gec olmayaraq ödənilməli olduğu razılaşdırılmışdır. Eyni zamanda müqavilənin 6.5ci bəndində şərtlər heç bir tərəfdən pozulmadığı halda müqavilənin növbəti ay üçün etibarlı sayılması barədə razılığa gəlinmişdir. Müqavilənin istinad edilən bəndlərini məcmu halda təhlil edən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən, 2025-ci ilin noyabr ayında göstərilmiş xidmətlərə görə pulun tutulması hissəsində əsaslıdır. Çünki cavabdeh 2025-ci ilin noyabr ayı üzrə xidmətin dəyərini ən geci həmin ayın tamamınadək ödəməməklə müqavilə şərtini pozmuş, belə olduğu halda isə münasibətlərin növbəti ayda davam etmiş sayılması müqavilə şərtlərinə ziddir. Buna görə də iddia tələbinin 2025-ci ilin dekabr və 2026-cı ilin yanvar ayında göstərilmiş xidmətlərə görə pulun tutulması hissəsi əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 1200 manat məbləğində əsas borc tutulmalıdır. İddia tələbinin cavabdehdən 1656 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli müqavilədə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış xidmət müqaviləsinin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən mülki qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 399.3, 425.1, 427.3, 442, 448, 777.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbi ilə bağlı sadəcə elektron qaimə-fakturalara istinad edərək tərəflər arasında borcun olduğunu sübut etməyə çalışır. Lakin tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq borcun tələb olunması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarı ilə ziddiyyət təşkil edir və ona görə bu tələbin əsasını təşkil edə bilməz. Belə ki, elektron qaimələr (iddiaçı) tərəfindən elektron formada hazırlanan və alıcıya (cavabdehə) göndərilən sənədlərdir. Bu sənədlər adətən malın satışı, xidmətin göstərilməsi və ya işin görülməsi ilə bağlı əməliyyatları əks etdirir. Bu məlumatlar arasında tərəflərin məlumatları, malın və ya xidmətin təsviri, miqdarı, qiyməti və vergi məlumatları yer alır, yəni iddiaçının cavabdehə elektron qaimə göndərməsi cavabdeh tərəfindən iddiaçının icarə obyektindən istifadə etməsi mənasına gəlmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-fakturalar tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində qəbul edilə bilməz. İddiaçı tərəfindən iddia ərzisəndə göstərilən əsasla icarə haqqının tələb etməsi üçün icarə obyektini qeyd olunan dövrdə istifadə etməsini sübut etməlidir və bu vəzifə iddiaçının üzərinə düşür, lakin iddiaçı tərəfindən icarə obyektindən istifadə etməsiylə bağlı qanunvercilikdə nəzərdə tutulan əsasların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu qaydanın formal mülahizələrlə tətbiq edilməsi cavabdehin hüquqlarının əsassız pozulmasına səbəb olur.Ümumiyyətlə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. (İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və106.3-cü maddələrində göstərilən hallar təşkil edir.) Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü iddiaçının üzərindədir. Amma bu hissənin verilməsinə dair hər hansı bir sübut yoxdur və verilməmişdir. Burda sübutetmə yükü ilə bağlı «affirmanti incumbit probatio – kim nəyi iddia edirsə, onu sübut etməlidir» prinsipini qeyd etmək yerinə düşərdi.

Apellyasiya şikayətinə etiraz

19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və qanuni təmsilçisi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, tərəflər arasında ## ###### 2022-ci il tarixli ** nömrəli müqavilə bağlanmış və həmin müqavilə ilə iddiaçının xidmət göstərməsi, cavabdehin isə göstərilən xidmətlərə görə hər ay 1200 manat məbləğində ödəniş etməsi barədə razılıq əldə olunmuşdur. Müqavilənin 2.5-ci bəndinə əsasən ödənişin ayın sonunadək həyata keçirilməsi nəzərdə tutulmuşdur.

26. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilə üzrə xidmət göstərilmiş, lakin cavabdeh üzərinə götürdüyü ödəniş öhdəliyini vaxtında yerinə yetirməmiş və 2025-ci ilin noyabr ayı üzrə 1200 manat məbləğində borc yaranmışdır. Bu hal maliyyə sənədləri və iş materiallarında olan digər sübutlarla təsdiq olunur.

27. Mülki Məcəllənin 385.1 və 425.1-ci maddələrinin tələblərinə əsasən tərəflər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada və müəyyən edilmiş müddətdə icra etməlidirlər. Cavabdeh isə müqavilə ilə müəyyən edilmiş ödənişi həyata keçirməmiş buna görə borcu tutulması əsaslıdır.

28. Apellyasiya şikayətinin elektron qaimələrə və sübutların kifayət etməməsinə dair dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, borcun mövcudluğu yalnız elektron qaimələrlə deyil, maliyyə arayışı və digər iş materialları ilə birlikdə müəyyən edilir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri formal xarakter daşımaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar