Məhkəmə qərarları › İş №e-2-2(3-8)-68/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-68/2026

08.07.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-68/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, maraqlı şəxs Maraqlı şəxs və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barəsində kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. Vergi borcu üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə 23119,87 manat məbləğində vergi borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin məktubu ilə müəyyən edilir ki, Vasiq Qəniyevin adına şirkət açılaraq vergi borcunun yaranması barədə müraciət əsasında Abşeron rayon Polis İdarəsində araşdırılma aparılaraq toplanmış material istintaq aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə göndərilməsi məsələsinə baxılması üçün Abşeron Rayon Prokurorluğuna göndərilmişdir.

3. Azərbaycan Respublikası Baş Prokurorluğunun Maraqlı şəxs ünvanlanan məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin «161-Qaynar xətt» əlaqə mərkəzinə ## ###### 2026-cı il tarixdə ünvanladığınız, məlumatınız olmadan adınıza müəssisələr təsis etdirilməsi və həmin şirkətlərdə vergi borclarının yaranması barədə müraciətiniz Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində, ayrı-ayı şəxslər tərəfindən mütəşəkkil dəstə halında ölkənin müxtəlif ərazilərində yaşayan aztəminatlı şəxslərin adlarına yalançı sahibkarlıq subyektləri kimi fiziki və hüquqi şəxslər təsis olunmaqla əmtəəsiz maliyyə əməliyyatlarının aparılması və başqa xüsusatlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 193.3.1, 193-1.3.1, 193-1.3.2, 213.3, 308.2, 313, 320.1 və 320.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməklə baxılmışdır.Müraciətinizdə göstərilən xüsusatlarla bağlı tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaqdır.

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə olan 23119,87 (iyirmi üç min yüz on doqquz manat, səksən yeddi qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - ## ###### 1977-ci il təvəllüdlü Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, ## ###### 2026-cı il tarixinə hesablanmış 23119,87 (iyirmi üç min yüz on doqquz manat, səksən yeddi qəpik) manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri ## ###### 1977-ci il təvəllüdlü Maraqlı şəxs (FİN: *******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Fərman Həmidli).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC vergi borcu üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçinin ərizəsi əsaslıdır və təmin edilməlidir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci, 355-5.1-ci, 355-7.4-cü, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsiri olmadıqda həmin şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Şəxsin təqsirli olması üçün isə əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi tələb olunur. Hazırki vəziyyətdə isə onun sözügedən vergi borcunun yaranmasında heç bir təqsiri yoxdur. Belə ki, o, yalnız bu ilin fevral ayında məhkəməyə çağırıldığı zaman məhkəmə iclasında adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) yaradıldığını bilmişdir. Halbuki o savadsız adamdır, günəmuzd çalışaraq ailəsini dolandırmağa çalışır. Sözügedən MMC ilə bağlı isə ümumiyyətlə məlumatı yoxdur. Lakin məhkəmə iclasında o, bu məsələni bildirsə də, məhkəmə bu halı nəzərə almadan ərizəni təmin etmişdir. Bundan sonra o, adından yaradılmış daha 5 - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) şirkətin olduğunu bilmişdir və bu məsələnin araşdırılması, onu aldadan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti qurumlara müraciət etmişdir. Lakin məhkəmə faktiki halları nəzərə almadan, sözügedən vergi borcunun yaranmasında onun təqsirli olduğunu araşdırmadan qanunsuz və əsassız olaraq ərizəni təmin etmişdir. Bu maddəyə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin iş üzrə müəyyən edilən halları nəzərə almadan qətnamə qəbul edilmişdir. Məhkəmə vergi borcunun yaranmasında onun təqsiri olmadığını, ümumiyyətlə sözügedən hüquqi şəxsin onun tərəfindən yaradılmadığını, onun fəaliyyətində iştirak etmədiyini nəzərə almamışdır. Məhkəmə maddənin tələblərini pozaraq qərar qəbul edərkən bu halları araşdırmamışdır.

Apellyasiya şikayətinə etiraz

10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:

1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur.

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Qanunvericiliyə əsasən, vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ərizəçinin hüququ olduğundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qeyd olunan vergi borcu maraqlı şəxsin ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına mütənasib olduğundan, apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir.

17. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, hüquqi şəxsin direktoru kimi imza maraqlı şəxs Maraqlı şəxs məxsusdur.O məhkəmə kollegiyasının iclasında izahatında bildirmişdir ki, işsiz olduğu üçün ona “Qəbələ” adlı kafedə işə qəbul ilə məşğul olan şəxslərin olduğu bildirilmişdir. O, iş axtarmaq məqsədilə həmin kafeyə getmişdir. Orada ondan başqa bir neçə nəfər də olmuşdur. Həmin şəxslərə Qarabağda işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti işlərinə işçi kimi göndəriləcəkləri bildirilmiş və bu məqsədlə notariat orqanına ona işə düzəltməyi vəd edən şəxslərlə birlikdə gedərək sənədlərə qol çəkmişdir.Sonradan müəyyən edilmişdir ki, onunla birlikdə həmin kafedə olan digər şəxslər də eyni vəziyyətlə üzləşmiş, onlar da işlə təmin edilməmiş, əvəzində xəbərləri və razılıqları olmadan adlarına iki və ya üç şirkət qeydiyyatdan keçirilmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs Maraqlı şəxs adına hüquqi şəxsin onun məlumatı olmadan təsis edilməsi, həmin hüquqi şəxsin faktiki rəhbəri olmaması və vergi borcunun yaranmasında xəbəri olmaması barədə dəlilləri hazırkı kommersiya işinin bilavasitə predmetini təşkil etmir. Hazırkı iş üzrə məhkəmə baxışının predmeti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcunun mövcud olması, həmin borcun qanunla müəyyən edilmiş müddətdə ödənilməməsi və vergi orqanının bu borcun ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxsin icra orqanının rəhbəri kimi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etməsi təşkil edir.

19. Maraqlı şəxsin şikayətin dəlillərində qeyd etdiyi adına hüquqi şəxsin qanunsuz yaradılması, onun həmin hüquqi şəxsin direktoru olmamasına dair dəlil isə Baş Prokurorluq tərəfindən aparılan araşdırmanın predmeti təşkil edir və həmin araşdırmanın nəticəsi olaraq da Maraqlı şəxs hüquqi şəxsin faktiki rəhbəri olmadığı və onun iradəsi olmadan yaradıldığı müəyyən edilərsə, maraqlı şəxs bu barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması üçün vergi orqanına müracət edə bilər.

20. İş materiallarından da görünür ki, maraqlı şəxs aidiyyəti orqanlara müraciət etmiş və hazırda da həmin müraciət üzrə araşdırma aparılır.Lakin hazırkı halda iş materialları ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcunun mövcud olduğu, həmin borcun ödənilmədiyi və maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri kimi qeydə alındığı müəyyən edilir. Buna görə də maraqlı şəxsin bu halları mübahisələndirməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar